post-title

Qəsd cəhdi

Çex yazıçısı Karel Çapekin “Qəsd cəhdi” hekayəsi

 
Keçən axşam məsləhətçi Tomsa qulağına radioqulaqlıqlar keçirib ürəkaçan təbəssümlə Dvorjakın slavyan rəqslərini dinləyərək bundan həzz alırdı. “Musiqi bax budur!” o öz-özünə razılıqla deyirdi. Qəflətən küçədə nə isə iki dəfə şappıldadı və məsləhətçinin başına pəncərənin şüşələri cingilti ilə töküldü. Tomsa birinci mərtəbədə yaşayırdı.
 
Məsləhətçi bizim hər birimizin edəcəyi kimi hərəkət etdi: o, bir neçə saniyə daha sonra nə baş verəcəyini gözlədi, sonra isə qulaqlıqları çıxartdı və sərt ifadə ilə ətrafa baxındı. Axı nə baş vermişdi? Və yalnız yanında oturduğu pəncərənin iki yerindən güllənin keçdiyini, qarşı tərəfdəki qapının çatladığını və güllələrdən birinin onun içində qaldığını gördükdə o qorxdu. Tomsanın etmək istədiyi ilk şey küçəyə əliyalın çıxıb cinayətkarın yaxasından yapışmaq idi. Amma müəyyən yaş həddinə çatmış və təmkinli olmuş adam, adətən, ilk impulsu qaçırır və ikinciyə uyğun hərəkət edir. Ona görə də Tomsa telefona sarı atılıb polis idarəsinə zəng etdi:
 
- Alo, tez olun kimisə yanıma göndərin. Mən canıma elə indicə qəsd cəhdi olunub.
 
- Harada? – yuxulu və apatik bir səs soruşdu.
 
- Öz evimdə! – Tomsa elə hirsli cavab verdi, sanki hər şeyin günahkarı polisdi. – Öz evində sakitcə oturan vətəndaşa güllə atmaq, sadəcə, biabırçılıqdır. Ciddi araşdırmaya ehtiyac var! Bircə o çatmırdı ki...
 
- Yaxşı, – deyə yuxulu səs onun sözünü kəsdi, – kimisə göndərərik.
 
Məsləhətçi hövsələsizlikdən çatlayırdı. Ona elə gəlirdi ki, kiminsə gəlişini düz bir ömür boyunca gözləyib. Əslində isə cəmi iyirmi dəqiqə sonra dərrakəli bir polis inspektoru gəldi və güllələrin keçdiyi pəncərəni maraqla nəzərdən keçirdi.
 
- Kimsə pəncərəyə atəş açıb, – o, ciddi şəkildə elan etdi.
 
- Bunu mən sizsiz də bilirəm, – deyə Tomsa qəzəbləndi. – Axı mən düz burada – pəncərənin yanında əyləşmişdim.
 
- Kalibri yeddi millimetrdir, – gilizi qapıdan bıçaqla oyub çıxardan inspektor dilləndi. – Köhnə istehsallı ordu tapançasına oxşayır. Fikir verin, atəş açan adam gərək hasarın üstünə dırmaşaydı. Səkidə dayanıb atəş açsaydı, güllə daha yuxarıdan keçərdi. Deməli, o sizi nişan alıbmış, cənab.
 
- Əladır ki! – Tomsa acı-acı cavab verdi. – Mənsə, az qala, elə fikirləşəcəkdim ki, o, sadəcə olaraq, qapıya atəş açırmış.
 
- Bəs bunu kim edib? – Onun fikrindən yayınmasına imkan verməyən inspektor soruşdu.
 
- Gərək günahımdan keçəsiniz, amma mən o cənabın ünvanını sizə verə bilmərəm, – məsləhətçi ironiya ilə dedi. – Mən onu görməmişəm və evə dəvət etməyi unutmuşam.
 
- Hm, iş elə də asan deyil, – inspektor təmkinlə dedi. – Bəs siz kimdən şübhələnirsiniz?
 
Tomsanın səbri tükənmək üzrə idi.
 
- Necə yəni şübhələnirəm! – o, əsəbi halda dilləndi. – Cavan oğlan, mən o alçağı heç görməmişəm də. Hətta o, orada dayanıb mənim ona öpüş göndərəcəyimi gözləsəydi də, o cür qaranlıqda mən onu tanıya bilməzdim. Onun kim olduğunu bilsəydim, heç sizi narahat edərdim?!
 
- Hə də, – inspektor sakitcə dedi. – Amma, bəlkə, sizin ölümünüzün kimə sərf edəcəyini, kimin sizdən intiqam almaq istəyə biləcəyini xatırlaya bilərsiniz? Nəzərə alın ki, bu, soyğunçuluq deyil. Soyğunçu gərəksiz yerə atəş açmaz. Bəlkə, düşmənləriniz var? Siz bizə bunu deyin, biz də istintaq aparaq.
 
Tomsa çaşqınlıq içində qaldı. İşin bu tərəfi heç ağlına gəlməmişdi.
 
- Heç bilmirəm, – o, qeyri-əminliklə sözə başladı və öz ahıl subaylıq və sakit məmur həyatını fikrən nəzərdən keçirdi. – Mənim düşmənim hardan olacaq? – deyə o, təəccüblə sözünə davam etdi. – Düz sözümdür, belə birini tanımıram. Yox, bu mümkün deyil. Mən axı heç kəslə görüşmürəm, qapalı həyat tərzi keçirirəm, heç yerə getmirəm, heç nəyə qarışmıram... Məndən hansı səbəbə intiqam alınmalıdır ki?
 
İnspektor çiyinlərini çəkdi.
 
- Mən hardan bilim, cənab? Bəlkə, sabaha qədər xatırlayarsınız? Burada qalmağa qorxmursunuz ki?
 
- Xeyr, qorxmuram, – Tomsa dedi və fikrə getdi.
 
“Qəribə işdir, – o, tək qaldıqda öz-özünə çaşqınlıq içində təkrar edirdi. – Niyə, axı niyə mənə atəş açdılar? Axı mən, az qala, zahid həyatı sürürəm. İşdə işimi görürəm, sonra gəlirəm evə... heç tanışlarım da yoxdur! Bəs məni niyə öldürmək istəsinlər?” – o təəccüb edirdi. Ürəyindəki acı hissi isə bu haqsızlıq üzündən getdikcə daha da böyüyürdü. Lap öz-özünə yazığı gəlirdi.
 
“Öküz kimi işləyirəm, – deyə düşünürdü, – hətta evə də iş götürürəm, bədxərclik etmirəm, heç bir əyləncəm yoxdur, lap ilbiz kimi öz qınımda yaşayıram və birdən part! Kiminsə ağlına məni öldürmək gəlib. Aman Tanrım, bu cür səbəbsiz nifrət insanlarda haradan əmələ gəlir?” Məsləhətçi təəccüb içində olmaqla yanaşı, həm də çox pis olmuşdu. “Kimin xətrinə dəyişəm ki? Görəsən, mənə hansı səbəbdən belə nifrət edən bir kəs var?”
 
“Yox, burada, yəqin ki, bir yanlışlıq olub, – o, əlində çəkməsinin bir tayını tutaraq çarpayısında oturub düşünürdü. – Əlbəttə, məni kiminləsə səhv salıblar. İntiqam almaq istədikləri bir kimsə ilə. Bəli, bu elədir, – o, rahatlıqla dedi. – Axı nəyə görə kimsə mənə nifrət etsin?”
 
Birdən çəkmə məsləhətçinin əlindən yerə düşdü. O, bir müddət əvvəl axmaqlıq etdiyini utanc içində xatırladı: tanışı – Roubal adlı bir nəfər ilə söhbət zamanı Tomsa onun arvadına ədəbsiz eyham vurmuşdu. “Bütün aləm bilir ki, Roubalın arvadı ona xəyanət edir, özü də kiminlə gəldi gəzir, elə Roubal özü də bunu bilir, amma özünü xəbərsizmiş kimi aparır. Mənsə, axmağın biri, bu haqda düşüncəsizcəsinə danışdım!...
 
”Məsləhətçi Roubalın həmin an yumruqlarını düyünləyib güclə nəfəs aldığını xatırladı. “Aman Tanrım, – Tomsa dəhşətə gəldi, – mən onun xətrinə dəymişəm! Axı o öz arvadını dəlicəsinə sevir. Mən, təbii ki, mövzunu dəyişməyə cəhd etdim, ancaq Roubal dodaqlarını elə çeynəyirdi ki! Bax onun mənə nifrət etməyə tam əsası var! Əlbəttə, mən heç ağlıma da gətirmirəm ki, mənə atəş açan o ola bilər. Lakin heç təəccüblənməzdim əgər...”
 
Tomsa gözünü döşəməyə dikdi. “Ya da ki, lap elə dərzimi götürək... – o, ağırlıq hissi ilə xatırladı. – O, düz on beş il ərzində mənim üçün hər şey tikib. Sonra isə mənə dedilər ki, o, vərəmin açıq forması ilə xəstədir. Aydın məsələdir ki, üstünə vərəmli adamın öskürdüyü paltarı kim olsa, geyinməyə ehtiyat edər. Mən də ona daha sifariş vermədim. O isə yanıma gəlib işsiz qaldığını, arvadının xəstə olduğunu, uşaqlarını kəndə yollamaq məcburiyyətində qaldığını deyib ona yenidən müraciət etməyimi rica etdi. Allahım, onun bənizi necə də solğun idi, özü isə durmadan tərləyirdi!”
 
- Cənab Kolinski, – mən ona dedim, – mümkün deyil, mənim daha bacarıqlı dərziyə ehtiyacım var, mən sizin işinizdən narazı idim.
 
- Mən çalışacağam, cənab Tomsa, – deyə o yalvarırdı. Az qalırdı ağlasın.
 
“Mənsə, – məsləhətçi xatırladı, – onu kasıblara çox tanış olan “Yaxşı, baxarıq” sözləri ilə başımdan elədim! Dərzi də mənə nifrət edə bilər, – məsləhətçi dəhşət içində düşündü, – bu ki qorxuncdur: kiməsə həyatının xilası üçün yalvarmaq və bu dərəcədə hissiyyatsız rədd cavabı almaq! Ancaq nə edəydim? Bilirəm ki, mənə atəş açan o deyil, amma...”
 
Məsləhətçinin əhvalı getdikcə lap çox korlanırdı. Başqa şeylər də yada düşdü... “İş yerimdə kuryerə acıqlanmağım da heç yaxşı olmadı. Sənədlərdən birini heç cür tapa bilmirdim, buna görə o qocanı çağırıb hamının gözü önündə lap balaca uşaqtək danladım.
 
- Bu nə səliqəsizlikdir?! Siz idiotsunuz! Burada xaos hökm sürür! Sizi işdən qovmaq lazımdır! – dedim ona...
 
Sənəd isə sonradan öz masamın siyirtməsində tapıldı. Qocanınsa onda heç səsi də çıxmadı, o ancaq əsə-əsə dayanıb gözlərini qırpırdı...” Məsləhətçini tər basdı. “Amma onların xətrinə dəymiş olsan belə, tabeçiliyində olanlardan üzr istəməli deyilsən axı, – sözləri ilə o öz-özünü sakitləşdirirdi: – Allah bilir, işçilərin öz rəhbərlərindən necə zəhləsi gedir. Yaxşı, mən o qocaya öz köhnə kostyumlarından birini hədiyyə edərəm... Yox, olmaz, bu ki onu daha da alçaldar...”
 
Məsləhətçi daha çarpayıda uzana bilmirdi, yorğanı onu boğurdu. O oturdu və dizlərini qucaqlayıb gözlərini qaranlığa zillədi, əzabverici xatirələr ondan əl çəkmirdi... “Ya da götürək elə gənc həmkarım Moraveklə baş vermiş insidenti. Moravek savadlı adamdır, şeirlər yazır. Bir dəfə o, məktubu yaxşı yazmamışdı və mən ona: – Yenidən yazın, həmkar! – deyib kağızı onun masasının üstünə atmaq istədim, amma kağız yerə düşdü, Moravek onu götürmək üçün əyiləndə düz qulaqlarının ucuna kimi qızarmışdı... “Lap özümü döyərdim bu hərəkətimə görə!” – məsləhətçi donquldandı. – Mən ki, o oğlanın xətrini çox istəyirəm, ancaq onu bilərəkdən olmasa da, bu dərəcədə alçaltdım!...”
 
Tomsanın yaddaşında daha bir üz peyda oldu: iş yoldaşı Vanklın solğun, şişkin sir-sifəti. “Yazıq Vankl, o mənim yerimə rəhbər olmaq istəyirdi. Bu onun maaşının ildə bir neçə yüz manat artması demək idi, onun altı uşağı var axı... Eşitmişəm, ən böyük arzusu böyük qızını mahnı oxuma dərnəyinə qoymaqdır, amma pulu çatmır. Mənsə onu öz işimdə ötüb keçdim, çünki o bir az astagəldir, gəl ki, canını işə qoyandır. Arıq, hirsli arvadı maddi sıxıntılar üzündən çox qəddarlaşıb. Nahar zamanı Vankl həmişə quru kökə çeynəyir...”
 
Məsləhətçini kədər bürüdü. “Zavallı Vankl, ola bilsin, mənim kimi tənha birinin ondan çox pul qazanması onun xətrinə dəyir. Ancaq bunda mənim günahım varmı? Bu adam mənə qınayıcı nəzərlərlə baxanda həmişə özümü itirirəm...”
 
Məsləhətçi tərli alnını ovdu. “Hə, – öz-özünə dedi, – bir neçə gün əvvəl isə ofisiant hesabı bir neçə kron artıq yazmışdı. Mən restoranın sahibini çağırtdırdım və o, ofisiantı o dəqiqə işdən qovdu. “Oğru, – deyə o bağırırdı. – Mən sənin bütün Praqada işə götürülməməyin üçün əlimdən gələni edəcəyəm!” Ofisiant isə heç bir söz demədən üzünü çevirib getdi. Onun sür-sümük kürəyi frakın altında titrəyirdi...”
 
Məsləhətçi özünə yer tapa bilmirdi. O, radioqəbuledicinin yanına keçib qulaqlıqları taxdı. Lakin radio susurdu, səssiz gecə, sakit zülmət saatları idi. Tomsa başını qollarının üstünə qoydu və bütün həyatı boyunca qarşısına çıxmış insanları xatırlamağa başladı – heç vaxt ümumi dil tapa bilmədiyi, indiyə kimi heç vaxt barəsində düşünmədiyi balaca, anlaşılmaz adamları.
 
Səhər çağı o, çaşqın və bənizi solğun halda polis məntəqəsinə daxil oldu.
 
- Hə, nə oldu? – deyə inspektor soruşdu. – Sizə kimin nifrət edə biləcəyini xatırladınızmı?
 
Məsləhətçi başını buladı.
 
- Bilmirəm, – o, qərarsız halda dedi. – Belə adamlar o qədər çoxdur ki... – o, ümidsiz şəkildə əlini yellədi. – Bizdən hansımız neçə adamın qəlbini qırdığını deyə bilər ki... Mən daha pəncərənin yanında oturmayacağam. Və bilirsinizmi, mən gəldim xahiş edəm ki, siz bu işi dayandırasınız...
 
Svetlana Turan
Kulis.az
Yuxarı