Qızılhacılı ictimai məktəbinə səfərimiz zamanı məktəb müəlliməsi belə bir statistika verdi: Təhsil Nazirliyinin tələbi ilə aparılmış statistik araşdırma zamanı müəyyən olub ki, 2009-2013-ci illərdə, yəni 4 il ərzində təkcə Qızılhacılı kəndində 50-ə qədər qız təhsildən yayındırılaraq evləndirilib. Orta statistik olaraq götürsək, bütün məktəblərdə bu problem var. Bunu mən deməsəm də bilirsiniz. Belə götürəndə valideyin qız uşağını satır, kimisi pula, kimisi qohumluğa, kimisi uşağını təmin edə bilməmə qorxusuna, kimisi qızına verdiyi tərbiyəyə güvənə bilməməsinə...
Dəhşətlisi isə, “düşüncəli” ata və anaların bunu həyatı baxdıqları seriallardan ayıra bilməyən qızlarının “xoşbəxtliyi” üçün etdiklərini düşünmələridir. Bu “geniş düşüncəli” ata-analar həqiqi xoşbəxtliyin oyuncaq oynadan qızını gözü açılmamış varlıya verib, onun pulunun əsrinə çevirməkdə yox, hər zaman, hər şəraitdə övladına sərbəst şəkildə özünü təmin edə biləcəyi bir peşə verməkdə görmürlər.
Bu barədə düşünməliyik! Ciddi düşünməliyik!
Bir qurup gənc 18 yaşına çatmamış uşaqların hüquqlarının tapdalanmasına, təhsildən yayındırılaraq evləndirilmələrinə etiraz olaraq, sosial şəbəkələrdə ətrafımızda bu cür evlənmə halları baş verdiyi zaman, ictimai qınaq formalaşdırmaq üçün həmin toy mərasimlərinə (fərq etməz yaxın, ya uzaq) getməməyi qərara aldıq.
Sizi də bu aksiyaya qoşulmağa dəvət edirik: “18 yaşına qədər evlənənlərin toylarında erkən evliliyə etiraz olaraq iştirak etməyək! Bu cinayətə səbəb olmayaq!”
Aydan Yusif
Gürcüstan
Kultura.az