post-title

Müasir müasirliyimiz...

Yadımdadır uşaq olanda böyüklərdən tez-tez eşidirdim: Filankəsin qızı müasir qızdı, filan yerdə təhsil alır. Xüsusən də belə mövzular kiminsə oğlunun evlənmək vaxtı çatanda, kiminsə qızını kiminsə oğluna urcah eləmək niyyəti olanda daha geniş danışılırdı. Hətta onu da xatırlayıram ki, o vaxtlar bizim cəmiyyət oxuyan qızı rahat həzm edə bilmirdi. Hər qaynana cürət edib oxuyan qızı evinə gəlin etməzdi.

 
 
Hə, qaynana deyirəm çünki, həmin vaxtlar biz anaların, xalaların, bibilərin gedib hamamda oğulları üçün qız seçdikləri vaxtdan o qədər də irəli gedə bilməmişdik. Hardasa yeniyetməlik dövrüm olardı ki, müasirlik idman geyimilə ölçülməyə başladı. Yəni biz tərəflərdə uzunburun ayaqqabıdan çıxıb ket geyinə bildinsə, müasirliyin tamamdı demək idi. Onu da deyim ki, idman geyiminin özünün də əsas göstəricisi məhz ket sayılırdı. Yəni yuxarıdan nə geyinirsənsə geyin, fərq etməz, ayağında ket varsa, idman geyimli sayılırdın. Sonralar yavaş- yavaş müasirlik göstəriciləri  çoxalmağa başladı. Cırıq şalvarlar, iri qulaqcıqlar, şişirdilmiş dodaqlar və s. Lakin çox keçmədi ki, bunlar da bəs etmədi. İnernetdən istifadə yavaş-yavaş yayılmağa başladı. Onu da xatırlayıram ki, internetdən istifadə edənlərin böyük əksəriyyəti məhz çatda birləşirdi. Sosial şəbəkələr yaranınca isə kütlə ora axışmağa başladı. Hər hansı bir ictimai tədbirdə və ya el şənliyində fərq etməz, tanışlıqdan sonrakı ilk sual - “Filan sosaial şəbəkədə varsanmı?” sualı idi. Hətta yaşından və gördüyün işdən asılı olmayaraq sosial şəbəkədə yoxsansa, Söylü demiş “Sənə birtəhər baxırlar”.
 
Hələ ağlım kəsəndən bəri müasirliyin fikirlərdə düşüncələrdə olduğunu düşünürdüm. Lakin müasirlik göstəriciləri çoxaldıqca yavaş-yavaş tərəddüd etməyə başladım. Müasirliyi metrolarda bahalı telefon yarışmalarında, cırıq şalvarlarda, şişirdilmiş dodaqlarda, yeri gəldi gəlmədi taxılan iri qulaqcıqlarda, alış-verişə bahalı mağazalara gedib şəkil çəkib sosial şəbəkələrdə paylaşmaqda,  yoxsa sadəcə diplomdamı axtarılacağı məni lap çaşbaş salmışdı. Bizim böyüklərimiz beynimizdə mentalitet çərçivələri cızanda, qərblilər övladlarına kitab oxumaq, kitab sevmək, kitab mədəniyyəti öyrədirdi. Bəlkə elə buna görə də müasirliyi fikirlərdə, düşüncələrdə deyil internetde və ya geyimlərdə axtardıq.
 
İnternet demişkən texniki tərəqqi bir çox möcüzələr yaratdı. Artıq nə qabı əllə yumağa gərək var, nə də ki paltarı. Okeanın o tayında olan doğmanı görmək üçün ora getmək mütləq  deyil, evində oturub rahat-rahat danışa bilərsən. Bir sözlə, həyatımız günü-gündən komfortlaşır. Elə müasirlik də çox rahatdır indi. Artıq müasir olmaq elə çox əziyyət tələb etmir. Müasir olmaq üçün nə cırıq şalvara, nə iri qulaqcıqlara, nə şişirdilmiş dodaqlara, nə də ki diploma ehtiyac var. İndi müasirsənsə, azad seksdən danışmalısan, ikinci varianta ehtiyac yoxdur...
 
Nigar Nəsimi
 
Kultura.az
Yuxarı