post-title

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri haqda məqalə

Müsabiqə üçün yazı

 

 

Çoxdandı kitabxanaya ayaq basmırdım. "Kultura.az"da Cəfər Cabbarlının "Oqtay Eloğlu" faciəsinə dair yazı müsabiqəsi elan olunduğunu görüncə, özümü müsabiqədə sınamaq istədim və həmin əsəri tapıb oxumaq üçün kitabxanaya getməyə qərar verdim. Ən son kitabxanaya Bakıda tələbə ikən getmişdim. Özüm hal-hazırda rayonda yaşadığım üçün bir növ mühitə adaptasiya olub kitabxana ilə maraqlanmırdım, sadəcə oranı fəaliyyet göstərən mədəniyyət ocağı - bir növ mədəniyyət işçilərinin səhər 9-dan axşam 6-ya qədər oturduqları iş yeri kimi görürdüm. Həm də ki, özüm-özümə "rayon kitabxanasında nə maraqlı kitablar olacaq?" deyirdim, düşünürdüm ki, gərək kitabxana doğulduğu şəhərin, kəndin təxəllüsü ilə otu, qamışı, ağacı, budağı, eli-obanı tərənnüm edən, belə şeylərdən yorulmadan usanmadan cuşa gələn, bu cürə tipik mövzularda pas atmış yazıçıların, şairlərin kitabları ilə doludur. "Kitabı üz qabığına görə mühakimə eləmə" deyiblər, amma necə eləməyəsən, həmin kitabların üz qabığı həmin yazıçıların şəkillərini fotoşopla düzəldilmiş axan şəlalənin yanında, atın üstündə, yaşıl çəmənlərin üzərinə uzanıb üzü yuxarı dərin düşüncəyə qapıldığını gördükdə, artıq kitabı oxumuş kimi olmusan deməkdir.

Mətləbdən uzaqlaşmadan demək istəyirəm ki, yəni başqasını bilmirəm, amma məndə kitabxana barədə  belə bir fikir formalaşmışdı. Nəysə ki, kitabxanaya gedincə, bu fikrim dəyişdi, düzdü desəm ki, bu kateqoriyadan olan yazıçılar yox idi yalan olar, var idi, amma bununla yanaşı, gördüyüm Azərbaycan və dünya klassiklərinin əsərləri həmin kitabları gözə görünməz edirdi. Yeni gətirilmiş bahalı üz qabıqlı kitabları kitabxananın hansı rəfinə baxsan, görmək olardı. Kitabların çoxdan gətirilməsinə baxmayaraq, hələ də heç biri köhnəlməmiş, bir çoxu heç vərəqlənməmişdi də, hiss olunurdu ki, belə zəngin kitabxananın çox məhdud sayda oxucusu var. Necə ki, Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesindəki baş qəhrəman Oqtayın yaratdığı teatr kimi məhdud sayda tamaşaçısı vardı.

 Təsəvvür eləsək ki, əsərin baş qəhərmanı Oqtay bir cəmiyyət üçün kitabxanadır və həmin cəmiyyətin oxucularının artması üçün hər şeyindən - yüksək vəzifə təkliflərindən, öz ailəsindən, qazancından, rifahla yaşaya biləcək həyatından keçir, sual vermək olar nə üçün? Aslan bəyin dili ilə desək, adı it dəftərində belə olmamaq, xeyirə-şərə buraxılmamaq, hər kəsin məsxrəyə qoyaraq, adını qadın ətəyi geyən biri kimi hallanması üçünmü? Və yaxud da hər şeyi maddiyat, sərvət  üçün ölçən, qadına heç bir azadlıq tanımayan, mövhumatın baş alıb getdiyi bir mühitdə  xüsusi bir mexanizm kimi işləyən  “mentalitet” burulğanına  qərq olmuş cəmiyyətin düşüncəsində teatra, maariflənməyə, yeniliyə münasibətdə dəyişiklik inqilabı eləmək üçünmü? Bəli, Oqtay bütün amalıyla, prinsipiallığı ilə bunun üçün yorulmadan usanmadan beyinlərdəki stereotipləri yıxıb-dağıtmaq üçün mübarizə aparır. Oqtayın sevdiyi qadın Firəngiz obrazı da yaddaşlarda qalır, o da yaşadığı mühitdəki hər bir qız kimi cəmiyyətin qurbanı olur. Oqtayı nə qədər ürəkdən sevsə də ata-qardaşının təkidi ilə taleyi ilə barışaraq, başqasına-imkanlı şəxsə ərə gedir. Çünki Oqtay hörmətsiz, pulsuz-parasız "sərsəri"nin biridir hər kəsin gözündə. Atası da hər kəsin Oqtay adlı bir sərsəri ilə münasibətdə olduğunu bilsə, 60 ildə qoruyub saxladığı adına nüfuzuna xələl gələcəyindən qorxur. Oqtayın qəlbində sevgi alovu, ruh yüksəkliyi yaradan Firəngizin məcburən  onun üzünə durub sevgisini danıb yazdığı sevgi məktublarını geri istəməsi türklər demişkən, “bardağı daşıran son damla olur”. Oqtay hər şeyin yalan, hər şeyin necə saxta olduğunu görür, ilk dəfə sarsılaraq bunun fərqinə varır, gələcəyə, teatra, sənətə inamını itirir... Mənən əzab keçirir. Sürgünə göndərilir, min-bir əzab-əziyyətə qatlanır. Öz daxili dünyasına qapılıb psixoloji sarsıntı keçirən Oqtay sürgündən qayıtdıqdan sonra da,  artıq çirkin cəmiyyətlə barışammır, heç kəsə inanmaq istəmir... Hətta təsadüfən yolda yalvararaq bir parka çörək üçün dilənən bacısı Sevəri tanıyaraq həyata üsyanını bu sözlərlə bildirir: "Sevər! Ox, zavallı bacım! Sənsən? Səadətini tanrım qədər sevdiyim bu xalq bircə səni də yaşatmadı”.

Qəlbinin dərinliyindən gələn bu acı sözlər Oqtayın timsalında olan insanların həyata iztirablı hayqırışıdır. Cəfər Cabbarlı bu obrazla novator insanların öz məqsədləri uğrunda nələrdən keçdiyini və necə çətinliklərlə qarşılaşdığını, hətta bəzən mühitlə əyaqlaşa bilməyib dərin sarsıntı keçirdiyini əsərin qara taleli obrazı Oqtayın səhnədəki son monoqloqu ilə tamamlayır: Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu?

Samir İsmayılov

Kultura.az







 

Yuxarı