post-title

Dağ adam

Dağı yarmağa başlayanda, kənddə mənim havalandığım barədə söz-söhbət gəzməyə başladı, amma bu, sadəcə mənim qətiyyətimi artırırdı (Daşrah Manchi, 1934-2007)

 

Hindistanın Bihar ştatında çox da böyük olmayan bir dağ kəndi var. 1980-ci illərin əvvəllərinədək bu kəndin sakinləri sivilizasiyaya ən yaxın çıxış məntəqəsi olan Qaya şəhərinə gediş-gəliş üçün 70 kilometrə yaxın uzun və narahat yolu qət etdirdilər. Halbuki coğrafi olaraq Qahlur kəndi şəhərin bir neçə kilometrliyində yerləşir. Kəndi şəhərdən sıldırımlı dağ sislsiləsi ayırdığından, əhalisi ya təhlükəli dağ keçidlərindən istifadə etməli, ya da dağın ətrafından dolama uzun yol qət etməl idilər. Kənd sakinləri yol çəklilişi üçün ştat hökumətinə dəfələrlə müraciət etmiş olsalar da, hökumət azsaylı əhalinin həyatını asanlaşdırmaq üçün böyük xərc tələb edən yol çəkilişindən imtina etmişdi.

Daşrah Manchi kəndin sıravi sakinlərindən biri, nümunəvi ailə başçısı idi. Digər bir çox kənd sakinləri kimi o da becərdiyi məhsulu dağətrafı yolla şəhərə aparıb satmaqla dolanırdı. Günlərin birində arvadı Falquna Devi ilə şəhərə getmək lazım gəlir, lakin nəqliyyat tapılmadığından onlar dağ aşırımından istifadə etməli oldular. Falquna sıldırımlı aşrımda yıxılıb ağır xəsarət aldı. Daşrah nə qədər səy göstərsə də, onu xəstəxanaya çatdıra bilmədi və bir neçə saat sonra Falquna onun qollarında  gözlərini əbədi yumdu.

Bir müddət sonra səhər tezdən kənd sakinləri Daşrahın çiynində külüng dağa tərəf yollandığını gördülər. İlk öncə heç kim nə baş verdiyini başa düşmədi. Fəqət az sonra məlum oldu ki, Daşrah arvadının yıxıldığı aşırımda qayaları çapıb dağıtmağa başlayıb. Qonşular onu bu ağılsız əməldən çəkindirməyə, bununla arvadını geri qaytarmağın mümkün olmadığına inandırmağa çalışsalar da, Daşrahın qayalardan qisas almaq niyyəti qəti idi. Hər səhər külüng və başqa alətlərini götürüb dağa yollanır, axşam geri dönürdü. Kənd əhli onun dəli olduğunu düşünüb, inadından əl çəkdi. Və beləcə 22 il (1960-1982) Daşrah dağ aşırımında çalışdı. İlk külüng zərbəsini endirərkən onun 26 yaşı, son zərbəni vurduqda 48 yaşı vardı.  Və budur, 22 il sonra kənd sakinləri qarşısında uzunluğu 110, eni 9, dərinliyi 7,5 metr olan yarğan açılmışdır. İndi onları şəhərdən cəmi bir neçə kilometrlik təhlükəsiz yol ayırır.  
   
Tezliklə bu hadisənin sorağı bütün Hindistana yayıldı. Xalq ona “Dağ adam” ləqəbi verdi. 2007-ci ildə  Daşrah Manchi xərşəng xəstəliyindən öləndə  Ştat hökuməti təntənəli dəfn mərasimi təşkil etmişdi. Hindistanın bir çox yerlərindən adamlar vida mərasiminə axışırdılar. İndi onun adı Hindistanı hər yerində böyük ehtiramla yad edilir. Onun əməlini hindlilər Tac Mahalla müqayisə edirlər, nakam məhəbbətin qüdrəti kimi. Məlum olduğu kimi, Tac Mahalı hind hökmdarı cavan ikən ölən sevimli arvadının xatırəsinə tikdirmişdir. Fəqət insan əzmkarlığına gəlincə, Daşrahın əməlinin misli-bərabəri yoxdur. Onu yalnız nağıl və ya poeziya qəhrəmanlarına bənzətmək olar, məsələn, Şirinin şərəfinə dağları çapıb arx çəkmiş Fərhadla.  Daşrah əfsanələri reallığa çevirən adam oldu.

Bəzi detalları bu linkdən izləmək olar: https://www.youtube.com/watch?v=xuz7qIjEjmQ

Ruslan Köçərli

Kultura.az

 

Yuxarı