post-title

Nabokov: “Yaxşı oxucular və yaxşı yazıçılar” - Esse

Rus mənşəli amerikalı yazıçı Vladimir Nabokovun “Yaxşı oxucular və yaxşı yazıçılar” essesini təqdim edirik.

 
 
“Yaxşı oxucu olmaq üçün nə etməli?” və ya “Yazıçılara qarşı nəzakət” –mühazirələrimi təxminən belə bir yarımbaşlıq altında ümumiləşdirmək olardı, çünki bir neçə avropa şedevrini sevgiylə, detallarını sevərək və həmin detalların üzərində tələsmədən dayanıb incələmək istəyirəm. Yüz il əvvəl Flober bir məktubunda sevgilisinə belə yazmışdı: Comme l’on serait savant si l’on connaissait bien seulement cinq a six livres – yəni “İnsan beş-altı kitabı yaxşı bilsə, alim olardı”.
 
Oxucu təfərrüatlara diqqət etməlidir və onlarla sevişməlidir. Parlaq günəş işığında təfərrüatları qayğıkeşliklə toplayandan sonra, ümumiləşdirmənin solğun ay işığında gəzişmək olar. Hazır ümumiləşdirmələrlə oxumağa başlamaq, işə axırdan başlamaq və kitabı başa düşməmiş kitabdan uzaqlaşmaqdı. Tutalım, əvvəlcədən “Madam Bovari”ni burjuaziyanın tənqidinə həsr olunmuş kitab olduğunu bilərək oxumağa başlamaq qədər yazıçıya qarşı ədalətsizlik edən və darıxdırıcı heç nə ola bilməz. Həmişə yadda saxlamaq lazımdır ki, sənət əsəri hər zaman yeni bir dünyanın yaradılmasıdır. Belə ki, ilk işimiz belə olmalıdır: həmin yeni dünyaya, bizə əvvəldən tanış olan dünya ilə birbaşa əlaqəsi olmayan tamam yeni bir şey kimi yanaşmaq. Bu yeni dünyanı təfərrüatı ilə öyrənəndən sonra, yalnız bundan sonra, həmin dünyanın başqa dünyalarla və bilginin digər sahələri ilə əlaqəsini araşdırmalıyıq.
 
İndi isə başqa belə bir sual: hər hansı bir roman bizə ölkələr və onların tarixi haqqında məlumat verə bilərmi? Doğrudanmı adamlar sadəlövhcəsinə inanırlar ki, kitab klublarının tarixi roman adı ilə addımbaşı bizə soxuşdurmaq istədikləri ətli-budlu bestsellerlərdən keçmiş haqqında nəsə öyrənmək olar? Bəs şedevrlər necə? Həyat haqqında bildiyi vur-tur keşişin qonaq otağı ilə məhdudlaşan Ceyn Ostinin, baronetlər və bağ arxitekturası ilə zəngin mülkədarlar İngiltərəsi haqqında təsvirlərinə güvənə bilərikmi? Və ya “Soyuq ev” - fövqəladə London təsvirlərinin fonunda bu fövqəladə sevgi hekayəsinə yüz il əvvəlki Londonun analizi deyə bilərikmi? Əlbəttə deyə bilmərik. Eyni şey bu qəbildən olan bu cür romanların hamısına aiddir. Həqiqət ondan ibarətdir ki, möhtəşəm romanlar, möhtəşəm nağıllardır – və bizim haqqında danışacağımız romanlar, Böyük nağıllardır.
Zaman və məkan, mövsümlərin rəngi, əzələlərin və zehnin hərəkətləri – bütün bunlar dühası olan yazıçılar üçün, (nə qədər mühakimə etmək mümkündürsə, inanıram ki, fikir yürütmək olar) usta sənətçilərin özünəməxsus formada ifadə etməyi öyrəndiyi orijinal kəşflərdir, nəinki gündəlik həqiqətlərin gəzərgi kitabxanasından borc götürülmüş ənənəvi fikirlər. Ortabab yazıçılara klişeni boyamaq qalır: onlar dünyanı yenidən kəşf etmək zəhmətinə girmir, eləcə ənənəvi qəliblərindən sırasından bacardıqca sıxıb nəsə çıxartmağa çalışır. Bu ortababların bəlli çərçivə içində, müxtəlif kombinasiyalarda istehsal etdiklərinin ötəri cazibədarlığı ola bilər, bu da onu görə olur ki, ortabab oxucular bu ötəri qabıq altında öz ortabab fikirlərini görürlər. Amma həqiqi yazıçılar, hansılar ki, planetləri dövr etdirir, insanı yatarkən formaya salır və  insan yatarkən amansızca onun qabırğasını əzir – bu cür yazıçıların əlində hazır qəliblər olmur: onlar bu dəyərləri məcbur olub özləri yaradırlar. Yazıçılıq sənəti əgər bəri başdan dünyanı təxəyyülün anbarı kimi görmürsə, o tamam faydasız işdir. Bu dünyanın materialı kifayət qədər real ola bilər (gerçəklik nə qədər mümkündürsə), amma bu material qəbul edilmiş bir bütövlük halında olmur: bu xaosdur, yazıçı bu xaosa “haydı!” deyir və dünya alışıb-yanmağa başlayır. Onda dünya sadəcə görünən və səthi parçalarda yox, atomlarına qədər dəyişmiş olur. Yazıçı bu dünyanın xəritəsini tərtib edən və burdakı təbii nəsnələri adlandıran ilk insandır. Bu giləmeyvələri yemək olar. Yolda rastıma çıxan o xallı heyvanı əhilləşdirmək olar. Ağacların arasındakı bu gözəl gölün adı bundan sonra “Mirvari” olsun, ya da daha sənətkaranə desək, “Axarlı göl” olsun. O duman əslində bir dağdır və o dağı fəth etmək lazımdır. Usta sənətçi insan ayağı dəyməmiş yamaca dırmaşır, təpədə, küləkli zirvədə bir nəfərlə qarşılaşır – sizcə kiminlə? Təngnəfə olmuş xoşbəxt oxucu ilə və ordaca oxucu ilə yazıçı qucaqlaşırlar, əgər kitab əbədiyyətə qədər davam edəcəksə, onlar həmişəlik bir-birinə sarılmış qalacaqlar.
 
Bir əyalət kollecində, mühazirə üçün ləngidiyim bir axşamüstü, kiçik bir test keçirdim. Mən oxucunun kimliyini təsvir etmək üçün on təyin təklif etdim. Bu on təyindən tələbələr yaxşı oxucunu müəyyənləşdirmək üçün dördünü seçməliydilər. Siyahını itirmişəm, amma xatırladığım qədərilə təyinlər təxminən beləydi. Yaxşı oxucu olmaq üçün aşağıdakılardan dördünü seçin:
 
Oxucu bir kitab klubuna üzv olmalıdır.
Oxucu özünü kitabın qəhrəmanı ilə eyniləşdirməlidir.
Oxucu diqqətini sosial-iqtisadi aspektlərlə maraqlanmalıdır.
Oxucu içində hərəkətin və dialoq çox olduğu kitabı, olmayandan daha üstün tutmalıdır.
Oxucu əvvəlcədən kitabın filminə baxmış olmalıdır.
Oxucu yetkinləşməkdə olan yazıçı olmalıdır.
Oxucunun fantaziyası olmalıdır.
Oxucunun yaddaşı olmalıdır.
Oxucunun lüğəti olmalıdır.
Oxucunun bir az bədii zövqü olmalıdır.
 
Tələbələrin çoxu sentimental eyniləşdirməni, hərəkəti və sosial-iqtisadi aspektləri, yaxud tarixiliyi seçdilər. Əlbəttə, sizin də təxmin etdiyiniz kimi, yaxşı oxucu, fantaziyası, xəyal gücü, yaddaşı, lüğəti və bir az da bədii zövqə malik olan kəsdir – bu zövqü özümdə və başqalarında fürsət düşən kimi inkişaf etdirməyə çalışıram.
 
Əvvəlcədən deyim ki, oxucu sözünü geniş mənada işlədirəm. İşin qəribə tərəfi odur ki, insan bir kitabı oxuya bilməz: insan bir kitabı ancaq yenidən oxuya bilər. Yaxşı oxucu, usta oxucu, aktiv və yaradıcı oxucu, təzədən oxuyandır. Niyə belə olduğunu deyim. Bir kitabı ilk dəfə oxuyanda, gözlərimizi soldan sağa, hər səhifədə, hər sətirdə zəhmətlə gəzdirmək prosesi, bu qarışıq fiziki işin özü, kitabın məkan və zaman baxımından nə haqqında olduğunu öyrənməyimiz, bizim estetik dərketmə mexanizmimizin arasına girir. Bir rəsmə baxanda gözlərimizi müəyyən formada hərəkət etdirməyə ehtiyac yoxdur; həmin rəsm kitabda olduğu kimi dərinlik və inkişaf elementləri ilə zəngin olsa da. Bir rəsmlə ilk təmasımızda zaman elementi rol oynamır. Kitab oxuyanda isə kitabla tanış olmaq üçün vaxta ehtiyac var. Bizim elə bir fiziki orqanımız yoxdur ki, (rəsmə baxarkən gözlərimizin etdiyi kimi) bütöv rəsmi  birdən qavrayaq və sonra da təfərrüatlarından ləzzət alaq.  Amma ikinci, üçüncü və ya dördüncü oxunuşda kitabla, müəyyən mənada rəsmlə davrandığımız kimi davranırıq. Eyni zamanda, fiziki gözü, təkamülün o əcaib şedevrini, təkamülün daha da əcaib uğuru olan təfəkkürlə qarışdırmamalıyıq. Bir kitab, nə olur-olsun – istər bədii olsun, istər elmi (bu ikisi arasındakı sərhəd düşünüldüyü qədər şəffaf deyil) – hər şeydən əvvəl ağlımıza təsir edir. Ağıl, təfəkkür, beyin, onurğanın titrəyən zirvəsi – kitabı anlamaq üçün yeganə alətlərdir, yaxud yeganə olmalıdırlar.
İndi isə gəlin qaramat, tutqun oxucu kitabların günəş şüası ilə qarşılaşanda ağlı necə işləyir, bu məsələyə baxaq. Əvvəlcə oxucunun tutqunluğu əriyib yoxa çıxar və pis-yaxşı, oxucunun oyunun havasına düşər. Xüsusilə də əgər kitab, gənc oxucunun gizlidən-gizliyə çox köhnə qafalı və ya hədsiz ciddi hesab etdiyi kəslər tərəfindən təriflənibsə, kitabı oxumağa başlamaq çox vaxt çətindir; amma bir dəfə cəhd edilsə, mükafatı çoxçeşidli və bol olur. Usta yazıçı kitabını yaradarkən öz fantaziyasından istifadə edibsə, oxucunun da öz fantaziyasını işə salmaq məcburiyyəti tamamilə təbii və ədalətlidir.
 
Oxucu fantaziyasına gəlincə, bunun ən azı iki növü var. Baxaq görək bu iki fantaziya növündən hansı mütaliə vaxtı tələb olunur. Bunlardan birincisi kasıb emosional hisslərdə özünü göstərən və həmişə şəxsi olan aşağı səviyyəli fantaziyadır. (Emosional mütaliənin birinci növü, öz növbəsində bir neçə yarımnövə bölünür.) Kitabdakı bir vəziyyətdən möhkəm mütəəssir oluruq – ona görə ki, bu vəziyyət ya bizim, ya bir tanışımızın başına gəlmiş bir əhvalatı xatırladır. Yaxud oxucu əsasən öz keçmişinə aid nostalgiya ilə xatırladığı həyat tərzini, bir mənzərəni, bir ölkəni xatırlatdığı üçün əsərə dəyər verir. Və yaxud oxucu (bu bir oxucunun edə biləcəyi ən bərbad şeydir), kitabdakı bir xarakterlə özünü eyniləşdirir. Bu aşağı səviyyəli fantaziya oxucularda görmək istəmədiyim şeydir.
 
Bəs oxucunun istifadə etməli olduğu doğru alət hansıdır? Bu alət, şəxsi olmayan fantaziya və bədii ləzzətdir. Fikrimcə, oxucunun təfəkkürü ilə yazıçının təfəkkürü arasında bədii baxımdan ahəngdar tarazlıq yaransın. Bir az kənarda dayanmaq və bu kənarlaşmadan zövq alarkən, həm də şedevrin daxili materialından həvəslə zövq almalıyıq – ehtirasla ləzzət almalıyıq, göz yaşı və sarsıntı ilə. Bu söhbətlərdə əlbəttə ki, bütünlüklə obyektiv olmaq mümkün deyil. Dəyərli olan hər şey mütləq müəyyən qədər subyektivdir. Məsələn, sizin orda oturmağınız bəlkə də təxəyyülümdən başqa bir şey deyil və bəlkə də mən sizin kabusunuzam. Demək istəyirəm ki, oxucu fantaziyasını harda, nə vaxt cilovlamalı olduğunu bilməlidir və bunu da yazıçının ona təklif etdiyi spesifik dünyaya açıq şəkildə sahib olmağa çalışaraq etməlidir. Şeyləri görməli və eşitməli, otaqları, paltarları, yazıçının yaratdığı insanların hallarını gözümüzdə canlandırmalıyıq. “Mansfild park”da Fanny Praysın gözlərinin və balaca soyuq otağının döşəməsinin rəngi önəmlidir.
 
Hamımızın qavrayışı fərqlidir və sizə tezcə deməliyəm ki, bir oxucunun sahib olacağı, ya da özündə inkişaf etdirməli olduğu ən yaxşı qavrayış forması bədii olanla elmi olanın qarışığıdır. Kitaba münasibətdə şövq, ehtiras hədsiz subyektivliyə gətirib çıxaracaq, hökm verərkən elmi soyuqqanlılıq isə intuisiya qızdırmasını soyudacaq. Sözümün canı budur ki, əgər gələcəkdə oxucu olacağı ehtimal edilən şəxs bədii ehtirasdan və elmi səbrdən tamamilə məhrumdursa, möhtəşəm ədəbiyyatdan zövq alması çətin məsələdir.
 
Ədəbiyyat Neandertal bir vadidən “Canavar, canavar!” deyə-deyə qaçan bir oğlanın kürəyində qurd nəfəsini hiss edə-edə qaçdığı gün yaranmayıb; ədəbiyyat bir oğlanın “Canavar!” deyib qışqırdığı, amma arxasınca heç kimin gəlmədiyi gün yaranıb. O zavallı balaca oğlanın çox tez-tez yalan danışdığı üçün axırda canavara yem olması ikinci dərəcəli məsələdir. Burda önəmli olan başqa şeydir. Baxın: uzun otlar arasındakı gerçək canavarla, şişirdilmiş hekayədəki canavar arasında sayrışıb parıldayan bir aradüzəldən var. O aradüzəldən, o prizma, ədəbiyyat sənətidir.
 
Ədəbiyyat kəşfdir. Uydurma uydurmadır. Bir hekayəyə həqiqi hekayə demək, həm sənətə, həm də həqiqətə təhqirdir. Hər böyük yazıçı böyük fırıldaqçıdır, ən baş fırıldaqçı Təbiət də böyük fırıldaqçıdır. Təbiət daim aldadır. Artımın sadə hiylələrindən tutmuş kəpənəklərin və quşların qoruyucu rənglərindəki müdhiş hiylələrə qədər, Təbiətdə möhtəşəm bir sehr və hiylə sistemi var. Yazıçı sadəcə təbiətin izindən gedir.
 
Bircə anlıq “canavar” deyə qışqıran tüklü yabanı oğlana qayıdaq, belə demək olar: Sənətin magiyası, oğlanın fantaziyasında yaratdığı canavarda, canavarla bağlı fantaziyasında idi; sonra oğlanın hiyləgər əhvalatı yaxşı bir hekayəyə çevrildi. Axırda həmin şuluq oğlanın özü bu dünyada olmayanda, onun haqqında danışılan hekayə, mağara tonqalı ətrafında ibrətamiz hekayəyə çevrildi. Amma sehrbaz olan həmin oğlan idi. Kəşf eləyən o idi.
 
Yazıçını üç rakursdan qiymətləndirmək olar:  hekayəçi kimi, müəllim kimi, sehrbaz kimi. Hər üçü – Hekayəçi, Müəllim, Sehrbaz -  böyük yazıçılarda birləşirlər, amma yazıçının böyük olması üçün Sehrbazlıq daha vacibdir.
 
Biz hekayəçiyə əylənmək, ən sadə növdə zehni həyəcan, emosional cəlbolunma, zamanın və məkanın uzaq yerlərində dolaşmaq üçün müraciət edirik. Bir az fərqli, amma illahda ki, ortabab təfəkkürlülər yazıçıdakı Müəllimi axtarırlar. Təbliğatçı, əxlaqçı, peyğəmbər – artan sıra belədir. Müəllimin yanına təkcə nəsihət üçün yox, birbaşa bilgi üçün də, adi həqiqətlər üçün də gedə bilərik. Nəşəli Paris ya da hüznlü Rusiyadakı həyat haqqında nəsə öyrənmək üçün fransız və rus yazıçılarını oxuyan insanlar tanımışam. Nəhayət axırda, böyük yazıçı həmişə böyük bir sehrbazdır və bax bu yerdə, yazıçının dühasının fərdi magiyasını qavramağa, üslubunu, bədiiliyini, romanlarının və ya şeirlərinin strukturunu analiz etməyə çalışanda, həqiqətən həyəcanlı hissəyə gəlmiş oluruq.
 
Böyük yazıçının üç tərəfi – magiya, hekayə, nəsihət -, vahid və bənzərsiz bir parıltının bütövlüyündə çulğalaşmağa meyllidir, çünki sənətin sehri, hekayənin sümüklərində, düşüncənin iliyində məskən sala bilər. Bizdə dərin bədii sarsıntı yaradan “Mansfild parkı” kimi, ya da Dikkensin coşğun bədiiliyinin zəngin axarı kimi, quru, saf və səliqəli-səhmanlı düşüncə şedevrləri var. Mənə elə gəlir ki, bir romanın keyfiyyətini yoxlamaq üçün ən yaxşı formul, elmi intuisiya ilə poeziyanın dəqiqliyinin sintezidir. O sehrdən ləzzət almaq üçün ağıllı oxucu, düha məhsulu olan bir əsəri ürəyi ilə yox, ağlıyla yox, onurğası ilə oxuyur. Oxuyarkən bir az məsafəli, bir az uzaq dayanmağımıza baxmayaraq, sirri faş edən titrəmə də orda yaranır. Bundan sonra həm hissi, həm də intellektual zövqlə sənətçinin necə kağızdan evcik düzəltməsini, bu evin necə dəmirdən və şüşədən bir qəsrə çevrilməsini izləyə bilirik.
 
Tərcümə: Qismət
 
Kulis.az
Yuxarı