post-title

Qətl günü (hekayə)

Yaddaş. Rahatlığın əbədi düşməni. Su kimi axıb bütün dəlmə-deşiklərə dolur. Nəyimə gərək idi ilin-günün bu vaxtında iyirmi il öncə olmuş bir hadisəni xatırlamaq? Durduğun yerdə oyuna düşmək buna deyirlər. Bir qadının ölümündə günahkar olmaq bəyəm asan işdir ki, xatirəsini də qoruyub saxlayasan? Amma neynək, bir halda ki, yerindən tərpəndi, gərək təhvil verəsən getsin. Yoxsa əl çəkməz.

 
97-ci ilin avqustu. Qora bişən ay. İsti. Davamlı səssizlik. Darıxmaq hər kəsi üzüb əldən salıb. Həyəcanlı, qıy-qışqırıqlı günlər geridə qalıb. İndi fərqli günlər yalnız bayramdan bayramadır. Sonuncu şəhidin gəlməsindən də artıq neçə il keçib. Atam da daha gecələr bizi tərk edib şəhid qarşılamağa getmir. Xeyli müddətdir ağ Nivanın faraları qaranlıqda məzar qazanlara işıq tutmur. Yeknəsəq bir həyat başlayıb hamı üçün. Hər tərəf ya bombozdur, ya qaranlıq. Gündüzləri gün işığı bir az köməyə gəlir, amma gecələri işığa qovuşmaq üçün hərə öz fantaziyasını işə salmalıdır. 
 
Məcbur olub özümüzdən əyləncələr uydururuq, mübahisələr edirik, bəhsə giririk: işıq sönəndə “partıltı” gəlmişdimi, yoxsa yox. Gəlməmişdisə, deməli, şəhərin hər yerində işıq sönmüşdü və deməli, tez yanacaqdı. Gəlmişdisə, deməli, məhəllənin transformatoru partlayıb və deməli, ən azı bir həftə işığa həsrət. Saatlarla müzakirə gedərdi. Ya da, xəbərlərin xüsusi buraxılışı gecə on ikidən sonra da davam edəcək, yoxsa yox. Televizorda ayaq üstə dayanıb saatlarla danışan o yaşlı kişinin ağzından çıxan hər kəlmə bizi sevimli Braziliya seriyalımızdan nə qədər uzaqlaşdırırdı. Hərdən əlimiz hər şeydən üzüləndə, o qoca kişiyə baxmaqdan başqa yolumuz qalmırdı. Əlinin hər hərəkətini, üzünün hər cizgisini əzbərləmişdik... O hərəkətlərin, o cizgilərin taleyimizi qurbangaha sarı apardığından xəbərsizdik hələ. 
 
Belə günlərin birində baş verdi hadisə və hekayəm də burdan başlayır. Yox, tələsdim, hələ başlamır. Gərək bir gün əvvələ qayıdım. 
 
Bir gün öncə günə fərqli başlamışdıq. Evdə bir canlanma, bir həyəcan vardı ki...hərə bir işlə məşğuldu; biri həyəti təmizləyir, biri evi süpürür, biri o yana qaçır, biri bu yana tələsir. Və bizimlə birgə canlanan başqa biriləri də vardı: şüşə rəflərin üzərində lal-dinməz oturmuş stəkanlar, fincanlar, boşqablar. Hərdən gəlib cüt-cüt götürürdülər. Deyəsən, bu gün onlar da insan içinə çıxacaqdı. Bu gün onlar da nəyəsə yaradıqlarının fərqində olacaqdılar. Sevincdən bir-birilərinə çiyin vurub zarafatlaşır, şən cingiltiləri aləmə yayılırdı. 
 
Həyəcanlı ev əhli o qədər şad idi ki, həmişə cavabsız qoyduqları suallarımıza indi cavab verirdilər. Hətta bir az da irəli gedib, nə baş verdiyini anlatdılar: qonaqlar gələcəkdi. Həm də uzaqdan. Gələcəkdilər, gecəni qalacaqdılar və sabah gedəcəkdilər. 
 
Bizə isə nəticə o qədər də maraqlı deyildi. Əsas prosesin özü, canlanma və həyəcan idi. Öldürücü səssizliyimiz pozulmuşdu. Bundan gözəl nə ola bilərdi! 
Vədə yetişdi. Qonaqlar gəldi. Mən onları həyətin tən ortasında, qoca bir qadının əlindən tutmuş halda qarşıladım. O yumşaq əl...o qoca qadın...qoca olsa da, qırışları hələ ki, dayaz olan surət...bir-birinə yapışmış dodaqlar...
 
Qonaqlar gəldilər. Bir qadın, bir kişi və bir də...və bir də o. Hər şeyin səbəbkarı...uzaqdan gələn qonaqların qızı. O da uşaqdır bizim kimi. Amma xeyli böyükdür bizdən. O qədər böyük ki, ona çayı ayrıca fincanda verirlər. Söhbət edəndə üzlərini ona da çevirirlər hərdən. O da rahatca söhbətə qarışır. Amma bir yandan da bizimlə oynayır. Hərdən əlimdən tutur. Hərdən yanağımı oxşayır. Yenə də yumşaq əl. Üzünə baxıram. Gülərüz. Bəyaz. Azca buxaqlı. Sanki bayaq əlindən tutduğum qoca qadının cavanlığıdır, gəlib durub önümdə. Bəlkə də, məni keçmişi və gələcəyi ilə sınağa çəkən tək bir qadındır ikisi də. 
 
Nə xoş gün idi. Söhbətlər, qəhqəhələr, yanaqdartmalar, “aybacı”lar, “ayqardaş”lar, “həvallah”lar, “əşibizimnəişimizəqalıb”lar.
 
Gün tez bitdi. Günorta ilə axşam qoşa gəldi. Yatmaq vaxtıdır. Hələ ki, bizim üçün. Bir azdan onlar da gedəcək yatmağa. Amma pəncərədən xeyli vaxt səslərini eşidirəm. Özəlliklə də, onun səsini...civilti gülüşlərini... “r”dan məhrum sözlərini. Mənsə yata bilmirəm. Bir dərd də var; tezliklə səhər açılacaq və onlar gedəcəklər. Bəlkə də elə mən oyanana qədər gedəcəklər. Bəlkə də daha heç vaxt onu görməyəcəyəm. İlahi, elə et, onlar sabah getməsinlər, heç olmasa, üç gün, ya da iki, lap bircə gün də olsa, yenə qalsınlar. Dualar...dualar. Ağ mələfənin altında dualar edirəm, allaha yalvarıram. Necə olursa, olsun, onu sabah yenə görmək istəyirəm. Həm də darıxmaq vardı onların gedişindən sonra. Dəlicəsinə qorxduğumuz darıxmaq...
 
Yuxuya gedirəm.
 
Səhər bayırdakı səs-küyə ayıldım. Qarışıqlıq idi. Pəncərədən bayırda çoxlu səslər gəlirdi. Tanış və yad səslər. Və o qızın cingiltili səsi. Sanki burnu tutulmuşdu, nəfəs almadan danışırdı. Sevindim. Demək ki, hələ getməyiblər. Amma nə olsun, bir azdan gedəcəklər onsuz da. Özüm öz qulağımla eşitmişdim: gələcəklər, gecəni qalacaqlar, sabah gedəcəklər. Olsun, bu da qənimətdir.
 
Yox, nəsə başqa şey baş verib. Bayırda kimsə ağlayır. Sonra başqası da ona qoşulur. Qapını aralayıb otaqdan bayıra çıxıram. Hər kəs burdadır. Atam da ağlayır. Nə baş verir axı? Bu insanlar niyə yığılıb, niyə ağlayırlar?
 
Bir azdan aydın oldu: dünən əlimdən tutan qoca qadın ölmüşdü. Nənəm ölmüşdü. Elə həmin gecə, səhərə yaxın. Arvadların girib-çıxdığı otağa boylanıram. Məni tez uzaqlaşdırırlar. 
 
Və qəfil qulağım arxamdakı bir söhbətə ilişir: “Day hara gedirik, üçü, yeddini yola verək, sonra gedərik. Bir də gedib qayıtmayaq.” Dönüb baxıram. Bəli, onlardır, dünənki qonaqlar. Onlar hələ ən azı yeddi gün bizdə qalacaqdılar.
 
Artıq o yaşda idim ki, kədərlənə bilirdim. Ölümün nə olduğunu anlamasam da, daha nənəmi bir daha görməyəcəyimin fərqində idim. Amma həm də hələ elə bir yaşda idim ki, kənardan gələn kiçik bir sevinc yeli ölüm itkisini unutdura bilirdi. Mən də sevindim. Arxamdakı söhbət məni sevindirmişdi. Amma dərhal da dünən gecəki dualarımı, allaha yalvarışlarımı xatırlayıram. Və dəhşətə düşürəm. Allah dualarımı eşitmişdi. Vay, vay. O qoca qadını, atamın sevimli anasını, öz nənəmi mən öldürmüşdüm. Sap-sağlam idi. Dayandığı yerdə niyə ölsün ki? Əlbəttə, mən öldürmüşdüm. Mən dua etməsəydim, o ölməyəcəkdi. Tanrının kefi kök vaxtına düşmüşdü. Fərqinə varmadan duamı qəbul etmişdi. Yox, bir ömür əl çəkməz bu günah məndən. 
 
Kimə deyəcəm indi bunu? Atama söyləsəm, bağışlamaz. Anama desəm, qulaq asmaz. Bir də ki, artıq nə xeyri var? Əlimdən bir şey gəlməzdi daha, gec idi, ölmüşdü. Günaha batmışdım. Hamıya qoşulub ağlamaqdan başqa bir yolum qalmamışdı...
 
Rəşad Səfər
Kultura.az
Yuxarı