Məktəbli Elina Hacıyevanın intiharı yalnız təhsil və səhiyyənin vəziyyətinə deyil, həm də cəmiyyətin daha fundamental probleminə - insana verilən qiymətə, insanla rəftara işıq saldı. Məlum oldu ki, cəmiyyətimizdə insana yalnız insan olduğuna görə dəyər vermək vərdişləri hələ də yaranmayıb.
Elinanın direktoruna aid edilən, jurnalistlərə ünvanlanan səsyazısında “yazın ki, pozğun ailənin uşağıdır, uğursuz ailənin uşağıdır” tapşırığı verilir. Yəni məsələ uşağın intiharında deyil, hansı uşağın intiharındadır. Bu fikirlərin başqalarıyla rahat-rahat bölüşülməsi, əgər məsələyə bu müstəvidə baxılarsa cəmiyyətin ona bəraət verəcəyinə arxayınlıqdan xəbər verirdi. Mesaj verənin gözləntisi odur ki, xəbərlərdə “məktəbli intihar edib” başlığından narahat olan vətəndaş bunun arxasınca “ailəsi pozğun və uğursuz imiş” xəbərini görsə rahatlayacaq, uşaq ölümünü mühüm hesab etməyəcək. Məlum oldu ki, bu haqsız arxayınçılıq da deyilmiş. Hətta ən son texnologiya sayılan sosial medialardan aktiv istifadə edən, azdan-çoxdan yazıb-oxumağı bacaran bir xeyli vətəndaşımız da məsələyə bu cür baxdıqlarını gizlədə bilmədi.
Tarixən insanların bir-birinə münasibəti zaman və məkanına görə müxtəlif meyarlar üzərində qurulub. Lap qədim və ilkin meyar fiziki gücdür. Banal fiziki güc. Çox qədim qəbilələr və hətta ilkin dövlətlər zamanı başçılar həm də fiziki baxımdan hamıdan güclülər olmalıydı. Demək olar ki, hamının kürəyini bir-bir yerə vurmalı idin ki, sənin sözünə qulaq assınlar. Vəhşi təbiətlə bağlı sənədli film həvəskarları yaxşı bilir ki, bu münasibət heyvanlar aləmində ən əsas qayda sayılır. İnsan özü də elmdə heyvan növü hesab olunduğundan öz təkamülü boyu bir-biriylə münasibətləri uzun müddət heyvanlardan bir o qədər fərqlənməyib.
Bir çox psixoanalitiklər və araşdırmaçılar ayrıca götürülmüş insanın uşaqlığı ilə ümumilikdə insanlığın uşaqlığı - ibtidai dövr arasında paralellər aparır, uşaqlıqdakı bəzi hərəkət və düşüncələrimizin o uzaq ibtidai çağlardan qalma olduğunu hesab edirlər. Bəlkə də uşaqlar və yeniyetmələr arasında fiziki gücə rəğbətin də kökü o qədim çağlara dirənir.
Bəzi cəmiyyətlərdə indi də müşahidə olunan müəyyən ictimai münasibətləri bu ibtidai vərdişin qalıqları hesab eləmək olar. Almaniyada mühacirətdə olan bir dostum danışırdı ki, təzəcə gəldiyi, düşərgədə qaldığı zaman orada bəzi Şimali Qafqaz xalqlarından da mühacir gənclər varmış. Bir qayda olaraq idman formasında gəzən bu gənclər ilk tanışlıqları zaman mütləq şəkildə bir-birinin gücünə diqqət edir, münasibətlərini bu meyarla müəyyənləşdirirmiş.
Sosial münasibətlərin növbəti mərhələsi yəqin ki, başqa bir - nisbətən yumşaq güc göstəricisi - maddi sərvətə və(/ya) müəyyən sosial statusa malik olmaqla bağlıdır. Bu münasibətin tarixi, fiziki gücə olunan hörmət qədər olmasa da, yenə də kifayət qədər qədimdir. Əslində elə indinin özündə də dünyada çox yayılmış təcrübədir; əsasən üçüncü dünya ölkələrində (içi biz daxil) insanlar öz aralarındakı münasibəti məhz bu meyarlara görə qurur.
İnsana ya var-dövlətinə, ya da sosial statusuna (bizdə sosial status nisbətən arxaik bir detalı - kiminsə qohumu olmağı da özündə ehtiva edir) qiymət verməyimizlə bağlı həyatımızda da, ədəbiyyatımızda da, kinematoqrafımızda da bir xeyli nümunələr var və yəqin ki, bununla bağlı çoxlu misallar çəkməyə ehtiyac yoxdur. Elə bircə məşhur “insanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar” misalında geyimə (yəni maddiyyata, həmçinin sosial statusa) görə qarşılamağın razılaşdırılmış gerçək kimi təqdim olunması çox dərin mətləblərdən xəbər verir.
Müasir dünyanın gəldiyi qənaət isə insana yalnız insan olduğuna görə qiymət verilməsini əxlaqın başlıca şərti sayır. Görünən də odur ki, insanı maddi durumuna və sosial statusuna görə deyil, sırf insan olduğuna görə dəyərləndirən cəmiyyətlərdə həyat daha firavan, daha sağlam və daha təhlükəsizdir.
Əgər insana insan olduğuna görə dəyər verilməsini müasir əxlaqın əsas şərti hesab eləsək, bir cəmiyyətin əksəriyyətinin bu əxlaq prinsipi ilə razılaşmamasını total əxaqlsızlıq adlandıra bilərik.
Biz cəngəlliklərdə yaşayan geridəqalmış ekzotik qəbilə olsaydıq burda bir qəbahət olmazdı; başa düşülərdi ki, təhsilsizik, məktəbimiz yoxdur, bəşəri ideyalardan xəbərsizik. Çünki yuxarıda qeyd etdiyim kimi, insan zatən özü-özlüyündə heyvanların bir növüdür; o, əxlaqi dəyərləri sonradan, tərbiyə və təhsil vasitəsilə əldə edir. Amma deyəsən bizdə universitetlər, ucqar kəndlərdə belə məktəblər mövcuddur axı. Bəs onlar niyə bizə bu dəyərləri aşılamır? Belə çıxır ki, çoxlu məktəblərə, universitetlərə sahib olsaq da, onların əslində nə işə yaradığından xəbərsizik. Kimlərsə nə vaxtsa bu binaları tikib, biz də həyatın nizam qaydalarından biri kimi ora girib-çıxır, birimiz şagird, o birimiz guya müəllim olur, amma bunun nə işə yaradığını başa düşmürük. Burdan həm də o nəticəyə gəlmək olar ki, bu qədər tikili - universitet və məktəb binaları bihudə istifadə olunur, verilən maaş (hər nə qədər olmasının məsələyə dəxli yoxdur, heç kimi zorla işləmirlər) və təqaüdlər də səmərəsiz yerə xərclənir. Aydın olur ki, konkret bu halda total əxlaqsızlığın başlıca səbəbi total savadsızlıqdır.
Yadıma Seymur Baycanın bir neçə il əvvəl yazdığı “Mənalı və mənasız söhbətlər” yazısı düşdü. Orada müəllif universitetdə tarix müəllimi işləyən bir vətəndaşımızın ona Hitlerə rəğbətindən danışmasından bəhs edir. Halbuki, kim olmasa da məhz tarix müəllimi hamıdan yaxşı bilməliydi ki, Hitlerin əməlləri on milyonlarla günahsız insana hansı əzabları çəkdirib. Ali məktəbdə dərs deməyə layiq görülmüş şəxsin dərk qabiliyyəti bunu anlamaq üçün bəs etmirsə onun tələbələrinin, məktəb müəllimlərinin dünyagörüşünün hansı səviyyədə olduğundan danışmağa dəyərmi?
Elə mən özüm dəfələrlə müxtəlif məclislərdə, hətta müxtəlif ölkələrdən insanların toplaşdığı yığıncaqlarda bizimkilərin ekstremist sayıla biləcək fikirlər söyləməsinin, ya da tarixdə cinayətkar kimi tanınan hansısa şəxs və ya təşkilatlara simpatiyalarını bildirməsinin şahidi olmuşam. Bu özü də sübut edir ki, bizi cəngəllikdəki qəbilələrlə bir tutmaq düzgün olmaz; onlar tarixi şəxsləri və hadisələri müzakirə etməyə meylli olmurlar, çünki xəbərləri yoxdur. Bizsə haradansa xəbər tutmuş, maraqlanmışıq, hətta hansımızsa alim, hansımızsa sənətçi ünvanına sahibik; amma dünyagörüşümüz yanlış yönləndirilib, bizə dünyanı doğru-düzgün başa salmayıblar, nəyin səhv, nəyin düz olması ilə bağlı düşüncələrimiz tam formalaşdırılmayıb. Demək hal-hazırda istifadə etdiyimiz təhsil sistemi nəinki yaxşı işləmir, hətta əksinə cəmiyyətə zərər verməklə, cəmiyyəti zəhərləməklə məşğuldur.
Əgər cəmiyyətimizdə insani münasibətləri, əxlaq normalarını növbəti - insansevər mərhələyə qaldırmaq istəyiriksə mövcud təhsil sistemimizdə fundamental dəyişikliklər barədə düşünməliyik. Bəlkə o zaman insanı yalnız insan olduğuna görə dəyərləndirmək vərdişlərimiz yaranar və günahsız uşaqlara valideynlərinə görə qiymət vermək kimi naqis fikirlər ağlımıza gəlməz.
Firudin Allahverdi
Azlogos.eu