post-title

Yusif Vəzir Çəmənzəminlinin “Studentlər”i haqda

Yusif Vəzir Azərbaycan ədəbiyyatında müstəsna yeri olan tarixi roman ustasıdır. Onun yaradıcılığı ilə yaxından tanışlığım Yusif Vəzirin ən böyük tədqiqatçısı, eyni zamanda mənim ən sevimli müəllimlərimdən olan Tofiq Hüseynoğlu vasitəsilə olub.

 
Müəllimimiz onu elə heyranlıqla tədris edirdi, onun ədəbiyyatımız və tariximiz üçün göstərdiyi xidmətləri elə sevgi ilə anladırdı ki, biz də ona artıq müəllimimizin gözləri ilə baxırdıq sanki. 
 
“Studentlər”lər əsəri haqqında hələ orta məktəbdən məlumatım olsa da, oxuyanda  artıq mən də bir student idim. Yusif Vəzirin studentləri kimi olmasam da, onların göstərdiyi mübarizəni göstərməsəm də, inqilablar olan bir ölkənin mübariz tələbəsi olmasam da, onlarla məni birləşdirən cəhətlər yox deyildi. Kirayə evlərdə keçən maraqlı, ancaq evindən uzaqda ötən illər və yaşam mübarizəsi, bəlkə də, bütün tələbələri birləşdirir. 
 
1931-ci ildə ilk dəfə çap edilmiş “Studentlər”in birinci hissəsi 1910-1913-cü illərdə baş vermiş hadisələr fonunda Kiyevdə təhsil alan azərbaycanlı tələbələrin həyat və məişətindən bəhs edir. 
 
Yazıçı tələbələrin həyatı fonunda mədəni-maarif sahəsindəki düşüncə və tədbirləri qələmə alır, ətrafda cərəyan etməkdə olan hadisələrə baxış və münasibətini obrazlar vasitəsilə ifadə edir. Həmin illər Rusiyada inqilabın yüksəliş illəri idi. Ölkədə fəhlə hərəkatı yenidən canlanırdı. İnqilabın yenidən alovlanması tələbələr arasında da canlanmaya səbəb olurdu. 
 
1903-1907-ci illər inqilabı məğlubiyyətlə başa çatmışdı. Bunun nəticəsində çar hökuməti ali məktəblərin muxtariyyətini məhdudlaşdırırdı. Tələbə təşkilatları, həmyerlilər cəmiyyətləri də qadağan edilmişdi. İnqilabi əhval-ruhiyyəli gənclər təqib olunur, ali məktəblərə nəzarət üçün polis nəfərləri gəzir, şübhəli bildikləri gənclərin evlərinə qəfil basqınlar edir, onların oxuduqları ədəbiyyatları, evlərində saxladıqları sənədləri belə yoxlayırdılar. 
 
Ədəbi mühit əvvəlcə əsəri pis qarşılamadı. Lakin bu, uzun sürmədi. Onun yaradıcılığına, eləcə də “Studentlər”ə qarşı basqılar başlandı. Onlar Yusif Vəziri onda ittiham edirdilər ki, əsərdə Fevral inqilabını, inqilabi mübarizə günlərini olduğu kimi göstərməmiş, təhrif etmişdi.  
 
Əsərdə tənqidi pafos güclüdür. Müəllif əsərdəki mənfi surətləri fərqləndirir və ümumiləşdirir. Nəticə etibarilə tipikləşdirilmə yolu ilə tənqidi pafosun gücünü daha da artırmağa nail olur. 
 
Romanda təsvir olunan mühitin ictimai əhatə dairəsi və sosial məzmunu genişdir. Yusif Vəzir “Studentlər”də ziyalı və inqilab məsələsinin həllinə nail olmağa çalışır. Bu əsərdəki surətlərin xarakter mürəkkəbliyi təkcə ailə tərbiyəsi və bu tərbiyədəki çatışmazlıqlardan irəli gəlmir. Burada tarixi dövr və mühitin, sosial-siyasi vəziyyətin xalqın həyatına və taleyinə təsiri öz əksini tapır. “Studentlər”in bu cəhəti hər kəsdən əvvəl müəllifin özü tərəfindən 1936-cı ildə əsərə yazılmış “Bir neçə söz”də bütün aydınlığı ilə izah edilirdi. “Bir neçə söz”dən aydın olur ki, “tarixə qarışmış bir həyatı əks etdirən” bu əsər müasir gəncliyə söz demək ehtiyacından yaranmışdır. 
 
Əsərdəki tələbələr sinfi mənsubiyyətcə, ictimai mənşə və tərkibcə, məslək etibarilə müxtəlifdir. Və hər bir tələbənin xarakter və fəaliyyətində onların mənsub olduqları sinfin, təbəqənin psixologiya və ideologiyası öz bədii əksini tapmışdır. Bu tələbələr xalqın müxtəlif təbəqələrinə aid olduqları üçün hadisələrə yanaşmaları və münasibətləri də fərqlidir. Bu mənada, yazıçı əsərdə bir-birindən fərqli obrazlar yaratmaqla təbəqələrin həyata baxışlarındakı fərqləri də ustalıqla göstərə bilmişdir. 
 
Əsərdəki studentləri təsvir edərkən yazıçı studentlərlə onların atalarını müqayisəli şəkildə verir. Onların fərdi keyfiyyətlərinin formalaşmasında mühit və ailə tərbiyəsinin əhəmiyyətini vurğulayır. 
 
Tələbələr içərisində az görünməsinə baxmayaraq, diqqət çəkən obrazlardan biri yoxsul ailədən çıxmış Səlman obrazıdır. O, elə bir obrazdır ki, tələbələrin ruhundakı etirazçı meylləri görür və belə bir vaxtda mədəni tədbirlər həyata keçirən “zemlyaçestvo”ların fəaliyyəti ilə heç nəyə nail olunmayacağını dərk edir.  Siyasi təşkilatlara qoşulmaq ehtiyacını da ilk olaraq  o duyur. Səlman əsərdə nisbətən az görünən surətdir; lakin yaddaqalandır. O, fikir və hərəkətlərində qəti, dönməz və tərəddüdsüzdür. Marksizm nəzəriyyəsini öyrənir və təbliğ edir. Səlman milli məsələnin ən düzgün həlli üçün Ümumrusiya əməkçiləri ilə birlikdə mütləqiyyət və kapitala qarşı mübarizə yolunu tutur. O, inanır ki, heç nə öz-özünə həll olunmur. Zülmü məhv etməklə hər şeyə nail olmaq olar . Səlman ictimai-tarixi şəraiti düzgün qiymətləndirərək, “təkamülün aramla yürüməsinə vaxt yoxdur, inqilabi addımlar lazımdır” fikrindədir. O,  mənəvi paklığına inandığı Rüstəm bəyin milli məsələyə, inqilaba tərəddüdlü, ziddiyyətli münasibətini və görüşlərini tənqid edir. 
 
“Studentlər”in baş qəhrəmanı Rüstəmbəy surətidir. Yazıçı bu surətin yaradılmasında avtobioqrafik elementlərdən də istifadə edir. Lakin Rüstəmbəy Yusif Vəzirin tam eyni, özü deyil, ümumiləşdirilmiş bədii surətidir. Bu surət vasitəsilə müəyyən bir tarixi dövrdə yaşayan ziyalıların  tipik xüsusiyyətləri əks etdirilir. 
 
Rüstəmbəyin inkişaf süjeti özünəməxsusdur. O, bəy ailəsindəndir. Uşaq ikən atasının Allaha səmimi ibadəti onun qəlbində dini hisslər oyadır. Lakin böyük qardaşının təsiri ilə onda dinə, mövhumata qarşı şübhələr baş qaldırır. Rüstəmbəy realnı məktəbin son sinfində ikən ibadətdən əl çəkib, möcüzənin varlığına inanır, Allahı isə ancaq yaradıcı bir qüvvə kimi təsəvvür edir. Bu dəyişkən və inkişafda olan xarakterlə studentliyə başlayan Rüstəmbəy ali təhsil illərində din və qadın azadlığı məsələsinə, fəlsəfə və hüquqşünaslığa aid çoxlu kitab oxuyur. Doğma xalqının elmcə, mədəniyyətcə zamanın tələblərindən geri qalmasının səbəbini həyatı dini ibadətə həsr etməkdə görür və kədərlənir. O, maarif və mədəniyyət tərəfdarıdır. Dinin elmə zidd olması qənaətində möhkəm və tərəddüdsüzdür. Rüstəmbəyin fikrincə, həyatı yaxşılaşdırmaq üçün fəaliyyət yeniliyə istiqamətləndirilməlidir. 
 
Rüstəmbəy ictimai həyat üçün yarandığını deyir. Hətta şəxsi həyatını ictimai mövqe üçün qurban verməyə hazır olur. İctimaiyyətçi olmağı da bacarmır. İctimaiyyət üçün mütləq faydalı bir iş görməyə çalışan və bunun üçün ancaq çoxlu kitab oxumaq qərarına gələn, həyatı özündən yox, kitablardan öyrənmək istəyən Rüstəmbəy sözün tam mənasında ziddiyyətli və mürəkkəb xarakterdir. Onun oxuduğu kitabların sayı çox olsa da, həyat haqqında biliyi azdır. Rüstəmbəy yenilik, həyat, ictimai faydalı fəaliyyət eşqi ilə çırpınsa da, nə etmək lazım gəldiyini bilmir, zamanın tələbini anlamır. O, inqilabçı deyil, ancaq inqilab tərəfdarıdır. İnqilab xəbərinə sevinir, böyük dəyişikliklər olacağına ümid edir. Rüstəmbəy həyatdan doğan və həyata uyğun obrazdır. 
 
Yusif Vəzir romanda Ukrayna, rus, yəhudi, erməni və gürcü xalqlarının həyatından, məişət və mədəniyyətindən bəhs edir. Bu hissələr həmin xalqların adət və ənənələrinə müəllif bələdliyini və milli mədəniyyətlərinə müəllif rəğbətini əks etdirir. 
 
Tələbələr içərisində yoxsul balaları çox azdır. Çünki cəmiyyətin, quruluşun verdiyi imkanlar və şərait elədir ki, varlılar ali məktəb qapılarını imtiyazları və pulları ilə açdıqları halda, yoxsullar öz qapılarını özləri açmalıdırlar. Ki, bu, heç də asan deyil. 
 
Yazıçı fərdiyyətçi Əlinin ölümünü xatırlayır və irticaçı Zaqorinin matəm mərasimini təsvir edir. Bu xatırlatma və təsvir də səbəbsiz deyil. Yazar  hər ikisinin intihar səbəblərini köhnəliyin pəncəsindən qopa bilməməkdə görür. Onların məhv olma səbəblərini həyatın mənasını itirmələri kimi əsaslandırır. 
 
Əsərdə Rüstəmbəyin oxuduğu ədəbiyyat diqqət çəkir. O, ali məktəbin verdiyi təhsillə kifayətlənmir, Engels, Lenin, Marks, Plexanov, Kautski, Jorenski və başqalarının əsərlərini oxuyur, Kontun pozitivizmi ilə maraqlanır. Bu ədəbiyyat həm də Yusif Vəzirin dərin dünyagörüşündən xəbər verir. 
 
Yusif Vəzirin gənclik dövründə yazdığı gündəlikləri oxuyarkən onun dünya klassiklərinin  əsərləri ilə tanışlığının şahidi oluruq. Bu klassiklərin sırasında özünəməxsus yerlərdən birini də böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy tutur.  Yusif Vəzir Şuşa realnı məktəbinin 2-ci sinfində oxuyarkən Tolstoyun tərcümeyi-halı ilə tanış olmuşdu. Yusif Vəzirin gənclik illərindən başlayaraq Lev Tolstoy yaradıcılığına olan sevgisi sönməmiş, əksinə, getdikcə daha da güclənmişdi. Elə bunun nəticəsidir ki, ədib Tolstoyun “Dirilmə” əsərini ana dilimizə tərcümə etmiş və bu əsər Yusif Vəzirin tərcüməsində ilk dəfə 1929-cu ildə çapdan çıxmışdı. Yusif Vəzir “Studentlər” romanında da Lev Tolstoyu qüdrətli bir sənətkar kimi təsvir edir. Əsərdən bizə məlumdur ki, bu qüdrətli sənətkarın vəfatı xəbəri tələbələri çox sarsıdır. Romanda müsəlman tələbələrin Lev Tolstoyun ölümü münasibətilə “Əbədi xatirə” mahnısını oxuya-oxuya nümayişə çıxmaları və həbs olunmaları canlı, bədii lövhələrlə, sənətkarlıqla təsvir edilir.  
 
Əsərdə qadın obrazlarına da yer ayrılır. Hər biri ayrı-ayrılıqda maraqlı və özünəməxsus olsa da, mənim ən diqqətimi çəkən qadın surəti Fatma xanım surətidir. O, ali təhsil alan Azərbaycan qadınlarındandır. Əsərdə Yusif Vəzir onu bütün keyfiyyətləri ilə müəkəmməl təsvir edir. Rüstəmbəyin ona qarşı münasibətini əvvəlcə sevgi zənn etsəm də, Rüstəmbəy burda da məni yanıltdı.
 
Əsərdə ona aşiq olan Musyanın da sevgisini qarşılıqsız qoyan, azad olmağa çalışan, ancaq nə azad, nə dustaq olmağı bacaran Rüstəmbəyə qəzəb duyuram nədənsə... 
 
Vəfa Babayeva
Kultura.az
Yuxarı