İsveçrəli dilçi alim Ferdinand de Saussure hələ 1915-ci ildə dilin işarəvi (semiolojik) xarakteri haqqında özünün, sonradan tələbələri tərəfindən kitablaşdırılan, Ümumi Dilçilik Dərsləri adlı məruzələrində bəhs edib. İlk dəfə olaraq, dilin işarəvi xarakterindən söhbət açıb və sonradan bu nəzəriyyə digər elm sahələriylə birləşərək XX əsrin ən böyük kəşflərindən biri sayılıb. Söhbətə keçməzdən öncə onu deyim ki, işarət elmi, ümumi bir təmsil - “representation” nəzəriyyəisidir. “Təmsil” bir başqa şeyin yerini tutan və ya onu insan zehnində canlandıran hər şey deməkdir. Hər hansı bədii əsərdə, hər hansı bir müəllif bilərəkdən və ya bilməyərəkdən dilin işarəvi xarakterindən yararlanmaq zorundadır. Bilərəkdən yararlanmaq ustalıq olduğu halda, bilməyərəkdən yararlanmaq, sadəcə olaraq, qeyri-peşəkarlıq sayılır. Təəssüf ki ələ aldığımız romanda bu ikincinin izləri gen-boldur.
Fikrimi daha aydın izah etməkdən ötrü dilin işarəvi xarakterindən bilincli olaraq istifadəyə dair özümün bir şeirimi misal gətirmək istəyirəm:
“gedirəm yağışa qarşı
yelkənim kədərlə dolu
dodaqlarımda duzlu suların tamı...”
Qısa bir şeirdə iki tablo var (mənə görə): "kədərli insan" və "yağışlı dəniz" mənzərəsi. Dəniz ön planda deyil, ancaq ona açıq-aşkar iki işarə var: “yelkən” və “duzlu su”. İfadənin polifonik olmasından ötrü edilib bu. Hər iki mənzərə “insan” və “dəniz” burada obraz olaraq eşdəyərlidir, biri o birindən üstün deyildir. Burada dəniz gerçək olanın (kədər ovqatının) şüuraltıdakı əksidir.
Adətən bədii əsərdə şüuraltı bənzətmələrdə özünü biruzə verir. Zatən şüuraltı bir şəkildə üzə çıxmaq zorundadır, ifadədə onu kontrol etmək çətindir. Şüuraltı ifadə edənin iç üzüdür, mahiyyətidir. Şair Vaqif Bəhmənlinin bir misrasını xatırlayıram: “Həyat da dovğa kimidir, bulamasan çürüyər”. Burada şairin həyat haqqındakı dünyagörüşü spontane olaraq üzə çıxıb. Özü belə istəməyib, proses qeyri-iradi baş verib. Nəticədə şairin həyat haqqında düşüncələrinin ibtidai həddi aşmadığı ortaya çıxıb. Şüuraltının möhtəşəmliyi də elə burasındadır, insanın əsl təbiətini onun özündən asılı olmadan üzə çıxardır. Gəlin görək bənzətmələrin işarəvi xarakteri “Leyla”da özünü necə göstərir.
Xarakterləri və hadisələri təsvir edərkən müəllifin seçdiyi ifadələrə diqqət edin: “başı kəsik toyuq kimi ora-bura vurnuxurdu” (s.5), “keçmişini düyü kimi arıtlayırdı” (s.6), “qaynar qurğuşun kimi içimi köz-köz edirdi”, “əl vursan qızın üzünün boyası köhnə divar suvağı kimi qopub töküləcəkdi” (s.11), “göylər qızı bu qarabuğdayı gözəlin (Selma Hayekin) belini bağlayıb ər evinə köçürmək üçün minnətçi düşüb” (s.14), “anamın ruhuna and içirəm ki, tək və bəxtsiz xanımların arzuladığı ağ atlı oğlanam”, “qulağınızda sırğa edin”, “doqquzuncu sinifdən üzü bəri həyatımdan gəlib keçən bütün qızlar quduz it kimi bədənimi didib parçalayan azğın ehtirasımı doyuzdurmaq üçün bir parça ətdən savayı bir şey deyilmişlər”, “illərlə kirpiyi ilə od götürüb, saçlarını süpürgə edib yolumda” (s.15), “uşaqlıqda velosiped üzünə həsrət qalmışam, hərdən toyuq hininə girib ağladığım da olub” (s.16) və s.
Göründüyü kimi, bu misallar romanın sadəcə 16-cı səhifəsinə qədər olan hissəsindəndir. Bu misallardan da göründüyü kimi, müəllifin mətnin işarəvi özəllik daşımasından xəbəri yoxdur. Romanda hadisələr şəhərdə baş versə də, əsərin qəhrəmanı şou aləminin öndə gedən simalarından biri olsa da, bənzətmələr vasitəsilə çəkilən background, arxa mənzərə kənd həyatıyla, məişətlə, ibtidai təfəkkürlə bağlıdır. Müəllif üst şüurda sivil mənzərə yaratmağa cəhd etmir deyildir. Baş qəhrəmanın sevgilisi Əsmər Bakı Musiqi Akademiyasında fortopianodan dərs deyir, lakin müəllif şüuraltısı buna başqa bir açıqlama gətirir: Əsmər sevgilisinin yolunda “illərlə kirpiyi ilə od götürüb, saçlarını süpürgə edib”.
Romanda təsvirlərin arxa fonunu birmənalı olaraq kənd-kəsək motivləri təşkil edir, müəllif zahirən hər nə qədər elitar səhnələr təsvir etməyə çalışsa da kərmə qoxusu əsər boyunca yüksələn xətlə öz varlığını sürdürür, müəllifin şüuraltısı israrla öz hakimiyyətini qoruyub saxlayır, “xanım Hayekin kal göyəm rəngli gülümsər gözləri” ifadəsiylə, mənə görə özünün kulminasiya nöqtəsinə çatır.
Müəllifin, dilin semioloji xarakteri haqqında bilgisiz olduğu, bənzədilən şeylərin qeyri-iradi alternativ tablo yaratmasından bilgisizliyi hər səhifədəcə özünü göstərir. Nəticədə, “həyat dovğa kimidir, bulamasan çürüyər” ifadəsində olduğu kimi, bənzədilən bənzənənin önünə keçir, biz “həyat” haqqında deyil, “dovğa” haqqında informasiya alırıq və ya “Hayekin gözlərinin gözəlliyi” deyil “kal göyəm” haqqında təəssüratla baş-başa qalırıq.
Rasim Qaraca
Kultura.az