post-title

Cəfər Cabbarlı: "Oqtay Eloğlu" - Müsabiqə üçün yazı

Hələ eramızdan əvvəl IV əsrdə yaşamış böyük yunan filosofu Aristotel yazırdı ki : “ Əsl şair yaşadığı cəmiyyətin səviyyəsinə enib, onların təlabatına uyğun şeirlər yazmayan şairdir” . Filosofun bu deyimini şairlərlə yanaşı digər qələm sahibləri olan yazıçılara, publisistlərə də aid etmək olar. Aristotelin bu fikrindən artıq 2500 il keçsə də hələ də cəmiyyətimizdə əsl şair, əsl yazıcı ola bilməyən yüzlərlə, minlərlə insanlar var ki, onlar yalnız indiki zaman üçün yaşayır və cəmiyyətin istək və arzularına uyğun “yazırlar”.

 
 
Milli ədəbiyyat tariximizə fikir versək, bu cür ənənənin tarixi köklərinin çox qədimə getdiyinin şahidi ola bilərik. Lakin XIX əsrin ortalarından başlayaraq əsl yazıcı, əsl şairlər formallaşmağa başladı ki, bunun da əsasını  öz realist-tənqidi poeziyası ilə seçilən M.Ş Vazeh, ilk realist nəsrin, milli dramaturgiyamizin  banisi M.F.Axundov kimi maarifcilər qoymuşlar. Onların yaratdıqları məktəbdən çıxmış onlarla maarifçı yazarlar, şairlər, publisitlər öz əsərlərində mövcud cəmiyyətin nəinki səviyyəsinə enməkdən imtina ediblər əksinə mövcud vəziyyəti daim tənqid edib təqiblərə məruz qalmışlar lakin öz əqidələrindən dönməyiblər . Həmin məktəbin ən parlaq nümayəndələri sıralarından Cəfər Cabbarlının adı xüsusi qeyd edilməlidir. Yazdığı dram əsərlərinin mahiyyət etibarilə siyasi, sosial olmasından asılı olmayaraq daim mövcud vəziyyətlə barışmazlıq və mübarizə ruhu duyulur. Həmin əsərlərdə göstərilən problemlərin bir çoxu  günümüzündəki problemlərlə, eybəcərliklərlə səsləşir desək yanılmarıq. Bunların sırasında “Vəfalı Səriyyə”, “Solğun çiçəklər” “, “Sevil”, “Aydın” və “Oqtay Eloğlu” kimi əsərlərin adları xüsusi qeyd olunmalıdır.
 
İlk dəfə olaraq C.Cabbarlı “Oqtay Eloğlu” pyesilə milli teatrlarmızdakı əsas problemləri ortaya qoydu. Əsərdəki ortaya qoyulan problemlərin bir çoxunun hələ də müasir dövrümüzdə forma etibarilə olmasa da mahiyyət etibarilə mövcud olduğunun əsəri oxumaqla hər kəs şahidi ola bilər. 
 
Əsərin baş qəhramanı olan Oqtay Eloğlu milli teatrın inkişaf etdirilməsi, xalqının aydınlanması yolunda bütün əzablara, tənqidlərə, təqiblərə baxmayaraq əlindən gələni edir. O teatrı özünə ibadətxana edib xalqın məhz teatrlar vasitəsilə qəflət yuxusundan oyanacağına inanır. O malik olduğu zəngin istedadından  fərdi həyatının maddi rifahını yüksəlmək naminə yox məhz əqidəsi uğrunda istifadə edir. Ona başqa peşə secib cəmiyyətdə hörmətə layiq bir yer tutmasını zəngin həyat sürməsini təklif edən Səməd bəyə Oqtayın dediyi sözlər : “Səməd bəy,məqsəd pul qazanmaq olsa, mən onun yollarını çox gözəl bilirəm. Mən azad sənətkaram. Bir sənət düşkünüyəm. Mən bir çinovnik ola bilmərəm” hələ də öz müasirliyini itirməyib. Gənclər arasında sənət secimində azadlığın hələ də olmaması cəmiyyətimizin ən mühüm problemlərindən biridir. Məktəbi bitirib universitetə daxil olmaq istəyən gənc öz sənətini, öz yolunu secərkən  daim valideynlərinin, yaxınlarının istək və arzularını mütləq  nəzərə almalıdır. Bu tərbiyə üsulu onların ruhuna aşılanıb ki, bunun nəticəsi olaraq sənət, elm, maarif uğrunda qurban getməyə hazır olan çox az sayda Oqtay Eloğlular var. 
 
Əsərin digər qəhramanı Firəngiz isə “ sənət qurban tələb edir” prinsipinə əsaslanan yazıçının yaratdığı sənət uğrunda ilk qurban, milli teatrın ilk qaranquşu olan qadın aktisa obrazıdır. Öz məhəbbəti uğrunda iradə azadlığından özünü məhrum edən Firəngiz sevgilisi Oqtayın həyatında və yaradıçılığında böyük rol oynayır. Hətta Oqtayın nihilizmə qapılıb sənətdən uzaqlaşmasına səbəb olur. Öz səhvini düzəltmək ücün əlindən gələni edən Firəngiz Oqtayın : “ Səfil xalq, nə bağırırsan! Səndə sənətkar bir qadin yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl!” üsyankar sözlərinə qarşı ilk dəfə olaraq azərbaycanlı qadın aktirisa olmaq adını götürərək bütün təqibləri rədd edib səhnəyə gəlir. Öz nihilistik dünyasından uzaqlaşmayan və həyatın özünü süni bər-bəzəkdə görən Oqtay öz məhəbbətini həmin sünilikdən qurtarmaq üçün Firəngizi səhnədə qətlə yetirir.
 
 C.Cabbarlının bu əsərində göstərilən  daha bir problem isə  müasir dövrümüzdə hələ də özünə möhkəm rol tutmaqdadır. Bu süni, yaltaq, ikiüzlü “ziyalılar” problemidir. Müəllif bu obrazda Firəngizin qardaşı çinovnik Aslan bəyi göstərmişdir. Atasının dini- mühafizəkar etirazlarına qarşı: “ İndi nə var ki,teatr fəna bir şey deyil. Bir məktəb kimidir. Xalq oradan ibrət alır. Hətta məsciddən də müqəddəs bir yerdir”  sözləri ilə özünü mütərrəqi ziyalı kimi göstərsə də əslində heç də mühafizəkar  atasından fərqlənmir. Bunu bacısının kasıb Oqtay ilə yox varlı Danyar bəy Qalaçıxanovla evləndirməsilə görürük. Özünü  nə qədər məhsəb, nüfuz sahibi elitar təbəqənin üzvləri yanında bir ziyalı kimi göstərsə də əslində teatra və aktyorlara yuxardan aşağı baxır. Aslan bəy obrazında yazıcı öz məqsəd və mənafeyi uğrunda bacısından bir əmtəə kimi istifadə edən, qarşısında maneə kimi gördüyü istənilən sənətkari müxtəlif şantaj yolu ilə aradan götürməyə çalışan  süni “ziyalılar”ı  tənqid edir. Biz bu cür “ziyalıları” müasir dövrümüzdə də görməklə sadəcə C.Cabbarlının ölməzliyinin şahidi oluruq. Haqqı görüb söyləməməklə, gənc istedadların inkişafına maneəcilik törətməklə məşğul olan həmin “ziyalılar” sadəcə cəmiyyətin geriləməsindən başqa heç nə qazanmırlar.
Müəllifin pyesdə ortaya qoyduğu digər problem isə teatrlarda müxtəlif iyrənc yollarla ad-san qazanmış yalancı, istedadsız “aktyor”ların mövcudluğu problemidir. Şəkinski obrazında həmin insanları ifşa edən C.Cabbarlının mövcud problemi müasir dövrümüzdə kino, teatr sahəsində ən aktual problemlərindən biridir. Tanışları, atamanları sayəsində və ya yaltaqlıqla, kiminsə quyusunu qazmaqla məşğul olan günümüzün Şəkinskiləri  heç vaxt gələcək nəsillər tərəfindən anılmayacaq, çünki sənət əsl  sənətkar olmaq üçün  qurban tələb edir yaltaqlıq, kiməsə iş vurmaq yox!
 
Beləliklə bütün göstərilən problemlərin müasir günümüzlə necə üst-üstə düşdüyünün bir daha şahidi olduq. Bu isə C.Cabbarlının yaradıcılığının zənginliyindən və ölməzliyindən xəbər verir.
 
Tural Metesoy (Qasımov)
 
Kultura.az
Yuxarı