post-title

Bizim mübarizəmiz

Seymur Baycanın “Mənim Mübarizəm” adlı məqalələr toplusunun 2-ci cildi bu günlərdə Alatoran Yayınlarında çapdan çıxıb.

 
Hər iki kitab müəllifin publisistik yazılarının yalnız bir hissəsini əhatə edir, ehtimal var ki, “Mənim Mübarizəm”in 3-cü cildi də çapdan çıxsın. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, məqalələr topusunun çap olunması və kitabın bu şəkildə adlandırılması Seymurun təşəbbüsü olmayıb, bütün günahı və savablarıyla tam olaraq bu cümlələrin müəllifinə məxsusdur. Azad yazar modelinin yaşaması naminə az-çox əmək vermiş biri olaraq bu kitabın çap olunmasında şəxsən mən maraqlı olmuşam, çünki Seymurun mübarizəsi eyni zamanda mənim mübarizəmdir, və Azad Yazarlar Ocağında birləşən qələmlərin birlikdə mübarizəsidir, dolayısıyla Bizim Mübarizəmizdir. 
 
2 cildlik “Mənim Mübarizəm” kitabı Seymurun yuxusuz gecələrinin, ağrısının, əzabının və əsəbinin toplusudur, lakin bu əzab və əsəblər boşuna getməyib, mübarizə öz nəticəsini verib, Seymur öz şəxsində azad yazar olmağın mümkünlüyünü sübuta yetirib. Seymurun ifadəsiylə desək: “Yol müqəddəsidir, ona xəyanət eymək olmaz. Nə qədər ki, sən həqiqət yolundasan, ən ağlagəlməz təbiət hadisələrindən, ən adi görüntülərdən güc alacaqsan. Bəşəriyyətin rifahı uğrunda vuruşmuş, fədakarlıq etmiş bütün şəxsiyyətlər sənin dostuna, qardşına, yol yoldaşına çevriləcək.  Sən zor, işgəncə, diktatura əleyhinə yazılmış yüzlərlə əsərdən güc ala bilərsən. Elə ki, yola xəyanət etdin, bir anda bütün güc mənbələri sənin üçün quruyacaq. Bəzi insanlar elə bilirlər ki, bu qədər çətinliyə tab gətirmək onların daxili gücünün, iradəsinin məhsuludu. Xeyr. Bu, yolun mistik gücüdü”.   
 
2003-cü ildə Azad Yazarların imzaladığı əhddə maddələrdən biri belə idi: “Azərbaycan yazıçısı hakimiyyətdə olan və olmayan hər hansı bir siyasi partiyanın nökəri və qulluqçusu deyildir, bundan sonra o bir daha heç bir zaman dövlətdən təltif almaq naminə həqiqətə göz yummayacaqdır, həqiqət təhlükəli olsa belə onu söyləməkdən çəkinməyəcəkdir.” 
 
Rasim Qaraca
 
Kultura.az
Yuxarı