post-title

Səfil ədəbiyyatımız

Bəzən ölkənin ədəbi missiyalarını üzərinə götürmüş elə bir yerdə elə yazı görürsən ki,içindən bir səs deyir: ”İlahi,mənim ilk qələm təcrübəm belə bundan daha yaxşı idi”. Sonra içindən ikinci səs də deyir: “Qınama,bəlkə,elə onun da ilk qələm təcrübəsidi? Arası kəsilmədən başqa bir sual gəlir: Bəs bu yazının bu saytda nə işi var? Amma bu suallar elə içində deyilir, içində də eşidilir. Bunu üzə çıxarmaq nə sənin cəsarətin daxilində deyil, nə də açığı, heç imkanın daxilində də deyil. Hər halda,"imkanın" olsaydı o yazının yerində səninki olardı. Onda heç bu suallar da yaranmazdı...

 

 

Mən indi az-çox saytların “mərhəmətinə” layiq görülmüş biri kimi çiynimdə bir yük hiss edirəm. İmkanını ortaya qoymağa cəsarəti, cəsarətini gücləndirəcək "imkanı" olmayanların suallarını çatdırıb,öz təbirimcə onlara cavab almağa çalışacam bu kiçik yazımda.

Təkrar etməyə ehtiyac qalmayacaq qədər şablonlaşmış,bəlkə də buna görə adiləşmiş bir cümlə var: Xalqımız istedadlı xalqdı. Bunu təkcə keçmişə boylanıb Şərqdə ilklərə imza atmış bir xalq olduğumuz üçün yox, bu gün də çox istedadlı bir gənc nəslin içində böyüdüyüm üçün deyirəm. Yəqin ki, cümləmin sonunu bu gün öz sözünü demiş, kitablar yazmış, ən çox oxunan qəzetlərdən, jurnallardan, saytlardan düşməyən yazıçıların adları ilə bitirəcəyimi gözləyirdiz. Lakin yazının başlığından da anlamış olmalısız ki, bu yazı ədəbiyyatın aristokratiyasından kənarda çantasındakı bir dəftərdən başqa yazılacaq yeri,dost-tanışından başqa oxucusu olmayan,əslində isə dillərinizdən düşməyən çox yazıçı qədər yazıçı,çox şair qədər şair olan insanlar haqqındadı.

Onu da aydınlaşdırmağı borc bilirəm ki,bu yazı qətiyyən yazıçılarımızı qələmini yeni-yeni itiləyən gənclərlə müqayisə etmək məqsədi daşımır. Lakin bir həqiqət də var ki,bu gün 30-35 yaşlarında olan yazıçılar yazılarını bəyənməyib,dırnaqarası yanaşdıqları gənclərin yaşında olanda o qədərini yaza bilərdilər mi?! Əgər vicdanları varsa-inanıram ki,var-onlar əllərini vicdanlarına qoyub etiraf edərlər ki, yox. Xalqımız ona görə istedadlı xalqdır ki, bu gün onun 19 -20 yaşlı gənci də içində 30 yaşlı şairinin ruhunu böyüdür. Ona görə istedadlı xalqıq ki,həmin o otuzyaşlılar növbəti kitabını tamamlasın deyə ayaqüstü,yolaverdi hekayələr yazanda,onun hələ təzə cücərmiş yazıçısı çantasında yazarlıq ovqatıyla yazılmış hekayələr daşıyır. Lakin biz o hekayələrin, o şeirlərin çantalarda çürüyüb getməsi nə qədər ədalətsizdirsə, elə o qədər də bədbəxtik. İndi istedadımız varsa,bədbəxtliyi boşvermək istəyiniz nə qədər haqlıdı? o sualı sizin öhdənizə buraxıram. Mənə qalanda isə mən boşvermək istəmirəm.Elə bu yazını da yazmaq məqsədim budur,içimdə rahatlıq tapmayan suallar. Necə deyərlər,susmuş qələm susmuş vicdandır.Nə qədər ki,vicdanımın dilini kəsməyiblər danışmaq istəyirəm.

Düzdü,bu məsələlərlə bağlı saytların susduğunu demək olmaz. Bəzi saytlar "sifarişlə yazılar" məsələsini önə çıxarıb kimlərinsə bazarını öldürməyə çalışırlar-inanmıram ki, bu yazıların məqsədi həmin o sifarişlə çap olunanların yerində olmağa layiq olanları müdafiə olsun-bəzi saytlarsa, onlara yazılarını göndərən gənclərə bunu etmək üçün cəsarət toplamağın necə çətinliyini, həyəcanını anlamadan tənqidi məqalələr yazır, utandırıcı mövqe tuturlar. Onları da qınamayaq, yəqin ki bu mövqeyə gələnə qədər özünün də bu yolu keçdiyini, ilk çap həyəcanını, ilk cəsarətini,ilk utancaqlıqlarını unudublar.

Yaxşı,unutmuş olsunlar, lap biraz da üzlülüklərinə salıb soruşsunlar ki, ay bala,indi nə demək istəyirsən,zəif texnikayla yazılmış hər yazını çap edək? Yox,inanmaq istəmirəm ki, bunu soruşarsız. Ən azından bu yolu keçmiş yazarlar kimi bilməlisiz ki,heç kim birdən-birə Molla Pənah olmur. Yazıçı olmaq üçün ilk növbədə yazar ruhu olmalıdı insanın. Bu yoxdursa, nə qədər çalışsan da,bir şey ola bilməzsən, o insanlar isə bu yazının obyekti deyillər, lakin yazar ruhlu gənclərin sizlər kimi yazması üçün özünüzün də anladığınız kimi təcrübə lazımdı.Təcrübə isə çox yazmaqla,çox mütaliə etməklə yaranır. Bəs bu yazıq gənci ilk cəhdində sındırandan sonra o,növbəti yazını hansı əhvalla yazacaq düşünmüsüz?

Biraz daha cəsarətli çıxaraq demək istəyirəm ki, bəli,siz o gəncləri məhv etməli yox,yol göstərməlisiz. Bəzən həvəs yaratmaq üçün lap zəif yazılmış yazı belə olsa, o filankəsin xətri üçün,pesmankəslə bir tikə çörək kəsmisiz deyə çap etdiyiniz yazılardan birinin yerinə çap etməlisiz. Ən azından,öz nəslinizin ziyalısı kimi bunu onlara borclusuz!

Jalə Səhrəd

Kultura.az

 

Yuxarı