post-title

Ey Amerika, bizə də bomba at!

Y. V. Çəmənzəminlinin "Studentlər" romanında məni çox sarsıdan bir cümlə oldu. Cümlə mənə o qədər təsir etdi ki, ona şərhi müsabiqədənkənar ayrıca məqalə şəklində verməyi qərarlaşdırdım. Sitat belə idi: "Sözümüz əməlimizə tərcüman olmaqdan, pərdə olub əqidəsizliyimizi gizlədir".

 

Gələcəyi görənlər kimi məhşurlaşan Nostradamus, Vanqa, mayyalıların belə təxminlərinin reallaşmadığı bir dövrdə, bu nə sehirbaz idi bizə göndərmişdin, İlahi! O, badəni qaldıraraq öz dövründə sözləri pərdə olub əqidəsizliyini gizlədən Qulunun, hazırki dövrümüzdə isə hamımızın sağlığına içdi. Çünki indi hamımızın əqidəsi sözlərinin altında yatır. Biz yaltağıq, qorxağıq, köləyik, rüşvətxoruq, yalançıyıq və bütün bunlara əsas olaraq  səmimiyyətsizik, saxtakarıq. Necə oldu biz- yəni  bütöv bir nəsil bu günə düşdü?

Məsələnin lap kökünə uşaqlığımıza gedək. Lap uşaq vaxtımızdan bizə yaxşı nədir, pis nədir başa salmağa başladılar, belə ki, bizə yalan danışmağın pis olduğunu öyrətdilər, sonra işıq idarəsindən işçi gələndə, “de ki, evdə yoxam” əmri verdilər.

Sözünün üstündə durmamağın pis olduğunu öyrətdilər. Nəyisə sındırıb qaçdığımızda, “qaçma, heç nə etməyəcəm” deyib yanlarına səslədilər. Yanlarına çatdığımızda eşşək sudan gələnədək çırpdılar.

Siqaret çəkməyin ziyanlı olduğunu siqaret çəkən atalardan, içkinin haram olduğunu yas məclisində Quran oxuyub, evə çatan kimi arağı qurthaqurt içən molladan öyrəndik.

Qeybət etmənin, arxasında söz danışmağın pis olduğunu bütün kəndin xəbərini ovcunda gəzdirən nənələrimiz öyrətdi.

Xəstələndik, valideynlərimiz həkimə apardı. Həyatımızın necə dəyərli olduğunu valideynimizin cibinə baxan həkimdən öyrəndik.

Məktəbə getdik müəllimlər rüşvətin pis əməl olduğunu söylədi, 3 gün keçmədi süpürgəpulu yığıldı. İnsanları maddi durumuna görə qiymetləndirməməyi öyrətdilər, 8 mart gəldi, müəllimlərə o vaxt dəbdə olan kapron gül buketləri, üstündə Nazpərinin, Sibel Canın şəkli olan şokolad qutuları, "Romeo& Juliet" ətirleri verdik, imkansız uşaqlar bütün bu bizim aldığımız parıltılı hədiyyələrin arxasında arxa partalarda gizləndi və rübün sonunda aşağı qiymət aldı.

9-cu sinifə gəldik Biologiya-İnsan kitabinda yetkinlik yaş dövründə olan yeniyetmələrlə böyüklərin ehtiyatlı davranmalı olduğunu öyrəndik. Oğlan sinif yoldaşlarımız futbol oynamağa başları qarışıb dərsə gecikdi, müəllim cins olaraq formalaşmaqda olan yeniyetmə oğlanı  qız sinif yoldaşlarının qarşısında döydü, təhqir etdi. Qız  yoldaşlarımızın ilk aybaşısı sinifdə oldu vəziyyəti xelveti muellime  başa salıb icazə alıb getdi sabahısı bütün məktəb  bu haqda danışdi.

Gəldik universitetə.  müəllimlər “ mən bilənə qiymət yazıram məndən yalnız oxuyan qiymət ala bilər” dedi. Oxuduq danışdıq qiymət yazılmadı, hardasa ilişdirib təkərə salıb balımızı kəsdilər. semestrin axrı  sinif nümayəndəsi 1 bal 10 manat deməsi bizə əsl öyrənmək , oxumaq necə  olur oyretdi.

Işə düzəlmək istədik rüşvət istədilər, sosial yardım almaq istədik faiz istədilər, esger getdik zorladılar utancdan  sesimizi çıxarmadıq bəzən özümüzü güllələdik, asdıq ehtiyatsızlıq adıyla ört basdir etdilər. Pənah apardıq müxalifətə onlar meydana səslədi, getdik meydana. Orda bizi döydülər, cərimələdilər, həbsdə saxladılar bunu təşkil edənlər  isə evdə oturub  şəkil və videomuzu yayıb altında hökümətə söydü. Bizsə axmaqlığımıza heyrət edib siyasətə qarışmadıq, qara geyindik, aqressiv sifət aldıq.bizə qara geyib  aqressiv sifətimizə görə nifrət etdilər. amma bilmirdilər ki qara geyib başıaşağı gəzməklə  biz içimizdə ölən uşağın matəmini saxlayırıq, sizin mənim və bunu oxumayan hər kəsin öldürdüyü uşağın matəmini! Qızlı oğlanlı hamımız bədənimizdə bir ölü uşaq gəzdiririk o uşağı məhv edən isə valideyn, qohum-eqreba, ana-baci, həkim- muellim, iqtidar-muxalifet bir sozle hamı oldu. Birinizin bele sözünüz əməlinizi doğrultmadı. Bu cür cemiyyetde formalaşmış  bizlərdən ne gozləyirsiz? Avtobusda qalxib sizlərə yer verməyi? Siyasi cərəyana qoşulub inqilab etməyi? Rüşvətxor olmamağı?

Siz nə istədiyinizin fərqindəsiz? O qədər məsum uşaq öldürmüsüz ki, “Soyqırım” deyib qışqırmağa haqqınız yoxdu. Nə də  Qarabağ faciəsi. Siz Qarabağ müharibəsində bizi aparıb çöldə  erməni  gülləsinə versəydiz, yaxud suda çimizdirərkən boğub öldürsəydiz, yaxud yatanda ağzımıza balış bassaydız, sizə daha minnətdar olardıq. Çünki biz artıq insan deyildik, aldığınız rüşvəti bizə yedizdirən andan artıq insan deyildik, bizi istədiyiniz oğlana qıza calaşdırdığınız andan artıq insan deyildik, bizi ürəyiniz istəyən universitetə qoyan andan insan deyildik, bizim yanımızda həmyaşıdlarımızın qeybətini etdiyiniz andan artıq insan deyildik. Biz zombiyik, bir sürü debilik, nəbilim necə istəyirsiz adlandırın. Biz bir sürü saxtakarıq, biz rəfiqəmizə salam verib gorüşürük, 2 addım gedəndən sonra arxasınca danışırıq. Biz müəllimə müdirə  görəndə  salam verib hal-əhval tuturuq sonra “filan qeder pul vermişdim buna” deyirik AZTV  ağzımıza mikrafon tutanda sarı, çürük dişlərimizi göstərə-göstərə “prezidentimiz  gözəl şərait yaradıb sağolsun” deyirik,  özümüzü əks-cinsə göstərməkçün siyasi təşkilatlara üzv oluruq, gəzdiyimiz qızın dini söhbətlərlə razılığın alıb Seymurun Tükəzbanlarıyla bəkarətini pozuruq, sevgili olduğumuz oğlanı “filankəsin sevgilisindən ucuz hədiyyə aldı” deyə atırıq. İndi görürsüz siz necə nəsil yetişdirmisiz?!. Özünüzə oxşar sözü əməliylə düz gəlməyən saxtakar bir nəsil. Lütfən biriniz  cavab verin, daha yüngül cəza verə bilməzdizmi? Artıq oxuduqlarımız gördüklərimiz yaşadıqlarımız belə saxtadı. Siz sizi xalq hərəkatı, lideriniz atıb getdi deyə  kədərlisiz, aqressivsiz, bəs biz? Heç  düşündünüzmü  ki, biz neçə  “lider”lərin qurbanı olduq? Sizin bir lideriniz vardı. Biz heç  bilmirdik prezident nədir, xalq nədir, bizim liderimiz sizlərdiz.

İndi isə bizdən kitab oxuyub, kinolara baxıb maariflənməmizi istəyirsiz. Nəzərə almırsız ki, kitabları da bizə verilən, öyrədilən, aşılanan həqiqətlər kimi saxta qəbul edirik: Biz əsərlər oxuyuruq, orda dilənçi  həyatıyla tanış oluruq, amma birinə yardım pul  istəyendə şablon “Allah kömək olsun” sözüylə  yola veririk.  Dua yox ha, şablon söz! Biz kinoteatra gedib “su ve atəş “ kinosuna göz yaşlarımız süzülən qabından popkornu yeyə- yeyə baxırıq amma qonşumuz qızı  nikahdankenar uşaga qalsa ona quş damğası vururuq. Bizim hərəmiz bir vərəq şəklində olsaydıq bütün bizə oxutdurduqlarınız öyrətdiyiniz göstərdikləriniz sırayla nömrələnib  qarşisinda “bele demək və əksinə etmək” yazılardı. Biz sizlərin kopyasıyıq və bizdən törəyənlər də bizdən artıq olmayacaq.

Odur ki, bütün insan haqları  qoruyan təşkilatlara UNESKOya, İSESKOya,  Qırmızı Xaç  cəmiyyətinə  yaxud ən sadəsi- hazırladığı növbəti  atom silahını harda sınaqdan keçirməyi düşünən  Amerikaya səslənirəm:

Ey Amerika, rəhmin gəlsin, səxavətini bizdən əsirgəmə, bizə də bir bomba at. Bəlkə bədənlərimiz özümüzə oxşayan nəsil törətməklə  artıq günah etməkdən hifz olundu.

Şahanə Manafova

Kultura.az

Yuxarı