Nəzəriyyənin ümumilikdə mahiyyət budur ki, biriləri tərəfindən mövcud davranış qaydalarının pozulması cəzasız (əvəzsiz) qaldıqda, yaxud nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə kütləviləşir, başqa adamları da analoji və (və ya) digər qayda pozuntularına sövq edir.
Geniş kontekstdə, bu nəzəriyyə nümunələrin kütləviləşmə prinsiplərindən irəli gəlir. İstər pozitiv, istər neqativ nümunələr sürətlə kütləviləşə bilir. Pozitiv nümunələr o hallarda kütləviləşir ki: 1) sərfəli olur, yəni adamlar konkret nümunə ilə hərəkət etməkdən şəxsi fayda əldə etdikləri, yaxud hansısa ziyandan qaça bildikləri üçün onu mənimsəyirlər (təbii amillər); 2) cəza qorxusu, maariflənmə, tərbiyə və sair bu kimi stimullaşdırıcı, profilaktik və ya preventiv üsullarla möhkəmlədilir (süni amillər).
Neqativ nümunələr də çox vaxt sərfəli olma səbəbindən kütləviləşir. Məsələn, rüşvətxorluq ona görə geniş yayıla bilir ki, konkret rüşvətxor bu yolla asan qazanc əldə edir. Amma burda daha bir amil var ki, bu da müəyyən kateqoriya insanların (risk qruplarının) asosial davranış meyllərindən irəli gəlir. İlk baxışda bunlar məqsədsiz əməllərdir (divarların yazılması, avtomobillərin cızılması və sair bu kimi vandalizm, yaxud xuliqanlıq), yəni qayda pozucuları əməl müabilində konkret fayda əldə etmirlər, fəqət bununla hansısa ehtirasların təmin olunduğu birmənalıdır. Normal cəmiyyətdə neqativ nümunələrin yayılmasını əngəlləmək üçün müxtəlif mexanizmlər mövcuddur: qanunlar, təhsil-tərbiyə sistemi, ideologiyalar və sair. Belə mexanizmlərin olmaması və ya lazımi təsir gücünə malik olmaması vandalizmin və digər hüquqazidd əməllərin geniş vüsət almasına zəmin yaradır.
Nəzəriyyənin əsas müddəaları aşağıdakılardır:
1. Müəyyən qayda pozuntularının mövcudluğu insanları həmin qayda pozuntusuna sövq edir. Misal: səki papiros kötükləri ilə zibillənmişsə, siqaret çəkən adam kötüyü yaxınlıqda zibil qutusu olmasına baxmayaraq yerə atır. Əksinə, səki tər-təmiz olduqda əksər insanlar kötüyü atmaq üçün zibil qutuları axtarır, tapa bilmədikləri halda kötüyü yerə, bir çox adamlar isə mümkün qədər nəzərə çarpmayan bir yerə atırlar. Yaxud divarda “Bura zibil atanın...” xəbərdarlığı olmasına rəğmən, həmin yerdə xeyli zibil varsa, əksər adamlar xəbərdarlığa məhəl qoymadan zibili ora atırlar.
2. Bir qayda pozuntusunun mövcudluğu başqa qayda pozuntusunu stimullaşdıra bilir. Misal: kafedə natəmizlik hökm sürüsə, divarda “siqaret çəkmək olmaz” elanına baxmayaraq kimsə siqaret yandırır. Bir nəfərin başlaması digər siqaret istifadəçilərini də işə salır. Yaxud avtobus oturacaqlarını arxası yazılmışdırsa (qraffiti), tum çırtlayan adamların qabığı döşəməyə tökmə ehtimalı yüksəlir.
3. Ayrı-ayrı qayda pozuntularının yayılması ümumilikdə asosial davranışa zəmin yaradır. Qarşısı alınmayan bir qəbil qayda pozuntularının epidemiya kimi yayılmaq xassəsi ona gətirib çıxarır ki, insanlar mümkün olan bütün hallarda hər növ qaydaları pozmağa meyl göstərir, cinayətkarlıq artır, yekunda cəmiyyəti xaos bürüyür.
Nəzəriyyəçilərinin verdiyi tövsiyələr 1980-ci illərdə ABŞ-da əməli tətbiq olunmaqla öz müsbət nəticələrini verdi. Həmin illərdə Nyu-York metropoliteninin rəhbərliyinə gələn Devid Qann qraffitiyə (divarların, ictimai nəqliyyatın yazılması, rənglənməsi, müxtəliv təsvirlər çəkilməsi) qarşı mübarizəyə başladı. Şəhər əhalisi ilk əvvəl onun tədbir görmək niyyətini heç də geniş dəstək vermədi. Əksinə, bunu izafi pul sərfiyyatı kimi tənqid edirdilər. Amma Qann israrlı idi. Onun fikrincə, “qraffiti – sistemin süqutunun göstəricisidir. Əgər sistemi yenidən qurmaq istəyiriksə, ilk növbədə qraffiti üzərində qələbə çalmalıyıq. Biz hər biri 10 milyon dollar olan yeni vaqonlar almağa hazırırq, amma onları vandalizmdən qorumasaq, nə baş verəcəyi məlumdur. Bu vaqonlar bir-iki gün toxunlulmaz qalacaq, sonra onları ebəcər vəziyyətə salacaqlar”.
Beləliklə, Qann vaqonlar üzərindəki yazıların təmizlədilməsinə başlayır. Qatarlar hər dəfə depoya gəldiyində xüsusi yaradılmış komanda onun üzərində olan bütün yazıları pozurdu. Vaqonlar təmizlənmədən marşruta buraxılmırdı. Paralel olaraq, Qann vandallara mesajlar verirdi:
“Bizim Qarlemdə işimiz oldu. Vaqonlar orda 3 sutka qaldı. Birinci gecə yeniyetmə vandallar vaqonların divarlarına ağ boya püskürtdülər. İkinci gecə gəlib artıq qurumuş olan boya üzərinə təsvirlər etdilər. Üçüncü gecə vaqon divarları başdan-başa rəglənmişdi. Beləcə, onlar üç gecə çalışdılar. Biz onların öz “işlərini” başa çatdırmasını səbrlə gözlədik. Sonra bizim rəngsazlar bütün yazıları pozub vaqonları əvvəlki rənginə qaytardılar. Yeniyetmələr yaman dilxor olmuşdular. Çünki onların 3 günlük zəhməti boşa getmişdi, əl işlərini heç kim görməyəcəkdi. Bununla biz onlara mesaj verdik: “Üç gecə sərf edib vaqonları eybəcər vəziyyətə salmaq istəyirsiz? Buyurun. Ancaq bilin ki, əl işlərinizi heç kim görməyəcək”.
İkinci nümunə kimi, 1990-cı ildə nəqliyyat polisinin rəhbəri təyin olunmuş Uilyam Brattonun biletsiz gediş cəhdləri ilə mübarizə üsulu maraqlıdır. Həmin vaxtlar biletsiz gediş cəhdləri kütləviləşmiş, nəqliyyatın gəlirləri aşağı düşmüşdü. Pozuntunun qarşısını almaq üçün, hər bir turniketə 10 mülki geyimli polis nəzarətçisi ayrılırdı. Onlar biletsiz gedişə cəhd edənləri tutur, qollarına qandal vurub polis avtobusuna aparırdılar. Orada üst-başlarını yoxlayır, barmaq izlərini götürür, məlumat bazasına daxil edirdilər. Bir çoxlarının üzərində silah aşkar edilir, müxtəlif pozuntulara görə axtarışda olduqları müəyyən edilirdi.
Bratton mətbuata verdiyi müsahibədə demişdi: “tutulan hər bir adam hədiyyəli pop-corn paketi kimi idi. Mütləq nəsə bir qanunsuzluq aşkar edilirdi. Tapança, bıçaq, oturum icazəsinin olmaması, hətta qətl şübhəsi ilə axtarışda olanlar... Tezliklə pis oğlanların ağılları başlarına gəldi: üzərində silah gəzdirməyi tərgidib, bilet pulunu həvəslə ödəməyə başladılar.”
1994-cü ildə Nyu-Yorkun yeni seçilmiş meri Brattonu nəqliyyat polisindən şəhərin polis şefi vəzifəsinə gətirdi. 1990-cı illərin sonlarına doğru Nyu-Yorkda kriminal 10 il əvvələ olan vəziyyətdən qat-qat zərəsiz hala gətirilmişdi.
Ruslan Köçərli
Kultura.az