post-title

Hüqonun parlamentdə mətbuat azadlığı və yazıçıların həbsi ilə bağlı çıxışı

Bu gün cəmiyyətin özünü, sabah isə onun azadlıqlarını müdafiə etmək, onların hər ikisini müdafiə etmək, birinin köməyi ilə digərini müdafiə etmək – budur mənim deputat kimi vəzifəm, vətəndaş kimi haqqım və yazıçı kimi borcum.

 
Görürəm, Məclis müzakirənin yekunlaşmasını səbirsizliklə gözləyir; ona görə mümkün qədər qısa danışacam. (yerdən: “Danışın! Danışın!”).
 
Mən özümü o adamların cərgəsində görürəm ki, onlar hazırkı şəraitdə dürüst vətəndaş olaraq ictimai asayişin qorunmasını birinci dərəcəli vəzifə hesab edir, bu işdə hakimiyyəti zəiflədə biləcək hər şeydən çəkinməyi özlərinə borc bilirlər. (yerdən: “Əla!” sədaları).
 
Elə buna görə, mən indi ehtirasları alovlandıra biləcək məsələləri  kənara qoyuram. Bunları güzəştə getməklə vicdanım ağrımır, çünki sizlərdən hər biri, habelə icra hakimiyyəti kimi mən də hesab edirəm ki, indi əsas vəzifə ictimai asayişi təmin etməkdir. Bu vəzifə hamıya aydındır və onu bir neçə sözlə ifadə etmək olar: ictimai asayiş tərəfdarlarını silahlandırmaq və onun düşmənlərini tərk-silah etmək. (zaldan razılıq sədaları).
 
Mövqeyim gördüyünüz kimi tamamilə aydındır, lakin hörmətli ədliyyə nazirinin çıxışı məndə bəzi şübhələr oyatdığından, hökumətdən icazə alıb onlara bir sual vermək istəyirəm.
 
İndi biz mühasirə vəziyyətindəyik, ya diktatura hakimiyyəti altında? Mənim sualım budur. [“mühasirə vəziyyəti” dedikdə, fövqəladə vəziyyət nəzərdə tutulur – tərc.].
 
Əgər biz hazırda mühasirə vəziyyətindəyiksə, bağlanmış qəzetlər yenidən nəşr hüququna malik olmalıdır. Yox əgər, biz diktatura hakimiyyəti altındayıqsa, bu, başqa məsələ.
 
Demosfen Olivye: Diktatura qurmağa cəhd edən kimdir ki?
 
Viktor Hüqo: Bu suala cavabı mən icra hakimiyyətinin başçısından eşitmək istərdim.
 
Mənə qalanda, hesab edirəm, ciddi zərurət üzündən dörd günlük diktatura ədalətli və vacib olmuşdur. Amma həmin dörd gün sonrası mühasirə vəziyyəti ilə kifayətlənmək mümkün idi.
 
İndiki şəraitdə mühasirə vəziyyəti zəruri və qanunidir, onun əsasları və şərtləri qanunla tənzim edilir. Ona görə, hesab edirəm ki, icra hakimiyyətinə yalnız mühasirə vəziyyəti rejimindən irəli gələn səlahiyyətlər verilmiş olduğu halda, onun qeyri-məhdud diktatura yolu ilə getməsi yolverilməzdir.  
 
Əgər icra hakimiyyəti Məclisin ona verdiyi səlahiyyətləri kifayət hesab etmirsə, qoy, bunu açıq şəkildə bildirsin və Məclis də bunu müzakirə etsin. Şəxsən mən, söhbət bizim azadlıqların ən başlıcası və ən vacibindən gedirsə, bu azadlığın müdafiəsinə qalxmaya bilmərəm. Bu gün cəmiyyətin özünü, sabah isə onun azadlıqlarını müdafiə etmək, onların hər ikisini müdafiə etmək, birinin köməyi ilə digərini müdafiə etmək – budur mənim deputat kimi vəzifəm, vətəndaş kimi haqqım və yazıçı kimi borcum. (zal təlatümə gəlir).
 
Beləliklə, əgər hökumət diktatura hakimiyyətinə ehtiyac duyursa, buyurub, bunu açıq desinlər və qoy, Məclis buna qərar versin.
 
General Kavenyak (icra hakimiyyətini başçısı, Nazirlər Şurasının sədri): Qorxmayın, rəhmdil hökmdar, mənə diktatura lazım deyil; indi əlimdə olan səlahiyyətlər kifayətdir, hələ gərəyindən də artıqdır; narahat olmaya bilərsiz! (yerdən razılıq sədaları). 
 
Viktor Hüqo: Elə sizin öz mənafeyiniz naminə, mənə – fikir sahibinə icazə verin, sizə – hakimiyyət sahibinə deyim ki... (Hüqonun çıxışına sürəkli hay-həşirlə imkan vermirlər).
 
Mən işlətdiyim ifadəni izah etməliyəm, yanlış anlaşılmasın deyə. Fikir sahibi deyərkən, onu nəzərdə tuturam ki, mən – ədibəm; ümid edirəm, elə bu cür də başa düşdünüz (yerdən səslər: “Hə, hə!”).
 
Bugünün naminə olduğundan da çox, gələcək naminə – hərgah, inanın mənə, bu günün mənafeyi məni sizlərdən heç də az narahat etmir – icra hakimiyyətinə üz tuturam: ehtiyatlı olun! Sizin sahib olduğunuz böyük hakimiyyət...
 
General Kavenyak: Olmadı ki...
 
Soldan bir deputat: Təklifinizi verin (yerdən müxtəlif səslər).
 
Sədr (zala müraciətlə): yerdən replikalar olanda çıxışı davam etdirmək olmur.
 
Viktor Hüqo:  İcazə verin, sözümü kəsən hörmətli general Kavenyaka deyim ki, indiki vəziyyətdə, geniş səlahiyyətlərinə rəğmən, icra hakimiyyəti mətbuat azadlığıına qəsd etməkdən çəkinməlidir, bu azadlığa hörmətlə yanaşmalıdır! Hökumət unutmamalıdır ki, mətbuat azadlığı – bizim birğə müdafiə etdiyimiz sivilizasiyanın silahıdır. Mətbuat azadlığı sizdən əvvəl də olub, sizdən sonra da olacaq. (zalda təlatüm).
 
Budur mənim, sözümü kəsən hörmətli general Kavenyaka cavabım.
 
İndi isə hökumətdən cavab verməsini rica edirəm: ona etibar etdiyimiz hakimiyyəti hansı şəkildə istifadə etmək niyyətindədir? Mən öz tərəfimdən hesab edirəm, mövcud qanunları effektiv tətbiq etmək hələlik tamamilə məqbuldur. Bu baxımdan, ədliyyə nazirinin mövqeyi ilə razı deyiləm. Onun fikrindən belə çıxdı ki, indi qanunvericilikdə ikitirəlik mövcuddur və qadağan edilmiş qəzetlərlə bağlı məhkəmə araşdırmasına başlamazdan öncə, Məclisin qəbul edəcəyi yeni qanunu gözləmək lazımdır. Yaddaşım məni aldatmırsa, iyun ayının 24-də Paris apellyasiya məhkəməsinin hörmətli baş prokuroru mətbuat haqda 16 iyul 1828-ci il tarixi qanunun qüvvədə qaldığını elan etmişdi. Rica edirəm, bu ziddiyyətə diqqət edəsiz. Mətbuat haqda qüvvədə olan qanunvericilik varmı? Baş prokuror deyir – hə, ədliyyə naziri deyir – yox. (zalda hətəkətlənmə). Mən baş prokurorun fikrini bölüşürəm.  
 
Hal-hazırda, yeni qanunun qəbul ediləcəyi günədək, bizim mətbuatın fəaliyyəti 1828-ci il qanunu ilə tənzimlənir. Hesab edirəm, əgər bizdə olan yalnız mühasirə vəziyyətidirsə, əgər qeyri-məhdud diktatura həqiqətən yoxdursa, onda bağlanmış qəzetlər mövcud qanunvericiliyə riayət etmək şərti ilə yenidən nəşrə başlaya bilərlər. (zalda təlatüm). Mən məsələni belə qoyuram və izahat verilməsini xahiş edirəm. Təkrar edirəm, söhbət azadlıqdan gedir və əlavə edirəm, Milli Məclisdə, xalqın Məclisində, onun azadlığı ilə bağlı məsələlərə ehtiyatla deyil, ehtiramla baxılmalıdır. (yerdən razılıq sədaları).
 
Qəzetlərə gəlincə, mənim niyyətim onların hesabına məhşurlaşmaq deyil; mənim niyyətim onlar barədə öz rəyimi dilə gətirmək də deyil, çünki elə şeylər var, onların bir çoxu üçün indi buradan çox sərt səslənər. Bəzi gerçəklər o qədər sərtdir ki, onlar barədə yalnız susa bilərəm. Budur, indi onlara hücum etmək üçün əlimdə imkan var, amma mən onların müdafiəsiz qaldığı bir şəraitdə, onlara hücum etməyi öz mənliyimə sığışdırmaram. (zalda hərəkətlənmə). Mən “qadağan olunmuş qəzetlər” ifadəsini çox könülsüz işlədirəm; “qadağan olunmuş” kəlməsi mənə nə ədalətdən, nə də bəsirətdən xəbər verir; “nəşri dayandırılmış qəzetlər” – icra hakimiyyəti bax bu ifadədən istifadə etsin gərək. (ədliyyə naziri başının işarəsi ilə razı olduğunu bildirir). Mən hazırda icra hakimiyyətinə də hücum etmirəm, sadəcə onlara məsləhət edirəm. Əvvəldən olduğu kimi, indi də bu məsələnin ağlabatan hədlərdə baxılmasına tərəfdaram. Mötədil müzakirə – həmişə ən faydalı müzakirədir (yerdən: “Əla!” sədaları).
 
İndi durub deyə bilərəm ki, hökumət xüsusi mülkiyyətə, ifadə azadlığına, yazıçıların şəxsiyyət azadlığına qəsd edib, bir yazıçını səbəbini izah etmədən doqquz gün təkadamlıq kamerada həbsdə və on bir gün nəzarət altında saxlayıb (zalda təlatüm).
 
Təkrar edirəm, mən ehtirasları alovlandıracaq bu cür hallara toxunmaq istəməzdim və toxunmayacam. Sadəcə izahat eşitmək istəyirəm; bu iclas başa çatdıqdan sonra qəzetlərə aydın olsun ki, ölkəni idarə edən hakimiyyətin onların taleyi ilə bağlı niyyəti nədir.
 
Əminəm ki, qəzetlərin yenidən buraxılışına icazə vermək və onların fəaliyyətində qanuna ciddi riayət edilməsini təmin etmək gerçəkdən ədalətli və ağıllı siyasi qərar olardı; bu qərarın ədalətliliyi heç bir sübut tələb etmir; məsələnin siyasi tərəfinə gəlincə, qəti əminəm ki, qəzetlər özləri də indiki vəziyyətin gərginliyini və mühasirə vəziyyətini nəzərə alıb, onlara verilmiş azadlıqdan mötədil surətdə istifadə edəcəklər. Məhz bu da ictimai asayişin qorunması baxımından qənaətbəxş olacaq. Əksinə, məsələni ləngitmək təhlükəni böyütmək deməkdir (zalda təlatüm). Bunları götür-qoy edin cənablar.
 
Çıxışımın sonunda hörmətli general Kavenyaka formal sorğu ilə müraciət edirəm, lütfən bizi agah etsin: buraxılışı qadağan edilmiş qəzetlər günü sabahdan nəşrə başlaya bilərmi, yoxsa onlar indiki, nə diri, nə də ölü sayılacaq vəziyyətdə oturub yeni qanunvericiliyi gözləməlidir? Onların aqibəti necə olacaq: mühasirə vəziyyətinin məhdud azadlığı, yoxsa diktaturanın ölüm hökmü? (Zalda uzun sürən təlatüm).
 
Qeyd: Viktor Hüqonun bu çıxışı qəzetlərlə bağlı məsələnin müsbət  həllində ciddi rol oynadı. Hüqonun müdafiə etdiyi qəzetlərin bir çoxu vaxtı ilə ona qarşı çirkin kampaniya aparmış, hədyan yağdırmışdılar. Hüqonun yerinə bir başqası olsa idi, bu imkandan istifadə edər, həmin qəzetlərin nəşrinini bərpasına imkan verməzdi, necə ki, hökumət üzvləri qəzetlərlə olan köhnə ədavətə görə, əllərinə düşən imkandan istifadə edib onları bağlatmışdılar. Amma göründüyü kimi, Hüqo onları alovlu müdafiə edirdi. Dediyi sözlərlə həmçinin, qəzetlərlə ədavəti olan başqa adamlara da ibrət verirdi ki, yıxılana balta vurmaq şərəfli iş deyil. İndi sizin borcunuz onları müdafiə etməkdir, ədavət aparmaq yox.
 
Tərcümə: Ruslan Köçərli
Kultura.az
Yuxarı