post-title

Yusif Vəzir Çəmənzəminli “Studentlər”romanı

Müsabiqə üçün yazı

 
 
“Molla Nəsrəddin” jurnalı ilə ədəbiyyata gələn ədiblərimizdən də biri Yusif Vəzir Çəmənzəminlidir. Əsasən, “Çəmənzəminli” imzası ilə yazıb yaradan Yusif “Sərsəm”, “Mir Yusif Vəzirov” imzaları ilə də yazılar çap etdirib. Məmməd Arif onu “xırda burjua yazıçıları sırasında yetişən sənətkar” adlandırıb. Y. V. Çəmənzəminlinin yaradıcılığında təkcə “Studentlər” romanının altından xətt çəkib ön plana çıxarsaq, kifayət edər ki, onun bilik və dünyagörüşünə bələd olaq.
 
Y. V. Çəmənzəminli təkcə əsər yazmayıb, bir tarix yaradıb, o tarix ki, onda həm adət-ənənələrimiz, həm millət olaraq mənfi və müsbət keyfiyyətlərimiz yer alıb. Əsərdə tarixi faktlar da öz əksini tapıb, dinə,millətçiliyə münasibət,bu münasibətdən doğan fəsadlar və nəticələrə də işıq salınıb.
 
Əsərin ön sözündə Y.V.Çəmənzəminli qeyd edib:
"Bu mülahizələri nəzərdən keçirərək "Studentlər"i oxuyan gənclər tarixə qarışmış bir həyatı təsvir etmiş müəllifə, bir az da olsa, haqq verərlər zənnindəyəm".
 
Həqiqətən də, müəllif bu əsər ilə nəinki tarixə qarışmış bir həyatı təsvir etməklə kifayətlənib, həm də möhtəşəm bir roman yaratmışdır.
 
Rüstəmbəy və Çəmənzəminli oxşarlığı...
 
Əsəri oxuduqca Rüstəm bəydə Çəmənzəminlinin özünü görürük.
Onun dinə münasibəti birmənalı deyil. Rüstəm bəy deyir:"Din axtarmaq işsizlik əlamətidir". Rüstəmbəy hər bir geriliyi dinin fəsadı hesab edirdi. Uşaq olarkən atası Alışbəyin səmimi ibadəti onun ürəyində dindar hislər oyatmışdır. Qardaşı Səmədbəy isə hər zaman qardaşının ibadətinə lağ ilə yanaşardı. Bu isə Rüstəmbəydə qəzəb yaradardı. Lakin bu qəzəb sonradan Rüstəmbəyin özünüdərkinə gətirib çıxarır. Qardaşının "Allah bütövdür...Ondan ayrı bir şey yoxdur,sən niyə özünü Allahdan ayırırsan" istehzası onu həyata fəlsəfi baxışlarla baxmağa sövq edir. Əsər boyunca bir çox məqamlarda Rüstəm bəyin yoldaşları ilə din məsələlərində müzakirəsini görürük. Bu dialoqlarında istisnasız olaraq dinin əleyhinə gedən bir şəxs kimi çıxış edir. Y.V.Çəmənzəminlinin həyat tarixçəsinə nəzər yetirsək, bu epizodu orada da görə bilərik.
       
Sevgi məsələlərində də Rüstəmbəydə tərəddüd var. Əsər boyu Rüstəmbəyin sevgi duyğuları da tez-tez dəyişir. Sofya, Zina, Tatyana, Musya ilə münasibətlərdə qətiyyətsizliyi üzə çıxır. Bundan çıxış yolunu çıxıb getməkdə görür. Çəmənzəminlinin sevgiyə baxışı da bu cür tərəddüdlü idi. Müəllif əsəri Rüstəmbəyin Musyadan ayrılması ilə bitirir. Hətta Rüstəmbəy bu ayrılıqdan zərrə qədər də mütəəssir olmur, əksinə, çox sevinir.
 
Millətin "Münəvvər qızları"  
      
Əsərdə Kiyevdə təhsil alan türk qızları ilə də tanış oluruq. O dövrdə millli adət- ənənələrimizi bayraq edib, mentalitetə sığınıb  qızlarını dörd divar  arasında böyüdərək həddi-büluğa çatdıran və ərə verənlərin olduğu bir məmləkətdə qız övladlarını oxutduranların mövcudluğu alqışalayiq hadisələrdən idi. Həmin qızlar müəllifin təxəyyül məhsulu yox, həyatdakıların proobrazı idi. Həmin proobrazları müəyyənləşdirmək üçün yazıçının zəngin arxiv materialları var. Romanda "millət qızı"ı kimi tanınan Fatma xanım Kiyevdə təhsil alan Sona xanım Axundovanın proobrazıdır. Firidun bəy Qoridən Kiyev studentlərinə təşəkkür məktubunda hər ikisinin - Yusif Vəzirin də, Sona xanımın da adını çəkib. 
       
Əsərdə əvvəlcə sakit, sonra isə öz fikirlərini açıq, çəkinmədən söyləyən Sayad bacı da Kiyevdə Y.Vəzirlə bir yerdə oxuyub.
 
100 ildir dəyişməyən "həqiqətlər"
      
Əsərin bir hissəsində tələbələr məclisi təsvir olunub. Yazıçı bu məclis ilə sanki Azərbaycannın siyasi vəziyyətini göstərmək üçün azərbaycanlıların öndəgedənlərini bir yerə toplayaraq təkcə öz dövrünün deyil, sanki gələcəyin adamlarını da qələmə alıb. Hamı  növbə ilə durub söz istəyir. Hərə durub gah öz ağlından, gah da yalanından çıxış edərək nitq söyləyir. Kimi "yazıq millət"dən danışır, kimi isə xalqı oyatmağın yollarını axtarır. Süni danışıqlardan bezən Rüstəmbəy tamadadan söz istəyir. Sonda nitqini "Qədəhimizi götürək və islah olmamızı diləmək şərəfinə içək. Şəxsiyyətimiz islah olunmasa, doğruluğu dərk eləməyə müqtədir olmaz və millətin qeydinə də qala bilmərik. Yaşasın islah olunmuş şəxslər! Sağ olsun qəlblərində həqiqət atəşi yananlar! Yox olsun saxtakarlar!" cümlələri ilə bitirir.  Tamada isə nitqin nə qədər yersiz olduğunu Rüstəmbəyə bildirir. Bu nyuans ilə yazıçı  "ziyalı" adlanan təbəqə məclisində belə Rüstəmbəy kimi şəxsiyyətlərin susdurulduğunu nəzərə çatdırır. Rüstəmbəyi etinasızlıq, cəmiyyət  tərəfindən qəbul edilməməsi çox təsirləndirir. Özünü hər şeydən təcrid olunmuş hiss edir. Onun bədbəxtliyi də bunda idi. Əslində, o sağlığı Çəmənzəminli özü deyirdi, lakin Rüstəmbəyin nitqi ilə... O nitq ki, millətin sağlığına deyilmişdi, indi də məclislərdə "tost" olaraq deyilsə, yenə də yerinə düşər. O dövrdən bu günə kimi dəyişən nə olub? Dəyişən təqvim tarixidir, bir də ki, bu psixologiyaların rüşeym halında inkişafı... O "inkişaf" ki, cəmiyyətdə xaos yaradır. Cırtdan kimi it səsindən qorxub, işıq gələn tərəfə gedib "div"lərlə qarşılaşırıq.
     
Televizorda "ermənilər acından ölür" cümləsini eşidir, onların ağır iqtisadi vəziyyətini göstərən xəbərləri görürük.Sən demə, müharibə dövründə qarşı cəbhəni aclıqda ittiham etmək köhnə bir siyasət qalığı, politika, psixoloji təzyiqdir. Zina ilə baytarın dialoqunda bunun əyani sübutunu görürük. Baytarın "Almanlar  acından ölür" fikrinə Zinanın "Aclığa gəldikdə,bizdə də başlamaqdadır" cavabı onu hiddətləndirir. Baytar bunu təqzib etmək üçün müxtəlif bəhanələr gətirir, "Rusiyada aclıq yoxdur,intizamsızlıq var", deməklə aclıq və səfalətə müxtəlif donlar geydirir.
     
Haqlarını tələb edən, yeni quruluş istəyən gənclər 100 il bundan əvvəl də eyni qaydada həbs olunurmuş. Rüstəmbəyin nitqindəki bir cümlədə bunu görürük "...əvvəl həbsinizə başqa rənglər verirdilər".
    
Qorxaqların da nitqi 100 ildir dəyişməyib. Bu məqam da Rüstəmbəyin nitqi ilə verilib: " (G.A-İstintaqda) Biri hətta demiş: Biz ata-babadan taxta qarşı sədaqət göstərmişik. Mən də müti olacağıma söz verirəm". 
     
100 ildir valideynlərin də tövsiyəsi dəyişmək bilmir. Mirzə Səməd oğlu Həsənə ata tövsiyəsi verəndə nəsihət etmişdi ki, başını sal aşağı,siyasi işə qarışma...O dövr bu dövrdür ki, Mirzə Səmədlərin nəsihəti nəsihət olaraq da qalır.
       
Yazıçı, xalqlar arasında olan düşmənçiliyi bəzən gizli, bəzən açıq halda qələmə alıb. Azərbaycanlı və erməni tələbələr arasında olan bəzi söhbətlərdə nifrət,düşmənçilik hislərini sezmək olar. Vaqonda rus ilə ukraynalı arasında gedən bir dialoqda onların da düşmənçiliyini görə bilərik. Ruslardan biri istehza ilə "Ukrayna"nı məmləkətin kənarındakı torpaq adlandıraraq dövlət kimi tanımadığını söyləyir. Bu sözlərdən hirslənən ukraynalı isə özlərini mədəniyyətdə rusların "ata"sı adlandırır. 100 ildir ki, bu düşmənçilik nəsildən-nəslə, qandan-qana keçir sanki...
   
Psixologizm və fəlsəfə...
      
Çəmənzəminli o sənətkarlardan idi ki, cəmiyyətin əksikliklərinin səbəblərini aydın görə bilirdi. Hər bir hadisənin səbəb və nəticəsini dialoqlarda verib. Bir gün Tatyana ilə Rüstəmbəy yol gedərkən qarşılarında "Yaşasın hürriyyət" bağıran bir qrup soldat(G.A-əsgər) görürlər. Tatyana onları "hürriyyət sözünün mənasını anlamayan axmaqlar" adlandırır.  Onları zadəganlar üçün vurub yıxmaqda iddiham edir. Rüstəmbəy isə bunun səbəbini zadəgan zehniyyətində görür. Psixologizmi ədəbiyyata Mirzə Cəlil gətirsə də, yüksək zirvələrə qaldıran Y. Vəzir olmuşdur. İnsan psixologiyasını yaxşı bilən yazıçı psixologizmdən məharətlə obrazların danışığında, davranışında da istifadə edib. Yazıçı bəzi pedaqoji və psixoloji nəzəriyyələrə əsaslanıb, obrazların daxili keyfiyyətinin səbəblərini də verirdi. Məsələn, Bəhramın qazanc yollarını tez tapmağının səbəbini  tacir ailəsinə mənsub olmasında görürdü. O hesab edirdi ki, qandan gələn vərdiş və istedadı hər hansı təhsil dəyişdirə bilməz. Bu gün ticarət ilə öz vəzifəsini tutan dövlət adamları da bəhramların törəmələridir.
       
Y.Vəzir əsərin müəyyən hissələrində fəlsəfi fikirlərini də verir. Əsərin sonunda o, Rüstəmbəyi hissi ağıldan üstün tutması məsələsi ilə Freydizm cərəyanı konsepsiyasına yaxınlaşdırır.
      
“Studentlər” romanını oxuyanda adama elə gəlir ki,Y.V.Çəmənzəminli bizim dövrün adamıdır, bizim dövrdən yazıb. Ya dövran təkrarlanır, ya da biz yerimizdə addımlayırıq. Hər bir halda Çəmənzəminli uzaqgörən, dünyagörmüş yazıçı idi. Belə bir hekayə oxumuşdum: «Şəhərə bir fil gətirilmişdir. Onu şəhərin küçələrinə çıxarmazdan əvvəl qaranlıq bir tikintidə yerləşdirirlər. Fili tez görmək istəyənlər ona əlləri ilə toxunurlar. Filin xortumuna toxunan səsləndi ki, fil su borusuna oxşayır. Bu anda filin qulağına əlini gəzdirən qadın səsləndi ki, fil milçək qovan yelliyə bənzəyir. Digəri filin ayağına toxunub, dedi ki, fil sadəcə sütundur. Filin belinə əl gəzdirən kişi isə səsləndi ki, fil şahın taxtına bənzəyir. Qaranlıqda filə öz əlini vuran neçə adam olsa, o qədər də müxtəlif rəylər söylənəcəkdir». Mən "Studentlər" romanını bu filə bənzədirəm. Çoxlarımız bu roman haqqında cızma-qaralar etdik. Yusif Vəzir Çəmənzəminli bir xəzinə qoyub gedib. Böyük  yaradıcılıqdan bir əsəri götürüb təhlil etmək qaranlıqda filə baxmağa bənzəyir. Mən də bu "fil"in təkcə sütunundan yazdım.
 
Gülnar Axundova  
Kultura.az
 
Yuxarı