Hazırda 46-cı nəslin mülkiyyətindədir. Diqqət edin, 4 ildən sonra 1300 il tamam olacaq ki, eyni bir nəsil konkret əmlak üzərində mülkiyyət hüququnu saxlayır. Mülkiyyət hüququnun toxunulmazlığı bu deməkdir.
Ancaq mən hazırda başqa məsələnin üzərinə getmək istərdim. Bu gün həmin mehmanxananın sahibi olan adam özünün 46-cı babasının adını, kimliyini bilir, çünki bunların hamısı yazı mədəniyyəti sayəsində ardıcıl qeydə alınıb. Tarixi yazı mədəniyyəti müasir xalqların özünü tanıması baxımından vacib amildir. Bizdə ümumxalq yazı mədəniyyətinin aşağı-yuxarı 150 il tarixi var. Bizim ölkədə 7-ci babasının adını dəqiq bilən neçə adam var görəsən? Aydındır ki, olsa da, çox az. Məsələn, mən 5-ci babamın adını bilmirəm. Çünki doğulduğum kəndin (Goranboy, Xanqərvəd) uzağı 170 il tarixi var. 170 il öncə həmin düzənlik ərazilər Qarabağ xanlarının maldarlıq məskəni idi. Yaşlı adamların öz babalarından eşidib xatırladığı qədəri ilə, 150-160 il əvvəl həmin ərazilərdə yerdə qazıma tövlələr (qışlama üçün) və çobanların ailəvi yaşaması üçün komalar varmış (belə məskənlər “yataq” adlanır). Tədricən məskunlaşma artmış, əkinçilik meydana gəlmiş, suvarma sistemini təmin etmək üçün Qarabağ xanları kəndin ərazisinə Tərtər çayından su arxı çəkdirmişlər (indi də qalır, “Xan arxı” adlanır). Yazı mədəniyyəti isə yalnız 1920-ci ildən sonra kütləvi yayılmağa başlamışdır. Ona görə kənd əhlinin 1920-ci ildən əvvəl yaşamış əcdadlarını adlarını bilməməsinin səbəbi məlumdur. Biz onların ad kimliyini bilmirik, yalnız onu bilirik ki, Qarabağ xanlığının Ağdam və digər bölgələrindən köçmən təbəələr olmuşlar. Yazılı tarix olmadığı üçün onların gələcək nəsillər, yəni bizlər üçün hansı fədakarlıqlar etdikləri də məlum deyil. Bəlkə də ediblər, bilmirik.
Amma indi vəziyyət dəyişib. Biz informasiya erasında yaşayırıq, bundan sonra yeni nəsillərin öz əcdadları barədə məlumatsızlığı sadəcə mümkün deyil. Bundan sonra yüz nəsil dəyişsə də, hər kəsə yüzüncü babası məlum olacaqdır. Və təkcə yüzüncü babasının adı, həyat tərzi deyil, həm də onların gələcək nəsillər üçün nə edib-etmədiyi məlum olacaqdır.
Yüz nəsil deyil də cəmi 3-4 nəsil gələcəyin gözü ilə tutaq ki, 2100-cü ildən 2014-cü ilə baxmağa çalışaq. Nə görəcəyik? Biz onların məsudluğu üçün nə edirik? Nə edirik ki, bunları yada salıb bizə minnətdar olsunlar? Cavab məlumdur. Yeraltı sərvətləri çapıb-talamaqla onların cibinə giririk. Onlardan oğurluq edirik. Təhsilin inkişafını əngəlləməklə, kitaba xor baxmaqla, maarifçiliyi hakimiyyət kürsüsünə təhlükə saymaqla onlar üçün işıqlı gələcəyi dəfn etməyə çalışırıq. Səhiyyəni məhv etməklə, bazarları keyfiyyətsiz ərzaq və dərmanlarla doldurmaqla onların sağlam genefonduna qəsd edirik... və sair və ilaxır.
Az sayda adamlar var ki gələcək nəsillər qarşısında məsuliyyətini, insanlıq borcunu dərk edib mübarizə səhnəsinə atılır, şər-böhtana, günahsız həbsə məruz qalır, şəxsi dincliyindən, rifahından imtina edib gələcək nəsillər, ölkənin səadəti üçün çalışır, hər cür qurbanlara sinə gərirlər. Yerdə qalan çoxluq “qarın qardaşdan irəlidir”, “mən salim olum...” kimi məşum ideologiya ilə yaşamaqla insanlıq adına ucalıq gətirməkdən xalidirlər.
Hələ 26 əsr öncə Solon nəsihət edirdi ki, etdiyiniz yamanlıqlar müqabilində cəzasız qalmağınız gərək sizdə cəzasızlıq illüziyası yaratmasın. Ola bilər heç bir cəza olmadan ömrünüzü rahat başa vurasız. Amma unutmayın ki, bu gün etdiyiniz yamanlıqların bədəlini özünüz olmasa da, gələcək nəsilləriniz ödəməli olcaqdır.
Solonun sözünə qüvvət olaraq son illərdə aparılmış bir araşdırma nəticələrindən bəhs etmək istərdim. Faktlarla müəyyən edilib ki, varlı nəsillərin sərvəti uzağı 3-4 nəsil varislərin əlində qalır. Bundan sonra çox müxtəlif səbəblərdən sərvət müvafiq nəslin əlindən çıxır. Böyük əksəriyyət etibarı ilə nəsil varidatı 5-6-cı nəsillərin əlinə gedib çatmır. Yuxarıda Yenox klubuna cəmi 39 şirkətin üzv olduğunu yalnız quru məlumat xatirinə qeyd etmədim. Diqqət edin, 200 il öncə dünyada yüz minlərlə şirkət, ailə biznesi olmuşdur. İndi onlardan 39-u bir quruma adını yazdırıb. Əlbəttə, bu, yekun rəqəm deyil. Lap olsun 3900. Qalanları necə oldu bəs? Əlbəttə, biznes fəaliyyəti çox daha böyük vüsətlə davam edir. Amma irsi davamiyyət yoxdur. 200 il öncə var-dövlətinin say-hesabı bilinməyən minlərlə nəsillər vardı ki, indi kasıblar sırasındadır. Bax budur Solonun hikməti.
Gələcək nəsillərin səadəti üçün bu gün əlində imkan olan hər kəsi fəaliyyətə səsləyirəm. Xüsusən maddi imkanlı adamları. Bilirəm, məlum səbəblərdən siz hərəkətsiz qalmağa məcbursuz, adınızın hallanması acınacaqlı nəticələr vəd edə bilər. Amma ölkədə maarifçiliyin yayılmasına kiçik töhvə, yaxud bir xəstənin müalicə ödənişinə yardım etmək sizi heç nə ilə təhdid etmir. Əlacsız bir xəstəyənin xilas edilməsi ümumi iş baxımından sizə əhəmiyyətsiz görünə bilər. Amma məsələnin başqa tərəfi var. Bu, son nəticədə xalqın solidarlıq ruhunu, özünə inamını, lazımi hallarda təşkilatlanmaq əzmini yüksəldir. Kitab almağa görə sizi kimsə hədəfə ala bilməz. Maarifçi kitabları alın, oxuyun, pay verin. Alın ki, kitab nəşr etməklə maarifçiliyə çalışan adamlara maddi dəstək vermiş olasız. Birini yox, beşini alın, kitab almaq imkanı olmayan tanışlara hədiyyə edin.
İndi ölkədə müəyyən sayda yazarlar, fədailər var ki, hər cür yağlı təkliflərdən imtina edib, ölkənin, xalqın gələcəyi üçün can qoyurlar. Siz onlara dolayı yollarla maddi yardım göstərə bilərsiz, göstərməlisiz. Onlar sizi reklam edəsi deyillər. Amma zaman gələcək ki, xalqın qarşısına çıxıb açıq alınla, baxın, o vaxt filan səbəblərdən dillənə bilmirdim, amma hərəkətsiz deyildim, filan-filan işlər görmüşəm deyə biləcəksiz. Kömək göstərdiyiniz adamlar da bunu təsdiq edəcək, adınız qəhrəman kimi çəkiləcək. Xalq sizə bir tək buna görə hər şeyi bağışlayacaq. Sizə alqış edəcək. Sizi yaşadacaq.
Gələcəyiniz öz əlinizdədir!
Ruslan Köçərli
Kultura.az