“Tələbələrimizin içində inqilab ruhlu, əməkçi kütləni düşünən, ictimai yaraların nərədən doğduğunu anlayanlar da var idi. Lakin bunların bütün fəaliyyəti irtica dövrünün qorxunc məngənəsi arasında əzilirdi... İndiki tələbələrin (sovet dövrünü nəzərdə tutur) ruh yüksəkliyini təmin edən bir amil daha var: bunlar, doğrudan da, tarixdə əmsalı olmayan yüksək bir dövrdə yaşayırlar. Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq...”
Bu sözləri Y. V. Çəmənzəminli 1936-cı ilin aprelində “Studentlər” romanına “Ön Söz” kimi verib. Dəyərli oxucularımız buna görə fikir qarışıqlığı yaşamasın və bu sözləri milli elitanın represiyaya uğradığı ərəfələrdə bir yazarın özünə bəraət qazandırması və edamdan xilas olma cəhdləri kimi dəyərləndirsin. Çəmənzəminli böyük maarifçi, yanlış ənənələrimizin sərt tənqidçisi, çar istibdadına qarşı vuruşan fəallardan idi. Amma tutduğu idoeloji yol sol, bolşevik yolu deyil, millətçilik yolu idi. Bu bəraət mövqeyi və bir çox milli ruhdakı əsərlərinin əl yazmalarını yandırması yazarı 1937 represiyasından qurtarsa da, təəssüflər ki, onun 1940-cı ildə həbsinə və orada vəfat etməsinə mane ola bilmədi.
“Studentlər” romanı Kiyevdəki türk (azərbaycanlı) tələbələrin 1910-15-ci illərdəki fəaliyyətləri, əsərin ikinci hissəsi olan “1917-ci ildə” romanı isə baş qəhrəmanın - Rüstəmbəyin (bir çox xüsusiyyətləri ilə yazarın özünü xatırladır) həmin ildəki həyatı və düşüncələri haqqındadır. Əsərdə bir çox problemlərdən danışılsa da bu məsələləri iki ana xətt üzərindən izah etməyə çalışacam.
Müstəmləkə ölkəsində fərdin yetişmə prosesi
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətində əhalinin böyük əksəriyyəti arasında sərt konservatizm və dini fundamentalizm hakim idi. Belə bir cəmiyyətdə fərd necə yetişə bilər, toplumdan qopub necə maariflənə və hətta ziyalı statusuna qədər dəyişə bilər? “Studentlər” romanı ilk əvvəl bu suala cavab verir, fərdin hakim düşüncə zincirlərindən və sosial buxovlardan qurtulub maariflənməsini və buna təsir edən amilləri bir-bir izah edir.
Bu mənada əsərin baş qəhrəmanı Rüstəmbəyin həyatı bir nümunədir. O, bəy nəslində anadan olmuş, ibadətini axsatmayan ata və təmtəraqlı xanım həyatı yaşayan ananın himayəsində böyümüşdü. “Atası namaz qıldıqda Rüstəm də onun arxasında namaza durar, mənasını anlamadığı sözlər əsrarəngizliyi ilə onun ürəyini oxşardı” və beləliklə o, “Allahı özünə ən yaxın, ən sevimli bir hami, bir dost, bəlkə bir qardaş kimi gördü”.
Rüstəmbəyə ilk təsir qardaşının: “nahaq yerə realniyə gedirsən. Yaxşısı budur ətəbata get” kimi kinayəli sözləri oldu. Rüstəmbəyin qıcıqlanaraq dediyi “Canım, mənim işimə qarışma. Allahımla mənim arama niyə girirsən?” kimi şikayətləri “Ay axmaq, Allahınla sənin aranda yer yoxdur ki, girim. Allah bütövdür, dibsiz və kənarsızdır. Ondan ayrı birşey yoxdur; daha sən niyə özünü Allahdan ayırırsan” kimi fəlsəfi tənqidlərlə tuş gəldi və beləliklə də, azyaşılı Rüstəmbəyin fikirləri qarışdı və ya ilk dəfə fəlsəfi şübhəciliyin dadını aldı deyək.
Altıncı sinifdə Bakıya əmisi gilə köçən, orada daha yaxşı məktəblərdə oxuyan və şəhər həyatı ilə tanış olan Rüstəmbəyin fikirləri daha da dəyişdi. İlk öncə, “Allah bizim ibadətimizə möhtəc deyil. Onun üçün bizim dua və diləyimizi eşitmək də ağıla müvafiq gəlməyən işlərdəndir” düşüncəsiylə namazı tərk etdi, daha sonra isə, “təbiət müvazinəsi pozulduqda əbədi qanunun sabitliyi sarsılır. Bu da ola bilməz; çünki əbədi qanunun sabitliyi Allahın ədalətinə dəlildir” fikri ilə möcüzələrə inamı öldü, o cümlədən pirlərə, ocaqlara düşmən kəsildi. Artıq realni məktəbinin sonunda Rüstəmbəy dinə inamını itirmiş, “onun inanıb iman etdiyi bircə Allah” qalmışdı.
Kiyevdəki studentlik dönəmi isə Rüstəmbəy üçün fərqli qapıların açarı oldu. Dindən daha da qopdu, uzaqlaşdı, hətta bir çox problemlərin səbəbini dində görməyə başladı və öz inanc düşüncəsində pik nöqtəyə gəlib çatdı:
“Avam dinində möhkəm olar və ayrı dini öz dininə tərcih etməz; arif və kamillərin də dinə ehtiyacı yoxdur... Namaz, oruc, ziyarət və qeyri-bunlar lüzumsuz şeylərdir... Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə rast gəlmədim... Amma bizim Şərqdə iki eşşəyin arpasını bölməyə qadir olmayan belə peyğəmbərlik iddiasına düşmüşlər...”
“Studentlər”dəki fərdi dəyişim sadəcə din mövzusu ilə kifayətlənmir. Öz ölkəsində qadınları çadra altında görən tələbələr Kiyevdə eşqbazlara çevrilirlər, rus, ukraynalı xanımlarla eşq və cinsi həyatlarını bölüşür, onlarla ailə həyatı qurur, uşaq dünyaya gətirilər. Çəmənzəminli tələbə məclisindən belə bir təsvir verir: “Rüstəm böyük filosof idi. Qızları görəndə deyirdi: “Siz mənim bacımsınız”. Odur ki, qızlar da həmişə bundan qaçırdılar. Xı-xı-xı. Hamı səmimi bir halda gülüşdü”. Bu gülüş sadəcə özünə deyil, həm də qadını əxlaq çarşabına bürüyən cəmiyyətə, onun hakim fikrinə tuşlanmış bir gülüşdür.
Əsərdə tələbələrin eşqbazlıqları qətiyyən “azad qadın fobiası” ilə təsvir edilmir. Əksinə düşüncədə irəli getməyin dini əxlaqda açdığı çatlar, dəyişimin gətirdiyi savad və biliyin əxlaq məsələsində yaratdığı azad mühit izah edilir. Elm və azadlıq birlikdə təsvir edilir, hətta “Studentlər”i günümüzdə moda olan “Avropanın yaxşısını götürüb, pisini ataq” fikrinin tənqidi olaraq da oxumaq olar. Bu mənada Çəmənzəminli sərt “əxlaq tənqidçisi” və “qadın haqqları” müdafiəçisidir. 1937-ci ildə represiyadan özünü qoruduğu zamanlar Çəmənzəminlinin ən vacib arqumentlərindən biri də “mən bolşeviklər gəlməmişdən əvvəl qadın haqqlarını müdafiə etmişəm” fikirləri idi.
Bütün bunlarla yanaşı, əsərdə azərbaycanlı tələbələrin tənqidi də xüsusi yer alır. Xaricdə oxumağa gəlib hələ müəyyən davranış məsələlərində dəyişə, uyğunlaşa bilməyən gənclər tənqid olunur. Evdə güləşib qonşuları narahat edən studentlərə ev sahibəsi tərəfindən deyilən “bura tövlə deyil, bura insan yeridir...” sözləri, azərbaycanlı tələbənin universitet yeməkxanasındakı qışqır-bağırlarına bir erməni tələbənin “budur, Həsənqulu gəldi, musurmandı deyən eşşək kimi anqırır...” sözləri, Çəmənzəminlinin öz tənqidləri idi. Bununla yanaşı Mədəni təşkilatlar daxilində intriqalar, bəzi tələbələrin “alverçi” zehniyyətindən qurtula bilməməsi də başqa narhatedici mövzu idi. Kiyevin, maarifçiliyin və inqilabın ortasında köhnə düşüncə və köhnə davranış qəlibləri ilə yaşamaq, Çəmənzəminli bunu tənqid edirdi.
Bütün tənqidlərlə yanaşı, bu qədər dəyişim haradan gəlirdi? Belə bir cəmiyyətdən dinə, qadına, elmə-savada fərqli azad baxışı olan tələbələr necə yetişmişdi? Təbii ki də, 19-cu əsrin ilk yarısından müstəmləkə siyasəti çərçivəsində Azərbaycanda və digər müstəmləkələrdə qurulmuş Qərb məktəb sisteminə yaxın, maarifçi məntiqli Rus təhsil sistemi idi. Rüstəmbəy məclislərin birində bunu belə ifadə edir:
“Əfəndilər, mən rus deyiləm, amma rus mədəniyyətinin məhsuluyam; bütün mənəvi tərbiyəmi rus ədəbiyyatından almışam. Ədəbiyyatda təmsil edilən Tatyana, Liza və Nataşalara məftun olaraq, ötədən bəri rus qadınlığına hörmətlər bəsləyə gəlmişik...”
Çəmənzəminli müsəmləkə və “ruslaşdırma” siyasətini nə qədər pisləsə də, onun və onun kimi ziyalıların Rus Mədəniyyəti və təhsilinin bir parçası olduğu həqiqətini danmırdı.
Siyasiləşmə, İdeolojiləşmə, Firqələşmə
1905 inqilabı Rus imperiyasına və müstəmləkələrə qismi-azadlıq gətirdi və bunun fonunda ümumi bir Çar Vətəndaş Cəmiyyəti yarandı deyə bilərik. “Studentlər” romanı Kiyev nümnəsiylə bu vətəndaş cəmiyyətinin təsvirini verir, o cümlədən, bu fonda azərbaycanlı tələbələrin siyasiləşməsi, idealojiləşməsi daha sonra isə firqələrə ayrılma prosesini mərhələ-mərhələ göstərir.
“Kiyev türk tələbələri tarixində ilk dəfə olaraq məslək ayrılığı duyulmağa başladı. Əvvəllər zemlyaçestvo ətrafına toplanıb yalnız mədəni-maarif məfkurəsi daşıyan gənclər indi artıq köhnə çərçivəyə sığmamağa başlamışdılar. Eser, menşevik, bolşevik və milli demokratik platformalar irəli sürülərək, hər kəs müəyyən proqram dairəsində hərəkət etməyə çalışırdı”.
Yazar tələbələrdən ibarət bu birliyin zamanla necə fərqli ideoloji qruplara çevrildiyini tələbələrin hansı ailədən və mühitdən gəldiyinə diqqət çəkərək izah edir. Belə ki, bəy nəslindən gələn Rüstəmbəy: “sosialistlərin hər şeyini qəbul edirəm; milli məsələdə yolumuz ayrılır. Beynəlmiləl ola bilmirəm. Öldür, ola bilmirəm” deyir. Kasıb ailədə böyümüş Səlmanın ideolojiləşməsi isə başqa cür izah edilir:
“Milyonerlər Bakısında bir boşqab sup həsrətində çırpınan Səlman özü kimi yoxsulların acınacaq halını daima düşünür və qurtuluş yolu arardı. Marks nəzəriyyəsi ilə tanış olar-olmaz "qurtuluş yolu" deyə bu nəzəriyyəyə sarıldı və həyatının sonuna qədər kapitalizmlə mübarizə edəcəyinə söz verdi...”
Bir sözlə ideolojiləşmə və firqələşmə prosesini göstərərkən yazar sadəcə Kiyev həyatı və universitetlə kifayətlənmir, tələbələrə valideyn, ölkələrində aldıqları təhsil, iqtisadi vəziyyətin etdiyi təsirlərə diqqət çəkir və bir sosioloq kimi prosesi analiz edir.
Bundan başqa Cümhuriyyət öncəsi milli ideyaların formalaşması və bunun çərçivəsində baş verən fərqli müzakirələrə yer verilir. İlk öncə milli kimlik “müsəlman” kimliyindən ayrılaraq “türk” kimliyi şəklində təqdim edilir. “Biz kim olduğumuzu belə dərk etməmişik. “Müsəlmanam” deyirsən, bütün üç yüz milyonluq topuğu cırığa qoşulub itirsən... Bəli, indi-indi özünə “türk” deməyə başlamısan. Camaatımız türk olduğunu bilirmi?”
Yazar Rüstəmbəyin dili ilə ilk öncə “türk” ilə “Turan” ideayasını eyniləşdirir, “Türk-tatar aləmini hürr, müstəqil, müntəzəm və mütərəqqi bir dövlət şəklində təsəvvür edir” daha sonra isə baş qəhrəman bu ideyadan qopur. “Dil, adət, xarakter ayrılığı, bunları doğuran ictimai və iqtisadi şəraitin başqabaşqa olması Rüstəmbəylə mövhum Turan arasında bir sədd təşkil etməyə başlayır”. Əsərdə xüsusi vurğulanmasa da Çəmənzəminli həmin dönəmdə Müsavatın Kiyev qolunu təşkil edir. Yəqin ki, bu onun firqələşmə prosesindəki son mərhələsi idi.
“Studentlər” romanı Cümhuriyyətə qədərki elitanın necə formalaşdığını və regiondakı siyasi-ideoloji prosesləri anlamaq üçün gözəl bir əl kitabıdır. Və əsər tariximizi yenidən dəyərləndirmək üçün oxuculara və araşdırmacılara maraqlı qapılar açır və suallar verir. Dəyərli oxucularımız əsəri oxuduqdan sonra bu haqda millətçi ideologiyanı müvəqqəti qırağa qoyaraq düşünsələr faydalı olar:
Çar müstəmləkəçiliyi Azərbaycan üçün sadəcə pisliklərmi gətirdi? Əgər Azərbaycan xanlıqları işğal olmasaydı xanlar-bəylər öz başına qərb mərkəzli təhsil və maarif sistemi qura biləcəkdimi, yoxsa mədrəsə təhsili davammı edəcəkdi? Xanlıq siyasi, iqtisadi və təhsil sistemi tək başına cümhuriyyət quracaq siyasi elita və siyasi ideologiya yetişdirə biləcəkdimi? Daha sonra 1920-ci ildə Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı SADƏCƏ işğal idimi, yoxsa bunu sol inqilabı kimi dəyərləndirmək olarmı?
Son Olaraq...
Əsrin əvvəllərində azərbaycanlı tələbələrin milliləşməsində Ukrayna, Kiyev böyük bir təcrübə və ideoloji dərs idi. O zaman olduğu kimi, bu gün də Ukrayna inqilablar ölkəsi, “ruslaşmaya” qarşı dirənən bir xalqdır. Tarix təkrarlanır. Bu yazını əsrin əvvəllərində Kiyevdə təhsil almış azərbaycanlı tələbələrin ukrayna xalqı üçün dedikləri sözlə bitirmək istəyirəm:
“Doğrusunu deyim, ukraynalılara qibtə edirəm. Bax, cümhuriyyət elan etdilər; orduları var, idarələri milliləşdirirlər... Ukraynanın şərəfinə içək, qoçaq adamlar yetişdirmişdir. Rüstəmbəy səmimi bir halda qədəhinə yapışdı və ukraynaca dedi: "İşşe ne vmerla Ukraina!".
Xəyyam Namazov
Kultura.az