post-title

Dostuma məktub

Səni və yoldaşlarını siz tutulana qədər tanımırdım. Bir il bundan əvvəl ətrafınızda yaradılan ajiotaj, haqqınızda olan informasiyalar, yazılar sizi mənə tanıtdırdı. Bütün bunları oxumağa başladım. Haqqınızda daha cox məlumat almağa çalışdım. Yazdığın yazıları, bölüşdüyün fikirləri oxuduqca səni daha yaxından tanıdım. Sənin vasitənlə sahib olduğun dəyərləri paylaşan əqidə yoldaşlarını tapdım, onların dünyagörüşləri, düşüncələri ilə tanış oldum, yazılarını oxudum. Tamam fərqli bir aləmə daxil olmuşdum. Bu dünyada sehrli bir əl məni indiyə kimi formalaşdıran dəyərləri məhv eləyir, müqəddəs sandığım, sitayiş etdiyim “bütləri” bir-bir vurub sındırır, dağıdır, məni onlardan azad edirdi.

 
 
İndiyə kimi mənə məlum olmayan bu mənbələrlə tanışlıq və paralel olaraq oxuduğum kitablar mənim fikirlərimi alt-üst etdi, dünyagörüşümü dəyişdi. Tam olaraq dəyışdirdi də deyə bilmərəm (çünki bu proses hələ də davam edir), amma əsası qoyuldu. Bütün bunlar məhz sənin vasitənlə oldu. Belə olan halda bütün bu baş verənlərə biganə qala bilməzdim. Sənin kimi dəyərli bir insanın bu mənfur rejim tərəfindən sındırılmasına, növbəti qurban olmasına biganə qalmaq istəmədim. İstəmədim ki, cəmiyyətin laqeyd münasibətindən bezib ruhdan düşəsiniz. Bu ölkədə yaşayan sıravi bir vətəndaş kimi bizim ugrumuzda apardığınız mübarizədə sizi tək qoymamaq qərarına gəldim. Əlimdən gəldiyi qədər mənən dəstək olmaq istədim. Apardığınız mübarizənin heç də nəticəsiz olmadığını bildirmək istədim.
 “Sənin kimi ağıllı, savadlı bir gəncin yanında olmaq mənim üçün ruhumun tələbatını ödəməkdir.” Sənə 6 ay bundan əvvəl yazdığım bu cümləni indi yazsaydım “sənin” deyil, “sizin” deyə yazardım. Keçən zaman ərzində dostlarını da tanıdım. Onların da saf, təmiz qəlbə malik, agıllı, savadlı olduqları qədər də cəsarətli olduqlarının şahidi oldum. 
 
Bu günlərdə Dostoyevskinin həyatından bəhs edən kitabi oxuyurdum. O da sənin kimi gəncliyində dəyişikliklər tərəfdarı olan bir ədəbi-ictimai cəmiyyətə qoşulmuşdu. Çar hökuməti də bundan xəbər tutaraq onu və yoldaşlarını - bir gecədə 34 nəfəri həbs edir. Məhkəmə olur və hamısına edam cəzası çıxarılır. Edam cəzası ilə yanaşı məhkəmə çara onların cəzalarının yungülləşdirilməsi barədə xahişlə də müraciət edir. Çar edam qərarını ləgv edir və onların cəzalarını yüngülləşdirir. Lakin qeyd edir ki, son dəqiqəyə kimi bu barədə məhkumlara bilgi verilməsin. Beləliklə dar ağacları qurulur, Dostoyevski və dostlarını meydana gətirirlər. Hökm oxunur və edam hazırlıqlarına başlanılır. Hər şey dəqiq son mərhələyə kimi yerinə yetirilir. Bu zaman Dostoyevskinin nə fikirləşdiyini təsəvvür elə. Artiq bu zaman Dostoyevski ədəbi aləmdə tanınırdı. Belinski onun ilk əsərini oxumuş və haqqında çox yüksək fikirdə idi. Hamı gələcəkdə Dostoyevskinin dahi bir yazıçı olacağını qəbul edirdi. İndi belə bir vaxtda Dostoyevski özünün gələcəklə bağlı planları, fikirləri, arzuları olan vaxtda hər şeyə son qoyuldugunu fikirləşmək, bütün arzulara əlvida demək. Bütün bunları mən belə özümü onun yerinə qoyaraq fikirləşdikdə sarsılıram. Bu üsulla çar hökuməti onları psixoloji cəhətdan sarsıdır. Nəhayət meydana bir nəfər çarın bağışlanma fərmanını gətirir və son anda məhkumların cəzalarının yüngülləşdiyi elan olunur. Dostoyevski 4 illik katorqa cəzası alır və soldat kimi çalışmaq şərti ilə sürgün edilir. Məncə Dostoyevskinin sonrakı həyatinda, fikirlərinin, dünyagörüşünün dəyişməsində bu sarsıdıcı tamaşanın çox böyük təsiri olmuşdur. 
 
“Azərbaycanın ən parlaq, ən ziyalı, dərin düşüncəli gəncliyi, gələcəyi üzərində qurulan məhkəmə prosesi” (Zamin Hacı) kimi tarixə düşən bu məzhəkənin nə cəza verəcəyi bəlli idi. Yəqin ki, “çar hökuməti” sizə də ağır cəza verəcək. Sonra ürəyi yumşalacaq, humanizm prinsiplərini yada salacaq. Hər nə olursa olsun bütün bunlara psixoloji cəhətdən özünüzü hazırlamalısınız. 
 
İndi sən və yoldaşların aclıq elan edərək mübarizənizi davam etdirirsiniz. Bu halda sizə heç bir məsləhət vermək fikrində deyiləm. Çünki, bu müddət ərzində çəkdiklərinizi sizdən daha yaxşı heç kim bilə bilməz. Ən doğru qərarı siz özünüz verə bilərsiniz. Amma sənə yazdığım məktubların sonunda həmışə belə yazardım: “Özünüzdən muğayat olun. Sən və yoldaşların hələ bizə lazımsınız.” İndi buna bircə söz əlavə edirəm: “Sağ-salamat.”
 
Məhəmməd Nuray
 
Kultura.az
Yuxarı