post-title

Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında “Şeytan bazarı” namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır.

 
 
Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (…) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz? Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən  dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, Allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!
 
Bir gün bir kəndçi şəhərə odun satmağa gəlib Şeytan bazarından keçirdi. Ağlına nə gəlibsə papağını tərsinə geyinmişdi. Bazar lotularından bunu görən oldu. Hay-huydan sonra qarpız qabıqları töküldü. Hamı da papağının başını nişana qoyurdu. Nə isə bu biçarə gah başını aşağı əyirdi, gah otururdu, gah qalxırdı, hər növlə özünü müdafiə etmək istəyirdi. Fəqət hərdənbir də gülürdü, bilirdi ki, bununla zarafat edirlər. Bazar adamı da gülürdü. Bu hay-huyda Dərdməndin başına bir ağac endi. Papağı olmağına görə başı yaralanmadısa da, gözləri bir neçə dəqiqə qaralıb az qaldı yıxılsın. Yanında olan adamlar bunu tutub oturtdular. Ayılandan sonra Dərdmənd qabağında bir zorba kişini hirslənmiş gördü. Sinni keçmiş, ucaboy, saqqalı qırxıq, başında böyük silindr bir kişi idi. Bunun Ortaçala deyilən yerdə fabrikası var idi, həmişə öz faytonu ilə gedib gəlirdi. Bu gün də fabrikadan qayıdarkən şullay papaq kəndçiyə göndərilən qarpız qabıqlarının biri də ittifaqən bunun şəfəqli silindrinə dəyir. Qabıq gələn tərəfə dərhal baxar, görər ki, Dərdmənd buna baxıb gülür. Fikir edir ki, yəqin qabığı atan bu imiş, tələsik hirslənmiş faytondan düşüb Dərdməndin təpəsindən bir ağac çırpar.
 
Dərdmənd özünə gələndən sonra qorodovoy çağırır. Xalq kəndçini buraxıb bunun səsinə yığılırlar. Silindrli qorodovoya vurmağının səbəbini söyləyir. Ancaq Dərdməndin yanında olanlar şəhadətlik verirlər ki, Dərdmənd həqiqət müqəssir deyil. Doğrudur, qeyri qabıq atırdı, fəqət Dərdmənd durub tamaşa edirdi və gülürdü. Doğrudan da Dərdmənd nəinki bu səfər, hətta qeyri vaxta da böylə şeylər ömründə etməzdi. Nə isə şahidlər bazarın mötəbər adamları olmağa görə qorodovoy da inandı. Silindrli ağadan adresini alıb Dərdməndə verdi ki, şikayət etsin. Silindrli ağa kartoçkasını çıxarıb qorodovoya verdi və sonra genə hirsli və artıq dərəcədə təkəbbür ilə faytonuna minib getdi….
 
Dərdmənd sabahı gün işə başlamaq üçün məhəllə vəkilinə bu əhvalatı söylədi. Vəkil dedi, bu işin qalası var. Bir ərizə də yazıb verdi. Ertəsi gün Dərdmənd ərizəni lazım olan yerə verdi və gözləyirdi işin aqibətini.
 
Silindrli ağa bu işdən xəbər tutub öz vəklinə müraciət etdi. Vəkili “bu yaxşı deyil” deyib cavab verdi….
 
Bir gün Dərdmənd dükanında oturarkən bir adam girdi və bunu soruşdu. Dərdmənd, mənəm deyib cavab verdi. Bu adam ortaboy, arıq, hiyləgöz, saqqalı qırxıq, yəni taclanmış, şübhəli bir səsdə cavan oğlan idi. Bu adam Dərdmənddən təvəqqe etdi ki, yarım saat vaxtını alsın. Dərdmənd dükanının dalındakı balaca otağa gedib bu adamı dəvət etdi. İş böylə məlum oldu ki, bu adam vəkil imiş, silindrli ağanın yanından gəlibmiş. Cənab vəkil şirin dililə başlayıb dedi: cənab Dərdmənd, mən filankəsin tərəfindən gəlmişəm. Doğrusu, böyük bir xatadır edibdir, fəqət siz gərək razı olmayasınız, öylə bir mütəşəxxis zəngin adam suda düşsün.
 
Nə etmək, cənab vəkil? deyib Dərdmənd vəkilin gözlərinə baxıb söz gəzən kimi bir az müqəddimədən sonra başladı: mən məsləhət görürəm barışasınız, insan səhvdən kənar deyil. Hamının başına gələn işdir. Onun qazamata düşməyi ilə sizin yaranız sağalmayacaqdır. Fəqət onun üçün iki yüz-üç yüz manat vermək heç bir şey deyil. Siz də fəqir adamsınız…. “Bu sözləri vəkil deyib fikrə getdi”.
 
Dərdmənd dedi: xeyr, cənab vəkil, bu işi böylə buraxmaq olmaz. Mənim təqsirim olmaya-olmaya başıma nə üçün ağac dəysin?
 
“Cənab Dərdmənd, siz yaxşı fikir ediniz, ayağınıza gələn bəxtə daş atmayınız. Mən bir-iki gündən sonra gələcəyəm. Axır cavab verərsiniz”. Bu sözləri deyib vəkil qızarmış çıxdı.
 
Dərdməndi fikir aldı. Bu əhvalatı dost-tanışlarına söylədi. Hamı bir ağızdan Dərdməndə dedi: a kişi, işin-gücün qurtarıbdırmı ki, suda getmək istəyirsən. Ağac dəyməyinə dəyibdir, indi onu qalaya tutdurma, lap Sibirə göndərt, sənin əlinə nə gələcəkdir. 30-40 manat da puldur, asan deyil. Get, pulunu al, qoy başının altına ye ki, yeyəsən. Dərdmənd böylə sözlərdən sonra özü də fikrini dəyişdi…
 
Nəriman Nərimanov
 
Kultura.az
Yuxarı