post-title

C. Cabbarlının "Oqtay Eloğlu" əsəri haqqında müsabiqə üçün yazı

Yaradıcılığı metodlar müxtəlifliyi ilə seçilən Cəfər Cabbarlı hər zaman yenilik axtarışında idi. Yazıb-yaratdıqları ilə xalqa nəyisə çatdırmağa çalışırdı. “Oqtay Eloğlu” əsərinin də məhz teatr mövzusunda olması heç də təsadüfi deyildi. “Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam”, - deyən Oqtayı müəllif səhnədə təsvir etməklə, əslində 20-ci əsrdə hələ də davam edən sosial problemləri göstərməyə çalışırdı. Teatr burada sadəcə bir vasitə idi.

 
 
Əslində fərqində olmasa belə, insan hərəkətləri teatr formalaşdırır. Hiss, həyəcan, bədən dili, səs tonları və s. ilə. Səhnə isə bunun daha geniş formada əks olunduğum məkandır. C. Cabbarlı Oqtayın səhnədə və həyatda davam edən faciələrini təsvir edib. Əslində Oqtayın həyatı elə səhnədir. O, özünü səhnəyə adamış bir fədai idi. Özünün adlandırdığı kimi-böyük bir vahidin kiçik bir parçası. Maddi cəhətlər sıxıntılar yaşaması da onun qarşısında əngəllər yaradırdı. Amma bundan da betəri o idi ki, bu qədər çətinliyə rəğmən hər şeyə sinə gərib teatr uğrunda mübarizə aparan insanı kənardakılar ciddi qəbul etmirdilər. Heç kim Oqtaya qız vermək istəmirdi. Hətta öz doğma əmisi nişanlısını özgəyə verir ki, mən arvad paltarı geyinən birinə qız vermərəm. Oqtayın səhnə üçün etdiklərinin qarşılığında isə gördüyü rəftar belə idi. Cəmiyyətdəki boşluqların qarşısında aciz qalan Oqtay, kirayə pulunu verə bilmək üçün heç düşünmədən üzüyündən belə keçmişdi. Səhnəyə çıxmağa yaxın yaşanan problemlər onu yolundan döndərə bilmirdi, o teatrı ləğv eləməyi ağlından belə keçirmirdi. Onsuz da teatrdan qaçan xalqı, yalvararaq bilet satdıqları 3-4 zavallını da qaçırtmaq istəmirdi. Səhnə yaratmaq arzusunda olan, bu yolda hər şeyindən keçən Oqtay, hətta anası və bacısının çətin dolanışığını görəndə deyir: “ O zavallılar da...fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm”. Səmədin ona təklif elədiyi adlı-sanlı işi rədd edir ki, mənim məqsədim pul qazanmaq deyil. Bu yazıq xalqı tək buraxıb qaçmağı özünə layiq bilmir: “ Mən heç nə istəmirəm. Mən bu yolda gəlirkən, xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram”. 
Oqtayın həyatı doğurdan  da mübarizə idi. Tale onu müxtəlif cür sınaqlara çəkirdi. Vəziyyət gün keçdikcə düzəlmir, daha da pisləşirdi. Bəs bu qədər mübarizələrin səbəbi nə idi? Onun tək istəyi xalqını oyatmaq, bu mübarizədə qalib gəlmək idi. 
 
Səhnəmizdə olan problemlərdən biri qadın aktrisaların olmaması idi. Buna görə də sadəcə Azərbaycan dilini bildiyi üçün rus aktrisalara rol verilirdi. Oqtayın idealı səhnədə azərbaycanlı qızlarını görmək idi. O, ümid edirdi ki, xalq özü bir gün təkamül yolunu tapacaq: “O yaradacaq. O xariqələr yaratmağa müstəiddir. Gələr bir zaman ki, sən Tamara öz gözlərinlə həmin bu səhnədə səni aradan sıxışdırıb, çəkil, bu zavallı ananın doğma yavrusu mənəm” ,- deyə sərt yürüşlərilə səhnəmizi şənləndirən bir azərbaycanlı qızı görəcəksən. O gün mənim üçün idaldır”. Oqtay bir sənət dəllalı deyildi, pul, ad-san üçün çalışmırdı. Onun sayəsində səhnəyə gəlmiş Şəkinski, Tamara kimi şəxslər isə pula aldanıb Oqtayı yarı yolda qoymağı seçirlər. 
 
“Oqtay Eloğlu” əsərində Hacı Zaman və Aslan bəyin mübahisəsində dövrün qadınlara qarşı olan münasibəti aydın olur. Atası Firəngizi teatra göndərdiyinə görə peşmandır: “Deməli oradakı oyunbazlar ki, hətta deyirlər arvad tumanı geyirlər, o namussuzlar yetmiş il Allah kəlamı oxumuş axundlardan yaxşıdır, hə? Qız xeylağı gedib o namussuz kişilərin rəngli üzlərinə baxsın...”
 
Oqtayın məhv olmasında az-çox rol oynayan bir insan da Firəngiz idi. Oqtayı sevməsinə baxmayaraq, o, ailəsinin, cəmiyyətin qınaqlarından qorxduğu üçün sevgisini inkar etməli olur. Bir zərbəni də o vurur Oqtaya. Budur Oqtayın növbəti faciəsi. Onu səfilə, həm də sadə səfilə yox, səfillər padşahına çevirən. Oqtay bu yolda çox çalışır, anasını itirir. Acınacaqlı tale onları qarabaqara izləyir. Özü Sibirə sürgün olunarkən bacısı küçələrə düşür. 10 ildən sonra sürgündən qayıdarkən isə yeganə varlığı bacısından xəbəri yox idi. Təsadüfən tapdığı bacısı Sevərin xətrinə səhnəyə dönməyə razılıq verir. Firəngiz artıq bir dəfə Oqtayın məhvinə səbəb olmuşdu. Bu dəfə isə onu göz görə-görə məhv olmasına izin vermək istəmirdi. O da səhnəyə atılır. Səhnədə Firəngizi görən Oqtay, Şillerin “Qaçaqlar” ındakı Karl kimi yox, əsl Oqtay kimi çıxış edir. Sünilikdən, bər-bəzəkdən uzaq. Onun Firəngizi öldürməsi öz daxilindəki Firəngizi əbədi yaşatmaq istəməsi idi. Onun üçün artıq Firəngiz yox idi. Onun çöhrəsində başqa üfüqləri görünürdü. Çünki Oqtay öz mənəviyyatında bir ideal olaraq yaradıb gizlətdiyi bir məxluqu qara torpaqlar altında görmək istəmirdi. Oqtay istəyirdi ki, elə bir həyat qurulsun ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kim  görünsün. Oqtay ədalət olmadığını yaxşı bilirdi. Ona görə də o yalnız xalqa təslim olur : “Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?”
 
Beləliklə, C. Cabbarlı “Oqtay Eloğlu” əsəri ilə fərdi şüurun faciəsini, ictimai quruluşun faciəsinə çevirməyi bacarır.
 
Günəş Şirvanskaya
 
Kultura.az
Yuxarı