post-title

Seymur Baycan: Təəssüf ki, bir insanın qədrini bilmək üçün onu itirmək lazımdı

Yazıçı Seymur Baycanla müsahibəni Kultura.az-ın oxucularına təqdim edirik...

 
 
- Maraqlıdır, bu yaşda özünü necə tanıyırsan?
- Ad günü ərəfəsində  bir az çətin olur.  Suallar, hisslər fikirlər qarışır bir-birinə. Daha çox xatırlamağa çalışıram. Misima deyirdi ki, hər bir insan ildə bir dəfə təkliyə çəkilib keçmişini xatırlamalıdı. Onun məsləhətinə hər il əməl edirəm. Düz üç gün ta uşaqlıqdan tutmuş bu günə qədər həyatımda baş vermiş hadisələri xatırlayıram. Özümə hesabat verirəm. Təəssüf hissi keçirirəm.  Darıxıram. Kədərlənirəm. Gülümsəyirəm.  Bəzən üzr istəmək , bağışla demək istəyirəm. Amma üzr istəmək istədiyim adamlar artıq  yoxdur. Təəssüf ki, bir insanın qədrini bilmək üçün onu itirmək lazımdı. Özü də həmişəlik.  Bəzən adamlarla danışanda birdən başa düşürük ki, artıq adların qarşısına rəhmətlik sözünü də əlavə edirik. Biz insan basdırırıq. Biz başsağlığı veririk. Bəlkə də elə müdrikliyin bir növü də insanları itirməyi öyrənməkdi. Yaddaş yazıçının ən böyük sərvətidi. Ad günü ərəfəsində  keçmişə qarşı daha həssas oluram. Bəlkə də keçmişimi bu qədər tez-tez xatırladığımdan özümü çox yaxşı tanıyıram, nə qədər cəsarətli, nə qədər qorxaq, nə qədər istedadlı, nə qədər istedadsız olduğumu çox yaxşı bilirəm. Bir insanı özündən yaxşı heç kim tanıya bilməz, təbii ki, əgər o insan normal insandırsa, özü haqqında düşünə bilirsə, özü-özünə hesabat verirsə. Özümü tanıdığıma görə insanları da yaxşı tanıyıram. Bilirəm ki, insan çox mürəkkəb məxluqdu. Əks halda bu qədər roman, bu qədər film ümumiyyətlə sənət üçün bu qədər  mövzu verə bilməzdi. 
 
- Neçə romanın var?
- Dörd roman, bir povest yazmışam.
 
- Dörd roman, bir povest yazmısan, amma səni yazıçı kimi yox, daha çox publisist kimi tanıyırlar.
- Bu məni bir qram da narahat etmir.
 
- Nəsrə daha çox can yandıran və özünü nəsrdə realizə etməyə çalışan adam məncə, buna görə narahat olmalıdır, axı. 
- Desələr ki, Seymur nə yazıçıdır, nə də publisistdir, təbii ki, ağın çıxarmış olacaqlar. Bu o qədər açıq qərəz olacaq ki, onlar özləri biabır olacaqlar. Ona görə də məni yazıçı kimi görməyənlər publisist kimi görməyə məcburdular. Hətta məhkumdular.
 
- Niyə həmişə özünü elə təqdim eləməyə çalışırsan ki, guya səni başa düşən, anlayan yoxdur? Bəlkə, bu da orijinallıq xətrinədir?
- Düzdü,  başa düşmürlər. Məsələn, 18.6 romanımı bu camaat necə başa düşsün? Azərbaycan xalqı bu əsərə layiq deyil. Amma  adamları da qınamıram, 18,6 Azərbaycan ədəbiyyatı üçün, ən azı, 20 il əvvəl yazılmış romandır. Bəxtiyar Vahabzadənin şeirləri ilə böyümüş xalq “18.6” romanını necə anlasın? Bu xalq aşıqdır, hələ gəlib yazı mədəniyyətinə çıxmayıb. Bu xalq folklor səviyyəsində olan bir xalqdır. Birdən-birə gətirib onun qabağına belə bir roman qoyursan. Əlbəttə, başa düşməyəcəklər. 18,6 romanı 2007-ci ildə nəşr olunub. Hələ də bu günə qədər soruşurlar ki, o adın mənası nədi. Heç nə, romana bir balaca qeyri-adi ad qoymuşam çaşıb qalıblar. Bilmirlər nə desinlər, nə etsinlər. Kitabı vərəqləyirlər orasına-burasına baxıb atırlar kənara. Gəlib sual verirlər,sonra gedib yenə bir az oxuyurlar. Bizim ədəbiyyatın problemləri haqqında “Ədəbiyyat və reallıq” adlı iki yazı yazmışam. Maraqlananlar baxa bilərlər. Ədəbiyyat dərsliklərimiz biabırçı gündədi. O cür dərsliklərdən ədəbiyyat haqqda fikri formalaşan adamlar bir balaca yeni nəsrlə qarşılaşanda çaşıb qalırlar. Avtomatik olaraq deyirlər ki, bu ədəbiyyat deyil. Bizim məktəblərdə uşaqlara elə şeirlər əzbərlədirlər ki, uşaqlar şeirə nifrət edirlər.  Bir  neçə dəfə demişəm, yenə təkrar edirəm. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa mövzuda əsər yazardı və ədəbiyyatımız dünyada gedən proseslərə daha yaxın olardı. 
 
- Yeri gəlmişəkən, «18.6 sm» nəyin ölçüsüdür?
- Heç nə, elə-belə, mənasız bir şey. «Kişi sözü» filmində qız  soruşur ki, Qasım  o nə kəmərdi belinə bağlamısan? Qasım da deyir, heç elə-belə, karate. Onun kimi bir şey.
 
- Qadınlar haqqında fikrindən sonra adamlar səndən bir söz soruşmaq istədilər: “Seymurun özün necə kişidir?”.
- Kişi kimi özümə qiymət vermək mənim üçün çox çətindir.Ovqat adamıyam. Tez-tez haldan-hala düşürəm. Emossional stabilliyim tez-tez pozulur. Ona görə bəzən ən gözlənilməz hərəkətlər edirəm. Pul xərcləməyi sevirəm. Hədiyyə verməkdən xoşum gəlir. Adamlar zövqlə geyinəndə sevinirəm.  Xüsusən qadınlar yaxası ağ kurjevalı köynək, yaxud dama-dama köynək geyinəndə  çox xoş olur. Harda bir yaxşı köynək görsəm imkanım varsa alıb hədiyyə edirəm. Əgər imkanım yoxdursa ərkim çatan qadın dostlarımdan birinə deyirəm ki, filan mağazada yaxşı köynək var, alsan əla olar,sənə çox yaraşar. Yubka geyinən qadınlara qarşı istər-istəməz hörmət edirəm,çünki şalvar geyinməyi hər bir qadın bacarar,bu çox asandı. Zövqlə seçilmiş yubka geyinmək isə hər qadının işi deyil. Son vaxtlar adamların geyiminə baxıb onların tipini müəyyən etməyi öyrənirəm. Çox vaxt gümanlarım özünü doğruldur. Ümumiyyətlə geyimə qarşı axır vaxtlar çox həssas olmuşam. Zövqsüz geyinən adam gördükdə qanım bərk qaralır və bütün günü özümə gələ bilmirəm.  Xüsusən imkanlı adamların əynində zir-zibil gördükdə lap dilxor oluram.  Pulu var amma geyinə bilmir. Bu dəhşətdir. Əhvalım elə pozulur ki, bir neçə gün düz-əməlli çörək yeyə bilmirəm.
Son vaxtlar çox deyingən və hövsələsiz olmuşam. Sağ olsun dostlar yola verirlər. Çünki bilirlər ki, onları çox istəyirəm.  Son vaxtlar çox az adamlarla ünsiyyətdə oluram. Daha çox ədəbiyyatdan və sənətdən danışmağa üstünlük verirəm. Oxuduqlarımı dostlarla müzakirə etmək fikir mübadiləsi aparmaq paylaşmaq mənim üçün xoşdur. Bundan həzz alıram. İndi daha hansı kafedə, hansı restoranda yemək yeməyin mənim üçün fərqi yoxdu,təki yeməklər bir az dadlı olsun. İmkan versinlər bir az söhbət edək. Rusların yaxşı bir sözü var,  bir dostum bu sözü tez-tez təkrar edir. Deyir, arağın ən gözəl zakuskası qabağında oturan kişidi. Kimlə çörək yemək, kimlə yola çıxmaq, kimlə söhbət etmək mənim üçün önəmlidi. İstəyirəm qarşımdakı adam nə dediyimi başa düşsün,izah etməyə həvəs yoxdu. İnsanın əhatəsindəki adamlardan çox şey asılıdı. Gərək elə adamlarla oturub durasan ki, onlardan öyrənə biləsən. Onlar səni formada saxlaya bilsin,sənə mənbə göstərsinlər. Hər kəs ətrafına özünə oxşayanları yığır. Hər kəs ətrafını özü seçir. Yaxşısansa ətrafın da yaxşı olacaq,pissənsə ətrafın da pis olacaq. Bir müşahidəmi deyim. Vətəndaş həmrəyliyi partiyasının gəncləri kitab təqdimatlarında ümumiyyətlə kitabla bağlı təbdbirlərdə aktiv iştirak edirlər,onların ədəbiyyata həvəsi, ədəbiyyata bağlılıqları həmişə mənə maraqlı gəlib. Axırda başa düşdüm ki, bu partiyanın rəhbəri Sabir bəyin ədəbiyyat adamı olması ilə bağlıdı. Bu mənəda insanın ətrafı həm də onun xarakteristikasıdı. Atalar deyir ki, dostunu göstər kim olduğunu deyim. Şükürlər olsun ki, dostlarım  ölkənin bir çox müsbət baxımdan sayılıb-seçilən adamlarıdır. Onlara fəxr edirəm. Haqqımda danışılan söhbətlərə əhəmiyyət verməməyimin bir səbəbi də dostlarımın məni yaxından tanımasıdı. Bir sözlə özüm də yaxşıyam ,ətrafım da yaxşıdı.   
  
- Deyirsən  xalq məni başa düşmür. Bəs sən niyə başa düşmürsən ki, sənin bu çıxışların yazıçı çıxışları deyil. Məsələn, ədəbiyyata dəxli olmayan o qədər adamlar var ki, hər gün sənin dediklərini deyirlər.
- Hə, deyirlər.
 
- Bəs fərq nədir?
- Fərq yanaşmadadır. Yazının kimin qələmindən çıxması çox önəmli məsələdir. Yadıma gəlir, anam da bu sözü tez-tez deyirdi ki, başım çıxmır, sənin yazılarını niyə oxuyurlar. Xeyli vaxtdır bir topa adam  ədəbiyyatda, publisistikada təsadüfi adam olduğumu sübut etməyə çalışırlar. Başa düşmürlər ki, onların qərəzi  ilham mənbəyimdi. Nə qədər qərəz nümayiş etdirsələr bir o qədər yaxşı yazılar yazmağa çalışacam. Onları kədərləndirməkdən xoşum gəlir. 
  
- Sən bu xalq üçün nə etmisən? 
- Bu gün Azərbaycanda Seymur Baycandan daha çox bu xalqa yaxşılıq edən ikinci bir adam var? İsa peyğəmbər dayanır məbədin qarşısında,görür ki, bir qoca qadın nəzir qutusuna qəpik atdı. Tutaq ki, bir qəpik. İsa peyğəmbər deyir-“ sizə doğrusunu deyirəm, o qadın hamıdan çox verdi,çünki başqaları artıq qalanından verdilər, o isə olanını verdi”. Mənim qələmimdən savayı heç nəyim yoxdu. Bir o qələmimi də insanların yolunda istifadə edirəm. Bir qələmlə nə etmək mümkünsə on qat artığın etmişəm. Bundan sonra nə olsa da vecimə deyil. Artıq bir qələmlə nə etmək mümkün idisə on qatın etmişəm. Bu mənada həddsiz dərəcədə rahatam. Öz missiyamı yerinə yetirmişəm.  Əgər başqa imkanlarım ,əlimdə başqa vasitələr olsaydı onları da adamların yaxşı yaşaması rifahı üçün istifadə edərdim. Bu gün biz bəzi neft milyonçularının etdiklərini şişirtmişik. Mirzə Cəlil onları general kokardası almaq üçün xeyriyyəçiliklə məşğul olanlar adladırırdı. Onların xeyriyyəçiliyi içdən gəlmirdi. Çara ve canişinə xoş gəlmək üçün bəzi hərəkətləri etməyə məcbur idilər. Onların eyş-işrətə xərclədikləri pullar xalqa xərclədikləri pulların yanında qəpik-quruş olub. Tutaq ki, Rövnəq Abdullayev Lerikdə bir məktəbə kompüterlər bağışlayıb. Sağ olsun. Həddsiz dərəcədə təşəkkür edirik. Amma biz onu da bilirik ki, bu Rövnəq müəllimin başqa xərclərinin yanında qəpik-quruşdu. Nədi indi biz əlli ildən, yüz ildən sonar deyək ki, Rövneq Abdullayev xeyriyyəçi olub. Necə ki, bu gün Tağıyev haqqda o sözü deyirlər.  
 
- Sən nə etmisən? 
- Azərbaycan publisistika tarixində tək qələmi ilə hələ bu qədər adam dəyişdirən olmayıb. Bunu etmişəm. Düzdü dəyişdiklərimin bir çoxu bu gün məni düşmən kimi görür. Güclü insanlar öz keçmişlərinə ironik yanaşırlar. Zəif insanlar isə öz keçmişlərindən qorxurlar. Keçmiş onlar üçün kabusdur. Onlar göstərmək istəyirlər ki, həmişə belə olublar. Anadan belə doğulublar.  Keçmişlərinin şahidlərinə nifrət edirlər. Bəzən öz mövqeyini dəyişən insanlar başqalarından daha çox canfəşanlıq edirlər. Məsələn Fazil Qəzənfəroğlu Siyavuş Novruzovdan daha çox canfəşanlıq etməlidi,çünki Siyavuş Novruzov əvvəldən YAP yolunda olub, Fazil isə sonradan qoşulub. Deməli o daha çox canfəşanlıq etməlidi,çünki keçmişi onu buna vadar edir. 
 
Mənim yazılarımı deputat mandatıma, vəzifəmə, puluma  görə oxumurlar. Özümə görə oxuyurlar. Bu da çox adama xoş gəlmir. Bir yekə kişi var. Beş evi var, amma beş evindən birində rahat yata bilmir. Paxıllıq imkan vermir. Özünə arxayın olmayan adamlar paxıl olurlar.  Yazı məsələsində özümə  arxayın olduğuma görə rahatam. Başqalarına da yardım etməyə çalışıram. Bildiyimi paylaşıram, mənbələr göstərirəm.  İstəyirəm ki, hər bir savadlı, dəyərli insan özünü ifadə edə bilsin. Yazmağa və oxumağa  həvəsləndirirəm. Kitablar verirəm. Rəqabəti sevirəm. Rəqabət adamı formada saxlayır. Zəiflərin arasında güclü olmaq istər-istəməz adamı zəiflədir. Güclülərin arasında güclü olmaq adamı daha da məsuliyyətli olmağa məcbur edir. Ona görə də ədəbi mühitin ciddiləşməsinin, yazı adamlarının öz işlərinə məsuliyyətlə yanaşmalarının tərəfdarıyam. Davamlı olaraq kitabları, əsərləri təbliğ edirəm. Oxucuları aldatmıram. Çalışıram ki, onlar faydalı əsərlərdən xəbər tutsunlar. Adamlar zövqümə inanırlar. Qışda üç gün yarmarkada kitab satdım. Adamlar yaxınalşıb deyirdilər ki, mənə oxumağa əsər adı deyin. Bu məni çox sevindirirdi. Bu inamı qazanmaq asan olmayıb.  Adamlar var öz vəzifələrindən, pullarından istifadə edib yazıçı olmaq istəyirlər. Özləri haqqında yazılar yazdırırlar.  Lakey-mirzələrinə özlərini təriflədirlər,amma yazıçı ola bilmirlər. Görünür burda ilahi bir ədalət var. Yoxsa bu qədər problemlərin içində mənim kimi pulsuz-parasız yazıçılar öz movcudluqlarını qoruyub saxlaya bilməzdilər. Həqiqət var və mən həqiqəti çox sevirəm. Kim ki, həqiqəti sevmir həmin adamın axırı yoxdu. Onu çox mənasız bir həyat gözləyir. Bu dünyada da ən böyük günahlardan biri mənasız həyat yaşamaqdı.
 
- Niyə sənin haqqında belə fikir formalaşıb ki, xaraktercə qorxaq adamsan?
- Düz deyirlər hesab eləmirəm ki, yazılarımda cəsarətliyəm. Sadəcə, ikiüzlülük etmək istəmirəm. Bu da məni cəsarətli göstərir. Yaltaqlığı Azərbaycanda epidemiyaya çeviriblər. İyirmi ildi yaltaqlıq xəbərçilik, köləlik, satqınlıq, xəyanət mükafatlandırılır. Bu iyirmi ildə neçə-neçə insan məhz ona görə deputat mandatı alıb ki, öz yoluna və dostlarına xəyanət edib. Yalan danışırsan sənə mükafat verirlər. Doğrunu deyirsən səni qorxudurlar. Tutub həbsxanaya basırlar.  Ona görə də bir balaca yaltaqlıq etməyən adamı cəsarətli kimi görunur. Ümumiyyətlə,  bütsevər insan deyiləm. 
 
-Bəlkə, bilə-bilə özün haqda bu cür təəssürat yaratmısan. Çünki adətən, cəsarətli çıxışların arxasında xaraktercə qorxaq və zəif adam dayananda istər-istəməz qəhrəmana çevrilirsən.
- Gözümün qabağında o qədər adam öz mənliyini və şəxsiyyətini itirib ki, artıq onlardan dərs götürmüşəm. Ki, yekə-yekə danışmaq lazım deyil. Vaxtilə  məni antimillilikdə, antitürkçülükdə ittiham edən adam indi gedib azersuna deyir ki, mən kürdəm, mənə iş verin. Halbuki o, mənə vətən xaini demişdi. Haqqımda yazılar yazırdı ki, bu vətən xainidir. Buna deyən yoxdur ki,  bəs niyə indi gedib deyirsən ki, mən kürdəm, mənə iş verin?
 
- Anlamadım, kürd olanda nə olur ki? O da Azərbaycan vətəndaşıdır, insandır və haqqı var. 
- Əlbəttə, tamamilə doğrudur. Sadəcə, vaxtilə məni vətən xainliyində ittiham edən adamlar indi elə oyunlar çıxarırlar ki, onlara baxanda istər-istəməz daha da qorxaq olursan.
 
- Seymur, küçədə də qorxa-qorxa yeriyirsən? 
- Əlbəttə, qorxmaq lazımdır. Biz çox qorxulu insanların əhatəsində yaşayırıq. Doğrudan, belədir. Təsəvvür elə ki, meşədəsən, üstünə ayı gəlir, sən o ayıya necə başa salasan ki, mən yazıçıyam, ifadə azadlığı var, yazıçını əsərinə görə incitmək olmaz.
 
- Bəlkə, səni çıldağa aparaq, qorxuluğunu götürsünlər. 
- Ola bilər. Get-gedə özüm də hiss edirəm ki, mövhumatçı oluram.
 
- Yeri gəlmişkən, yazmaq üçün rayona getmişdin. Nəsə yaza bildin?
- Hə... Uşaqlar üçün xatirələr yazıram.
 
- Təbiətdən, heyvanlardan qorxmursan ki?
- Qorxuram. Bir dəfə az qalmışdı ki, ayı məni yesin.
 
- Bəs ayını başa sala bilmədin ki, yazıçıyam?
- Bilirsən ki, o, şüursuz heyvandır, yəni onu bağışlamaq olar.
 
- Seymur, yaltaq olub-olmamağın ədəbiyyata nə dəxli var? Səncə, yaltaq olub, eyni zamanda yaxşı yazıçı olmaq mümkün deyil?
- Bilirsən, bizi çox vaxt istisnalar aldadır. Bir istisnaya milyonlarla insan aldanır. Nə zamansa bir pis adam olub, amma yaxşı roman yazıb, bu o demək deyil ki, hamı pis olmalıdır.
 
- Ən böyük istisna da Dostoyevskidir.
- Dostoyevski çox pis bir insan olub, o, bizim bügünkü pis adamlardan heç də geri qalmayıb.
 
- Nə mənada?
- Mütləqiyyəti dəstəkləyib.
 
- Seymur Baycan, Dostoyevskini «Cinayət və Cəza»ya, «Karamazov qardaşları»na, «İdiot»a bağışlaya bilməzsən?
- O, bu əclaflıqları edib, söz yox, amma sürgündə də olub, sarsıntılar keçirib, məsələnin bu tərəfi də var. O da var ki, bizim pis adamlar Dostoyevski kimi həm pis olub, həm də gözəl romanlar yaza bilmirlər, axı. Ona görə də bu adamları bağışlaya bilmirəm. Köləlik  ürəyimi bulandırır. Baxırsan ki, nə boyda kişidi, nə boyda başı, nə boyda qulağı var, bir manatdan ötrü elə yaltaqlanır, özünü elə çölə qoyur ki, adamın ürəyi bulanır.
 
- Özün haqqında niyə bu qədər yüksək fikirdəsən?
- Çünki haqqım var.
 
- Haqqın olsa da, olmasa da yüksək insani keyfiyyətlərdən biri odur ki, özün haqqında yüksək fikirdə olmamalısan. Sən bunu bilmirsən?
- Yaxşı eləyib özümü tərifləyirəm. Layiq olduğum sözləri demirlər,  məcbur olub özüm deyirəm. Bir universitetin görmədiyi işi mən təkbaşıma görmüşəm, bu qədər adama ədəbiyyat sevdirmişəm, bu qədər adamın geyimini dəyişmişəm, bu qədər adama kitab oxutdurmuşam. Özü də heç nəsiz! Bircə qələmlə. Az iş görmüşəm? Bütün günü efirlərdə mənasız, başıboş adamları tərifləyirlər.
 
- Əgər sən də bu tərifləri gözləyirsənsə, onda Seymur Baycanın bütün günü efirlərdə təriflənən başıboş adamlardan fərqi nədir?
- Əlbəttə ki, Azərbaycan kimi ölkədə mənim onlardan heç bir fərqim yoxdu. Əksinə, onlar daha üstündülər. Amma bu mənim məğlubiyyətim deyil. Bu insanların məğlubiyyətidir ki, güləş döşəyinin üstünə çıxan ölkənin bütün qələm adamlarından hörmətli tutulur. Don Kixotun təbrincə desəm,  məğlubiyyətim  həqiqətimi əsla sarsıda bilməz. Əgər  axmaq və gülünc vəziyyətə düşürəmsə və buna gülən, sevinən adamlar varsa, lütfən bir şeyi anlasınlar ki, onlar hər şeydən əvvəl öz faciələrinə gülürlər. Çünki sözün həqiqi mənasında  heç kəslə şəxsi davam yoxdur və səmimi qəlbdən insanlarımızın xoşbəxt yaşamasını arzulayıram.
 
- Efirlərə çağırırlar?
- Çağırırlar, amma getmirəm.
 
- Niyə?
- Çünki elə adamlarla çağırırlar ki, o adamlarla efirə çıxmaq istəmirəm. Görürəm ki,  efirə biabir etməyə çağırırlar. Niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam?
 
- Nadir Qafarzadə ilə verilişə cıxıb, öz sözünü deyə bilməzsən?
- Sözümü, onsuz da, yazılarımla deyirəm.
 
- Bəzən sənin də elə çıxışların olur ki, təxminən Nadir Qafarzadə təsiri bağışlayırsan.
- Məsələn…
 
- Məncə, «Azərbaycanda mənə layiq qadın yoxdur» fikrinlə sən də Nadir Qafarzadənin əxlaqını daşıyırsan.  
- Bir dəfə ATV-də Elçin Əlibəylinin verilişinə çıxmışdım. Səhərisi bir qız  zəng vurdu. Özü də tanınmış bir adamdı. Dedi ki, ay Seymur, verilişdə bir aşbaz səni yaman günə qoydu. Dedim, niyə sevinirsən? Bu sənin arzundur. Özü də yaman günə-zada qoymadı. Sadəcə, sən istəyirdin ki, bir aşbaz məni orda yaman günə qoysun. Eyni sözü sənə də deyirəm. Bəlkə, sənin də arzundur ki,  Nadir Qafarzadə kimi görünüm? Arzuda iradə yoxdur. Bir insanı tanımaq istəyirsənsə onun arzularnı öyrən.  
 
- Seymur, niyə hamını özünə düşmən hesab edirsən? Bu cəmiyyətdə düşmən olası nə qədər adam var. Səni Nadir Qafarzadə kimi görmək niyə mənim arzum olmalıdır ki?
- Kiçik bir sirrimi sənlə bölüşüm. Azad olmayan insanın heç bir sözü, tənqidi mənə təsir eləmir. O daşların heç biri mənə dəymir. Başa düşürsən? Bu ölkədə sözü mənə təsir edəcək cəmi 3-4 adam var.
 
- Maraqlıdır, o üç-dörd adam kimlərdi?
- Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli, Rasim Qaraca... Çox sevinirəm ki, belə dostlarım var. Bu adamlar məni yaxşı tanıyırlar və bilirlər ki, Seymur Baycan kimdi. Dostlarım inkişafımda çox müstəsna rol oynayıblar.
 
- Seymur, məncə, özün də istəyirsən ki, səni üç-dörd adam başa düşsün. Niyə özünü süni şəkilə yuxarı qaldırıb, orada özünə quş yuvası boyda balaca bir yer düzəltmisən? Və odlu-alovlu çıxışlar edirsən, bəyanatlar verirsən.
- Düz deyirsən, təhqir olunmuş cəmiyyətdə insanlar belə düşünür. Azərbaycan xalqı təhqir olunub və təhqir olunmuş insanların arasında da yaşamaq, doğurdan da, çox çətindir. Ən pisi də odur ki, adamlar özləri də təhqir olunduqlarını bilirlər. Ona görə də özləri özlərinə insan olduqlarını sübut etmək istəyirlər. Metronun qapısı bir saniyə gec açılan kimi qapıya yumruq təpik vurur amma gedib idarədə iki saat üç saat qapı ağzında dayanır və heç də qapıya yumruq təpik vurmaq ağlından da keçmir. Yaşıl işıq yanan kimi on maşın birdən siqnal verir, amma bir sənəd almaq üçün hansısa idarədə iki-üç saat qapı ağzında boynun büküb dayanır. Gündə rəis, müdür, direktor qarşısında min dəfə əyilən,əzilən adamların mənə qarşı allergiyasını təbii qəbul edirəm. Belə də olmalıdı. Bir dəfə bir yaşlı qələm adamı dedi ki, bəs deyil cığallıq etdin. Dedim ay filankəs müəllim, adam da on il cığallıq edər,niyə başa düşmürsən ki, bu mənim naturamdı.   
 
- Özün azdan-çoxdan kitab oxumuş adamsan. Amma elə bil oxuduğun kitablar sənə əksinə təsir edir. Məncə, vəziyyəti o yerə çatdırmısan ki, əlində tutduğun qələmdən çox nizəyə oxşayur. Belə mübarizə aparmaq olar?
- Hə, düzdü. Həyatın elə anları olur ki, bəzən oxuduqları insanın xoşbəxt olmasına mane olur. Azərbaycan kimi ölkədə kitab oxumaq çox vaxt insanı bədbəxt edir. Çünki faciənin miqyasın başqalarından daha aydın başa düşürsən. Didro deyirdi ki, pulu hər şeyə qadir hesab edən adamlar puldan ötrü hər şeyə qadirdilər. Yəni əgər bir adam deyirsə ki, hamını pulla satın almaq olar, deməli həmin adamın özü puldan ötrü hər şey etməyə hazırdı. Kölələrin düşüncəsinə görə azad insan yoxdu. Hər işdə təmənna güdən adamlar başqalarının fədakarlığına inana bilməzlər. Onlar düşünür ki, əgər bir insan nəsə iş görürsə deməli onun burda mütləq mənfəəti var.
 
- Tutalım, 20, 30, 40, 70 ildən sonra nə Anar, nə Elçin Əfəndiyev, nə də sən olacaqsan. Bu söz-söhbətlər də unudulub gedəcək. Sənin vətəndaş mövqeyin də hamının yadından çıxacaq. Ortada təkcə yaradıcılıq qalacaq. Səncə, onda Seymur Baycanın «Quqark» romanı bu xalqa daha çox lazım olacaq, yoxsa bu gün tənqid elədiyin, yaltaq dediyin adamların əsərləri? Heç bu barədə düşünmüsən?
- Olsun! Həmişə demişəm ki, bizim nə yazdığımızı xalq bilməsə də, o adların çəkdiyin adamlar yaxşı bilirlər. Bu mənə bəsdir. Onlar özləri haqqında lazım olan bütün sözləri eşitdilər və oxudular. Bütləri də dağıldı.
 
- Səncə, dağıldı?
- Əlbəttə, dağıldı. Bir söz var, deyir, necə kef çəkməli əyyam idi. Çox istəyirdilər ki, insanlar həmişə nəşr olunmaqdan ötrü onlara yalvarsın, bunlar da donos yazıb kimisə sürgünə göndərsinlər, həbsə atdırsınlar. Amma dövr dəyişdi.
 
- Kamal Abdulla «Dədə Qorqud»un bütünü dağıdır, sən də Anarın. Niyə bu qədər xırda işlərlə məşğul olmağa həvəs göstərirsən?
- Məcburam. Bəzən istəyirəm ki, başqa yazılar yazım, amma reallıqlar  öz yazılarımı yazmağa imkan vermir. Əksər hallarda özümün bəyəndiyim, üstündə daha çox əziyyət çəkdiyim yazılar diqqətdən kənarda qalır.
 
- Seymur, kor tutduğun buraxmayan kimi sən də yapışmısan Anarın yaxasından, əl çəkmirsən ki, çəkmirsən.
- İyirmi dord ildir oturub orda, hələ bir camaata minnət də qoyur ki, mən burda əziyyət çəkirəm. Sən bu sözü mənə niyə deyirsən? Niyə gedib Anara demirsən ki, dövlətin maliyyələşdirdiyi təşkilatı dədənin mülkiyyəti kimi idarə edirsən?
 
 
- Seymur, səhv eləmirəmsə, yaxınlarda ad günün olacaq.
- Hə… Aprelin 25-də 38 yaşım tamam olur.
 
- Təbrik edirəm.  
- Çox sağ ol.
 
- Səncə, Anar o kreslodan ibarətdi?
- Əlbəttə! Anar özü də çox gözəl bilir ki, divin canı şüşədə olduğu kimi onun da canı o kreslodadır. Sabah o kreslodan dursa, nə onun dədəsi haqqında yazı yazan olacaq, nə də özünə yaltaqlanan. Anar paqonunu çıxarsa, hamı görər ki, o heç kimdir.
 
- Bəs sən öz oğlun üçün hansı mülkiyyəti qoyub gedirsən? Axı, ədəbiyyatın özü də bir mülkiyyətdir.
- Anarın nə yaradıcılığı , ədəbiyyatı var ki? Anar məmurdur, yazıçı deyil. O, dədəsinin qucağında ədəbiyyata gəlmiş bir adamdı. Hakimiyyətə sərf eləyir deyə orda otuzdurublar. Anar həyatda bir dəfə də problem görməyib, ayaqqabı dərdi çəkməyib, bir dəfə vağzalda yatmayıb, bir dəfə kirayə pulu verməyib. Anar nə yaza bilər ki? Bəlkə, öz həyatından nəsə yaza bilər ki, maraqlı olsun.
 
- Bu kövrəldici notlarla məni ağlatmaq istəyirsən?
- Məncə, yersiz zarafatdı.
 
- Səni başa düşürəm. Amma onu da başa düşmək lazımdır ki, yazıçılıq ayaqqabı dərdi çəkmək deyil. Yazıçılıq vağzalda yatmaq da deyil. Azərbaycanda o qədər ayaqqabı dərdi çəkən var, o qədər vağzalda yatan var. Anarın mənsub olduğu dairədə, bəlkə, elə dərdləri var ki, «ayaqqabı dərdi» onun yanında toya gedəsidir.
- Yazıçılıq həm də ayaqqabı dərdi çəkməkdir.
 
Ardı var...
Yuxarı