Qeyd edək ki, hər il Bill Qeytsin adından açıq məktub dərc olunur. Əvvəlki məktublarda adətən onun Bill & Melinda Gates Foundation xeyriyyə fondunun fəaliyyətindən bəhs edilirdi. Lakin bu dəfə cənab Qeyts həm varlı, həm kasıb insanları xeyriyyəçilikdən çəkindirən bir neçə mifi dağıtmağa çalışıb.
Birinci mif
Yoxsul ölkələr elə yoxsul da qalmağa məhkumdur. Bu arqumenti dəf etmək üçün cənab Qeyts rəqəmlərə istinad edir. Məktubda qeyd olunduğu kimi, 1990-cı illərdən bu günədək dünyada səfalət içində yaşayanların sayı 2 dəfə azalmaqla təribən 1 milyarda enmişdir. Hətta, dünyanın ən perspektivsiz qitəsi sayılan Afrika belə varlanmaqdadır: son 15 ildə Böyük Səhranın cənubunda yerləşən ölkələrdə adambaşına orta gəlir səviyyəsi 1,3 min dollardan 2,2 min dollaradək yüksəlmişdir. Qitənin 7 ölkəsi ən sürətlə inkişaf edən ölkələrin ilk onluğunda yer alır.
İkinci mif
Xaricdən kömək faydasız vəsait sərfidir. Bill Qeyts o fikirdə deyil ki, varlı dövlətlər xeyriyyə məqsədilə büdcədən böyük vəsait xərcləyirlər (sorğuya görə, sıravi amerikalılar belə hesab edir ki, büdcə vəsaitlərinin 25 faizi xeyriyyə proqramlarına sərf olunur). Əslində isə, dünyanın ən səxavətli ölkəsi olan Norveç büdcə vəsaitinin xeyriyyə məqsədilə 3 faizdən azını, ABŞ isə 1 faizdən də az hissəsini sərf edir. Bu, bir ildə təqribən 30 milyard dollar deməkdir. Əksər varlılar hesab edir ki, xeyriyyə vəsaitinın cüzi qismi bilavasitə yoxsullara çatır, vəsaitin əsas hissəsi onlara gedib çatanadək oğurlanır. Ən əsası isə, yoxsul ölkələr yardımlara arxayın olub inkişaf barədə düşünmürlər. Cənab Qeyts əks arqument kimi bir sıra ölkələri misal gətirir. Məsələn, Mərakeş, Braziliya, Çili, Kosta-Rika, Peru, Tayland, Sinqapur və Malaziya kimi ölkələr də əvvəllər böyük məbləğdə yardımlar alırdılar, amma indi onlar yardıma ehtiyac olmayacaq həddə inkişaf etmişlər.
Üçüncü mif
Yoxsul ölkələrin xilas edilməsi əhali artıqlığına səbəb olur. Proqnozlara görə, məsələn, uşaq ölümünün yüksək səviyyədə olmasına baxmayaraq Əfqanıstanda 2050-ci ilədək əhali sayının indiki 30 milyondan 55 milyonadək artacağı bir çoxlarını narahat edir. Lakin, Bill Qeytsin qeyd etdiyi kimi, həyat səviyyəsinin yüksəlməsi əhali artıqlığına deyil, əksinə, artım göstəricilərinin aşağı düşməsinə səbəb olur. Məsələn, 1970-ci ilərdə həyat şəraitinin çox pis olduğu Taylandda doğum səviyyəsi orta hesabla hər qadına görə 6 uşaq idisə, rifahın yüksəlməsi sayəsində hazırda bi rəqəm 2-dir.
The Atlas of Giving təşkilatının hesablamalarına görə, 2013-cü ildə amerikalılar xeyriyyə proqramlarına 416,5 milyard dollar (+8,6%) pul xərcləmişlər. Bu vəsaitin 310,8 milyard dolları sıravi vətəndaşlardan, 18,6% (57,8 mlrd. doll.) xeyriyyə fondlarından, cəmi 9,7 faiz (20,1 mlrd. doll.) korporasiyalardan daxil olmuşdur. Şirkətlərin xeyriyyəyə az vəsait ayırması onların ciddi tənqid edilməsinə səbəb olur. Məsələn, National Committee for Responsive Philanthrophy’nin məruzəsinə əsasən, ölkənin ən iri banklarından olan Wells Fargo, Bank of America, JP Morgan və Goldman Sachs 2006-cı ildən etibarən öz illik gəlirlərinini 0,2%-dən də az qismini xeyriyyə üçün ayırmışlar.
http://www.oilru.com/news/394533/
Tərcümə: Ruslan Köçərli
Kultura.az