post-title

“Studentlər” romanı haqqında resenziya

“Studentlər” əsərinə resenziya yazmaqda məqsədim sizi əsərin qısa məzmunu ilə tanış etmək deyil. Fikrimcə əsərdə olan mesajları diqqətə çatdırmaqla digər insanlarda əsərə olan marağı artırmaq olar. Qısa məzmun çətin ki, kimisə qane edə və bu əsəri oxumağa sövq edə.

 
“Tolstoy demək, çar idarəsinə qarşı ümumi bir etiraz demək idi”. Müəllif bununla demək istəyir ki, yazıçılar xalqın gələcəyi üçün, onun firəvan yaşaması üçün hökümətə qarşı bir etirazçı qismində çıxış etməlidir, onun səhvlərini ortaya çıxarmalı və tənqid etməlidir. Təəssüflər olsun ki, müasir dövrümüzdə yazıçılar bu funksiyalarını itirmişlər. İndiki dövrümüzdə “Tolstoy” demək “çar idarəsinə” “Sevgi” kimi başa düşülür. Gəmini son olaraq kapitan tərk edir. Bir xalqın çətin vəziyyətində onu tərk edə biləcək ən sonuncu şəxslər yazıçılar olmalıdır.
 
Müəllif əsərdə millət problemini qabartmışdır. Özünə, yəni millətinə müsəlman deyən insanların savadlanması, onların öz milli kimliyini dərk etməsini arzu edir Y.V.Çəmənzəminli. Bu problemə Mirzə Cəlilin “Azərbaycan” məqaləsində də rast gəlmək olar.  Milli kimliyini tanımayanlar heç vaxt bir məqsəd bir amal uğrunda birləşə bilməzlər.
 
“Saya bir qəpik verməzlər, mədəniyyətdən danış...”. Müəllif burada mədəniyyət amilini ön plana çəkir və oxucularına bildirir ki, mədəniyyəti olmayan xalqın heç nəyi ola bilməz. Mədəniyyətsiz, kitab oxumayan, elmlə maraqlanmayan toplumu məhv gözləyir. Eyni çalarlara Hüseyn Cavidin “İblis” əsərində də rast gəlmək olar, hansında ki, dahi dramaturq Turana qılıncdan da kəskin qüvvətin mədəniyyət olmasını qeyd edir.
 
“Həsən çar rəsminin altında dünyaya gəlmişdi, onun qarşısında böyümüşdü...” Qafqazlılar arasında şəxsiyyətə pərəstiş Çar Rusiyası dövründə də olmuşdu. İnsanlar qabağa getmək üçün yaltaqlığı sanki özləri üçün bir “peşə” seçmişdilər. Hər yerdə rəsm, hər yerdə şəxsiyyətə pərəstiş “Stalinizm dövrü” ilə və təbii ki, Corc Oruelin “1984” əsərindəki “Böyük qardaş sizə baxır” psixologiyası səsləşir. Bu pis psixologiya özünü uşaqların təlim-tərbiyəsində də göstərmiş və müasir dövrüməzə qədər də onların genindən yan keçməmişdir. İnsanlar “Padşahla, padşahlıq etmək olmaz” prinsipi ilə yaşayır, daima susurdular. Bu “Hər hansısa məsələdə haqlı olmaq təhlükəlidir, əgər bu məsələdə dövlət səhvdirsə” deyimi ilə səsləşir. Müasir dövrümüzdə isə bu ifadə “dövlətlə dövlətçilik etmək olmaz” kimi səslənir. Sürü psixologiyası bu əsərdə yazıçının önə çəkmək istədiyi ən mühüm mesajlardan biridir. “Yəhudi ilə nə əlaqən var? Bəlkə onlar qarışıqlıq istəyir, biz istəmirik” deməklə xalqımızın etiraza olan qorxusunu görmək olar. Bu sürü psixologiyası artıq hamının beyninə yeriyib, heç kim düz söz danışmaq, etiraz etmək, öz fikirlərini bildirmək istəmir və bu da həmin dövrdə bizim xalqın yəhudilər ilə olan fərqini açıq-aşkar ortaya qoyur. Etirazkar, sözünü deyən yəhudi xalqının bugünkü tərəqqəsi təbii ki, onların babalarının miras qoyduğu bir nemətdir ki, indidə ondan yararlanırlar.
 
Yazıçının daha çox qabartdığı məsələlərdən biri də din mövzusudur. Rüstəmbəyin timsalında aydın olur ki, o, dinə qarşı müsbət münasibət bəsləmir, onu gerilik və cahillik sayır. Digər inkişaf etmiş xalqları nümunə göstərməklə, insanlara dindən aralanmağı və mədəniyyət, elm, təhsil və maarif kimi bəşəri dəyərləri aşılayır. O, çox təssüflənir ki, bizdə dinlə mübarizə getdiyi halda, digər xalqlarda məsəlçün polyaklarda, inkişaf dinlə yanaşı gedir və orada dini mübarizə yoxdur. Xalqımızı geridə saxlayan amil, dindarlar və dinsizlər arasında olan mübarizədir. Xalq bunu bir kənara qoymalı, inkişafı üçün gələcəyə doğru addım atmalı və çalışmalıdır. Nə qədər ki, ortada bu yersiz mübarizə olacaq, xalqımız nəinki öz yerində sayacaq hətta geriyə doğru gedəcək. “Zənnimcə dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər” sözləri ilə müəllif ucalığı insanların firəvan həyatında görür. İnsana rahat və xoşbəxt həyat lazımdır. Dinlə mübarizə, dini problem olan yerdə heç vaxt xoşbəxtçilik ola bilməz və insanlar elədiyi hər kiçik hərəkəti belə ölçüb-biçməlidirlər, əks halda onların həyatı və yaşayışı yaxşı ola bilməz. Müəllif bu məsələni Rüstəmbəyin timsalında canlandırır. Onun fikrincə, ən həqiqi mömünlük dindar və ya molla olmaq yox, həyatı sevmək, onu yüngülləşdirməkdir. “Dinə təzə demək olmaz, din həmişə köhnədir” deməklə müəllif dinə olan etirazını, sanki onun köhnəlik ilə sinonim olmasını ön plana çəkmiş, irəliyə, gələcəyə getmək üçün bu yükü qırağa atmağı məsləhət görmüşdür. “Dinlərin hamısı tərəqqiyə ziddir” deməklə bu göstərilir ki,  tərəqqinin əsas formulasında dinə yer yoxdur. Din tərəqqini geriyə doğru çəkir, xalqın cahil qalmasına şərait yaradır. “Deməli avam müsəlmanları atəşə soxmaq istəyirlər” deməklə müəllif dinə yaxın olan insanların necə geridə qalmış, avam, elmsiz olmasını göstərir. Elmli, mədəniyyətli olan xalq heç vaxt avam ola bilməz, heç kim onu idarə edə bilməz, buna misal olaraq polyaklar çəkilir, hansılar əsərdə göstərildiyi kimi, Çar əsarətinə baxmayaraq öz mədəniyyətləri, elmləri və dilləri ilə fəxr edir, ruslara yuxarıdan aşağı baxırlar. Bizdə isə əksinədir. Geridə qaldığımız üçün təskinliyi rus dilini öyrənməkdə, bununla da dünya mədəniyyyətinə olan qapını açmaqda görürük halbuki bununla da yanaşı doğma dilimizdə bu qapını öz xalqımız üçün açmağa heç cəhd göstərmirik. Bu Sabirin “yatmışları razı deyiləm kimsə oyatsın, tək-tək ayılan varsa da həq dadıma çatsın” misraları ilə səsləşir. Mədəniyyətə sahib olan xalqımızın çox az nümayəndələrini digər insanların inkişafı düşündürür. Belə insanlardan biri də millət sevgisi ilə alışıb yanan Rüstəmbəydir.
 
Millət demişkən əsərdə olan milli problemləri də ön plana çəkmək lazımdır. Burada yazıçı bir çox mesajları bildirməklə erməni-türk davasının köklərini ön plana çəkir. Əsərdə aydın olur ki, bu Çar Rusiyasının işidir və bu onlara sərf eləyir. Yuxarıda deyildiyi kimi cahil xalqı, elmi olmayan xalqı idarə etmək çox asandır. Çar höküməti məhz buna əsasən erməni-türk davasını ortaya atır və “parçala hökmranlıq et” prinsipinə sadiq qalır. Çox az bir insanlar var ki, bütün bunların bir siyasi oyun olduğunu dərk edir və məsələyə düzgün tərəfdən yanaşır. Əsərdə qeyd olunduğu kimi əvvəllər erməni və türklər arasında heç bir problem olmamış, yalnız birdən birə həmin dövr üçün geridə qalmış bu xalqlarda millətçilik hissi oyanır və onlar bir-birlərinə qarşı düşmənçiliyə başlayırlar. Halbuki bu düşmənçilik nə onlara nə bizə lazımdır. Nə onlar burdan gedəsidir nə biz. Gec tez aramızda olan problemlər həll olunacaq və biz bir yaşamalı olacayıq. Necə ki, fransız ingilislə, alman rusla və s. xalqlar indi əvvəlki düşmənçiliklərini unutmuşlar bizdə də belə olacaq. Belə bir məsələdə təhrikə getmək hər iki xalqa əzablar gətirmişdir. Erməni obarazın dediyi kimi, siz də bizi qırmısınız, biz də sizi. Bu isə nə onlara lazımdır nə bizə. Yuxarıda səslənən mesaj kimi, insanlara rahat və xoşbəxt həyat lazımdır. Heç kim müharibə istəmir, heç kim qan istəmir, bunu ancaq və ancaq qıraq və kənar qüvvələr öz məqsədləri üçün edə bilərlər hansını ki, biz erməni-türk davasında Çar Rusiyası timsalında görürük. Bundan başqa müəllif əsərdə daxili kin problemlərini də qabardır, O, “bizi qırdıran, məhv edən kin olmuşdur, erməniyə qarşı zülmləri evdə atamız, anamız, kilsədə keşiş, məktəbdə müəllim, jurnalistlər o qədər söyləmişlər ki, varlığımız kinlə yoğrulub” sözlərini deməklə erməni xalqının bizim xalqa qarşı olan münasibətini təsvir etmişdir.
 
“Tarixi sima millətin təzahürüdür” mesajı ilə müəllif bunu demək istəyir ki, millətimizin bütün bu gerilikləri nəticəsində biz öz tarixi simalarımızı ön plana çıxarda bilməmişik, onları tanımamışıq və təəssüflər olsun ki, əksər hallarda tanımaq istəməmişik. “Millətin qabında bir şey olmazsa, təzahür də olmaz” ifadəsində müəllif qab sözünün timsalında millətin elmini, mədəniyyətini nəzərdə tutmuşdur. Nə qədər ki, elmimiz, mədəniyyətimiz olmayacaq o vaxta qədər də qabımız boş qalacaq. Nəinki boş qalmaq, geridə qalmış xalqımızın nümayəndələri bu “qabları” gəlinlərin timsalında öz ayaqları altında “sındıracaqlar”.
 
Millət barədə danışarkən Rüstəmbəyin millət sevgisini də vurğulamaq lazımdır, hansını ki, o, öz şəxsi həyatından da belə üstün tutur. O,milləti üçün optimal olan proqramı, planı arayır, bunları həmin dövrdə mövcud olan heç bir firqədə tapa bilmədiyi üçün özü firqə yaratmaq qərarına gəlir. Onun öz idealları var. O, öz millətini elmli və mədənmiyyətli görmək istəyir. Bunun üçün hər şeydən imtina edir, gecə-gündüz çalışır, qəzetləri oxuyur, siyasi vəziyyəti incələyir və gələcək üçün, millətin firəvanlığı üçün planlar cızır.
 
Əsərdəki böyük problemlərdən biri də qadın hüquqları, onların savadlanması məsələsidir. Müəllif buna da çox ciddi diqqət yetirmişdir. Məsəlçün qəhrəmanlar fahişəxanada olarkən müəllif bu acınaqcaqlı duruma İsgəndərin timsalında öz etirazını bildirir “Qadın həyası, insan şərəfi, ana ülviyyəti... yalnız bir manat! Hər kəs istərsə!...” Bununla da müəllif qadınlıq, şərəf, ana ülviyyəti kimi bəşəri amillərin necə də pozulmasını, onların alçalmasını, hətta 1 manata “bərabər” olduğunu, hamıya, kim istərsə ona məxsus olduğunu yazıçı etirazı ilə bildirir, buna qarşı çıxır. Bu hal indiki dövrümüzlə də səsləşir. Qadınların hüquqsuzluğu, çarəsizliyi onları bu yola əl atmağa məcbur edir. Onlar öz namuslarını pula satırlar. Müəllif bu problemin həlli olaraq qadınlara veriləcək böyük hüquqları görür hansı ki, yuxarıda din problemində qeyd edildiyi kimi, çətin ki, bu əqidədə olan insanlar qadınlara belə azadlıq versinlər. Onlar qadınlarını çarşab altına salıblar, çarşaba daxil olmayanların yolu isə fahişəlik olub. Elmli, mədəniyyətli türk qadını tapmaq çətindirdir, hansını ki, Rüstəmbəy də axtarır və belə bir qadınla ailə həyatı qurmaq istəyir. Əsərdə Sayadın timsalında qadınların elmə, mədəniyyətə olan marağı qeyd olunur. O deyir ki, “Nəyə görə məni öz vaxtımda oxutmamışlar, indi mən də hər şeyi oxuyub bilərdim”. Bu sözlər türk qadının fəryad, üsyan səsidir. Onun elmə marağı var. O mədəniyyət sahibi olmaq istəyir. Əsərdə qeyd olunduğu kimi, türk qadınları xam torpaqdır, bilgi üçün əlverişli bir zəminə malikdirlər, nə etməli ki, çarşab altında çürüyürlər. Onları erkən yaşdan evləndirirlər. Savadsız ana - savadsız övlad, savadsız gələcək deməkdir. Müəllif bu mesajı oxuculara çatdırmaq istəyir. Qadınların həmin dövrdəki hüquqi vəziyyəti və onalara verilən qiyməti Mirzə Cəlilin “Qoşa Balınc” hekayəsində də görmək olar.  Erməni ohanın Mirzə Cəlilə dediyi söz çox düşündürücüdür və “Studentlər”də yer alan qadın problemləri ilə səsləşir. “Zaqatala müsəlmanları içərisində, məzhəb haqqı, qoca kişilərin sizin qızınızdan da balaca arvadları var” cümləsi qadınların həmin dövrdə necə hüquqsuz və bir əşya kimi olduğunu göstərir.
 
Yuxarıda qeyd etiyim cümlələrlər ilə çalışdım ki, əsərdə yer alan mesajları, müəllifi maraqlandıran və narahat edən problemləri diqqətinizə çatdırım. Sonda bir daha millət məsələsinə nikbin şəkildə bu əsərdə olan sitatla toxunmaq istəyirəm. “BİZİM MİLLƏT DƏ İNDİ CAHİL DÖVRÜNÜ KEÇİRİR; LAKİN AYILMASININ ƏLAMƏTLƏRİ GÖRÜNÜR, AYILACAQ VƏ PARLAQ BİR GƏLƏCƏYƏ DƏ MALİK OLACAĞI ŞÜBHƏSİZDİR”.
 
Elturan Eminbəyli
Kultura.az
Yuxarı