post-title

Gürcüstanda məktəblərin vəziyyəti

Bir kənd düşünün… 512 nəfər şagirdi olan məktəbin və 80-ə yaxın az yaşlı uşağın təlim və təhsil aldığı uşaq baxçasının acınacaqlı halda olduğu bir kənd… Əvəzində isə biri tam təmin olunmuş, digəri isə tikilməkdə olan iki məscidi və biri-birindən yaraşıqlı yaşayış evləri olan bir kənd.

 
Bu kənddə rast gəldiyim bir evi isə mənə elə gəlir yalnız baxdığım filmlərdə görmüşəm. Ev deyil, qəsrdir! Məlumat verdilər ki, bu cür evdən kəntdə bir neçə dənədir. Sözü gedən kənd Muğanlı (Saqareco) kəndidir.
 
Deməli, bu günə kimi Gürcüstan dövlətində nə din haqqında qanun, nə də ki ölkədəki prioritet dindən başqa digər dinlərə aid ibadətgahların tikintisi üçün ayrılmış büdcə olub. Bu barədə yalnız bir-neçə ay bundan əvvəl qərar verilib ki, Gürcüstandakı əsas ənənəvi dinlərə büdcə ayrılsın.
 
Dövlət tərəfindən heç bir dəstəyin olmamasına baxmayaraq getdiyim kəndlərin əksəriyyətində ya bir, ya da ki, iki məscidə rast gəldim. Məscidi olmayan kəndlərin əhalisi isə məscidin inşaası üçün pulun hazır olduğunu söylədilər və bildirdilər ki, yeganə problem məscidin tikləcəyi torpaq sahəsi iə bağlıdır. Yəni müvafiq icazə əldə olunduqdan sonra həmin kəndlərdədə əhali tərəfindən toplanan vəsaitlə ən qısa zamanda məscidlər tikiləcək.
 
Sözüm onda deyil, sözüm ondadır ki, əhalimiz məscidə verdiyi önəm qədər məktəbinə önəm verə bilmir. Sanki məktəb ona aid deyil. Nə vaxt dövlətin yadına düşəcək onda da gəlib təmir edəcək. Ona qədər isə uşaqlar şəraitsiz binada da təhsil ala bilərlər. Təbiki, buna təhsil deyilərsə.
 
Ancaq nəyin bahasına olursa-olsun mütləq kənddə məscid olmalıdır. Kənd əhalsi bunun üçün hər yola baş vurur. Ya İrandan, ya Türkiyədən məscid üçün sponsor axtarıb tapırlar, ya da ki, öz aralarında beşdən-üçdən yığıb torpaq sahəsi alır vəmütlək oradan bir məscid tikirlər. Bu gərək ki, əhali arasında dini inancın nə qədər güclü olduğuna bir işarət olsun. Təbi ki, burada pis heç nə yoxdur. Əksinə hər bir kənddə dini ibadətlərin yerinə yetirilməsi üçün bir məkanın, məscidin olması vacibdir. Ancaq bəs məktəb? Buna ehtiyac yoxdur? Doğurdanmı eyni canpəşanlığı əhali bərbad durumda olan təlim-tərbiyə mərkəzinin vəziyyətini yaxşılaşdırmaq üçün edə bilməz? Mən bir valideyinin məktəbə ianə verdiyini görməmişəm. Məktəb dövlətə aiddir, bayaq qeyd etdiyim kimi nə vaxt imkanı olsa gələr düzəldər. Daha bunun üçün əlimizi niyə cibimizə ataq ki. Axı kənddə özümüzə saray ucaltmamız daha vacibdir. Birdən mənim evim qonşununkundan bir daş əksik olar, o dünyaya gözü açıq gedərəm. 
 
Bildiyiniz kimi Qarayazı bölgəsində aşağı-yuxarı 16 azərbaycan kəndi var. Yəni ki, bu kəndlərin əhalisini bütövlüklə (Vaxtanqisi və Muğanlı kəndləri xaric) milliyyətcə azərbaycanlılar təşkil edirlər. Soğanlıq kəndini çıxmaqla bu kəndlərin hər birini gəzərək əhalinin problemini yerindəcə öyrənməyə qərar verdik. Əslində toplumun içərisindən çıxmış olduğumuz üçün problemləri az-çox bilirdik, amma bu problemlərlə bir daha qarşılaşmaq məni ayıltdı. İndi həmin problemləri sizin də diqqətinizə çatdıracam ki, bir yerdə ayılaq. 
 
Bu kəndlərdə hər cür şəraitlə təmin edilmiş müasir standartlara cavab verən məktəblərə də rast gəldik, istifadəyətam yararsızlarına da. Məktəblər fərqli maddi bazaya sahib olsa da qarşılaşdığımız problemlər eyni idi. Kadr çatışmamazlığı, dərslik problemi və qızların təhsildən uzaqlaşdırılması məsələsi. 
 
Bildiyiniz kimi, Gürcüstanda məktəbin büdcəsi şagird başına ayrılmış vauçerlərlə müəyyən olunur. Yəni məktəbin şagirdi nə qədər çox olarsa, büdcə də bir o qədər böyük olar. Şagirdlərinin sayı çox, davamiyyəti yaxşı olan məktəblərimzdə durum maddi cəhətdən normaldır. Onların bəziləri məktəbin öz büdcəsi hesabına, bəziləri Təhsil Nazirliyinin hesabına, bəziləri isə müxtəlif fond və sponsorların hesabına təmir olunublar. Daha dəqiq desək Nəzərli, Kosalı, Qardabani, Qaratəhlə, Təzəkənd və Qaracalar kəndlərinin məktəbləri bəzi cuzi problemləri çıxmaqla təhsilə tam yararlı vəziyyətdədir. Lakin, Vaxtanqisi, Candar, Ağtəhlə, Birlik və Muğanlı (Saqareco) kəndlərindəki məktəblərin durumu həqiqətən ürək ağrıdır. Bu dövrdə bu cür məktəblərdə təhsil alan şagirdlərdən sabahın savadlı kadrının yetişəcəyini gözləmək ağılsızlıq olardı. 
 
Məktəblərin əksəriyyətində əsasən yaşlı kadrlar fəaliyyət göstərir. Misal üçün Ağtəhlə kəndində 31 müəllimdən 20-i 60 yaşı keçmiş təqaüdçülərdir. Təqaüdçü bir insan texnalogiyanın tüğyan etdiyi bir dövrdə böyümüş müasir düşüncəli şagirdə hansı təhsili verə bilər – deyə soruşanda isə “bəs nə edək cavan kadrlar yoxdur” – dedilər. Gənc kadrlar yoxdur deyə təqaüdçü müəllim və müəllimələrin məktəbdən uzaqlaşmaq istəməmələrinin səbəbini anlamış olduğumu söyləsəm heç səmimi olmaram. Bəlkə imkansızlıq ucbatından həmin müəllimlər məktəbi tərk etmək istəmirlər? Bunu da düşündüm. Məntiqli də gəldi. Amma gələcəyin davamçıları olan şagirdlərə heç nə verə bilmədən hər gün o tədris ocağına üz tutmaq vicdansızlıqdır.
 
Gözümüzə dəyən bir-iki gənc kadrla ayaqüstü söhbətimizdən bu gənclərin pedaqoji fəaliyyət üçün heç də hazır olmadıqlarını da gördük. Amma düşünürəm ki, gənclərin pedaqoq kimi hazırlanmalarına şərait yaradılmalıdır. Bu günki texnoloji inkişafla yalnız bu kadrlar ayaqlaşa bilərlər. Tam təmirli məktəblərimizdə şagirdlər üçün hər cür texniki baza yaradılıb. Lakin, təəssüfki o kompüterləşdirilmiş laboratoriyaları toz basmış bulduq. Əksəriyyəti texnologiya dövrünün aborogenləri olan müəllimlər bu laboratoriyalardan istifadə edə bilmirlər. 
 
Bircə şeyi qeyd etmək istəyirəm ki, bu gün yüzlərlə gənc qızımız erkən yaşda evləndirilərək məktəbdən uzaqaşdırıldığı üçün, onlarla şagirdimiz isə yararsız məktəblərin, yalnız ayın sonunda alacağı maaşını düşümərək məktəbdə gün keçirən müəllimlərin ucbatından elimsiz, biliksiz kor qalırlar. Bunu düşünəndə fəlakətin necə də yaxın olduğunu görməmək mümkün deyil.
 
Odur ki, gəlin bir yerdə düşünək və bu cür davam edərsə bizi gözləyən uçurumu görə bilək! Ən azından ona görə ki, hər birimiz lap xırda da olsa nəyisə dəyişdirməyə qadirik. İstəsək enişə yox yoxuşa qalxa bilərik!
 
Aydan Yusuf
Kultura.az
Yuxarı