Stanford astrofiziki yeni kitabında Şekspirin müəlliflik sualı ilə bağlı statistik yanaşmaya müraciət etmiş və faktları təqdim etdikdən sonra qərar verməyi oxucunun ixtiyarına buraxmışdır.
Astrofizik Piter Starok Şekspirin dram əsərlərini və sonetlərini əslində kimin yazdığı haqda suallara aydınlıq gətirmək üçün statistikadan istifadə edir.
“Zavallı Şekspir kimliyinin aydınlaşdırılması böhranını yaşayır.” - o deyir.
Əksər insanlar həmin adı daşıyan bir ingilisin 1564-cü ildə doğulub, 1616-cı ildə vəfat etdiyini bilib, bir çox dram əsərləri, sonetlər yazdığına və bununla da İngiltərə ədəbiyyatını əbədi cəhətdən dəyişdiyinə inanmaqla qənaətlənirlər.
Bəziləri isə bir çox şeyi başqa cür görürlər. Onlar şübhələnmirlər ki, Stradforddan olan bu insan həqiqətən də mövcud olub və Şekspirə aid bu əsərlər fundamental və əzəmətlidir. Ancaq onların dediyinə görə, Şekspirin prinsipləri onun avtobioqrafiyası ilə uyğunlaşmır. Məhkəmə işlərini dərindən bilmək, fransızca səlis danışmaq, İtaliyanı tanımaq!
Stanford professoru P. Starok: "Şekspir" onlar iddia edirlər ki, Şekspir tərəfindən yazılmayıb. Hər iki tərəf əsrlərdir ki, bu mübahisə üzərində qızğın mövqe göstərirlər, ancaq müəyyən maddi sübut olmadıqca qərar sizin öz əlinizdədir"
Tətbiqi fizika alimi və görkəmli astrofizik, 88 yaşlı professor Starok özünün 2009-cu ildə " İki alimin Nağılı" memuarını yazarkən şeir yazdığı erkən illərə bir daha səyahət edir.
"Yalnız məhşur" Onu yay günü ilə müqayisə edə bilərəmmi? “ sonetinin təqlidini xatırlayıram. Mənim təqlidim qaçılmaz idi və mən " Mən onu qış günü ilə müqayisə edə bilərəmmi?" ilə başladım və hər şey o vaxtdan bəri davam etdi.
Bu, onu şairin bütün 154 sonetini oxumağa gətirib çıxardı. "Ancaq bütün sonetlər nə haqdadır?" sualını verməyə başladığın an bir suala gedib çıxırsan : "yaxşı bəs, müəllif kim idi? "
Müəlliflik sualı, o düşünür ki, elmi üsulla da aydınlaşdırıla bilər. İllər əvvəl, pulsarları tədqiq edərkən, statistikadan istifadə edərək məlumatın emal edilməsi üsulunu icad etdi. Onun üsulu Bayes nəzəriyyəsi kimi tanınan statistik məfhuma əsaslanmışdır, hansı ki, ehtimalların insanın əldə etdiyi məlumatlardan asılı olaraq dəyişməsini bəyan edir. Starok bu anlayışı öz kitabında belə təsvir edir: Əgər bir çantada 99 ağ top və 1 qara top varsa sizin qara topu çıxarmaq şansınız 100-ün 1-ədir. Ancaq sizdə qara topun cızılmış olduğu haqda məlumat olarsa onda onu 99 topun içindən çıxarmaq şansınız dərhal artacaq. Starok hər ikisini, həm nəzəriyyəni, həm də yığılmış məlumatları öz analizinə daxil etdi.
Sübutlar çoxlu formalarda gəlir. "Starok deyir" dram əsərlərindən, sonetlərindən, İlk Foiloda (əsərlərin 1623-cü il kolleksiyası) dərc olunmuş rəylərdən, sonetlərin həsr olunmasından və s-dən. Kitabın sonrakı səhifələrində Starokun qəhrəmanları müəlliflik ziddiyyəti ətrafındakı sualları götür-qoy edir. Əsərləri yazan müəllif təhsilli idi ya yox? Şekspir aydın yaza bilirdimi? Öz tanınmış imzasını olduğu kimi verə bilirdimi?
Stratfordda müqəddəs Triniti Kilsəsində onun abidəsinin üzərində gizli bir ismarıc varmı? Starok oxucuları öz cavablarını və inandıqları fərziyyələri kitabın içindəki bölmələrdə cədvəl halına salmağa dəvət edir və onlayn blog vasitəsilə oxucularına yekun rəylərini yazıb, toplamağa imkan verir. Oxucularının öz yekun nəticələrinə gəlmələrini istəməsinə baxmayaraq Starokun öz fikri var. “25 bölməni vərəqlədikcə görürəm ki, Şekspir getdikcə aşağı düşür, Oksford ( p.s. Şekspirin əsərlərini onun yazdığı düşünülən qraf Oksford) isə qalxır" - o deyir.
Bir doğru cavab olmalıdır. Kimsə yazıb o əsərləri. " Kimin yazması həqiqətən də o qədər əhəmiyyətlidirmi? " Əsərlərin Lord X və ya Ledi X tərəfindən yazılmasını bilmək həmin əsərlərdəki bir sözü belə dəyişəcəkmi? " bir xanım oxucu deyir, " belə ki, niyə bu, bu qədər əhəmiyyətlidir? Bu nəyi dəyişəcək? Nə fərqi var? Qızılgülün adı nə olsa da o həmin şirin ətri verəcək... "
Zaman-zaman bu fikir alimləri dəli edirdi. Ziqmund Freyd, Çarlz Dikenz, Orson Uels kimi bir sıra elm adamları və mütəfəkkirlər əsərlərin Şekspir tərəfindən yazıldığına şübhə ilə yanaşırdılar.
Herri A. Blekmun ( 1908-1999)
"Şübhəçilər" öz nöqteyi nəzərlərinə uyğun, ortaya çox güclü faktlar qoyurlar. Demək olar ki, inandırıcı faktlar. Mübahisə davam edir və yaxşı ki, davam edir. Bu mövzuda aydınlanmağa ehtiyacımız var, əks halda biz qaranlıq içindəyik. Əgər mən ortaya qoyulan sübutları yönləndirməli olsaydım, bunu "şübhəçilər"in xeyrinə edərdim. Bu sözlər, Blekmunun Vaşinqtonda, 1987-ci ildə Amerkia Universitetində Blekmunun da həmçinin iştirak etdiyi əsərlərin müəllifliyi üzərində qalmaqallı məhkəmə prosesindən sonra Şarlton Oqburna yazdığı məktubdandır. ( p.s. Ş.Oqburn ( 1911-1998) “ Sirli Uilyam Şekspir“ əsərinin müəllifi və məhşur vəkildir).
Herri A. Blekmun ( 1908-1999) – 1970-ci ildən 1994-cü ilə qədər A.B.Ş Ali Məhkəməsinin üzvü olmuş və məhkəməyə Riçard M.Nikston tərəfindən təyin edilmişdir. O, Ali Məhkəmənin abort hökmü haqda "Roe v. Wade" (Ueydə qarşı Rou) qərarında əksər fikirlərin müəllifi kimi tanınır. ( p.s. Abort hökmü və onun haqda qərarlar A.B.Ş məhkəmə tarixində ən qalmaqallı hökmlərdən hesab olunur)
Mortimer C. Adler (1902 – 2001)
"Öz imzasını qeyd etmək üçün etdiyi acınacaqlı cəhdlərə ( savadsız cızmaqaralara) sadəcə ötəri nəzər salmaqla Şekspiri bu məsələ üzərindəki növbəti araşdırmalardan uzaqlaşdırmaq olar - o yaza bilmirdi. Akademiklər Şekspirin kimliyi ətrafında sirlərə aydınlıq gətirməkdə səhvlər edirlər...
Onlar bu sualı tələbələrin hökmünə buraxmaqla həm açıqdüşüncəli təhsilə, həm də "Şekspirin" əsərlərinə görkəmli xidmət etmiş olacaqlar və akademik sferada bu kimi digər başqa xidmətlərə də həmçinin"
Böyük İdeyalar Təhsil Mərkəzinin Direktoru Maks Veysmana məkubdan, 1997-ci il, 9 Noyabr
Mortimer C. Adler Çikaqo Universitetinin fəlsəfə üzrə professoru, məhsuldar yazıçı, müəllif. Adler Qərb Dünyasının Böyük Kitabları (Great Books of the Western World) adlı bir sıra nəşrlərin müəllifi, Böyük İdeyalar Təhsil Mərkəzinin yaradıcılarından və uzun müddət Britaniya Ensiklopediyası Redaktorları Şurasının sədri olmuşdur.
Çarlz Çaplin (1889 – 1977)
“ Ən böyük dahilərin yaradıcılıqlarda sadə başlanğıcların olması özünü nə vaxtsa hardasa biruzə verəcək, lakin heç kim bunun ən xırda əlamətini belə Şekspirin əsərlərində görə bilməz…Mən onları kimin yazdığı ilə maraqlanmıram, lakin çətin deyə bilərəm ki, bu Stratforddan olan bir oğlan olsun. Onları kim yazıbsa aristokrat dəyərləri olan birisi olub. ”
Çarli Çaplin səssiz film dövrünün ən yaradıcı,məhşur və nüfuzlu şəxsiyyətlərindən birisidir. Tək mimik hərəkətləri ilə yalnız aktyorluq etməyərək,daha sonralar öz filmlərini çəkmiş,rejissorluq etmiş və senari yazmışdır.
Çarlz Dikenz (1812 – 1870)
“ Düşünürəm ki, şairlə bağlı bu qədər az məlumatın olması böyük təsəllidir. Şekspirin həyatı incə bir sirrdir və mən hər gün həyəcandan əsirəm ki, nəsə xırda bir şey üzə çıxacaq”
Çarlz Dikenz İngiltərə ədəbiyyatında Viktoriya dövrünün öndə gedən, qabaqcıl yazıçılarından idi.
Ralf Valdo Emerson (1803 – 1882)
“ Şekspir dərnəklərinin Misir fikri gəlir ağıla. , şən aktyor və idarəçi idi. Mən bu faktı onun poeziyasına uyğunlaşdıra bilmirəm: digər görkəmli insanlar həyatlarını öz düşüncələrinə uyğun yaşamışlar, lakin bu insanın həyatı geniş ziddiyyətlər içindədir.
--- Örnək İnsanların Əsərləri (1850)
Amerika esse yazarı, şairi, Transsendentalizm fəlsəfəsinin ilk fundamentini qoyanlardan, Harvard məzunu Unitarian Vaiz. Əsərləri bütün dövrlərin ən gözəl kitabları arasına daxil edilib.
Sigmund Freyd (1856 – 1939)
“ Mən Stratforddan olan Uilyam Şekspir adlı aktyorun onun adına istinad edilən əsərləri yazmasına inanmıram ”
"Hətta indiki zamanda bütün o komediyaların, faciələrin, sonetlərin müəllifinin kim olduğunu bilməmək bizim hamımız üçün inkaredilməz dərəcədə ağrılıdır, həqiqətənmi Stratford əyalət vətəndaşının savadsız ( p.s. və ya orta məktəb savadına yiyələnmiş) oğlunun yazılarıdır, hansı ki, Londonda təvəzökar aktyor ola bilmişdi…”
Avtobioqrafik Araşdırmalar ( 1927)
Siqmund Freyd— Vyanalı psixoterapevt, daha çox psixoanalizin banisi, hansı ki, təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri və fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun yaradıcısı kimi tanınır. O, ədəbiyyata, film sənayesinə, ədəbi tənqidə də öz təsirini göstərmişdir.
(Ser William) Tiron Gutri (1900 – 1971)
“ Əgər Stratfordlu Uilyam Şekspirin iddia olunduğu kimi, əsərlərinin gerçəkdən ona aid olmadığı ortaya çıxarsa, çox güman ki, bu mümkündür, necə olacaq? Görkəmli alimlər tərəfindən ciddi şəkildə irəli sürülmüş belə bir fərziyyə var, hansı ki, mənim fikrimcə də bu daha həqiqətə uyğundur, Şekspir sadəcə öz adını digər bir şəxsə öz ədəbi fəaliyyətlərini gizlətmək üçün borc vermişdi…Əgər hansısa bir qorxunc təsadüf nəticəsində bu fərziyyənin gerçəkliyi sübut olunarsa,o zaman Stratfordun turistik statusu birbaş öz əhəmiyyətini itirəcək”
— Nyu- York jurnalı ( New York Times Magazine, April 22, 1962)
Ser Uilyam Tiron Qutri Britaniyalı teatr rejissoru və prodüsseri. 1931-ci ildə ilk London Səhnələşdirməsindən sonra Şekspir Repertuar Truppasının rejissoru olmuşdu, hansı ki, Old Vik və Sedler Vells teatrlarında səhnəyə çıxmışdılar. Onun Şekspir dramına yaradıcı müraciəti 20-ci əsrdə ənənəvi teatra marağın oyanmasına böyük təsir göstərdi. O, həmçinin Piter Grims (1946) və Karmen ( 1949) operalarının və özünün "Nərdivanın Başında" əsərini ( Top of the Ladder,1950) səhnələşdirmişdir. O Kanadada Stratford Festivalına yardımçı oldu və rəhbərlik etdi, həmçinin Kanadada teatrın inkişafına təsir oldu.
Henri Ceyms (1843 – 1916)
“ Mən İlahi Şekspirin bu səbirli dünyada indiyə qədər yaşanmış ən böyük və ən uğurlu fırıldaqçı olduğu fikrinə inananlardanam ”
Henri Ceymsin məktublarından
Henri Ceyms Amerika doğumlu ədəbi tənqidçi, trans-Atlantik ədəbiyyatında əsas xadimlərdən olmuşdur. 22 roman, 112 nağıl, bir neçə pyes, esse müəllifi idi.
Uilyam Ceyms (1842 – 1910)
" Biz ilk dəfə Stratforda getdik. Bir neçə kasıb materialdan başqa Şekspirin hər bir qeydinin tamamilə məhv olunması və qədim Stratfordun yaratdığı dar və simic görüntünü "Şekspirin" hansı mənəvi keyfiyyətlə dünyanın ədəbi ruhuna qatıldığını müqayisə etdikdə anlaşılmazlıq yaranır. Mən müəlliflik məsələsinin istənilən mifik hekayətinə inanmağa hazıram ”
--- Çarlz Eliot Nortona məktubdan, 1902-ci il, 2 May
Uilyam Ceyms aparıcı Amerika psixoloqu və filosofu idi. O, bütün karyerasını Harvardda, psixalogiya kafedrasını yaratmaqla keçirib, praqmatizm fəsəfəsi, mistisizm və dini anlayışlar haqda əsərlər yazmışdı.
Levis F. Povell (1907 – 1998)
“ Mən heç vaxt Şekspirin əsərlərinin Startfordlu birisinin yazdığını düşünməmişəm. Mən onun nə vaxtsa İngiltərəni tərk etməsi və ya normal çərçivədə təhsil alması haqda tutarlı bir dəlil də bilmirəm. Məsələn, bilmək istərdim ki , Venesiya Taciri əsərini necə yaza bilmişdi ”
Çarlton Ogburna Şekspirin müəlliflik məsələsilə bağlı mübahisəli məhkəmə işindən sonra yazılmış məktubdan ( Amerika Universiteti, 1987)
Levis F. Povel 1972-1987-ci illər arası Birləşmiş Ştatlar Ali Məhkəməsinin üzvü olmuşdur. O, barış və sülh qurucusu kimi məhkəmə moderatoru seçilmişdi.
Mark Tven (1835 – 1910)
“ İndiyədək heç kim həqiqətən də bilmir və sübut edə bilməz ki, Ştratfordlu Şekspir heç vaxt öz həyatı boyunca heç bir əsər yazmayıb… Uilyam Şekspirin nəhəng bioqrafiyasını təşkil edən təxminləri qeyd etməli olsam iri həcmli lüğət belə onlara dar gələcək. O, Brontosaurdur - doqquz sümüklü və altı yüz çən paris gipsindən hazırlanmış ”
“ Qəribə deyilmi ki, bütün İngilis, İrland və Şotland məhşurları haqda düşündükdə və onları bir siyahıya aldıqda ilk Tüdorların dövrünə qədər hər şey aydındır - beş yüz addan ibarət bir ad! Və sən bu insanların hər birinin həyatı haqda ən xırda həqiqətləri belə öyrənə bilirsən, tək bir nəfərdən - ən məhşur, ən görkəmli, onların hamısından ən tanınmışı - Şekspirdən başqa! ”
Bu siyahını məhşur elm və ədəbiyyat xadimlərinin adları ilə artırmaq olardı, ancaq yazının bu hissəsində Mark Tvenin fikrindən sonra Şekspirin kimliyini aydınlaşdırmaq yerinə düşərdi. Bir çox kitablarda, dərslikdə şairin avtobioqrafiyası standard şəkildə bu şəkildə verilir:
Vilyam Şekspir 1564-cü il, aprelin 23-də Strartford şəhərində anadan olmuşdur. Atasının əlcəktikən, bəzi mənbələr isə qəssab olduğunu bildirirlər. Ədibin atası Con Şekspir bir müddət Startford şəhərinin bələdiyyə rəisi də işləmişdir.
1571-ci ildə Vilyam yerli qrammatika məktəbində oxumağa başlayır. Burada o, yunan və latın dillərini, məntiq elmini öyrənir. Lakin bizə məlum olmayan səbəblərdən təhsilini davam etdirə bilmir.
1582-ci ildə Şekspir on səkkiz yaşında ikən özündən yeddi yaş böyük olan varlı fermer qızı Anna Heteveylə evlənir. Onların Süzan adlı bir qızı və əkiz oğlanları - Yudif və Hamlet olur.
1586-cı ildə Şekspir Startforddan Londona gedir. Londonda yaşadığı ilk illərdə onun dəqiq nə işlə məşğul olduğu məlum deyil, teatrda müxtəlif işlər gördüyü iddia olunur, daha sonra suflyorluq və aktyorluq etməyə başlayır, lakin aktyor kimi uğur qazana bilmir. Şekspir bədii yaradıcılığa teatrda başlamışdır. İlk əsərini 1590-cı ildə yazmışdır. 1593-cü ildən Şekspir məşhur aktyor Cems Berbecin rəhbərlik etdiyi teatr truppasında həm aktyor, həm də dramaturq kimi çalışır. Bu zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil etdiyi ədəbi məclislərdə iştirak edir. Qraf Sauthemptonun evində Şekspir bir neçə ədib və aktyorla rastlaşır. Bura onun üçün ilk ədəbi məktəb olur. Berbec truppasının üzvləri "Yer kürəsi" ( The Globe) adlı teatr binasının əsasını qoyduqda Şekspir də həmin şirkətdə iştirak edir. Sonradan Şekspirin Stratfordda iki ev və bir parça torpaq sahəsi almaq imkanı da olur. 1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə aşağı zadəgan rütbəsi də alır. Şekspirin şöhrəti artdıqca həm tamaşaçıların, həm də teatr mütəxəssislərinin, alimlərinin nəzərində dramaturq kimi tanınır .
Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər burada yaşayır. O, 1616-cı il aprel ayının 23-də (anadan olduğu gündə), 52 yaşında vəfat etmiş və burada da dəfn olunmuşdur.
Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir.
Bəzi ədiblər dramaturqun həyat hekayəsində müəyyən boşluqlar olduğunu vurğulayırlar, hansı ki, Şekspirin şəxsiyyətini şübhə altına alır və "müəlliflik sualı"nı yaradır. Şekspirin müəlliflik sualı Şekspirdən əlavə başqa birisinin (və ya başqa birilərinin) ona aid əsərlərin yazmış olduğu haqda aparılan mübahisədir. Anti-Stratford tərəfardarları deyirlər ki, Şekspir əsl müəllifin(və ya müəlliflərin) kimliyini gizlətmək üçün istifadə olunan vasitə idi, kim ki, hər hansı səbəbdən özünü ictimaiyyət arasında tanıtmaq istəmirdilər. Baxmayaraq ki, bu fikir geniş ictimai marağa səbəb oldu, çox az Şekspir araşdırmaçıları və ədəbiyyatçılar bunu əlavə fərziyyə kimi qəbul edirlər, əksəriyyəti ya bu iddiaları təkzib edir ya da pisləyirlər.
Şekspirin müəllifliyi ilk dəfə 19-cu əsrin ortalarında, onun indiyə qədər mövcud olmuş ən dahi yazıçı olması haqda fikirlər geniş yayıldıqda sual altına alındı. Şekspirin bioqrafiyası, xüsusilə onun kasıb irsi və qaranlıq həyatı yazıçının poetik ad-sanı və dahilik şöhrəti ilə uzlaşmır və sadəcə ona aid edilmiş əsərlərin onun tərəfindən yazılmadığı şübhəsini yaradır. O vaxtdan bəri yaranmış bu ziddiyyət 80 nəfərin alternativ namizəd kimi irəli çəkilməsinə şərait yaratdı. Alternativ namizədləri dəstəkləyənlər mübahisələrdə öz namizədlərinin daha uyğun olduğunu iddia edirlər, belə ki, Şekspirin təhsilində, aristokratik duyğularında və ya kral sarayı ilə tanışlığında çatışmazlıq olduğunu deyirlər. Şekspir tərəfdarları isə bu iddialara, ədəbiyyata bioqrafik müdaxilə etibarlı ola bilməz və sənədlərlə sübut olunmuş faktların - başlıqlı səhifələrin, dövrünün digər şairləri və tarixçilərin əsərlərində və sənədlərdə adının hallanması - Şekspirin lehinə olması ilə cavab verirlər. Digər alternativ namizədlər haqda heç bir birbaşa sübut mövcud deyil və Şekspirin müəlliflik məsələsi yaşadığı müddətcə və ölümündən əsrlər sonra da şübhə altına alınmamışdı deyərək öz mövqelərindən çıxış edirlər.
Bu cavaba baxmayaraq, hansı səbəbdir ki, müxtəlif sahələrin elm adamları alternativ namizədlər olması iddiasını hələ də davam etdirirlər? Anti-Stratford tərəfdarlarının təqdim etdikləri arqumentlər bəzi səciyyəvi xüsusiyyətlər daşıyır. Onlar Uilyam Şekspiri bir müəllif kimi kənarlaşdırırlar və adətən onun əvəzinə seçilmiş namizədi dəstəkləyən arqumentlər təklif edirlər. Belə ki, əsl müəllifin kimliyinin gizlədilməsini təmin etmək üçün zamanında buna uyğun anlaşmalar olduğunu deyirlər, və buna görədir ki, tarixi sənədlər Şekspirin müəllifliyini dəstəkləyir. Əksər Anti-Stratford tərəfdarları deyirlər ki, Şekspir yaradıcılığında Elizabet və Yakobin məhkəməsi və siyasəti haqda elə geniş bilik sərgilənır ki, bunu yalnız yüksək səviyyələrdə təhsil almış zadəganlar və ya məhkəmə işçiləri yaza bilərdi. Ədəbi məlumatlardan, tənqidi rəylərdən, aktyorluğu haqda qeydlərdən əlavə, Şekspirin xaç suyuna çəkilməsi, evliliyi, ölümü, vergi ödəmələri, borclarını bağlamaq üçün məhkəmə işləri və daşınmaz əmlak sövdələşməsi kimi gündəlik həyati işlərinə aid də müəyyən qeydlər, tarixlər var. Lakin bununla belə heç bir tarixi sənəd onun təhsil almasını sübut etmir, Şekspir tərəfindən yazılmış şəxsi məktub və ya ədəbi əlyazma mövcud deyil, günümüzə qədər gəlib çatmayıb. Skeptiklər bu boşluğu dramaturq və yazıçı kimi qələmə verilən insanın profilinə uyğun olmadığını bildirirlər. Bəzi görkəmli içtimai xadimlər, Volt Vaytmən, Mark Tven, Helen Keller, Henri Ceyms, Siqmund Freyd, Çarli Çaplin, Orson Vels bu arqumentləri Şekspirin müəlliflik sualına qarşı inandırıcı dəlil kimi hesab etmişlər və onların bu açıqlamaları Anti-Stratford tərəfdarlarının mübahisələrində vacib elementlərdir. Şekspirin şəxsi həyatı haqda çox az şey məlumdur və bunu ona qarşı qaldırılmış dolayı sübut kimi istifadə edirlər. Ədibin bioqrafiyasında məlumat çatışmazlığı bəzən hökumət rəsmilərinin əsl müəllifin kimliyini gizlətmək və Şekspir haqda bütün tarixi izləri silmək üçün hazırlanmış cəhd kimi göstərilir ( p.s. bax: Matus İrvin L. 1994, Shakespeare İn Fact). Məsələn, Stratford Qrammatika Məktəbində öyrəncilərin davamiyyətləri haqda sənədlərin çatışmazlığı onunla izah edilir ki, onlar Şekspirin o məktəbə getmədiyi haqda sübutları məhv edə bilərdi.
Şekspir Stratfordda doğulub, orada böyüyüb və orada da basdırılıb, hansı ki, Londondakı karyerası boyunca da elə həmin yerdə təsərrüfat işlərini davam etdirib. Stratford bazar şəhəri idi, Londonun şimal-qərbində yerləşən və 1500 sakini olan, şəhər xırda buynuzlu mal-qara kəsilməsi, satışı, paylanması və yun ticarətinin mərkəzi idi. Anti –Stratford tərəfdarları şəhəri tez-tez mədəniyyəti olmayan bataqlıq kimi təsvir edirlər hansı ki, dahi insanı qidalandıra bilməyən mühit idi və bilavasitə Şekspiri də cahil və savadsız kimi qələmə verirlər. ( bax: Schoenbaum S. 1991, Shakespeare` s Lives, 2nd press, Oxford University Press)
Şekspirin atası, Con Şekspir əlcəktikən idi və daha sonralar şəhər bələdiyyə rəisi işləmişdir. O, Meri Ardenlə, yerli zadəgan qızı ilə evlənir. Hər ikisi öz imzalarını bir işarə ilə qoyurdular və bundan başqa onların heç bir mövcud əlyazmaları olan nümunələr qalmayıb. Bunu tez-tez Şekspirin necə savadsız bir mühitdə böyüdülməsinin göstəricisi kimi qeyd edirlər. Həmçinin Şekspirin iki qızının da savadlı olması haqda heç bir dəlil yoxdur, yalnız iki imza qorunub saxlanılıb ki, yazı təcrübəsi olan əl tərəfindən deyil, Suzanna cızılmış bir imza əvəzi cızma-qaradır, digər qızı Cudit isə hüquqi sənədlərdə imzasını işarə ilə çəkib ( bax: Schoenbaum S, 1987, Shakespeare: A Compact Documentary Life) .
Anti-Stratford tərəfdarları Şekspir yaradıcılığına aid edilən əsərlərin müəllifi üçün Şekspirin irsini uyğun hesab etmirlər, hansı ki, bu əsərlər saray siyasəti və mədəniyyəti ilə yaxından tanışdır və ovçuluq, ov quşlarının bəslənməsi, tennis, çəmənlik bovlinqi kimi dövrünün aristokratlarına məxsus idman növləri ilə tanışlığı da göstərir. ( bax: price,Diana ( 2001) Shakespeare`s Unorthodox Biography. New Evidence of an authorship Problem). Bəziləri isə əsərlərin Con Şekspir və onun oğlu kimi yuxarı vəzifələrə və ya postlara can atan kəslərə qarşı daha aşağı simpatiya göstərdiyini vurğulayırlar və əslində müəllifin qara camaatı məzhəkə və gülünc mənbəyi kimi təsvir etdiyini deyirlər. Kütləvi qara camaatın təhlükəli insan toplusu kimi canlandırıldığı izah edilir.
Şekspirin dövrümüzə qədər gəlib çatmış altı imzası onun savadsızlığına sübüt kimi göstərilir. Şekspirin təhsil almasını sübut edən sənədin olmaması Anti-Stratford tərəfdarlarının arqumentlərinin bir hissəsidir. Stratfordda ödənişsiz Yeni Kral Məktəbi 1553-cü ildə yaradılmışdı və Şekspirin uşaqlıq dövrünü keçirdiyi evdən 0.8 km aralıda idi. Elizabet dövründə qrammatika məktəbləri keyfiyyətinə görə fərqlənirdi, ancaq onların proqramları tamamilə eyni idi, əsas Latınca mətnlər kral dərəcəsilə standartlaşdırılmışdı və məktəb Latın dili və qrammatikası, klassika və ritorika dərslərindən heç bir ödəniş edilmədən ətraflı təhsillə təmin etməli idi. Məktəbin direktoru Tomas Cenkins və təlimatçılar Oksford məzunları idilər. Lakin, həmin dövrə aid heç bir öyrənci siyahısı və ya Şekspirin və ya digər şagirdlərin həmin dövrdə həmin məktəbdə təhsil almaları barədə heç bir sənəd qalmayıb, müəllimlər kimlər idilər, onun sinif yoldaşları və ona dərs deyən müəllimlər kimlər idilər? Bu haqda heç bir sənəd mövcud deyil. Məhz bu sənədlərin çatışmaması əksər Anti-Stratford tərəfdarlarına əsas verir ki, Şekspirin cüzi təhsili olub və ya heç olmayıb! ( bax: Bethell Tom, October 1991, The Case for Oxford ( and Reply))Atlantic Monthly ( 268( 4))
Anti-Stratford tərəfdarları həmçinin təhsili olması barədə heç bir tarixi qeyd olmayan və heç bir ziyalı ailəyə - irsə də malik olmayan birisinin onun adı ilə bağlı əsərlərdə, şeir və poemalarda geniş söz ehtiyatını necə əldə edə bilməsini də sual altına qoyurlar. Müəllifin söz ehtiyyatı 17500- 29000 arası qeyd olunduğu halda, Şekspirdən heç bir məktub, imzalı əlyazma günümüzə qədər gəlib çıxmayıb. ( bax: Nevalainen, Terttu ( 1999) Early English Lexis and Semantics). Şekspirin əsli təsdiqini tapmış altı imzası əlyazma kursivdə yazılıb ( p.s. secretary hand- adlandırılan kursiv əlyazma növü idi, 1700-cü ilə qədər bu cür kursivlər artıq ortadan qaldırılmışdı) və üç imzasında brevioqraflardan istifadə etmişdi ki, öz soyadını qısaltsın ( p.s. breviographs- brevioqraflar ən çox stenoqrafiyada istifadə olunurdu ki, yazını qısaltmaq məqsədilə müəyyən işarələr idi). Şekspirdən günümüzə qədər qalmış imzaların bu cür görünüşü onları " savadsız cızma -qara" kimi xarakterizə etdirir və Şekspiri savadsız və ya qismən savadlı kimi qələmə verir. ( bax: Nelson,2004, p. 164)
Dövrümüzə qədər gəlib çıxmış imzalarında Uilyam Şekspir soyadını əksər Şekspir başlıqlı səhifələrdəki kimi yazmayıb. Onun soyadı hər ikisində, həm ədəbi, həm də qeyri-ədəbi sənədlərdə ziddiyyətli şəkildə fərqli yazılıb. Bu fakt əsərlərin eyni adam tərəfindən yazılmadığına dair sübut kimi götürülür və adın həqiqi müəllifin təxəllüsü olduğu düşünülür.( bax: Barrel,1940, p. 6)
Şekspirin soyadı Şekspir dram əsərlərinin fərdi " Dördlük" nəşrinin 15-ci və 48-ci səhifələrində "Shake-speare" və ya "Shak-spear" kimi defislə yazılımışdır. ( p.s. Quarto - " Dördlük" latınca dörddə bir mənasını verir, bu poliqrafiya terminidir, vərəqin dörddə bir hissəsini bildirir, bir vərəqdə 8 səhifə yerləşirdi, səhifələrin ölçüsü 24,15 × 30,5 sm idi. Bu formatda nəşr edilən kitablar üçün də bu termindən istifadə edilirdi. Şekspirin bəzi dram əsərləri bu formatda olan kitabda nəşr edildiyi üçün Quarto və ya qısaca Q kimi adlandırılır.)
Şekspirin pyeslərinin 16-sı müəllifin adı qeyd olunmadan nəşr olunub, şeirlər toplusunun 5 nəşrindən 2-si İlk Foilodan əvvəl nəşr olunmuşdu ( p.s. foilo- format növü). 15 başlıq səhifələrdə Şekspir adı yuxarıda qeyd olunduğu kimi defislə yazılmışdı. Adının defislə yazılması halı əksər Anti-Stratford tərəfdarları tərəfindən Şekspir soyadının əslində bir təxəllüs olmasının nişanəsi kimi göstərilir, çünki pyeslərdə uydurulmuş adlar da defislə yazılırdı ( "Master Shoe-tie" və "Sir Luckless Woo-all ) və həmçinin dövrünün təxəllüslərindən olan "Tom Tell-truth" da defislə yazılırdı.( p.s. İlk Foilo 1623-cü ildə Şekspirin yoldaşları Con Heminges və Henri Kondel tərəfindən toplanmış və nəşr edilmişdir. Baxmayaraq ki, Şekspirin 18 pyesi 1623-cü ilə qədər Dördlükdə dərc olunmuşdu, İlk Foilo Şekspirin digər 20 əsərlərinin yeganə etibarlı mətn şəklində toplusudur. Perikl- Tir Şahzadəsi( Pericles, The Prince of Tyre), İki Zadəgan Qohum( The Two Noble Kinsmen) və iki itmiş pyeslər : Kardeno ( Cardeno) və Sevginin Gücü ilə Mükafatlanmış ( Love`s Labour’ s Won) pyeslərindən başqa, Foilo Şekspirə aid edilən bütün əsərlərin məcmusudur).
"Şekspir" soyadını təxəllüs kimi götürülməsinin səbəbləri onun əşvəzinə irəli sürülmüş namizədlərin sosial statuslarından da asılıdır. Güman ki, Derbi və Oksford kimi aristokratlar özlərini rüsvayçılıqdan qorumaq üçün bunu etmişdilər, onların yaşadığı dövrdə saray insanının belə bir məşğuliyyəti alicənab akt kimi hesab olunmurdu. Ehtimal olunur ki, onlar Sarayın tənələrindən yayınmaq üçün təxəllüs götürmüşdülər. Bekon respublikaçı üsul –idarəsi təşviqatına, Marlo isə həbs olunmaq və ya edam cəzasından qaçıb yaxa qurtarmaq məqsədilə öz saxta ölümünün ifşa olunmaması üçün bunu edə bilərdi. ( bax: Smith,2008, p. 621)
Anti-Stratford tərəfdarları heç bir sənəd Şekspirin yazıçı olmasını təsdiqləmir deyirlər. Əksinə, sübut edirlər ki, o işadamı karyerasını quraraq daşınmaz əmlak sahəsinə də investisiya qoymuşdu; London teatr sahəsindəki məhşurluğu isə ( ola bilsin ki,əsl müəllifi gizlətmək üçün) teatr səhmlərinə sahib olması idi. Onlar hesab edirlər ki, Şekspirin ədəbi karyerasına dair bütün sübutlar bilərəkdən əsl müəllifin şəxsiyyətini gizlətmək üçün saxtalaşdırılmışdı. ( bax: Shapiro,2010, p.116-117)
Şekspir 23 aprel 1616-cı ildə Stratfordda vəfat edib və vəsiyyətində böyük bir əmlak qoyur. Onun vəsiyyəti ətraflı və detallı sənəddir lakin bu cür xırdalığına qədər yazılmış sənəddə kitablarından, əlyazmalarından, poema və pyeslərindən söz açmır. Şekspir dünyadan köçənə qədər 18 pyesi dərc olunmamış qalırdı, buna baxmayaraq vəsiyyətdə onlar haqda da heç nə yoxdur. ( bax: Price,2001,p. 146-148). Teatrla bağlı yeganə bir vəsiyyət var ki, bu da iş yoldaşları aktyorlara pul mirası idi ki, onlar şairin yasında matəm üzükləri ala bilsinlər, ancaq bu bənd vəsiyyətə yazıldıqdan sonra sətirarası qeyd olunub, hansı ki, həmin mirasın həqiqiliyini şubhə altına alır. Şekspirin ölümü ilə bağlı ictimai matəm haqda heç bir məlumat yoxdur, nə bir şer, nə də heç nə şairin ölümünə həsr edilməyib, yalnız yeddi il sonra İlk Foilo çapdan çıxdı.( bax: Matus,1994,p. 166,266-267)
Stratfordda Şekspirin məzarüstü abidəsi əlində qələm tutaraq təsvir edilib, hansı ki, abidəyə simvolik yazıçı görkəmi verir. Lakin, abidə haqqında ilk məlumat 1656-cı ildə Uilyam Daqdeyl tərəfindən Vorvikşayənin Qədimliyi (Antiquities of Warwickshire) kitabında verilir. Abidənin indiki məzmunundan tamamilə fərqlənir. İlk abidədə əlində taxıl və ya yun torbası tutmuş kişi təsviri imiş, hazırda isə torba qələmlə əvəz olunmuş görünür. Müəlliflik spekulyasiyalarına son qoymaq üçün 1924-cü ildə M.Şpilman abidənin 1748-ci ildə restovrasiyadan öncəki təsvirini yaydı, həmin təsvir indikinə bir qədər oxşayır. ( bax: Price,2001/ Matus.1991) Belə bir fərziyyə var ki, abidəni Şekspirin özünə yox, atasına görə ucaltmışdılar, kim ki yun ticarətində çox mahir idi.
Şekspirin müasirləri aktyorlar və ədiblər öz memuarlarında onun adını çəkirlər, o uğursuz aktyordur, lakin gözəl və vicdanlı insandır deyirlər, ümumiyyətlə Şekspirin insani keyfiyyətlərini gözəl təsvir etmişdilər.
Şekspirin həyatına nəzər yetirdikcə ortaya çoxlu qaranlıq məqamlarla bağlı suallar çıxır. Oxucunu yormamaq şərtilə bu sualları daha da uzatmıram. Şekspir həyat yoldaşını,evini niyə tərk etdi? Onun və atasının Stratfordda ailə gəlirləri yaxşı idi, nə vadar etdi ki, o bütün gəncliyini Londonda keçirsin? Baxmayaraq, Stratfordda sərmayə qoyurdu bəs ailəsinə niyə yaxın deyildi? Bu kimi suallar mövcuddur. Lakin mövzu məhz müəlliflik olduğu üçün yenidən əsas mövzuya qayıdıram. Ortaya müəyyən suallar qoyuldu, kifayət qədər ciddi təhlillər tələb edən suallardır və onların araşdırılması yuxarıda qeyd etdiyim kimi, bir çox alimlərin, ədəbiyyatşünasların uzun illər axtarışlarına səbəb olub. Əgər Şekspir yazmayıbsa, bəs o zaman əsərlərin gerçək müəllifləri kimdir? Və ya kimlərdir? Daha dəqiq yanaşsam, kimin əsl müəllif olduğu ehtimal olunur? Yazının əvvəlində qeyd etmişdim ki, Anti-Stratford tərəfdarları 80-nə yaxın namizədi irəli sürürlər, lakin bunlardan üç nəfər ilk yerləri tutur və daha məntiqli görünürlər. Bu ehtimal olunan müəlliflər kimlərdir, ardıcıllıqla onlarla tanış olaq.
Fransis Bekon- Yakobinlər İngiltərəsinin ən dahi zəkası, hüquqşünas, filosof, yazıçı və alim. İlk dəfə Uilyam Henri Smit 1856-cı ildə F.Bekonu müəllif kimi irəli sürüb. O, Bekonun “ Poeziya uydurma tarixçədən başqa bir şey deyil “ sətirini Şekspirin “Ən doğru poeziya ən çox uydurulmuşudur “ sətiri ilə uyğunluğunu tapır və müəlliflərin işlətdikləri digər kəlamlardakı uyğunluğu da aşkara çıxarmışdır. Bundan az sonra Delia Bekon pyeslərdəki siyasi mənalar gizləndiyini əminliklə söyləyir və Bekonun ideyaları və işləri ilə paralel olduğunu bəyan edir. Daha sonralar Bekon və Şekspir tərəfindən yazılan fikirlərin ,aforizmlərin və ifadələrin arasında 4400 paralel oxşarlıq tapılır. Anti-Stratford tərəfdarları deyirlər ki, Bekon respublikaçı idi və monarxiyaya qarşı durmaq istəyirdi, buna görə də öz fikirlərini içtimaiyyətə səhnə vasitəsilə yaymaq istəyirdi.( bax: Halliday,1957, p. 174) Şekspirin əsərlərində hüquqi biliklərin nümayişini Bekonun adı ilə bağlayırlar, çünki Bekon 1596-cı ildə Kraliçanın Hüquq Məsləhitçisi və Baş Prokuror təyin edilir. Bekona həmçinin əyləncə tədbirləri üçün nitq yazdığına gorə də pul verilirmiş. Ancaq Bekonun adına heç bir pyes məlum deyil. Görünür həm Kral taxt-tacında qulluq etmək həm də Monarxiyaya qarşı durmaq Bekon üçün çətin olduğuna görə o başqa biriinin adindan istifadə edib öz inqilabçı-respublikaçı ideyalarını səhnə vasitəsilə xalqa yeridirmiş. Anti-Stratford tərəfdarları belə düşünürlər.
Edvard de Vere, 17-ci Qraf Oksford- 1920-ci illərin əvvəllərindən Edvard de Vere, 17-ci Qraf Oksford aparıcı namizədlərdən biridir. O da atası və babası kimi aktyor truppalarına himayədarlıq edirmiş. Oksford mühüm saray şairi idi, onun şeiriyyatı ilə bağlı qeydlər qaldığı halda, heç bir pyesi haqda məlumat yoxdur.
Oksford ədəbiyyata və teatra vurğunluğu ilə tanınırdı. 1564-1599-cu illər arasında Artur Qolding, Con Lili, Robert Qrin, Entoni Mandey kimi müəlliflərin 33-ə yaxın əsərləri ona həsr olunmuşdu. ( bax: May,1980,p.8) 1583-cü ildə O Bləkfriar teatrını kirayə götürür və onu şair-dramaturq Liliyə verir ki, o idarə etsin, lakin teatrın kirayə və digər xərclərini Oksford çəkirdi.
Oksfordun həmin dövrün teatrları və dramaturqları ilə yaxından tanışlığı, onun Şekspirin ölümündən sonra İlk Foilonu ( p.s. ilk dəfə olaraq Şekspirin bütün əsərlərini bir yerə tolanması) çap etdirən insanlarla qohumluq əlaqələrinin olması, 1-ci Elizaveta əlaqələri, saray həyatı ilə yaxından tanışlığı, şəxsi müəllimləri, təhsili, Şekspirin pyeslərindəki Fransa və İtaliyada baş verən yerlərə səyahətləri( hansı ki, Şekspir özü heç vaxt o yerlərdə olmamışdı) kimi sübutlar əsas verir ki, Anti-Stratford tərəfdarları onu əsl müəllif kimi irəli çəksinlər. ( bax: Bethell, 1991) İlk dəfə bu fərziyyə 1920-ci ildə orta məktəb müəllimi Tomas Luninin ağlına gəlir, O, Şekspirin əsərlərində, xüsusilə Hamlet əsərində Oksfordla oxşar xüsusiyətlər tapır, qraf Oksfordun şəxsi keyfiyyətləri, maraqları sanki əsərlə eyniləşirdi. Onun “Shakespeare Identified” ( Şekspirin Şəxsiyyəti Aydınlaşdı) kitabı 1920-ci ildə nəşr olunduqdan sonra əsl müəllifin Oksford olması haqda mülahizələr daha da genişləndi. Bəs, Oksford niyə müəllifliyini gizlətmək məcburiyyətində idi? Güman edilir ki, Oksford aristokratların səhnə üçün yazılarına qadağa qoyulmasına görə çəkinirdi ( Stigma of Print konvensiyası) ( bax: Bethell,1991). Qrafın özünün də şəxsi həyatında xoşagəlməz hallar, cinayət, saray intriqaları və bunlarla bağlı məhkəmə işlərinin olması onu müəllif kimi ictimaiyyətdən gizli qalmasına səbəb ola bilərdi.
Kristofer Marlo-Marlonun da atası Şekspirin atası ilə eyni sosial statusu paylaşırdı və onlar yaşıd idilər. Marlo Şekspirdən iki ay böyük idi, ancaq Şekspirdən fərqli olaraq təhsil almışdı, o Kembric Universitetinin məzunu idi.
Elizaveta dövründə dram əsərlərinə qafiyəsiz şeirdən istifadəni ilk dəfə o gətirmişdi və onun işləri qısa zamanda məhşurluq əldə etdi. Marlonun Şekspirə təsiri böyük olmuşdu. ( bax: Loqan,2007) Yazdığı yeddi pyesdən beşi və ya altısı 1593-cü ilə qədər artıq səhnələşdirilmişdi.
Marlo 1593-cü ildə ölür, onun ölməsi 30 May 1593-cü ildə sənədləşdirilir. Lakin, burda bir fakt var, Marlonun ölümü saxtalaşdırılıb. Tomas Ualsinqamın və digər yoldaşlarının Marlonun ölümünü saxtalaşdırdıqları güman edilir, çünki Marlonu qarşıda məhkəmə gözləyirdi və ola bilsin ki, ateizmi yaydığına, təbliğ etdiyinə görə ölüm hökmü veriləcəkdi.(bax: Schoenbaum,1991). Bu fərziyyəyə görə Şekspir Marlonun təmsilçisi kimi seçilir, hansı ki, gözəl pyeslər yazmağa davam edirdi. ( bax: Bate,1998,p.132)
Ədəbiyyatçılar və çox geniş olan bu mövzu üzərində araşdırma aparanların Marlonun fikirləri, cəmiyyətə gizli şəkildə ötürmək istədiyi fikirlərin eyhamlarını Şekspirin əsərlərində görürlər.
Şekspirin müəllifliyinə şübhəni və bu haqda geniş, ətraflı nəzəriyyəni ilk dəfə Delya Bekon adlı xanım yazıçı gündəmə gətirdi. Ondan öncə Jozef Hart əsərlərin bir neçə müəllif tərəfindən yazıldığını güman etmişdi, dörd ildən sonra təxminən eyni məzmunlu yazını Dr. Robert Ceymson Şekspiri kim yazmışdı? başlıqlı məqaləsini Çembers Edinburq Jurnalında dərc etdirir. Bundan sonra Deyla Bekon İngiltərə boyunca geniş axtarışlarına başlayır.
Bu qədər araşdırmanı oxuduqdan və tərcüməsilə məşğul olduqdan sonra bir sual yaranır. Maraqlı burasıdır ki, Şekspir Stratfordda heç nə yazmamışdı, gənckən bu şəhəri tərk edir və yaşlı ikən geri qayıdır, lakin bu şəhərdə yaşadığı müddətdə heç nə yazmır,sanki onun yaradıcılığının ilham pərisi Stratfoddun yolunu tanımırmış. Kinayəli də olsa belə deyək, Şekspiri dahi adlandırırlar, bəs bu dahi niyə öz izini, daha doğrusu ədəbi izini, Stratfordda qoya bilməyib?!
İngiliscədən çevirdi: Aygün Qurbanlı
Kultura.az