Sovetlərin çöküşündən sonra, repressiya qurbanlarına və sovet dövründə “xalq düşməni” elan edilib sonradan bəraət alan milli aydınlarımıza qarşı münasibət köklü surətdə dəyişməyə başladı. Bəziləri hətta simvola çevrildi. Unudulmuşlar yenidən xatırlanmağa, haqqı danılmışlar isə haqqına qovuşmağa imkan tapdı.
Yusif Vəzirin talesizliyi ondadır ki, sağlığında ona istedadını və intellektini bağışlamayanların varisləri, atalarının və babalarının yoluyla gedərək, onu arxa plana itələməklə süni olaraq unutdurmağa çalışdılar. Yusif Vəzirin “Qızlar bulağı” və “İki od arasında” (Qan içində) romanlarını oxuyarkən heyrətlənməmək mümkün deyil. Hər iki roman tarixi-roman janrının qiymətli və lazımlı nümunələridir. Ötən əsrin əvvəllərində Azərbaycanda yenicə populyarlaşmağa başlayan roman janrında hədsiz dərəcədə gözəl nümunələr yaradan bu böyük yazıçının bəzilərinin unutdurlmağa çalışması, anlaşılandır. Sözsüz ki, onun qələmə aldığı ciddi nəsr əsərlərinin təbliğ olunması və geniş oxucu auditoriyasına təqdim edilməsi sovet dövründə fəxri adlar almış, karyera qurmuş, lenindən – berejnevə qədər SSRİ rəhbərlərinə mədhiyyələr yazmışların balalarını narahat etməli idi. Bəli, bu istedad və böyüklük yazıçı Yusif Vəzirin talesizliyidir. Azərbaycan oxucusunun onu lazımınca tanıması onun talesizliyi, bədxahlarının isə “uğurudur”.
Azərbaycan Demokratik Cumhuriyyətinin Ukraynada ilk diplomatik nümayəndəsi, ADC-nin Türkiyədə ilk səfiri vəzifələrində çalışmış Yusf Vəzirin dövlət xadimi və diplomat kimi də bəxti gətirmir. Rusiyada başlayan vətəndaş müharibəsi Yusif Vəzirin Ukraynada diplomatik nümayəndəlikdə fəaliyyət göstərməyinə mane olsa da, o qısa müddətə Azərbaycan Demokratik Cumhuriyyətinin xaricdə təbliğində böyük işlər görür. Vətənə geri döndükdən sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda ədəbi fəaliyyətini də davam etdirir. Səfir olaraq çalışsa da, Azərbaycan ədəbiyyatını tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan "Azərbaycan ədəbiyyatına bir nəzər” əsəri qiymətli tədqiqat əsərni yazmağa və nəşr etdirməyə imkan tapır.
Sovet işğalından sonra Yusif Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə Siyasi Elmlər İnstitutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşının yanına gedir. Təhsil aldığı sahədə işləməyi mümkün olmadığı üçün müxtəlif sahələrdə fəhləlik etməyə məcbur olur. Bir müddət sonra yazıdan və ədəbiyyatdan kənarda qalmağın mümkünsüzlüyünü görən eks diplomat, "Paris xəbərləri" qəzeti ilə əməkdaşlığa başlayır. Qəzetdə "Şərq məktubları” adlı silsilə yazıları yayımlanır. Diplomatik karyerasında bəxti gətirməyən yazıçı gənc yaşda qardaşını da itirir və Sovet Azərbaycanına qayıtmağa məcbur olur.
O vətəni fırtınalı dənizdə səyahət etdikdən sonra sığındığı sakit bir limana bənzədirdi. Əfsus ki, sakit hesab etdiyi “limanda” onu daha böyük fırtınalar gözləyirdi...
Stalin repressiyasının “soyuq yelləri” Yusif Vəzirdən də yan keçmir. Hər zaman şər-böhtan yuvası olan Azərbaycan Yazışılar İttifaqının III plenumunda sədr Seyfulla Şamilov Yusif Vəzir də daxil olmaqla bir çox gənc yazıçıları tənqid edir. Real təhlükəni hiss edən Yusif Vəzir Mircəfər Bağırova və Stalinə məktub ünvanlasa da, cavab ala bilmir. Bir müddət Özbəkistanda Urgənc Pedaqoji İnstitutunda baş müəllim və kitabxana müdiri işləyir. Amma 1940-cı ildə həbs edilib Azərbaycana gətirilir. Altı aya yaxın Keşlə həbsxanasında saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. O 1943-cü il yanvar ayının 3-də həbs düşərgəsində aclıqdan və ürək tutmasından vəfat edir. 1956-cı ildə isə onsuz da günahsız yerə sürgün edilən və sürgündə dünyadan köçən Yusif Vəzirə bəraət verilir.
Yusif Vəzirin yaradıcılığı çoxşaxəli və olduqca maraqlıdır. Şeirlə yaradıcılığa başlasa da, müxtəlif janrlarda qələmini sınamış yazıçımızın şübhəsiz ki, ən maraqlı əsərlərindən biri “Studentlər” romanıdır. Yazıçının repressiya olunmasına səbəb olan bu əsər haqqında hələ ilk nəşr olunduğu dövrlərdə də müxtəlif mübahisəli fikirlər olub. Əsər repressiya dönəminə qədər bəyənilsə də, repressiya maşını işə düşdükdən sonra əsərə münasibət də dəyişib.
Məsələn, 1936-cı ilin noyabrında (romanın birinci kitabının nəşrindən iki il sonra) “Çəmənzəminlnin “Qızlar bulağı” və “Studentlər” əsərinin bu son ildə çapdan çıxmış ikinci hissəsi də tarixi janr yolunda atılmış müvəffəqiyyətli addımlardan biridir. Bu əsərlərin canlı tarixi materialı üzərində oxucu keçmişi dərk edir. Hal-hazırın və gələcəyin mahiyyətini düşünməyə başlayır.” cümlələrini yazan tənqidçi Hidayət Əfəndiyev cəmi beş ay sonra yazırdı: “Ancaq bizdə bəzi yazıçılar var ki, bu temanın ciddiliyinə və əsl mahiyyətinə göz yumaraq, bu temadan başqa yolda istifadə etmişlər. Bu yazıçılar haman temadan revolyusion hadisələri təhrif etmək, Lenin partiyasının qəhrəman fəaliyyətini ört-basdır etmək, revolyusiya rəhbərlərinin rolunu əhəmiyyətdən salmaq və yaxud açıqdan-açığa inkar etmək yolunda istifadə etmişlər. Bu kibi yazıçıların ən tipik nümayəndəsi yazıçı Yusif Vəzirdir (Çəmənzəminli).
Yusif Vəzir özünün “Studentlər” əsərində (Azərnəşr. 1935-ci il) Oktyabr sosialist revolyusiyasına, bu revolyusiyanı yaradan qəhrəman rus proletarlarına və revolyusiya hərəkatının Lenin və Stalin kibi dahi rəhbərlərinə sağlam dünyagörüşü ilə yanaşmamış, daha doğrusu, bunları bizə düşmən cəbhədən qiymətləndirməyə çalışmışdır. Yusif Vəzir öz əsərində 1917-ci il hadisələrinə, kəskin sinfi mübarizəyə və vətəndaş müharibəsi şəraitində revolyusiyanın qalibiyyətinə qarşı siyasi duyğusuzluq və korluq göstərərək, revolyusiyanın hərəkətverici qüvvələrini aça bilməmiş, işçi sinfi və əməkçi kəndli kütlələrinin rolunu başdan-başa təhrif etmiş, bolşevik təşkilatının fəaliyyətini və Leninin revolyusiyadakı rəhbərliyini açıqdan-açığa inkar etmişdir.”
Göründüyü kimi, Yusif Vəzirin talesizliyi qarabaqara onu izləyir. Dünya şöhrətli “Əli və Nino” romanı haqqında illərlə davam edən qalmaqala isə yenidən qayıtmaq istəmirəm.
Deməli bitməz-tükənməz qovğalar, ədəbi mübahisələr, talesizlik ölümündən sonra da onu qarabaqara izləyir. İllər öncə mübahisəli “Əli və Nino” romanı ilə bağlıkeçirilən bir tədbirdə Yusif Vəzirin oğlu Orxan Vəzirovla tanış olmuşdum. Böyük sənətkarın oğlu tədbirə “Əli və Nino”nun atası tərəfindən yazıldığını isbat etmək üçün qatılmışdı...
Orxan Vəzirov 2010-cu ildə vəfat etsədə, “Əli və Nino” məsələsi hələ də həllini tapmayıb...
Yusif Vəzir “Studentlər” romanını 1914-cü ildə yazmağa başlayıb və ilkin variantda romanı “Günah” adlandırıb. Lakin əsəri çapa hazırlayarkən romanın adını dəyişib və “Studеntlər” adlandırıb. Rоman iki kitabdan ibarətdir. Yusif Vəzirin sağlığında iki dəfə, yəni 1931-ci və 1936-cı illərdə çap оlunan birinci kitabda Kiyеvdə охuyan azərbaycanlı tələblərin həyat və məişətləri, mədəni-sosial tədbirləri, hadisələrə baхış və münasibətləri müхtəlifliyi ilə qələmə alınıb. Müəllif qələmə aldığı hadisələrin fonunda dövrünün ictimai-siyasi və mədəni hadisələrinə öz baxışını da sərgiləyir. “Studеntlər” rоmanının “1917-ci ildə” adlı ikinci kitabı 1935-ci ildə çap оlunmuşdur. Burada birinci kitabdan tanış оlduğumuz surətlərin həyat və
fəaliyyətlərinin yеni mərhələsi canlandırılır.
Roman sosialist inqilabından əvvəl Azərbaycandan kənarda təhsil alan tələbələrin həyatına işıq tutur. Romandakı hadisələr və obrazlar, tələbələrin həyatı günümüzlə də səsləşir. Din mövzusundakı mübahisələr və mükalimələr, qadın və sevgi, elmə və təhsilə münasibət çağımızla da səsləşir. Rüstəmbəy və Əlinin dini söhbətləri, ateizm və din polemikası müasir gəncliyimizin təbəddülatları ilə olduqca oxşardır. Əsərin əsas qəhrəmanı Rüstəmbəyin ictimai çabaları, həmvətəni olan tələbələrə göstərdiyi qayğı çox diqqətçəkəndir. Rüstəmbəy obrazını dövrün maarifçiləri ilə də, inqilabçıları ilə də müqayisə etmək olar. O mübarizəsində xoşbəxt və ardıcıldır.
Məncə bu Yusif Vəzirin yazıçı kimi uğurundan daha çox, bizim xalq kimi hələ də düşüncələrimizdə, dinə və həyata baxışımızda dəyişiklik edə bilməməyimizin bariz nümunəsidir. Xaricdə təhsil alan tələbələrin təşkilatlanması və bu proses boyu müşayət olunan mübarizə, imkanlı tələbələrin bu işə qazanc yolu kimi baxması çağımızda xaricdə təhsil alan oliqarx balalarının diaspora oyunlarını xatırladır.
Fərəməzlər, qulamrzalar, salmanlar, əhmədlər ötən əsrin əvvəllərində necə zühur etmişdilərsə, 100 il sonra da həyatımızdadırlar. Roman boyu bir sual məni düşündürdü: “biz niyə dəyişə bilmirik?”. Yüz il əvvəl Axundovun, Sabirin, Cəlilin, Ömər Faiqin, Yusif Vəzirin tənqid etdiyi xalq eyni problemlər məngənəsindədir.
Məhz yuxarıda qeyd etdiyim xüsuslar göstərir ki, “Studentlər” həm tarixə işıq tutan bir roman kimi, həm də bizə bizi tanıdan bir mənbə kimi də dəyərli və aktualdır.
“Studentlər” janrın tələblərinə cavab verən əsərdir. Eyni zamanda o dövr ədəbiyyatını və dilimizin imkanlarını araşdıran araşdırmaçılar üçün də əvəzsiz və qiymətli mənbədir. Romanda dil faktoruna diqqət çəkmək istərdim.
Rоmаndа ictimаi həyаtın çохcəhətli hаdisələrinə diqqətlə yаnаşdığı, həmin hаdisələri cаnlаndırdığı üçün Yusif Vəzir müхtəlif хаrаktеrli nitq vаsitələrindən – ümumişlək sözlərlə yаnаşı, şivə lеksikоnundаn, аrхаik söz və ifаdələrdən jаrqоnlardan хаrаktеrlərin fərdiləşdirilməsi üçün tаriхi kоlоritli sеmаntik-frаzеоlоji mаtеriаldаn köməkçi vаsitə kimi böyük ustalıqla istifаdə edib. Bu baxımdan romanın dili də olduqca maraqlı və zəngindir.
Son olaraq qeyd etmək istərdim ki, “Studentlər” həm bədii, həm üslub, həm də dil xüsusiyyətlərinə görə ədəbiyyatımızın maraqlı nümunələrindən biridir.
Cəlil Cavanşir
Kultura.az