post-title

Biz nə haydayıq?

Keyfimiz kökdür. Şəhərimizdə hər axşam “axır çərşənbə”lər vaqe olmaqdadır. Görünür ki, bu “axır çərşənbə”lər camaatımızın çox xoşuna gəlir. Zira güllələr açılan kimi xalq “sevindiyindən” bilmir nə qayırsın; biri ora qaçır, biri bura qaçır, adam adama dəyir, arvad uşağa qarışır, uşaq ayaq altında qalır. Faytonçular da şəhərimizin dar və çirkin küçələrində “iskaçka” qururlar. Bir mərəkə olur ki, gəl tamaşa elə.

 
 
Qərəz, yaxşı dolanırıq, şikayətə ehtiyacımız yoxdur. Lakin bircə o pisdir ki, hər “axır çərşənbə”lərin səhərisi baxıb görürsən ki, küçədə tüllab cümləsindən birisinin “hazaəma və dəllah və rəsuluhu” səsi eşidilib, ürəyi naziklərin qəlbini dərd və ələmlə doldurur. Bu bir az yaxşı deyil, yaxşı deyil o səbəbə ki, çox cavanlarımıza ağır təsir edib, binəvaları bədbinlər cərgəsinə salır. Bədbin cavanlarımız da bir güşədə oturub, kamali-yas vəkədərlə millətdən şikayət edir və deyirlər:
 
“Dərdimi dağa desəm, dağ əriyər,
Şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər”
 
 Görürsən, allah, xalq nə haydadır, biz nə haydayıq?! Hansı bir işimizə baxsan, görərsən ki, sairlərinkinə bərəksdir. Xalq deyir ki, bu halda hər millətin içində ittifaq və ittihad etmək, bir yerdə iş görmək lazımdır. Odur ki, biz millət ittifaq və ittihadla iş görürük.
 
Amma biz deyirik: Xeyr, bu halda nifaq, təzad, xüsumət və düşmənçilik lazımdır. Odur ki, biz millət bir-birimizi öldürüb, düşmənçilik davamına səy edirik…
 
Xalqın ruhaniləri millətlə bir yerdə çalışıb qəzetlər nəşr edir və deyirlər: “Dur, ey yatmış, sübhdür!”
 
Amma bizim ruhanilərimiz qəzetçilərə lənət oxuyub, millətimizə deyir: “Yatın, ey durmuşlar, hələ günortaya çox qalıbdır!!”
 
Xalqın əyan və əşrafı, xan və bəyi millətin qeydinə qalıb deyir: “Qorxma, ey millət! Bir-birimizə arxa olub, özümüzü zillətdən səadətə çıxardarıq. Sizdən də himmət, bizdən də himmət, çalışalım!”.
 
Amma bizim əyan və əşrafımız, xan və bəylərimiz həlakət dibinə atılmış millətin içində nicat üçün bir qədər səy və təlaş görüb deyirlər: heç nə, evimiz yıxıldı! İş belə getsə, daha burada bizim “şəltəmiz işləməz!”Ona görə, ey millət, sizdən baş yuxarı qalxızmaq, bizdən başınızdan aşağı basmaq, vuruşalım!”
 
Xalqın Dövlət dumasına gedən vəkili millət ilə əlvida edib deyir: “Ey millət, sizə hürriyyət qazanmaq üçün can qurban edəcəyik! Özüm müzəffər gəlməsəm, məğlub nəşimi vətənə göndərərlər. Bir ciddi şey məni qəmgin edir ki, sizdən ayrılıram!”.
 
Bizim Dövlət dumasına gedən vəkil gecə əhli-əyalını başına yığıb deyir ki, neçə görürsünüz məni?! Gedib Peterburqda vəzir-vüzəra ilə həmsöhbət olacağam. Adımı qəzetlərdə yazıb, məni hər yerdə tərif edəcəklər; onda görün Peterburqdan sizə nə qəşəng şeylər alıb gətirəcəyəm. Bir o məni sevindirir ki, bu vəhşi, qanmaz, rus demişkən “dikiy, nekulturnıy” adamların üzündən qurtarıb Peterburq kimi abrazovannı yerə gedirəm!
 
Xalqın kişiləri bir-birinə mədəd yetirib dövlətli kasıba, qüvvətli zəifə, elmli elmsizə arxa olub deyir: “belə olmasa, işimiz düz gətirməz, yox olarıq!”.
 
Bizim kişilərimiz bir-birinin ayağından çəkib, dövlətli kasıbın, qüvvətli zəifin, elmli elmsizin üstünə minib deyir: mənə belə xoşdur, altda qalanın canı çıxsın!”.
 
Xalqın arvadları ərlərini, oğullarını ürəkləndirib deyirlər: “Gedin məni düşməndən müdafiə edib, candan-başdan keçin!”.
 
Amma bizim arvadlar ərlərinə, oğullarına əyilib deyirlər: “Qoy xalq bir-birini qırsın, aləm tələf olsun, təki sizə bir şey olmasın!” Və i.a….
 
***
 
Lakin bədbin cavanlarımız şikaytətlərlə ürəyimizi xarab etməsinlər. İstəsək bizim də ittifaqımız olar, istəsək bizim də işlərimiz düzələr. İstəsək biz də sairlər kimi səadətə meyl edərik, istəsək biz də axırda məsul olarıq. İstəsək biz də bunların hamısını istərik. İstəsə… Və bir də məxfi qalmasın ki, istəməyə qalsa, nə var?! Bu bir çox çətin şey deyil; istə, vəssalam!.
 
Üzeyir Hacıbəyli
 
Kultura.az
Yuxarı