Xüsusən, Azərbaycan kimi saytların arxivlərinin itdiyi, qəzetlərin elektron arxivinin olmadığı bir ölkədə müəlliflərin yazılarını, müsahibələrini toplayaraq kitab kimi yayımlamaları vacibdir. Necə ki, Seymur Baycanın iki cildlik “Mənim mübarizəm” kitabı olduqca maraqlıdır.
Əvvəllər də bizdə bu ənənə vardı, sovet dönəmində publisistik fəaliyyət göstərən yazıçıların yazıları kitab şəklində çap olunurdu.
“Göydən yerə” bir müsəlman üçün din əleyhinə yazılmış kitab, bir şərqli üçün şərqin əleyhinə yazılmış kitab, bir azərbaycanlı üçün hər bir şeyin əleyhinə yazılmış kitab kimi düşünülə bilər.
Siz bu məqalələrdə Qərbin kosmik sənayedə qazandığı uğuru, azərbaycanlıların isə ələm uçurmaqda qazandığı uğuru görüb dərin sarsıntı keçirəcəksiniz.
Təbii ki, əksər azərbaycanlılar üçün Karl Saqan kimliyi, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) aparılan kəşflər, kəşf olunan “tanrı hissəciyi” (higgs bozonu) olduqca maraqsızdır.
Çünki onsuz da hər şey Quranda yazılıb, elmi tərəfi isə Harun Yəhyanın “Yaradılış atlası”nda qeyd olunub.
Kitabdakı “Tanrı zərrəciyi – Higgs bozonu”, “Göydən yerə” adlı məqalələri bu baxımdan maraqlıdır. Müəllif fizik olduğuna görə, məqalələlərin bu hissələri ilə bağlı hər hansı bir fikir bildirmək səlahiyyətimiz yoxdur, ona görə də problemli tərəfə toxunacağıq.
Nəyə görə biz azərbaycanlılar elmin nailiyyətlərini mənimsəyirik, amma özünə toplum olaraq laqeydik və ya nəyə görə kosmosla bağlı bilgilərdə elmin son kəşfləri bizim üçün maraqsızdır, amma qiyamətin əlamətləri, Quranda dəmirin adının 26 dəfə çəkilməsi ilgi dairəmizə daxildir?
Ən əsası nəyə görə biz Avropa alimlərinin “sındırılması”na bu qədər maraqlıyıq?
Üstəlik, bu “sındırılma” bir azərbaycanlı alim tərəfindən olsaydı, haradasa başadüşülən olardı, çünki elmdə mili kimlik kimi anlayış yoxdur. Bəla odur ki, biz avropalı alimləri Harun Yəhyanın timsalında yerlə bir etmək istəyirik?
Zira, bizdəki bu əminlik, vurdumduymazlıq haradandır?
Müəllifə diqqət edək: “Elmin inkişafı, informasiyanı əldə etmə imkanlarının asanlaşması və individuallaşması nəticəsində daha çox insanın öz ağlına istinad etməsinə paralel olaraq dinlər şübhəçiliyə və elmi düşüncəyə şiddətlə qarşı çıxır”.
Çox doğru yanaşmadır. Necə ki, hələ qaranlıq orta çağda Bruno, Kopernik, Qalileyin timsalında yeni elmi bilgilər əldə edildikcə, dinin sütunları dağılmağa başlayır, artıq bir növ cin şüşədən çıxdığına görə kilsə axının qarşısını almaq üçün sərt metodlara əl atır, yeni yazılan əsərlərə duruş gətirə bilmədikləri üçün birbaşa müəllifin özünü aradan götürmək yolunu seçir. İlkin yüzilliklərdə bu metod müəyyən qədər kilsəyə “uğur” qazandırırsa, sonrakı yüzilliklərdə artıq təkcə dini mətnlərdəki yalanlar elmi yolla inkar edilmir, həm də inanc sisteminin özündə də sarsıntılara səbəb olur. Əgər Qərbdə Volter yetişirsə, Şərqdə Çəmənzəminlinin adlandırması ilə desək “Şərqin Volteri” olan Mirzə Fətəli Axundov yetişir.
Və nəhayət Avropa dinlə yollarını ayırır. Kilsə həm dövlət idarəçiliyindən uzaqlaşdırılır, həmçinin elmin sınırlarına müdaxilə edə bilmir. Amma Azərbaycanda bu mübarizə uzun illər davam edir.
Qərbdəki elmi sıçrayış, rasional təfəkkürün təntənəsi İslam dünyasına qədəm basdığında artıq XX və XXI yüzildə din özünə fərqli bir yol seçməyə başladı. Kilsənin və qazı sisteminin metodları işləməyəcəkdi.
Aya uçulan mərhələdə insanları edam edə, yerin öküzün üstündə dayandığını iddia edə bilməyəcəksən. Amma mütləq ki bir mübarizə yolu seçilməliydi. Çünki sürətli şəkildə qazanılan elmi bilgilər hər gün dinin piramidasından bir iri daş düşürürdü.
Ona görə də həmin elmi bilgilərə yiyələnə bilməyən toplumu nəzarətdə saxlamaq üçün dinlə elmin vəhdəti üzərində uydurma kitablar yazan müəlliflər ortalığa atıldı. Digər bir metod kimi ucuz şayiələr kütləvi şəkildə insanlara yeridilməyə başladıldı. Yəni əgər Qərb dünyası görürdüsə, Nil Armstronq Aya ABŞ bayrağını sancdı, müsəlman dünyasında insanları inandırırdılar ki, astronavtlar Ayda azan səsi eşidiblər. Uzun müddət bu yalan “İlahi möcüzələr” kitablarında özünə yer tapdı. Hər elmi kəşfin qarşılığına insanlara “rükuda duran ağac”, “səcdəyə gedən ada”, “Allah” yazılan qoyun, pomidor, qarpız təqdim etdilər.
Ən qəddar metod isə Qərbin elmi kəşflərini ört-basdır etmək üçün Avropada əxlaqi tənəzzülün, ailə dəyərlərinin pozulmasını, külli günahın yaşandığını yazdılar.
Bu gün də Avropada insanların əxlaqsız olduğuna inanan toplumumuzda nə qədər insan var.
Müəllifi düşündürən bir məqam var. Nəyə görə Milli Kitabxanada Harun Yəhyanın kitablarına yer ayrılır, Rafiq Əliyevin məqaləsini Hacı İlqar İbrahimoğlu redaktə edir.
“Milli Kitabxana” məsələsinin dərin qatını müşahidələrim əsasında çözmüşəm.
Deməli, illər öncə tələbə ikən Bakıdakı “işıq evləri”ndə bir neçə dəfə olmuşdum. Fakültəmizdə Türkiyədən gələn nurçu tələbələr də oxuduğuna görə bu və ya digər şəkildə kontaktımız olurdu, tələbə marağı ilə onların dünyagörüşünü bilmək istəyirdik. Bu cür görüşlərin birində onlar Fəthullah Gülən haqqında bir sənədli film seyr etdirdilər. Film Çanaqqala savaşından görüntülərlə başlayırdı, ardınca Atatürkün gəncliyə müraciəti səsləndirilirdi. Sonra müasir dövrə gəlinir və Koreyada bir koreyalı uşağın türk dilində şeir səsləndirdiyini, daha sonra isə türk dünaysında tanınmış adamlarının – Süleyman Dəmirəlin, Tansu Çillərin, Barış Mançonun və bunlar kimi sayılıb seçilən adamların hoca haqqında qiymətli, müsbət fikirlərini göstərirdilər və yekun olaraq deyirdilər: “Görürsünüz, əgər bizim dövlət böyüklərimiz, sənətçilərimiz belə düşünürsə, biz niyə o cür düşünməyək”.
Bu hadisə bu yaxınlarda bir Adnan Oktar (Harun Yəhya) tərəfdarının Facebook-da yazdığı şərhi gördüyüm an yadıma düşdü. Şərh təxminən belə idi: “Əgər Adnan Oktarın kitabları dəyərsiz kitab olsaydı, Milli Kitabxanada olmazdı”.
Artıq hər şey aydındır. Harunçular Akademi kitabxanada xüsusi satış bölməsi açmaqla, Axundov adına (!) Milli Kitabxanaya bu kitabları yerləşdirməklə psixoloji mesaj verirlər. Yəni o boyda kitabxananın müdiriyyətindən ağıllısan ki, onlar qarşı çıxmır, sən çıxırsan? Bu çox incə düşünülmüş psixoloji bir həmlədir. Necə ki, bu həmlələrlə harunçular mütləq şəkildə Bakıdakı kitab yarmarkalarında ciddi nəşriyyatlarla yanaşı özlərinə stend açır, hətta fosillər sərgiləyərək onların çap etdiyi kitabların elmi mahiyyətli olduğunu iddia edirlər, daha da səviyyəli görünsünlər deyə Park İnn kimi hotellərdə konfranslar keçirirlər.
İri pullara sahiblik edən bu insanlar kütləvi şəkildə kitab, dərgi çap edir, şəbəkə şəklində fəaliyyət göstərən yüzlərlə saytla fəaliyyətlərini genişləndirir, kifayət qədər biliyi olmayan elm adamlarını asanlıqla öz tərəflərinə çəkə bilirlər.
Rafiq Əliyevin Hacı İlqar İbrahimoğlunun redaktəsi ilə çap olunan məqaləsini isə elm və din vəhdətini arzulayan insanların ürəyinə su səpmək kimi düşünüb, əlavə şərh verməkdə acizlik çəkdiyimi etiraf edirəm.
***
Ötən əsrdə Azərbaycanda fikir cameəsində iki məktəb fəaliyyət göstərirdi. Bir tərəfdə Mirzə Cəlilin, Sabirin, Ömər Faiqin təmsil olunduğu “Molla Nəsrəddinçilər”, digər tərəfdə Əli bəy Hüseynzadənin təmsil etdiyi füyuzatçılar. “Molla Nəsrəddin” jurnalı istər satışına, istərsə də fəaliyyət müddətinə görə daha çox uğurlu oldu, amma “Füyuzat” jurnalı cəmi bir il davam edə bildi. Hər iki jurnalın materiallarının translitrasiya edilmiş forması satışda var. Ümumi göz ataraq Mirzə Cəlilin hansı metodlarla mübarizə apardığını, füyuzatçıların hansı yolu seçdiyini görə bilərsiniz. “Molla Nəsrəddin”çilər daha çox xalqı aşırı tənqid etməklə, lağlağı karikatura çəkməklə, avamlıqlarını üzlərinə vurmaqla onları dəyişdirəcəklərini düşünüblər. “Füyuzat”çılar isə Avropada olan çağdaş elmi yeniliklərdən tutmuş, ədəbi, siyasi həyata da yer vermiş, tərcümələr, tanıtımlar təqdim etmişlər. Hər iki metodun özünün doğru tərəfləri var, təbii ki. Mən şəxsən “Füyuzatçı”ların düşüncəsini daha haqlı hesab etdiyimdən, toxunmaq istədiyim məsələni bu yanaşma çərçivəsində şərh edəcəyəm. Müəllifin də məqalələrinin birində toxunduğu kimi, bir müddət öncə Azərbaycan rayonlarında “uçan ələm” adlı qalmaqal yaşandı. Youtube-də yayımlanan video bizim üçün gözlənilməz olduğu qədər də o qədər də yeni deyildi. Axı yüz, yüz əlli il öncənin fotolarına, yazılarına baxanda bu ölkədə qanlı Aşura günlərinin, Ömər bayramının keçirildiyini görürük. Gəncədən Bakıya bütün ərazi xurafatla baş-başa idi.
Ömər Faiq Nemanzadə Bakı ilə Gəncəni bu cür anladırdı:
“Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir...Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı burada, yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”.
“Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər”. (Bakı haqqında)
Azərbaycanda Cümhuriyyət, ardınca Sovet hökuməti quruldu. Sovetin ilkin on ilində dinə qarşı radikal addımlar atıldı. Zorakı şəkildə çadralar çıxardıldı, “Allahsızlar cəmiyyəti” yaradıldı, repressiya illərində din xadimləri də güllələndi. Kilsələr dağıdıldı, məscidlər funskiyalarını itirdilər. Əlbəttə, bu cür zorakı üsul əsla təqdir ediləsi bir hal deyil. Amma növbəti onillərdə artıq ölkənin ən ucqar kəndlərinə qədər məktəblər, kitabxanalar açıldı, elm hər bir sahədə önə çəkildi. Xurafat SSRİ-nin süqutuna qədər qüruba çəkildi, amma YOX olmadı. SSRİ dağıldı, təhsil sistemi çökdü, ölkədə həyat təkcə paytaxtla cəbhə bölgəsi arasında təzahür etməyə başladı. İşğal nəticəsində sovetlərin qurduğu mədəniyyət ocaqları dağıdıldı, işğal olunmayan ərazilərdə isə mədəni düzən tənəzzülə uğradı. Yeni təhsil sistemi, yeni əlifba, hər bir şeyin yenidən qurulması mərhələsində qüruba çəkilmiş xurafat yenidən üzə çıxdı. Haradaki təhsil sistemi yeni düzəndə qurula bilmədi, harada ki elm yoxa çıxmağa başladı, oralarda xurafat yenidən boy göstərməyə başladı. Üstəlik bu dəfə yeni kənar təsirlərlə. Sünni regionlarda Türkiyənin, şiə regionlarda isə İranın molla qiyafəli agentləri öz sözlərini deməyə başladılar. Məhz 1991-92-ci illərdən başlayan bu təbliğat bu gün həm maddi, həm də ideoloji dayaqlarını həddindən artıq gücləndirilmiş durumdadır. Ona görə də bu gün hansısa bölgələrimzidə ələmin uçmasına, qeybdəki imamın İrandakı bir məsciddən zühur edəcəyinə inanması bir günün içində baş verən hadisə deyil.
Amma xalqın bu avamlığını üzünə vurmaq, tənqid etmək, lağlağı obyektinə çevirməkdənsə həmin bölgələrdəki təhsil durumunun hansı səviyyədə olduğunu araşdırıb, yetkililəri vəzifə başına dəvət etmək gərəkdir.
Amma burada böyük bir yanılqımızı da etiraf etməliyik. Müəllifin də göz ardı etdiyi bir məsələni.
***
Biz müsəlman, dindar kimə deyirik? Əgər bu gün Sudanda hamilə qadının öldürülməsinə icazə verənlər də özlərinə müsəlman deyir, Əfqanıstanda, Suriyada baş kəsənlər də müsəlman deyir, digər tərəfdən qosqoca Türkiyənin baş naziri Ərdoğan da, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli də. Və hamısı Qurana, sünnəyə və dinin əsas şərtlərinə inanırlar.
Zira, bu gün ən yüksək Qərb təhsili alsa da, İslam düşünürlərinin fikirlərini bölüşən və təbliğ edən, ciddi dəstəkçiləri olan nə qədər insan var. Eləcə də, öz inanclarını olduğu kimi yaşayan, amma sekulyarizmi, dünyəviliyi inkar etməyən minlərlə insan var. Bu insanlar bəzən cəmiyyət içində fərqli bir toplum olaraq yaşayır, bəzən isə digərləri tərəfdən “itələnmişlik” duyğusuna qapılırlar. Hansı ki, o insanlar içərisində yüzlərlə Azərbaycan dövlətini, millətini sevən insan var. Və bu gün ölkədə “uçan ələmlə”, “hicaba azadlıq” istəyənlərlə mübarizə konteksində İslamı, onun peyğəmbərini tənqid etmək, bəzən təhqir etmək doğrudurmu?
Axı, ən ali yasa olan konstitusiyada vicdan azadlığı təsbit edilibsə, bu gün inanclıların dəyərlərinə lağ etmək, təhqir etmək nə dərəcədə liberal düşüncədir, nə dərəcədə doğrudur?
Biz axı o cəmiyyətin arzusundayıq ki, ateistlər də, inanclılar da eyni yeri, eyni səmanı bölüşsün.
Kim axı zəmanət verə bilər ki, Rafiq Tağını dindarlar öldürüb?
Ümumiyyətlə, qatilin dindarı, atesti olurmu?
Necə ki, dindən istifadə var, eləcə də dindarlardan istifadə də var.
Necə ki, Rafiq Tağının ölümündən bir neçə ateist də istifadə elədi.
“Göydən Yerə”ni oxuyarkən insanın önündə sanki bir xətt canlanır. Dindar insanlar, inanclı şəxslər emprik bilgilərə, elmi kəşflərə qarşıdırlar. Təbii ki, yuxarıda qeyd etdik, harunçuların timsalında saxta inkarçılıq var və bu dünya üzərində də fərqli formalarda təzahür edir. Amma Azərbaycanda, elə öz ətrafımızda olan nə qədər ciddi şəkildə elmlə məşğul olan inanclı kəslər var. Eləcə də, inanclı dövlət xadimlərindən tutmuş müəllimlərə qədər hər cür sahədə insan çalışır.
Mənim üçün əsas olan prinsiplər, ideologiyalar deyil, əsas fərdlərin özləridir. Əgər bir fərd öz inancında, həyat tərzində xoşbəxtdirsə, önəmli olan budur. Əgər kimsə inanırsa ki, cənnət, cəhənnəm, sirat, ilahi məhkəmə var, onların bu dünyagörüşünə müdaxilə edilməməlidir. Çünki o insan həyat tərzini Quran əsasında qurur, baxışlarını İslam alimlərinin əsərləri üzərində formalaşdırırsa, ona kimsə qarışa bilməz. Və bu insanların inandığı peyğəmbərə “pedofil” deyib, karikaturasını çəkmək, lağa qoymağın özü də düşüncədə geri qalmışlıqdır.
Mənə elə gəlir ki, Azərbaycanda qəribə aşırı sərhəd müəyyənləşdirilib. Bir tərəfdə sanki ateistlər, elm tərəfdarları dayanıb, digər tərəfdə isə xurafatçılar, teokratiya dəstəkçiləri, potensial taliblər dayanıb.
Halbuki belə deyildir. Azərbaycanda islami cameə olduqca fərqlidir və qütblər bir-birini sözün həqiqi mənasında tanımırlar. Bu ciddi sosioloji problemdir və məncə araşdırılmalıdır.
***
Yazı çox uzun alındığına görə, müəllifin yazdığı iki məqaləyə toxunmayacağıq. Zatən onlar (“Tanrısız din-buddizm”, “Afina kitab bazarı”) əsasən tarixi yazı olduğuna görə, şərhə yox, öyrənməyə ehtiyac var. Eləcə də, müəllifin gerontokratiya ilə bağlı təsbitləri doğrudur, ən azından biz bunu təhsil sistemində, ailə dəyərlərində yaşamış nəsilik. Ona görə də müəllifin məqalələrindəki növbəti iki məsələyə də toxunub, fikrimizi yekunlaşdıracağıq.
Ramiz Rövşən fenomeni Dünyanın sözdən yaranmasına inanmasam da, sözün mistik gücünün varlığına inanıram. Dini mətnlərin əsas gücü də məhz uyğun sözlərin uyğun məqamda uyğun şəkildə istifadəsindədir. Eləcə də, ədəbiyyatda sözün yaratdığı təsir inkaredilməzdir.
Müəllif “Ramiz Rövşən – 67” məqaləsində şairin şeirlərində dayanmadan yağdırdığı “ölüm”, “kədər”, “ümidsizlik” kimi ifadələrin depressiv ruh halı olduğunu yazır, misallarla fikrini sübut edir.
Ramiz Rövşən yaradıcılığından aşağı-yuxarı məlumatı olan biri kimi, müəllifin doğru dediyini, üstəlik şairin xalq arasında kifayət qədər sevildiyi dəqiqdir. “Qəbrim damır, ağlama” ifadəsini şeirdə işlətmək üçün insan dəhşətli fəlakətlə üz-üzə gəlməlidir. Biz Ramiz Rövşənin şəxsi həyatını bilmirik, bəlkə də onun yaradıcılığının qaynağı hansısa bilmədiyimiz səbəbdə gizlidir. Amma inanların, xüsusən gənclərin ona olan sevgisi nə ilə bağlıdır? Gənclərin kütləvi olaraq depressiv həyatları, uğursuz karyeraları, uğursuz sevgi, ailə həyatlarında? Məhz elə bunlardadır. Etiraf edilməlidir ki, Azərbaycanda gənclər Qərbdəki gənclərin çılğın həyatını yaşaya bilmir, uğurlu təhsil ala bilmir, kifayət qədər maddi qazancları yoxdur, səyahət edə bilmirlər, sevgi münasibətlərini sərbəst yaşaya bilmirlər. Ona görə də, təkcə Ramiz Rövşənlə bağlı deyil, gənc şairlərin də depressiv şeirlər yazması, bu yaşda göyün və yerin problemləri ilə əlləşmələri bununla bağlıdır.
***
Müəllifin maraqlı məqalələrindən biri də ODTU-da oxuduğu dönəmdə ona dərs deyən və mason olan Əhməd hoca ilə söhbətidir. Şəxsən mənim üçün mason məsələsinin Azərbaycanda necə və haradan qaynaqlanması şübhəlidir. Ola bilər ki, “Kurtlar vadisi” serialı və Harun Yəhyanın kitabları ilə gündəmimizə daxil olsun. Çünki bir ara Harun Yəhyanın “Qlobal masonluq” kitabı nəfis tərtibatda çap olunmuşdu. Müəllif masonların şeytana inandığını, bütün dünyanı ələ keçirdiyini yazırdı, amma sonradan bəlli oldu ki, onun özü də mason lojasına üzv olub. A9 kanalında Adnan Oktarın özü etiraf etdi.
Mason klubları təbii ki var. Keçmişdə də olub, indi də var. Qardaş Türkiyədə rəsmi şəkildə qeydiyyatdan da keçiblər, Atatürkün ölüm günündə məzarına əklil də qoyurlar.
Amma masonlar heç də iddia olunduğu kimi yerin altında toplanıb, buynuz taxıb, pişik kəsmirlər. Zatən masonluqda ittiham olunan insanlara baxdığımızda ya tanınmış dövlət xadimləri, ya da ki ədəbiyyat, sənət nümayəndələri qarşımıza çıxır. Masonluğu sadəcə bir düşüncə klubu kimi anlamaq gərəkdir. Onlar Krımda savaş çıxarmırlar yəni.
***
Yekun olaraq bildirim ki, kitabdakı məqalələr olduqca maraqlı, həmçinin yenidir. Azərbaycanda yazarlar, adətən, eyni mövzu ətrafında gəzindiyi üçün bu kitab sizi bir xeyli təəccübləndirəcəkdir. Kitabda qarşı çıxacağınız, qəbul etməyəcəyiniz fikirlər demək olar ki, olmayacaq. Mənim yuxarıda qeyd etdiyim kimi, sadəcə bir yanaşmada etirazım oldu. Dindar, inanclı insanların dünyasına daxil ola bilməmək.
Kitabın “Tərcümələr” bölümündə isə İ.Kant, E.Fromm və S. Grofdan üç maraqlı yazı var.
Dilqəm Əhməd
Teleqraf.com