Söhbətimiz fırlanıb-gəlib rus ədəbiyyatına çıxdı. Və əlbəttə ki, bir qatillə rus ədəbiyyatından söhbət edirsənsə, söhbət mütləq Dostoyevski üzərinə gəlməlidir. Həmsöhbətim belə bir fikir söylədi ki, “Həbsdə olanda “Cinayət və cəza” əsərini bir neçə dəfə oxudum. Çox az adam tapılar ki, bu əsərdən mənim qədər dəhşətə gəlsin. Hətta hərdən Dostoyevskinin özünün də nə zamansa qətl törətdiyi haqqında gəzən şayiələrə inanmaq istəyirdim. Çünki Roskolnikovun qətl öncəsi, qətl zamanı və qətl sonrakı duyğuları o qədər dəqiq təsvir olunmuşdu ki, bir anlıq elə bildim bu roman mənim haqqımdadır. Eyni duyğuları eyni şiddəti ilə mən də yaşamışam. İnsan bu qədər dəqiqliklə uydura bilməz.”
Həmin vaxt həmsöhbətimin təəccübünü mən də bölüşdüm. Məlumatı birinci əldən alırdım. Yazıçı dahiliyinin, ədəbiyyat hoqqabazlığının nə qədər fərqində olsan da, belə anlarda insan tez təsirə düşür. Az da olsa, suallar yaranmağa başlayır. Lakin daha sonra Dostoyevskinin “Ölü evdən qeydlər”ini oxuduqda, bu yüngül müəmma mənə aşkar oldu.
Dostoyevskinin həbsdə və sürgündə olduğu əksəriyyətimizə məlumdur. “Ölü evdən qeydlər” Dostoyevskinin həbsxanada dörd il ərzində gördüyü, eşitdiyi real faktlar və apardığı dəqiq müşahidələr əsasında yazılmış, bir növ, xatiratdır. Sadəcə, ədəbi don geyindirilib. Ümumiyyətlə, bu əsər haqqında tez-tez verilən suallardan biri odur ki, Dostoyevski niyə bunu sadəcə xatirələr kimi yazmayıb. Müxtəlif versiyalar var. Biri odur ki, müəllif bunu sadəcə xatirə kimi yazsaydı, söhbətlərin ədəbi və fəlsəfi şirəsini çıxara bilməyəcəyindən qorxurdu. Digər bir versiya, müəllifin öz başına gələnləri də başqalarının adından verərək diqqətdən yayınmaq istəməsidir. Hərçənd, bu məsələdə çox uğur qazana bilmədi. Bu haqda bir az sonra.
“Ölü evdən qeydlər” 1861-ci ildə, Dostoyevski sürgündən qayıtdıqdan sonra yazılıb. Arvadını öldürdüyünə görə onillik katorqa cəzası çəkdikdən sonra Sibirdə sürgün həyatı yaşayan Aleksandr Petroviç Qoryançikovun ölümündən sonra evindən tapılmış katorqa qeydlərindən bəhs edir.
Kitab Dostoyevskinin digər çox məşhur əsərləri yazılmamışdan öncə yazılıb. Və bir az diqqətli oxucu müəllifin sonrakı əsərlərinin motivlərini, ilk cücərtilərini bu əsərdə tapa bilər. Məsələn, müəllif atasını öldürən bir oğul haqqında dəfələrlə söhbət açır. Bu məhkumun timsalında biz “Karamazov qardaşları”nın ilk rüşeymlərini görə bilirik. Borca düşmüş, əyyaş, əxlaqsız bir həyat sürdüyü söylənilən oğul pul üstündə atasını öldürür. Katorqa cəzası çəkir. Amma əsərin sonunda Dostoyevski uydurma Aleksandr Qoryançikovun həmin məhkum oğul haqqında sonralar yeni məlumat aldığını yazır: sonrakı araşdırmalar nəticəsində qatilin həmin adam olmadığı üzə çıxıbmış...
Dostoyevskinin Roskolnikovun duyğularını dəqiq təsvir edə bilməsinin də səbəbi birgə katorqa həyatı yaşadığı müxtəlif qatilləri diqqətlə müşahidə etməsi, onlarla söhbətləşib duyğularını, təəssüratlarını, düşüncələrini qeydə almasıdır. Söhbətləri birinci əldən eşitmişdi. Daha özündən xəyal etməmişdi, yaxud cinayətkar psixologiyası ilə məşğul olan psixoloqların kitablarından götürməmişdi. Bəlkə də belə kitabları da oxumuşdu, amma hər halda, oxusaydı belə, bu, təkbaşına kifayət etməzdi.
Dostoyevski həbsxanada gördüyü o miskin, bədbəxt insanları, demək olar ki, bir-bir təsvir edib. Bütün iyrənclikləri və məziyyətləri ilə birlikdə. Dərin empatiya hissi ilə. Biz burda çox dəhşətli cinayət törətmiş, lakin içindəki işığı sönməmiş, vicdanı tamamilə xədim olmayan insanlar haqqında müəllifin ürək yanğısı ilə qələmə aldığı təsvirləri oxuyuruq. Həm də elə insanları tanıyırıq ki, onların cəmiyyətdə olmasındansa, yanğın, qırğın və aclıq kimi fəlakətlərin olması daha yaxşı olardı. Bəzən həbsxanada bir neçə ildir tanıdığın insan barəsində onun insan deyil, vəhşi olduğunu düşünürsən və ona nifrət edirsən. Və birdən təsadüfən elə bir an gəlib çatır ki, onun qəlbi qeyri-iradi bir əsinti ilə açılır və sən bu qəlbdə elə zənginlik, duyğu, ürək, özünün və başqalarının işgəncələrini elə aydın şəkildə anlamaq qabiliyyəti görürsən ki, sanki gözlərin açılır və eşidib-gördüklərinə bir anlıq inana bilmirsən. Əksinə də olur, bəzən təhsil elə bir barbarlıqla, həyasızlıqla birləşir ki, bu insanı iyrəndirir, insan nə qədər xeyirxah olsa da, ürəyində buna heç cür haqq qazandıra bilmir.
Həbsxana, ən rəzil bir həbsxana işçisinin və ya qolu zorlu başqa bir dustağın yanında cınqırını çıxara bilməyən, amma yeni gəlmiş, zəif, gücsüz bir dustağı söyən, döyən, incidən insanlarla doludur. Dustaq kiməsə sataşmağı çox sevir. Yəni yoldaşlarının qarşısında özünü belə göstərir və müəyyən müddətə özünü də buna inandırmağa çalışır ki, onun iradəsi və hökmü göründüyündən qat-qat artıqdır. Kimisə təhqir edir, dava salır, göstərmək istəyir ki, hər şey “bizim öz əlimizdədir”. Dustaqda şəxsiyyətin hər bir özbaşına ifadəsi cinayət hesab edilir. Bu da onları daha da caniləşdirir.
Dustağın düşüncəsi çox vaxt sıradan insanın düşüncəsi ilə tam ziddiyyətli olur. Çünki o tamamilə əks mühitdədir, onun azadlığı əlindən alınıb və o hər şeyə məhkumun gözləri ilə baxır. Katorqadan qışda çıxmasını gözləyən dustaq üçün həmin ilin yayının sonunda ağacların yarpaqlarının və çöldəki otların solmasına tamaşa etmək necə də ləzzətlidir!
Dostoyevski bütün bunları görür və anlayırdı. Həm də dərindən duyurdu. Buna görə də sonralar bütün bu hadisələri və obrazları öz əsərlərinin içində dahicəsinə həll edə bilmişdi...
Bu əsər ənənəvi roman kimi deyil. Sanki ayrı-ayrı səhnələrin bir yerə yığımıdır. Dostoyevskinin fəlsəfi düşüncələri də sanki şəkər tozu kimi bu səhnələrin üzərinə səpələnib: azadlığın və azad iradənin təbiəti, ümidin gücü, cinayət və cəza, görüntü ilə reallıq arasındakı uçurum və ilaxır.
Uydurma bir obrazın dilindən yazaraq hadisələrin mərkəzindən özünü kənarlaşdırmaq o qədər də uğurlu alınmamışdı Dostoyevski üçün. Çünki bu kitabın nəşrindən sonra uzun müddət şayiələr dolaşdı ki, guya Dostoyevski özü də arvadını öldürdüyü üçün sürgün edilibmiş. Özü isə bu haqda 1876-cı ildə yazırdı: “Mən bu əsəri on beş il qabaq yazmışam, uydurduğum bir caninin adından. Amma insanlar hələ də elə bilir ki, mən arvadımı öldürdüyümə görə sürgün olunmuşam.”
“Ölü evdən qeydlər” “Cinayət və cəza”, “Karamazov qardaşları”, “İdiot” qədər məşhur deyil. Amma Tolstoy bu əsəri Dostoyevskinin ən uğurlu əsərlərindən biri hesab edirdi.
Rəşad Səfər
Kultura.az