Keçən il Məhərrəm ayının ilk günlərində mebel ticarəti ilə məşğul olan bir dostumla görüşmüşdüm. Salamlaşan kimi əhvalının yaxşı olmadığını hiss elədim. Bikef görünürdü. Səbəbini soruşanda, Məhərrəm ayı ilə əlaqədar toyların dayanmasına görə alverinin zəif getdiyini söylədi.
Ümumiyyətlə, ilin üç ayı (May, Ramazan və Məhərrəm ayları) müxtəlif biznes sahələrində fəaliyyət göstərən ticarətçilərin, gözəllik salonları işçilərinin, gül satanların, taksi sürücülərinin, fotoqraf və operatorların, ələlxüsus, musiqi və teatr əhlinin bazarının kasad olduğu dönəmdir. Çünki bu aylarda toy olmur.
Toyların eybəcər formaya düşməsi, yarı Avropa, yarı Şərq elementlərilə sintez olunaraq əndrəbadi bir mərasimə çevrilməsi haqqında çox tənqidi yazılar yazılıb, çox sözlər deyilib. Hətta “jek müdiri” səviyyəsində tənqidi açıqlamalar verərək özünü əqidəli, sözünü deyən, cəsarətli insan kimi cəmiyyətə sırıyan ziyalılar da vaxtaşırı toyların eybəcərliyi haqqında efirlərdə tənqidi fikirlər səsləndirirlər. Bu günkü zövqzüslüyün, bayağılığın, şitliyin ayaq tutub yeriməsində ən başlıca rolu oynayan amillərdən biri də elə bizim bu əndrəbadi toylardır. Ancaq, toyların cəmiyyətdə törətdiyi daha dəhşətli bir fəlakət var. Dərd burasındadır ki, incəsənətin demək olar ki, bütün sahələri bu milli ayinin əsarəti altına düşüb, üzü məhvə doğru gedir. Bu gün toylar öz hakimiyyətini incəsənətin demək olar ki, bütün sahələri üzərində getdikcə daha da möhkəmlənidirir və ona qarşı etiraz etməyincə, qorxulu bir diktator kimi bütün incəsənətin başını yeyəcək, necə ki, indi də yeməkdədir.
Keçək mətləbə. Musiqi, şou – biznes aləmində baş verən biabırçılıqlar göz qabağındadır. Səhərdən axşama qədər baş – beynimizi xarab edən şitliklərin, bambılılıqların, “artistliklərin”, əttökən qalmaqalların kökündə şou biznes nümayəndələrinin reklamı, gündəmdə qalması dayanır. Reklamın, gündəmdə qalmağın səbəbi isə, yalnız və yalnız toylara daha baha qiymətə getmək, daha çox toy tumaq, ayın 30 günü toy oxumaqdır. Vəssalam! Azərbaycan müğənnisinin bundan böyük məqsədi və hədəfi yoxdur. O, bütün əməyini, enerjisini, çalışqanlığını və artıstliyini “toy” adlı bir zirvəni fəth etməyə sərf edir. Ayın 30 günü toyu olmaq, toya baha qiymətə getmək, toydan toy tutmaq müğənnilər üçün ən böyük stimuldur. Onlar üçün sənətdə bundan o tərəfə heç nə yoxdur.
Ölkədə musiqi ilə bağlı ciddi, hətta çox ciddi problemlər var. Albom satışı, konsert biznesi, prodüsserlik fəaliyyəti sıfır səviyyəsindədir. R&B, rok, soul, reqi kimi müasir musiqi janrlarının havası isə, ümumiyyətlə bu tərəflərə hələ gəlib çıxmayıb. Bu günün dəbi əvvəli “ana”, “bacı”, “qardaş” tipli muğamla başlayıb, sonra sintezatorun müşayiəti ilə 6 – 8 ritm üzərində bayağı sözlərlə ifa olunan, hansı janra aid olunduğu bilinməyən eybəcər mahnılardır.
Hakimiyyətin təhsilə, səhiyyəyə, orduya göstərdiyi münasibətlə incəsənətə göstərdiyi münasibət arasında elə də böyük fərq yoxdur. Teatrlarda, orkestr və ansambllarda verilən cüzi maaş hər şeyi deyir. Akademik musiqinin həm ifaçıları, həm də dinləyiciləri artıq "Qırmızı kitab"a düşmək ərəfəsində, akademik musiqi sənətinin özü isə, məhv olmaq ərəfəsindədir. Mən şəxsən skripkaçılar tanıyıram ki, konservatoriyanı qırmızı diplomla bitirsələr də, toylarda “qırmızı gitara” və ya “sintezator” çalırlar. Onların başqa çıxış yolu yoxdur. Çünki bu gün bir tikə çörək dalınca qaçan kütlənin akademik musiqi dinləməyə nə hövsələsi, nə də vaxtı var. Tək – tük zövqlü insanlarla da iş düzəlmir. Kütlə bayağı musiqiyə üstünlük verir. Bundan başqa, müxtəlif növ çalğı ansamblları və orkestr çalğıçılarına dövlətin verdiyi biabırçı maaş müqabilində musiqiçilərin toylara gedib 6 – 8 ritmi üzərində “bağdagül” çalmaqdan başqa çıxış yolu qalmayıb.
Buna görə də müğənni və çalğıçıların hamısı gözlərini toylara dikib. Toy onlar üçün ümid yeridir. Toyun olmaması onların faciəsi - acından ölməsi deməkdir. Məhz buna görə də onlar gecə - gündüz bir armudun üstündə min oyun qurub, cilddən cildə girərək toyları əldə saxlamaq üçün efirlərdə min hoqqadan çıxıb, artistlik edirlər.
Yuxarıda qeyd olunanlar teatr xadimlərinə, rejissor və aktyorlara da aiddir. Aztv – nin yorulmadan “uğurlu daxili və xarici siyasət”, “analoqu olmayan inkişaf”, “incəsənətə göstərilən atalıq qayğısı” kimi mövzularda söylədiyi nağılların fonunda cəmi 120 manat maaş alan aktyor evə çörək aparmaq üçün tamaşadan sonra toylara gedib tamadalıq edir. Mən şəxsən dəfələrlə “Xalq artistlərinin” toylarda tamadalıq etdiyini görmüşəm. Bu, çox böyük bir faciədir. Mən inanmıram ki, özünə hörmət edən və ya öz sənətinin ustadı olan hansısa bir aktyor yaxşı maaşın müqabilində teatrı “palatkaya”, yaxud da üstü bəzək, altı təzək şadlıq evlərinə dəyişər. Qeyd etmək lazımdır ki, maaşın azlığından başqa teatra olan soyuq rəftar, televiziyalarda tamaşaların təbliğ və reklamından daha çox “Rəfael – Coşqun”a yer ayrılması, teatr mədəniyyətinin geniş yayılması üçün maarifləndirici çarxların yayımlanması əvəzində düşük və şit yumoristik cütlüklərin əttökən layihələrinin və şou əhlinin dava qırğınlarının təbliğ olunması sonda aktyor və rejisorları aparıb toylara çıxarır.
Biz toylarda şairləri, yazıçıları da görə bilərik. Hakimiyyətin kitaba qarşı apardığı səlib yürüşləri, ədəbiyyat haqqında efir məkanında gedən 1-2 duzsuz, mənasız, geri qalmış verilişdən savayı heç bir proqramın olmaması, bayağı mahnılara şeir yazan nəğməkar şairlərin, məddahların at oynatması yazarların vəziyyətini tamadalıq səviyyəsinə endirib. Təbii ki, bəzən elə məddahların, nəğməkar şairləri də toylarda tamada kimi görə bilərik. Amma, bu onlara yaraşsa da, adlarını çəkmək istəmədiyim böyük yazarları tamada kimi görəndə pis vəziyyətə düşürəm. Hələlik müasir postmodern yazıçılarımız toy tilsiminə düşməyiblər.
Toylardan asılı vəziyyətə düşən onlarla yaradıcılıq sahəsinin nümayəndələri var. Rəqs, fotoqrafiya, operatorluq, rejissorluq kimi sahələr də toy abu – havasında bayağılaşıb, cılızlaşıb məhvə doğru sürüklənməkdədirlər. Televiziya aparıcılarının hər gün iki küsülü insanı, arvadını baltalayan, gəlinini zorlayan manyakları verilişə çağırıb məhkəmə qurması və yaxud müğənniləri hönkür – hönkür ağlatmaları, artistlərin arasında yarışlar keçirmələri, onları səs nümayişindən başqa hər şeyə, qaçmağa, hoppanmağa, dombalaq aşmağa, banan qabığı üstündə gəzməyə vadar etmələri elə - belə deyil. Bunlar hamısı məqsədyönlüdür. Onlara reytinq lazımdır. Tamaşaçıların maariflənməsi, savadlanması isə, bir qədər də önəmli deyil. Əsas odur ki, bu cür şoularla hamının qazndığı nəsə olur. Tv – lər pul, aparıcı və bambılı qonaqlar isə böyük toy, kiçik toy, banket, ad günü qazanır. Bu minvalla da həyat davam edir.
Əbu Riad
Kultura.az