post-title

Harınlaşma

Bu yaxınlarda You Tube-da bir videoklip izlədim: deməli böyük (bizim şadlıq evləri kimi) bir restorandır, avropalılar oturub bayağı bir musiqiyə qulaq asırlar. Bir xanım həmin bayağı musiqi sədaları altında divanda Mark Tsukerberqlə yanaşı oturub həzin-həzin şərqi oxuyur. Mark isə onun başına dəstə-dəstə pul səpir. Pul qurtardıqca o, arxasında əmrinə müntəzir dayanmış bir adama gözü ilə işarə edir və adam dərhal aralanıb qucaq dolu pulla qayıdır.

 
 
Yalan danışmağa məni videoklip qoymaz – Mark o xanımın başına, ətəyinə yeddi dəqiqənin içərisində bir balaca ölkənin bütün illik büdcəsinə bərabər pul tökdü. 
 
Bu klipə baxarkən yadıma digər bir harınlamış milyarder düşdü – Bill Qeyts. Bir neçə il bundan öncə görmüşdüm: Bill Qeyts nəhəng bir restoranda doğum gününü keçirirdi və məclisi şənləndirmək üçün Cennifer Lopesi çağırmışdı. Qulaq yalançısıyam, deyilənlərə görə Cennifer xanım o məclisə gəlmək üçün Bill Qeytsi nə az, nə çox, düz bir milyon dollar tərlətmişdi. Hələ bu harasıdır – məclis əsnasında Bill bəy cibindən qiyməti ən azı 250 min dollar olan brilyantlarla bəzənmiş qızıl saatı çıxarıb Cennifer xanımın incə biləyinə bağladı. Bax belə...
 
Belə videokliplər az deyil. Ancaq Avropada, Amerikada videoya düşməyən maraqlı hadisələr də baş verir. Məsələn, Nyu York şəhərinin merinin on altı yaşlı oğlu Range-Roverlə bir binanın həyətində iki yaşlı uşağı əzib keçmişdi. Qəzetlər hay-küy qaldırdılar ki, bəs merin oğlu bütün qanuna itaət və riayət edən digər vətəndaşlar kimi qanun qarşısında cavab verməlidir. Ancaq onların vəkili belə bir tezis irəli sürdü ki, uşağın ölümündə uşağın özü günahkardır – nə iti azmışdı onun küçənin ortasında? Ya da valideyinləri günahkardır – niyə uşağa nəzarət etməyiblər ki, o da qaçaraq gedib özünü merin oğlunun range Roverinə vurub. İndi adam gərək bir ətək pul xərcləyib maşının əziyini düzəltdirsin, təzədən onu boyatdırsın. Ancaq heç kim soruşmadı ki, a balam, axı bu 16 yaşlı uşağa maşını kim verib? Bunun axı hələ maşın sürməyə yaşı çatmır! Nə isə, nəzərinizə çatdırım ki, Amerikada adam öldürməyə görə varlı məmurlar, biznesmenlər heç zaman narahat olmurlar. Uzaqbaşı 100-200 min dollar atacaqlar kasıb ailənin ağzına, iki-üç yüz min də prokurorun-hakimin ağzına, məsələ bağlanıb gedəcək. Ağlınız bizə getməsin – bizdə bir uşağın burnuna çırtma vursan adamın tutub gönünü soyarlar. Hələ uşaq nədir, bizdə bir heyvanın üstünə qışqırsan heyvanları müdafiə təşkilatı səni məhkəməyə verib ən azı bir illik maaşın miqdarında pul cəzası kəsər ki, sən yazıq heyvana psixoloji zərbə vurub onu  depressiyaya salmısan.
 
 Deməli belə, bəylər və xanımlar, məsələ belədir ki, Avropada, Amerikada böyük vəzifə sahibi olan məmurlar nəyi var harınlayıblar. İllik maaşı 20 000 dollar olan məmurun on altı yaşlı oğlu 250 min dollarlıq maşın sürür. Və bu hələ onun yeganə maşını deyil – həmin məmurun ölkəyə səpələnmiş çoxsaylı villalarının qarajlarının hər birində ən azı 3-4 belə maşın dayanıb. Ağlınız bizə getməsin. Bizdə məmurların belə özbaşınalığı baş versə onların hamısını tutub bircə-bircə donuzluğa basarlar. Kimin nə həddi var ki, qanunu pozsun, rüşvət alsın, korrupsiyaya qurşanıb vətənini bərbad günə salsın? Hə? Bizdə belə şey mümkündürmü? Baxın görün Avropanı, Amerikanı bunlar nə günə salıblar – monopolistlərin əlindən adicə yumurtanın qiyməti ceyran belinə qalxıb. Bananı xaricdən bir məmur gətirir, mandarini bir başqası. Adi salfetkanın da öz xozeyini var. Bəlkə düz demirəm? Gedin Almaniyaya, Fransaya, baxın. Bizdə bananın qiyməti 50 sentədirsə, onlarda 3 avroyadır. Niyə? Ona görə ki, bir məmur bananı alıb əlinə, bir başqasını yaxına buraxmır. Deyir sən get semiçka sat, bananla işin olmasın. Buna görə də Avropada qiymətlər gündən günə şişir, insanların həyatı hər il daha da pisləşir. İşsizlik baş alıb gedir. Hansı məmur ağlına hansı qiymət gəlsə, onu da bazara soxuşdurur. Onlara gözünün üstündə qaşın var deyən tapmaq mümkün deyil. 
 
İndi gələk səhiyyə məsələsinə. Siz fikir vermisinizmi bizim ölkəyə hər il İrandan, Turandan, Rusiyadan, Avropadan nə qədər adam müalicə almağa gəlir? Nə qədər avropalı gənc səviyyəli, keyfiyyətli tibbi təhsil almaq üçün bizim ölkəmizə axışır. Hər gün İrandan bizim ölkəyə minlərlə adam sərhədi keçib şəfa tapmaq üçün xəstəxanalarımıza pənah gətirir. Niyə? Çünki onların ölkəsində korrupsiya, savadsızlıq, səriştəsizlik, səhlənkarlıq elə bir həddə çatıb ki, onlar öz həkimlərinə güvənmirlər. Bizdə isə bütün xəstəxanalarda səriştəli, peşəkar, savadlı, təcrübəli həkimlər işləyir. Müayinə su qiymətinə, müalicə ondan da ucuz. Bu ölkələrin başbilənləri anlaya bilmirlər ki, səviyyəsiz təhsil, korrupsiya olan yerdə peşəkar həkim, müəllim yetişdirmək qeyri-mümkündür. 
 
Bir məsələyə də toxunmaq istəyirəm, yəni Avropa, Amerika ölkələri ilə bizim islam ölkələri arasında paralellər aparmaq istəyirəm. Siz hələ indiyə kimi eşitmisinizmi ki, hansısa bir Avropa, Amerika ölkəsindən çıxan milyoner, yaxud milyarder bir fond yaradıb aclıq, səfalət içində olan ölkələrə yardım etsin? Nə görməmisiniz, nə də eşitməmisiniz. Onlar öz pullarına anca imarətlər tikdirib içərisinə qızıldan unitaz qoymaqla, ağ qızıldan Mersedez-Benz yığdırıb üstünü brilyantlarla süsləməklə, bayağı-bayağı mahnılar oxutdurub müğənni xanımların başına milyonlar tökməklə, qızıldan Kalaşnikov düzəltdirib toyda göyə atəş açmaqla məşğuldurlar. Bir dənə ixtiraları yox, bir dənə alimləri yox. Başları eyş-işrətə qarışıb, allahlarının onlara göydə vəd etdiyi cənnəti yerdə bərqərar ediblər. Ancaq bizim müsəlman ölkələrinə baxın. Nə gözəl. Hər şəhərdə ən azı on universitet, hər universitetdən Nobel mükafatçısı çıxır. Ərəb şeyxləri mütərəqqi bir ideya ilə çıxış edib dünyəvi bir fond yaratdılar – başında da səhv etmirəmsə Dubay əmiri dururdu. Deməli bütün şeyxlər varidatlarının yarısını bu fonda qoymalıydılar və sonradan həmin pullar Afrikada səfalət içində yaşayan, acından ölən ölkələrin camaatına xərclənəcəkdi, necə ki xərclənir. Zəlzələdən zərər çəkənlərə yardım ediləcəkdi, necə ki edilir. Siz hələ indiyə kimi eşitmisinizmi ki, kafir, ateist Bill Qeyts bir kasıba əl tutsun? Əlbəttə yox. Bəs İranın ali dini lideri? Bildiyimə görə o, özünün 34 milyard dollarlıq varidatının yarısını Dubay şeyxinin yaratdığı fonda keçirib. Və indi onun pulllarına Afrikada xəstəxanalar tikilir, laboratoriyalarda sağalmaz xəstəliklərə qarşı dərmanlar axtarılır. Amerika, Avropa isə dini xurafatın, cəhalətin içində batıb gedir. Fransada qırmızısaqqal ruhanilər 11-12 yaşlı uşaqlarla evlənir. Almaniyada qızları təhsil almağa qoymurlar (bu yaxınlarda bir 14 yaşlı qızın başına fanatik xristianlar avtobusda güllə sıxmışdılar, nədir-nədir bu qız təhsil almaq istəyirdi). İtaliyada qadınları maşın sürməyə qoymurlar, deyirlər ki, maşın sürən qadınlar sonra doğa bilmir. Yaxud İsveçrəni götürək – bu ölkənin baş keşişi fətva verib ki, arvadı öləndən sonra kişi onun hələ soyumamış bədəni ilə altı saat seks yapa bilər. Hələ Norveçə baxın, bu ölkə yüzillərdir dini sektaların müharibələrinin cəngindən çıxa bilmir. Nə isə, bəylər və xanımlar, danışılası dərd deyil.
 
Fərhad Yalquzaq 
 
Kultura.az
 
Yuxarı