post-title

SOS: yeni nəsil rüşvətxorlar yetişir

Ortayaşlı və yaxud qocaman, rüşvət alan, vicdandan danışan, yaltaq insan görmək bizim üçün adi hal alıb. Belələrini istənilən bir peşə sahibi kimi görmək olar - həkim, müəllim, mühasib, lap elə komissiya üzvü olsun.

 
Adətən belə insanlarla qarşılaşanda ona baş qoşmağın mənasız, onunla bacarmağın isə mümkünsüz olduğunu düşünüb bir tək təsəlli ilə ovunursan “orta yaşlıdı, sovet adamıdı, qocadı, ahıldı, ömrünə az qalıb, öləcək canımız qurtaracaq”... 
 
Bəs eyni xüsusiyyətlərə malik gənc nəsil nümayəndəsini gördükdə nə edəsən? Hansı ki, səndən yaşca azı 3-4 il kiçikdi, hələ təzəcə tələbə adını alıb, ya da elə sənlə yaşıddı, nəzəri cəhətdən götürsək eyni, yaxud yaxın illərdə ölmə ehtimalınız var. 
 
Bax o zaman, artıq bəhanənin yersiz olduğunu anlayırsan. Çünki: 
1) o sovet adamı deyil; 
2) o orta yaşlı və ya yaşlı deyil; 
3) ölüb getməsi ehtimalı azdır. 
 
Düşünürsən ki, bəs bu şəxs hansı kateqoriyaya aiddir, bunu da gözardına vurmaq üçün hansı ümidverici bəhanəyə sığınım? Tapa bilmirsən... Çünki o, gəncdir, çünki o sabahın qurucusudur, çünki o, “gələcəyin qarınlı məmuru”dur.
 
Bəli, bəli, biz onun adını düz tapmışıq, o gələcəyin qarınlı məmurudur. İş orasındadır ki, biz qayəsində vicdansızlıq, yaltaqlıq, hərislik yatan insanların ölməsinə özümüzü o qədər fokuslamışıq ki, onlardan sonra gələnlərin də onlardan törəyib onlara bənzəyəcəyi faktını gözdən qaçırmışıq. Onlar isə artıq böyüyüb, qol qanad açıb, həvəslə qocaların arxasından vurub onların yerində özlərinə yer eləməyə çalışırlar. 
 
Dövr dəyişir, iqtisadi-siyasi sistem dəyişir, lakin insanların əksər hissəsinə aid olan xüsusiyyətlər dəyişmir, çünki onları yaşadan onlardan bəhrələnən gənclər var. Onların ziyanını anlamayan, hətta ziyanı olmasını qəbul etməyən gənclər. Onlar layihələrdə aktiv iştirak edir, hər yerdə yaşıl işıqla qarşılaşır,  feysbukda Colgate-in reklamındakı kimi gülərüz şəkillərini profil rəsmi edir, həyata optimist baxır, xeyriyyələrdən qaçır, yaxud bir etdikləri xeyriyyəni 1000 dəfə sərgiyə çıxarır, populist statuslar paylaşır, aradabir onların ünvanına gələn şikayətlər dedi-qodular həddən artıq çoxalanda, öz rüşvətxorluqlarını, vicdansızlıqlarını gizlətmək üçün bir səhifə dolu çığır-bağırlı status yazırlar, özlərini qurban kimi qələmə verib timsah gözyaşlarını sərgiləyir, aldıqları çoxlu layklardan və “onlar hamsı boş, vecsiz adamlardı qardaş baş qoşma” yaxud “caaan, masyaaa onlar sənə paxıllıq edir” kimi kommentlərlə ovunub bir müddətə sakitləşirlər.
 
Onların sayı gündən-günə artır, onların dəstəsi get-gedə çoxalır, daha çox gənc onları özünə kumir seçir və sən ölkəsindəki insanları bilinməz virus bürüyəndə qəzəbdən və qorxudan gözləri hədəqədən çıxan “I am legend”dəki Will Smith kimi ətrafı seyr edirsən. 
 
Biz hələ də dərk etmirik ki bu nə dəhşətli bir epidemiyadır, biz onlardan uzaq duraraq, onları dəyişməyin zərurətindən şikayətlənərək özümüzü qorumuş olarıq, amma potensial bizdən törəyəcək nəslin onlara bənzəməməsi ehtimalı çox aşağıdır. Məhz buna görə də şikayətlənməyi dayandırıb hərəkət etmək gələcəyin yekəqarın məmurlarını tərki-silah etmək lazımdır. Yalnız bu yolla biz gənlərin pozitiv dəyişiklikliyinə şahid ola bilərik. Onları maarifləndirmək, mütaliəni öyrətmək və maariflənmənin təkcə ali riyaziyyat kitabındakı tərif əzbərindən ibarət olmadığını başa salmaq, onlara diktə olunmadan düşünərək hərəkət etməyi aşılamaq lazımdır. Albert Enşteynin dediyi kimi, “Dünya bizim düşüncə prosesimizin nəticəsidir, biz düşüncəmizi dəyişmədən dünyanı dəyişə bilmərik”. Ona görə də, düşünmək lazımdır yoldaşlar, düşünmək və düşünməyi bizim pozulmaqda olan gənclərimizə öyrətmək lazımdır. 
 
Rəfiqə Həmzəyeva
Kultura.az
Yuxarı