post-title

Ramiz və Nemis (hekayə)

- Bəs bunu neçəyə verərsən? - 15 manata

 - Bəs mənə?

 - Elə sənə də 15 manata, onsuz pulu səndən aybaay zorla alıram.

 - Ay Ramiz bir insaf elə, pensiyanın əlimə gəlməsi ilə əlimdən getməsi bir olur.

 - Mənə nə? Mal-mülk üstündə oturmuşam? Nəğd verirsən danışırlar, nisyə verirsən danışırlar, mən xeyriyyəçi zad deyiləm ki, alverçiyəm...

Ramiz kişi deyinə-deyinə piştaxtadan ayrılıb kürsüsündə əyləşdi. Gülpəri arvad isə 15 manatlıq çəhrayı rəngli yun köynəyi əlində sağa-sola çevirərək düşündü, sonra isə yerinə qoyub mağazanın qapısına yaxınlaşdı.

 - Köynəyi yerinə qoydum ay Ramiz.

 - Yaxşı elədin, almırsan, qoy alanlar alsınlar

Ramiz başını heç Gülpəri arvada çevirmədən kürsüsündə əyləşib qazetə gözünü dikmişdi. Artıq bir həftə idi ki, alveri yaxşı getmirdi, əhvalı təlx olmuşdu. O, dərindən nəfəs alaraq, başını yuxarı qaldırıb kürsünün boyunluğuna söykədi. Heç nə ona kömək etmirdi, divarda asılmış olan adlarını da bilmədiyi nurani simalı əli qılınclı, yaşıl əlbisəli şəxslərin şəkillərinə baxdı. Bu şəkillər ardbaard davam edirdi, ardınca isə müxtəlif dini inamlı pirlərin nümayəndələri olan ağaların şəkilləri başlayırdı, başının üstündə isə bir çox mağazalarda rast gəlinən “alınan mallar geri qaytarılmır” yazısı və “nəğd satanın aqibəti-nisyə satanın aqibəti” rəsmi asılmışdı. “Heç nə kömək etmir, heç nə” deyə Ramiz kişi düşündü. Heç qonşusu Əliağanın mağazaya daxil olduğunu belə görmədi.

- Qonşu, hər vaxtın xeyir, gördüm boşsan gəldim bir tas nərd oynayaq.

- Salam qonşu, ehh, nə nərd kefimi açar indi, nə də ki başqa şey...

Əliağa kişi içəri keçib Ramizlə üz-üzə əyləşdi.

- Niyə, nə olub? Şəhərdəki arvad-uşaqdanmı nigaransan? - Yoo, şükür onlar yaxşıdırlar, birtəhər dolanırlar. A kişi görmürsən, alver getmir, bu qədər ayn-uyunu yığmışam bura, gəlib alan yoxdu, alan da ki, nisyə alır, üstəlik aşağı qiymətinə istiyir, yaxşı satdım, o yedi, bu geydi, bu birisi doydu, bəs mən nəylə doyum? Nəylə yaşayım? Mayasın zorla çıxardıram.

- Camahatı qınama Ramiz, kənddə gənc qalmayıb demək olar ki, özün görürsən, imkanı olan dabanına tüpürür, qaçır şəhərə, heç geri də baxmır. Qalanlar da sən mən kimi pensiyanerlərdi, gəlin-oğuldu, hərə bir qarın çörəyini düşünür...

- Ehh, demə-demə, zibilə qalsın bu şəraiti, o vaxt imkan var idi, Sovetlər dağılan vaxtlar idi, ögey əmioğlum Abbas qaçdı Almaniyaya ara qatışıqkən, indi səs-sorağı gəlir, evlənibdi orda, rahat həyatı, yaxşı şəraiti var, mən də gərək qaçardım, əvvəlcə istədim, sonra dedim anam-atam, rəhmətliklər, necə qoyum gedim, gərək gedəydim...

- Aa lap yadımdan çıxmışdı, ay mənim huşsuz başım, Abbasın oğlu gəlib.

- Bıy? Ay səni şad xəbər olasan, atası da mı gəlib?

- Yox ancaq oğlu, deyir kəndimizə almannar pul qoyur, su sistemi çəkillər, onların başında da bu gəlib, dili də bilir axı, on günlüyə çəkib gedəcək.

- Hə lap yaxşı, gərək gedəm gədəni görəm, atasın soruşam hal-əhval tutam...

Ramiz kişinin arzusu yerinə yetməsi üçün özünü çox gözlətmədi. Axşamüstü Abbasın oğlu özü mağazaya gəldi. Ramiz kişi kürsüsündə oturub radiodakı həzin ana muğamını dinləyə-dinləyə özü üçün xumarlanırdı.

- Axşamınız xeyir, cənab.

- Aa.. axşamun xeyir bala, hə sən o gədəsən, Abbasın oğlu.

- Bəli, cənab. Atam el-obasına öz salamlarını çatdırır.

Ramiz kişi gedib oğlanı qucaqlamaq istəyir, amma oğlanın soyuq duruşu onu fikrindən daşındırır. “Nemis ki nemis”, düşür Ramiz kişi.

- Adın nə idi bala? - Rudolf.

- Rudolf? Atan sənə öz adımızdan niyə qoymadı ki? - Anam dedi, belə məsləhətdir ki, gələcəkdə problem olmasın.

- Hə, başa düşürəm. Gəl otur bala, çayımızdan iç, çörəyimizdən kəs.

- Yox, çox sağolun, bilirsiz ki, bura on günlük gəlmişəm, on gün sonra gedib, bir ay sonra yenə gələcəm, ona görə qaldığım evə bəzi əşyalar almaq istəyirəm.

- Buyur, buyur, hər nə istəsən.

- Bu stəkanlar, bu çaydanı, hə, bir də o mavi köynəyi. Yuyanda rəngi çıxmır ki?

- Yox, qəti, nə danışırsan? Əsl Türkiyə mallarıdır, əmin heç sənə zay mal satarmı?

- Qiymətləri yoxdu üzərində?

- Yox, oğlum, bura kənd yeridi, amma nə istiyirsən əmin avtomat kimi qiymətin sənə desin. - Oldu, nə qədər verməliyəm?-

“Nəğd”, deyə Ramiz kişi ürəyində düşündü, “30 deyim? Yox, onsuz o boyda yolu gəlibsə deməliki pulu çoxdu”.

- Oğlum sənin üçün əmi endirim edir, cəmi qırxca manat.

- Yox xahiş edirəm, əsl dəyərin deyin, yoxsa alan deyiləm, bu düzgün olmaz.

- Eh, yaxşı, altmış manat.

- Buyurun.

- Milli pul?

Ramiz kişinin gözü yaşıl-bənövşəyi çalarlı xarici pulları axtarırdı ki oğlanın milli pul ödəməsini görüb təəccübləndi.

- Əlbəttə ki, ölkə daxili ödəniş yalnız milli pul vahidi ilə edilməlidir, yoxsa qaydanı pozanı cərimə gözləyir.

- Hə, maşallah, qayda qanunu yaxşı bilirsən, lap əsl nemis kimi

cümlənin son hissəsini Ramiz kişi çox yavaşdan dedi ki, oğlan eşitməsin. Müştəri sağollaşıb gedəndən sonra Ramizin kefi kökəldi, bir həftə ərzində Rudolf ondan azı 500 manatlıq alver eləmişdi, hamısını da nəğd ödəyirdi.

Bir həftə sonra qonşusu Əliağa yenidən Ramizə baş çəkdi.

- Hə Ramiz, maşallah, görürəm, kefin kökdü.

- Bəs necə, bu gədə hər gün məndən alış veriş edir, qiymətin də alan kimi ödəyir, gəl bir kefim olmasın.

- Ramiz, Gülpəri arvadı çoxdandı görmürəm dükanına gələn.

- Əşi, gəlmir gəlməsin, gəlir, alan kimi almır, qiymətin aşağı salır, üstəlik deyir ki nisyə ver, aybaay uzadır.

- Axı bilirsən, nəvələrinə yazıq arvad təkbaşına baxır, aylıq aldığı pensiya 150 manatdı, o da nəyə çata nəyə çatmaya...

- Mənə nə, mən malımı satıb pulumu yığım bəsimdir. Kiminsə dərdi səri mənə qalmayıb ki.

- Bilmirəm Ramiz, nə deyim...

- Allah avand elesin de, bəsimdir.

- Nə deyirəm, Allah avand eləsin.

Axşamüstünə yaxın Rudolf mağazaya əlində iki yekə qara zənbillə gəldi. Onun üzündə soyuq, narazı ifadə var idi.

- Bunları qaytarmağa gəlmişəm, cənab.

Ramiz kişini soyuq tər bürüdü, həyatında ilk dəfə kimsə onun dükanından alış-veriş edib gətirib qaytarmaq istəyirdi.

- Oğlum, bu yazını mağazada görməmisənmi? Alınan mallar geri qaytarılmır.

- Necə? Siz nə danışırsız cənab? Siz özünüzdən qanun yarada bilməzsiz, mallarınız keyfiyyətsizdi, köynəyinizin ilkin yumada rəngi çıxdı, Türkiyə adı ilə satdığınız qab-qacaq isə istifadə etdikcə öz-özünə çat verir, internet vasitəsilə Türkiyə şirkəti ilə əlaqə saxlayıb araşdırdım, onlar ümumiyyətlə bu malın onlara aid olmadığını dedilər, bir sözlə “geydirmə mal”dır. İstədim birinci bu maddə ilə sizdən şikayət edim, atam qoymadı, bilirsiz qanun hər şeydən öndədir, odur ki, malları qəbzi ilə birgə gətirmişəm, geri götürün və pulumu qaytarın.

- Oğlum, axı...

- Mən Azad İstehlakçılar Birliyinə əsaslanıb sizə deyirəm, 14 gün ərzində malları qəbzi ilə birgə qaytara bilərəm.

Ramiz kişi malların ödənişini kassadan çıxarıb əlləri əsə-əsə Rudolfa qaytardı. Rudolf xudahafiz deyərək dükandan çıxdı. Ramiz kişi öz kürsüsündə əyləşib başını yuxarı qaldırdı, yenidən divardakı şəkilləri bir-bir süzdü. “Eh, gərək Gülpəri arvadı elə incik yola salmayaydım”.

Rəfiqə Həmzəyeva
Kultura.az
 
Yuxarı