Bizim “Studentlər”
"Ali və Nino" əsərini oxuyanda isə Çəmənzəmli ilə bağlı daha bir faktla qarşılaşdım. Çünki bəzi araşdırmaçılar əsəri Qurban Səidin deyil, məhz Çəmənəminlinin yazdığını iddia edirdlər. Yazıçının yaradıcılığı ilə bağlı ən dolğun məlumatı və Çəmənzəminlinin necə böyk bir yazıçı olduğunu isə ilk dəfə Seymur Baycandan eşitdim.
Seymur müəllim deyirdi ki, Anarın, Elçinin, Rəsul Rzanın və İlyas Əfəndiyevin yazdıqlarının hamısı "Studentlər" romanının bir səhifəsinə dəyməz. Seymur Baycanın bu sözləri və Kultura.az-ın yazıçının əsəri ilə bağlı müsabiqə elan etməsi məndə "Studentlər"ə böyük maraq oyatdı. Nə qədər qəribə olsa da, əsəri universitetdən diplomumu aldığım və həm də "Studentliyə" əlvida dediyim gün oxumağa başladım.
"Studentlər” kimlərdir?
Adından da göründüyü kimi, əsər ölkədən uzaqda təhsil alan gənclərin həyatından, onların qayğılarından, fikir və düşüncələrindən bəhs edir. "Studentlər" romanı iki hissədən ibarətdir: Birinci hissə inqilabdan əvvəliki dövrü əhatə edir. Bu hissə də özlüyündə iki yerə bölünür. Çəmənzəminli hissədə ölkədən kənarda, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş Kiyevdə təhsil alan azərbaycanlı, müsəlman gənclərdən yazır. “İnqilabdan əvvəl” adlanan hissənin ön səhifəsində Çəmənəminli az da olsa əsər haqqda oxucuya məlumat verir, ona bu əsəri oxuduğu zaman nələrin şahidi olacağına işarə vurur, ciddi mesajlar verir. Həmçinin yazıçı Kiyev kimi mədəni, dövrünün elm mərkəzi olan bir şəhərə gedən azərbaycanlı (türk) tələbələrin vaxtlarını boş yerə keçirmələrini, bəzilərinin ataları və babaları kimi arvadbazlıq etmələrini, bəzilərin çirkli yollarla ticarətə girişdiklərini, ciddi elmi, siyasi söhbətləri lağa qoymalarını, bacardıqca bir-birlərinə mane olmalarını ürək ağrısı ilə təsvir edir…
"Studentlər”in dili
Əsərin dili olduqca zəngin və axıcıdır. Deyərdim ki, elə ilk olaraq diqqətimi çəkən məqam da bu oldu. Yəni çox yüyrək və axıcı dili olması, bəzən bizim unutduğumuz, amma çox şirin səslənən sözlərdən istifadə olunması əsərin oxunaqlı olmasının əsas şərtlərindən biridir. Bundan başqa, ideya, milli özünüdərk kontekstində də dil məsələsi Çəmənzəminli üçün olduqca həssas məsələ idi. Biz onun dil məsələsinə necə həssas yanaşdığını konkret bir neçə epizoda da aydın görə bilirik. Məsələn, 126-cı səhifədə onun əsərin baş qəhrəmanı Rüstəmbəyin dilindən bu məsələyə necə həssas yanaşdığı da bu faktı təsdiq edir: "Vaxt tapılar, həvəs yoxdur, milli hiss yoxdur. Baxın polyakların milli məktəb açmağa haqları yoxdur. Hökümət polyak dili və mədəniyyəti ilə şiddətlə mübarizə aparır, buna baxmayaraq polyak dilini bilməyən, öz dilində danışmayan bir polyak tapılmaz".
"Studentlər”dəki ümumiləşmiş obrazlar
İnqilabdan əvvəlki dövrü əhatə edən birinci hissədə Çəmənzəminli bu personajların hansı nəsildən gəldiklərini, bəzilərinin öz keçmişlərini unutmamalarını, ata-babalarının “yolu” ilə getmələrini ustalıqla qeyd edir. Lakin yazıçı bu obrazların içərisində fərqli düşünənlərin də olduğunu önə çəkir. Belə ki, əsərdə diqqət çəkən obrazlardan biri də məhz Salman obrazıdır. Salman, çətinliklə yaşamasına baxmayaraq həvəsdən düşmür, ən çətin şəraitdə oxuyur və digər tələbələrdən fərqli olaraq, boş mübahisələrə zaman xərcləmir. Əksinə tez-tez Rüstəmbəyin yanına gedir, onunla bəzi məsələləri müzakirə edir. İnkişaf yolunu oxumaqda, maariflənməkdə görür.
"Studentlər” və din
Çəmənzəminli kimi onun “studentlər”i də mövhümata qarşı idi. Belə ki, əsəri yenicə oxumağa başlayarkən din haqda kəskin və konkret fikirlərlə rastlaşırıq. İllərlə basqı altında olan, adi bir şeydə belə açıq olmayan cəmiyyətə bu cür həqiqətlərin çatdırılmasının özü də cəsarət tələb edirdi və bu, əsl fədakarlıq idi. Bəzi filosofların indi belə yazmağa, deməyə cəsarəti çatmadığı fikirləri Çəmənzəminli çox rahatlıqla və açıq tekstlə bəyan edirdi. Onun Rüstəmbəyin dilindən "Şərqdə iki eşşəyin arpasını bölməyə qadir olmayanlar belə peyğəmbərlik iddiasına düşmüşlər" fikri də, "Dinlə elm bir-birinə düşməndir: həmişə vuruşublar, qiyamətədək də vuruşacaqlar" söyləməsi də məhz bu həqiqətin numunəsi idi. Hətta Rüstəmbəyin “İnqilabdan sonra” adlandırılan ikinci hissədə "Müsavat”ın proqramından məmnun olmamasının əsas səbəbi də din mövzusu olur. Belə ki, "Müsavat"ın Ziya Göyalpın "İslamlıq, müasirlik, türkçülük" ideyasına Rüstəmbəy etiraz edirdi: "Bu, səfsəfədən başqa bir şey deyildir. İslamlıq bir din olaraq, müasirliyyə ziddir. Bundan başqa siyasi bir firqə təşkilində dinə lüzum varmı? Məqsəd Azərbaycan muxtariyyatı isə, din deyil, dövləti nöqteyi-nəzərindən müdafiə etməliyik."
"Studentlər” və milyonçu lotular
Çəmənzəminlinin çəkinmədən açıq tekslə yazdığı növbəti hissələrdən biri də maddi zənginlikləri hesabına lotuluq edən Bakı milyonçularından bəhs edirdi. Bu milyonçular ki, öz çirkin əmələrini millətçilik adı altında həyata keçirirdilər. Amma təəssülər olsun ki, biz hələ də bu insanları xalqını sevən, cəmiyyət üçün çalışan insanlar kimi qəbul edirik. Gəlin əsərdəki bir epizoda diqqət yetirək: "Bakıda qoçular evlərində tələbə yurdu açır, hərəsi beş-on tələbəyə aylıq verir. Bu, əxlaqsızlıqdır, yoxsa millətpərəstlik? Yoxsul gənclərin maddi vəziyyətindən istifadə edilərək namusları ləkələnir. Bu rüsvayçılıqdır, millətpərəstlik deyil. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev gənc arvadını qısqandığı mühəndis Lütfəli bəy Behbudovu evinə çağırtdırıb döydürür, rüsvay edir. Və ya din və millət adı daşıyan cəmiyyət müəssələrimiz. "İslamiyyə mehmanxanası", "İslamiyyə Limonadı", "Milli Pairos. Bunlar lotuluq deyilmi? Tacir pul qazanıb kef çəkmək üçün milləti və dini əlində oyuncaq edir”.
"Studentlər" Çəmənzəminlinin yarı avtobioqrafik romanı hesab olunur. Romanın baş qəhrəmanı Rüstəmbəydə olan saf millətçi duyğular məhz Çəmənzəmlinin özünə aid idi. Amma müəllif məsələyə digər tərəfdən də baxır və ən alçaq hərəkətlərin məhz millətçi adı altında edildiyini vurğulayır, mədəni bir mühitdə təhsil almalarına baxmayaraq, Qulunun və Teymurbəyin də artıq öz ata-babaları kimi bu çirkaba batdıqlarını, ən iyrənc işlərini millətçilik adıyla etdiklərini açıqlayırdı.
“Studentlər” və maarifçilik
“Studentlər” roman tariximizin ən güclü əsəri olmaqla bərabər, həmçinin maarifçiliyin təbliğində də misilsiz əsərdir. Çəmənzəminli sanki Rüstəmbəyin, Salmanın timsalında bizi hələ indi tanıdığımız yazarlarla o zaman tanış edir. Onun Rüstəmbəyin xarakterində daim kitabla maraqlanması, boş olarkən kitab oxuması, öz tələbə yoldaşlarına kitab məsləhət görməsi buna sübutdur. Çəmənzəminli çox yaxşı bilirdi ki, maarifsiz heç bir dəyişiklik olmayacaq, olsa belə bu davam edə bilməz. Bir yerdə dəyişikliyin baş verməsi üçün maarifçilik lazımdır. Məsələn Salmanın “student” yoldaşları ilə danışarkən dediyi bu sözlər: “Yoldaşlar, inqilab üçün ən böyük amillərdən biri bilgidir. Dünyagörüşümüzü təyin etmək üçün bizə müsbət bilgi lazımdır.”
Eləcə də Rüstəmbəyin Vəlibəylə danışarkən dediyi bu sözlər də bunun bariz nümunəsi idi: “Bilgisiz olaraq, millətə xidmət etmək olmaz. Bilgimiz də olmasa xalq arasında heç bir nüfuzumuz ola bilməz”.
Rüstəmbəy bu sözləri deyərkən Vəlibəy gülür, “aşna sən arxayınçılıqdan danışırsan” deyib mövzunu dəyişirdi.
Üstündən az qala bir əsr keçməsinə baxmayaraq, bu dialoq öz aktuallığını qoruyub saxlayır. İndi də bir çox yazarlar dəyişiklik üçün ilk olaraq maarifçiliyin əsas prinsip olduğunu desələr də, bu an ortadan bir Cəlal peyda olur və “Bizdə adam yoxdur, adam. Bizdən adam olmayıb, olmayacaq da” - deyib söhbəti gülüş obyektinə çevirir.
“Studentlər”in ikinci hissəsi
Romanın ikinci hissəsi 1917-ci inqilabından sonra baş verən hadisələrdən bəhs edir. Bu kitab da 4 hissəyə bölünür. Çəmənzəminli birinci kitabda studentlərin özlərini, onların ailələri haqda məlumat verməsiylə yada qalsa da, ikinci hissə bir az fərqlidir. Kitab başlayan kimi birinci kitabdan bizə tanış olmayan obrazlarla qarşılaşırıq, artıq söhbətlərin mövzuları da qismən fərqli olur. Artıq ikinci hissədə bolşevik, menşevik söhbətləri qızışır. Amma vəziyyətin bu dar məqamında da Rüstəmbəy muxtariyyət fikirlərindən əl çəkmir, o öz vətəni düşünür. Hətta Ukraynada baş verən hadisələr onu daha da həvəsləndirir və o, çətin də olsa Kiyevə yeni gələn tələbələrdən ibarət bir komitə qurur. Rüstəmbəyin Kiyevdə təhlükəli şəraitdə bu işləri görməsinə baxmayaraq, Bakıda gələn xəbərlər sevdirinci olmur. Təkilatların bir-birləri ilə yola getməmələri, parçalanması, hərənin öz dediyini irəli sürməsi vəziyyəti daha da ağırlaşdırır. Nəhayət, Ukraynanın məğlubiyyətə uğraması, Qulunun komitə haqda bolşeviklərə məlumat ötürməsi onların bu işini yarımçıq saxlayır.
“Studentlər” və qadın azadlığı
Əsəri oxuyarkən diqqətimi çəkən məsələlərdən biri də qadınlara münasibət oldu. Çəmənzəminli bütün çətinliklərə rəğmən, bəlkə də, öz yazar təxəyülünün məhsulu olaraq bilərəkdən Fatma adlı bir müsəlman xanımın obrazını yaradır. O, bütün millətlərdən xanım tələbələr görərkən, burada cəmi bir müsəlman xanımın olduğunu təəssüf hissi ilə qeyd edir. Rüstəmbəyin “Millət Qızı” adlandırdıqları Fatmaya qarşı xoş münasibəti, onu qorumağa çalışması da bu yöndə idi. Romanın inqilabdan sonra adlanan ikinci hissəsində biz Səyyad adlı azərbaycanlı (türk) qadın obrazı ilə rastlaşırıq. Səyyad Qulamırzanın həyat yoldaşı idi. O, dövrünün bütün çətinliklərini gözə alaraq Kiyevə gələ bilmişdi. Artıq o, Kiyevə gəldikdən sonra başını açıb, kitabla maraqlanır, öz üzərində çalışırdı. Bütün bunları isə Çəmənzəminli böyük ustalıqla və qürurla qeyd edir. Sayyadın dilindən “Axı başqa millətlərin içində biz niyə geri qalaq?” sualını verilməsi Azərbaycan roman tarixində qadına verilmiş ən böyük dəyərlərdən biri idi. Bu gün cəmiyyətdə gedən gender müzakirələrinə ən tutarlı cavab bax bu obrazdır. Azərbaycan maarifçisi heç bir zaman Azərbaycan qadınını çadraya bürünməsini, geridə qalmasını, savadsız olmasını istəməz. . Son olaraq isə bu deyə bilərəm ki, bu kitabın bizdən gizlədənlər utanmalıdır. Bu müsabiqə olmasaydı nə qədər gənc yenə bu kitabdan xəbərsiz gəzəcəkdi. “Student” ola-ola “studentləri” oxumamaq, ondan bixəbər olmaq ağır söhbətdi.
Elkin Xəlilov
Kultura.az