Bəy, tacir, məmur balaları olan bu tələbələrin (Səlmandan başqa) heç də hamısı vətəni, milləti düşünən şəxslər deyil. Onların əksəriyyəti ticarətlə, alverlə, fırıldaçılıqla, arvadbazlıqla məşğuldurlar. Əsərdə aravuran, tacir Qulu, paxıl Mir Cəfər, çar rəsminin altında dünyaya gəlmiş müti Həsən, həyatın məqsədini kitabların içində arayan bədbin Əli kimi surətlər var. Sofya, Tosya, Tatyana, Zina, Musya kimi qadın surətləri əsərə xüsusi rəng qatır. Aşağı təbəqədən çıxmış, ağır şəraitdə yaşamış, oxumuş Səlman əsərdə ideyasına (boşevik) sadiq dolğun bir obrazdır.
Birinci hissədə hadisələr Kiyev şəhərində cərəyan edir. Yazıçının verdiyi nişandan (Tolstoyun ölümü) məlum olur ki, bu hissədə hadisələrin baş vermə tarixi təxminən 1910-cu ildir. Yusif Vəzirin bioqrafiyasında onun 1910-cu ildə Kiyevə gəlməsi qeyd olunub.
Əvvəlcə, müəllif 9 səhifəlik Rüstəmbəyin ailəsi – anası, atası və qardaşı haqda məlumat verir. Sonrakı səhifələrdə digər obrazların, o cümlədən Qulunun, Həsənin, Bəhramın, Səlmanın həyat tarixçələri haqda qısa məlumat verilsə də, zemlyaçestvo sədri Çingiz və adı əsər boyu hallanan Xəlil haqda bilgi verilmir. Əsərdə tələbələrin yaşayıb-oxuduqları şəhərin düz-əməlli təsviri yoxdur.
İkinci hissə Qalitsiyada (Buçaç şəhərində) və yenidən Kiyevdə yaşananlar göstərilir.
Rüstəmbəy obrazı romanın mərkəzi surəti olmağına baxmayaraq sönük, yarımçıq obraz sayılmalıdır. Müəllif onu kitablar içində batmış birisi kimi təsvir edib. Romanın heç bir yerində, adda-budda fikirlər çıxmaq şərtilə Rüstəmbəyin ciddi çıxışına, monoloquna rast gəlinmir. Ukraynada qızlar içində yaşayıb özünə oxumuş, elmli türk qızı axtaran və birini də tapa bilməyən Rüstəmbəy sabit bir məfkurəsi olmayan, tərəddülü baxışa malik birisidir. Əsərin sonuna qədər oxucu xalqın dərdini çəkməkdən yorulmuş obrazın dəyişməsini, onun nəhayət bir yol seçməsini gözləyir. Müəllif isə romanı yarımçıq bitirir.
Ayrı-ayrı mövzularda əsərdən seçdiyim cümlələr yazıram.
Din haqqında
Avam dinində möhkəm olar.
Din axtarmaq işsizlik əlamətidir.
Namaz, oruc, ziyarət və qeyri-bunlar lüzumsuz şeylərdir.
Namaz gimnastikadır.
Dinə təzə demək olmaz, din həmişə köhndir.
Millətpərəstlik haqqında
Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lotuluqlar onun dalında olur. Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mehmanxanası”, “İslamiyyə limonadı”, “Milli papiros”.. Bunlar lotuluq deyilmi? Tacir pul qazanıb, kef çəkmək üçün din və milləti əlində oyuncaq edir. Bakıda qoçular evlərində tələbə yurdu açır, hərəsi beş-on tələbəyə aylıq verir. Bu əxlaqsızlıqdır, yoxsa millətpərəstlik? Yoxsul gənclərin maddi vəziyyətindən istifadə edilərək, namusları ləkələnir... Bu rüsvayçılıqla millətpərəstlik deyirlər.
Türk-erməni məsələsi haqqında
Çar siyasəti avtonomiya məsələsini boğmaq üçün türk-erməni düşmənçiliyini məxsus kökürləyirdi. Ermənilərlə də barışıq yolunu bulacağıq. 1905-ci ilə qədər istər Şuşada, istərsə də civarında ermənilərlə türklər çox gözəl yaşayırdılar. Hər bir türk ailəsinin bir erməni kirvəsi vardı ki, evə məhrəm idi və ailə üzvü kimi sayılırdı. Erməni məhəlləsi şəhərin abad bir eyri idi. Türk qaranlıq və xərabə bir halda idi.
Rus məktəbləri haqqında
Rus məktəblərində oxuyanların içindən bir faiz də camaata yaralı adam çıxsa, yenə yaxşıdır.
Azərbaycan dili haqqında
Bizim danışdığımız dil az sözlərdən əmələ gələn yoxsul bir dildir. Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etməkdə acizdir. Buna görə də mübahisəmiz və elmi bir söhbətimiz olduqda öz dilimizi tullayıb, rus dili ilə danışırıq. Bu qüsurumuzu düzəltmək üçün dilimizi genişləndirməli, yəni xarici dilllərdən bir xeyli söz götürməliyik.
Bakı lotuları haqqında
Bakı küçələrində qoçular türk qadınlarının ayaqlarından dikdaban çəkmələri çıxarırmışlar. Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı olmuşdur. Təbii qurultay hadisəsiz keçməmişdir. Qurultayda iştirak edən bir qadına qarşı tapaçalar çıxmış.
“Vəhşi divizya” haqqında
Bir düzəngahda düşərgə yapan “vəhşi diviziya”nın bir bölüyü hər kəsi maraqlandırırdı. Rüstəmbəy isə maraqla deyil, nifrətlə tamaşa edirdi. Bunların Qafqaz şəhərlərindəki sərsərilərdən olduöunu və cəbhədə düşməndən çox sülhpərvər əhaliyə qan uddurduqlarını bilirdi.
Milyonçu Tağıyev haqqında
O zaman Bakı milyoneri Tağıyev mühəndis Behbudovu gənc arvadına qısqanaraq, evinə çağırdıb döydürmüş, rüsvay etdirmişdi. Əlibəy Hüsynzadənin “Füyuzat” jurnalını Tağıyev nəşr edirdi, Sultan Əbdülhəmidin işarəsinə görə Tağıyev bu jurnalı qapamışdı. Yuxarıda deyilənlərlə bərabər “Studentlər” həmin dövrün təsvirini cızmaq üçün əhəmiyyətli sayılmalıdır.
Elçin Mann
Kultura.az