Toya getməyən filosof
Bu həftə “Tanınmışlar”- ın qonağı filosof …
Hollywood kino sənayesi fenomenal hadisədir. Bəsit dualizm üzərində qurulduğunu, sırf xeyirlə şərin toqquşması temasını istismar etdiyini, böyük mənada Bollywood-dan fərqlənmədiyini deyənlər ədalətsizlik edirlər. Hollywood-da neçə neçə “ekzistensial” filmlər çəkilib, onları nəzərə almaq gərəkir. Hollywood kinosunu klassik mənada kültür saymaya bilərsiniz, amma müasir kültürün ayrılmaz parçası, kult səviyyəsinə yüksəlmiş bir kültür fenomeni olduğunu da inkar edə bilməzsiniz.
Hollywood adını eşidcək, gebbelsvari əlimiz tapancaya uzanmasa da, çox ağıllımız sifətini turşudar. Hollywood - kültürlü azərbaycanlılar üçün zövqsüzlüyün sinonimidir. Ən azından “ciddi adamın Hollywood məhsullarına ayıracaq zamanı qalmamalıdır” qınaq-məsləhətini eşidərsən. Ciddi oğlan və qızlar kinonu müzakirə edəndə, Hollywood adını hallandırmazlar, illah da ABŞ-dan danışacaqlarsa, New York məktəbindən örnək gətirərlər. Kültürlü vətəndaşlarımızın zövqsüzlükdə, geridəqalmışlıqda ittiham olunmaq kimi qorxusu var desəm, mübaliğə etmiş olmaram.
Hollywood “blockbaster”lərini tək izləmək lazımdır. Canım sıxılanda, dincəlmək istəyəndə belə filmlərə baxdığım olub. Razı deyiləm ki, xüsusi effektlər, kompüter fəndləri həqiqi incəsənətlə, sənətlə ziddiyyətə düşür. Xüsusi effektlərə etiraz edənlər elə danışırlar ki, elə bil üç min il yaşı olan bir ənənənin kəskin qırılması baş verib və buna yol vermək olmaz. Yüzdən bir qədər çox yaşı olan kino sənətindən danışmırıqmı? Bu, ən yeni incəsənəti nə tez çərçivəyə salıb ona ənənə biçdik? Kinoda nəyin pis, nəyin səviyyəli, nəyin yaxşı olduğuna nə tez qərar verdik?
Arnoldun kultlaşmış Terminator-ları haqqında bir kinoşünasın məqaləsini oxumuşdum, yazırdı ki, “Hollywood, özünün ən klişe mənasında, müstəqil bir orqanizm kimi yaşayır. O, nə yaxşıdır, nə də pis – o, sadəcə başqadır. Öz azarkeşləri, həvəskarları var”.
Vaxt var idi, hamımız bu həvəskarlar və azarkeşlər orudusunun nəfərləri idik. Dəmir pərdə çökən kimi, Tarkovski getdi işinin dalınca. Nə dəmir pərdə? Lukasın 1977-dəki “Ulduz müharibələri”ndən sonra, kinoda artıq kompüter dövrü başlamışdı. Mənim dünyaya gəlməyimə isə hələ bir il qalırdı. Texnikanın ən son nailiyyətləri ilə çəkilmiş filmlərin nəyi pisdir? Bunu heç zaman anlaya bilməmişəm.
Futuristik tema, öncəgörmələr çağdaş kinonun, ümumiyyətlə çağdaş incəsənətin mövzusudur və bu prosesin qarşısını almaq imkansızdır. Hollywoodun gələcəyə dair kəhanət-eksperimentləri qiymətlidir. Bol xüsusi effektləri olan filmlərə, məsələn “Hörümçək adam”a maraq duyanlar müxtəlif yaş qrupundan və sosial təbəqədən olan insanlardır. Harry Potterə, Üzüklərin hökmdarına böyük həvəslə baxan ciddi adamlar var (özüm heç baxmamışam). Hollywood kino sənayesi fenomenal hadisədir. Bəsit dualizm üzərində qurulduğunu, sırf xeyirlə şərin toqquşması temasını istismar etdiyini, böyük mənada Bollywood-dan fərqlənmədiyini deyənlər ədalətsizlik edirlər. Hollywood-da neçə neçə “ekzistensial” filmlər çəkilib, onları nəzərə almaq gərəkir. Hollywood kinosunu klassik mənada kültür saymaya bilərsiniz, amma müasir kültürün ayrılmaz parçası, kult səviyyəsinə yüksəlmiş bir kültür fenomeni olduğunu da inkar edə bilməzsiniz.
Art hause filmlərində də xeyirlə şər var. Sadəcə yaxşı işləyirlər, daha tamaşaçıya qışqırmırlar ki, “bax, xeyir şərə qalib gəldi”, ya da tərsinə. Hanekenin, formal xeyir şər diskursuna düşmədən kənar baxışla, yan gerçəklik kimi çəkdiyi qəddar filmləri xatırlayın.
Dualizm bəşərin yaratdığı ən betonlaşmış fenomendir. Kosmosda dualizm yoxdur, dualizm insan beyninin məhsuludur. Dualizmə yuvarlanmadan kino çəkə bilənlərə salam olsun. Siz neçəsini tanıyırsınız?
Əli Əkbər
Qeyd: Çox ağıllı və diqqətli oğlan və qızların nəzərinə - yazıda, "binarizm" ifadəsi, müəllif tərəfindən qəsdən işlədilməyib. Nəzərdə tutulan anlamı məhz "dualizm" təmin edir.