post-title

Folknerin "Səs-küy və hiddət"i

Bu roman başqa romanlar kimi deyil. Bu qəhrəmanları tanımırıq. Onlara oxşamaq istəmirik, onlarla özümüzü eyniləşdirmirik, tez-tez bədbəxt talelərini düşünüb kədərlənmirik, başımıza gələn oxşar hadisələrdə onlar kimi davranmağa çalışmırıq.

 
 
Onun qəhrəmanları kitabı qapayanda ordaca qalmır. Onlar bizim  qonşularımızdırlar, bəlkə bu yazını oxuyanda pəncərədən boylansaq həyətlərini görərik. Evimizdə onlar haqqında hər gün danışırlar. Biz hər axşam yemək masasında onları yada salırıq. İllər sonra ötən günlərdən danışanda keçmiş  qonşumuzu yada salar kimi  xatırlayarıq onları:
“ Ana filankəs daha görünmür, haralardadı?”
 
“İki il əvvvəl öldü”,
 
“Dəlixanaya göndərdilər”,
 
“Hələ də bir xəbər çıxmayıb”.
 
Bəli, bu qəhrəmanlar belədir. Onların talelərini bir kitabla öyrənmək kifayət deyil. Bir kitaba sığmırlar. Onların sonrakı talelərindən agah  olmaq üçün bütün Yoknapatovanı tanımalısan. Uilyam Folknerin bir poçt markası boyda olan, amma bütün yaradıcılığı boyu bəhs etdiyi, romanlar həsr etdiyi şəhərini.
 
Az tanınsa da Heminqueydən qabaq aldı Nobeli
 
Bu yazımızda Uilyam Folknerin “Səs-küy və hiddət” romanından danışacağıq.
 
Folknerin sayca dördüncü romanı olan “Səs-küy və hidət” 1929-cu ildə çap olunmuşdu. “Əsgər qisməti”, “Ağcaqanadlar” və “Sartoris” romanlarından sonra. Folkner “Səs-küy və hiddət”də bütün bacarığını ortaya qoyaraq modernizmin mümkün texnikalarından yararlanmış, mükəmməl bir əsər yaratmışdı. Buna baxmayaraq əsər Amerikada 16 il müddətinə cəmi üç min tirajla satıla bilmişdi.
 
Folknerin məşhurluq taleyi də qəribə idi. Dolanışıq üçün Hollivud filmlərinə ssenarilər yazırdı, Avropada ən məşhur Amerikan yazıçılarından biri hesab edilirdi. Vətənində isə tənqidçilər onu saya salmırdılar. Oxunmurdu. Sonralar ondan tənqidçilərə münasibətini soruşanda belə cavab vermişdi: “Sənətkarın tənqidçiləri dinləməyə vaxtı yoxdur”.
 
Dövrün məşhuru Ernest Heminquey idi. Məşhurluq ona okeanın  o üzündən gəldi. Nobel mükafatı alanda da ABŞ-da xeyli təəccüblənmişdilər.
 
Roman çap ediləndə tənqidçilərin ciddi tənqidləri ilə üzləşsə də çox çəkmədi ki, Folkner dühası ilə hesablaşmalı oldular. Onun “Səs-küy və hiddət” romanı iyirminci əsrin klassik əsərlərindən sayılır. Bir çox ölkədə isə “yüz təməl əsər”dən biri hesab olunur.
 
Çətin kitab
 
Bir yana baxanda oxucuları da qınamalı deyil. Roman olduqca mürəkkəb struktura malikdir. Folkner bu romanda şüur axını  texnikasından  geniş istifadə  edib.
 
Folkner deyir ki, Keddinin ölmüş nənəsinin dəfninə baxmaq üçün  ağaca çıxmasından və ağacın altında dayanan qardaşlarının onun palçığa bulanmış tumanını görməsindən bəhs edən bir hekayə yazmaq istəyirdim: “Hekayəni birinci qardaşın dilindən yazdım. Alınmadı. Sonra ikinci qardaşın dilindən yazdım. Yenə də alınmadı. Daha sonra üçüncü qardaşın dilindən yazmağa cəhd etdim. Axırda xidmətçinin dilindən yazanda əsərin hazır olduğuna əmin oldum”.
 
Mənim fırıldağım
 
Bu mürəkkəb strukturlu romanı oxumağa başlayanda kiçik bir fırıldağa əl atdım. Əvvəlcə “Səs-küy və hiddət” haqqında bir neçə məqalə oxudum. Roman haqqında, onun strukturu, hadisələr, yazı üslubu haqqında öyrəndim. Lazım olan bütün qaydaları mənimsəyəndən sonra oxumağa başladım. Rast gələcəyim bütün sürprizlərə hazır idim.
 
“Səs-küy və hiddət” uzun illər cənubda tanınmış ailələrdən olmuş Kompsonların son 30 ilindən, bu ailənin qürubundan bəhs edir. Onların həyatı üç ailə üzvünün dilindən verilir.
 
Lal-kar olub oxumalı
 
Kompsonların düşdükləri maddi və mənəvi böhran, əxlaqi  aşınma, ailə üzvlərinin dilindən xırda-xırda nəql olunur. Əsər sanki pazl kimi quraşdırılıb. Fəsilləri oxuduqca, zamanla tez-tez irəli geri getdikcə, ümumi hadisənin müəyyən hissələrini  təsəvvüründə qura bilirsən. Yalnız kitabı oxuyandan sonra ümumi mənzərəni görmək mümkündür.
 
Oxucular daha çox birinci fəsildə çətinlik çəkirlər. Birinci fəsil ailənin ruhi xəstə övladı, adı əvvəl dayısının şərəfinə Mauri olmuş, lakin uşaq altı yaşa çatanda xəstə olduğu aşkar edilərək dayısının xatirəsinə ləkə gətirilməsin deyə dəyişdirilərək Benjamin olan ən kiçik qardaşın dilindən nəql olunur. Benji danışa bilmir, lal-kardır. O, ətrafı ancaq qoxularla hiss edir. Benjinin hekayəsini anlamaq üçün bir anlıq göz-qulağımızın varlığını unutmalı, Benji olaraq oxumalıyıq.
 
Qaydaları unudaraq oxuyun
 
Birinci fəsil 7 aprel 1928-ci ildə vaqe olur. Həmin gün Benjinin 33 yaşı tamam olur. Sabah isə Pasxa bayramıdır. İsanın 33 yaşını xatırlayaq. Sərbəst hərəkət qabiliyyətinə malik olmayan Benjiyə bu 33 ildə xidmətçi zənci ailənin müxtəlif üzvləri həmdəmlik edirlər. Körpəlikdə Verş onun qayğısına qalır, yeniyetmə çağlarında T.P., hazırda isə 14 yaşlı Luster.
 
Ailədə isə ən çox onun qayğısına qalan bacısı Keddi idi. Keddi  gedəndən sonra Benji onu xatırlamaq üçün ailəsinin bir zamanlar Keddinin toy xərclərini və Kventinin Harvard Universitetində təhsil xərclərini ödəmək üçün satdıqları çəmənlik sahədə düzəldilmiş qolf meydançasına gəlir.
 
Qolfçular köməkçilərinə Keddi deyir. Onlar hər dəfə “Keddi” deyə səsləndikdə Benji bacısını xatırlayır. Keçmişə səyahət də beləcə başlayır. Səhərdən başlayaraq bütün gün ərzində Benji Kompsonlar ailəsinin keçmişini xatırlayır. Folkner oxuma asanlaşsın deyə zamanla sıçramaları qalın hərflərlə vermək istəyir, amma buna çox mürəkkəb işləndiyindən və kitab baha qiymətə başa gəldiyindən, yazıçı bu hissələri italik hərflərlə verməyə məcbur olur.
 
Zamanda sıçrayışlar, italik hərflərlə verilmiş cümlələrin bir hissəsinin səhifənin bir yerində, digərinin başqa bir abzasda verilməsi, Benjinin iztirablarını vermək üçün bəzən cümlələrdə  qrammatik qaydaların pozulması oxuyanda çətinlik yaradır.
 
Bacı dərdi
 
Ən çox qayda pozuntusu isə 1910-cu il 2 iyun gününün Kventinin dilindən nəql olunduğu ikinci fəsildədir. Bu fəsildə Folkner demək olar heç bir dil qaydasına əməl etmədən bütün cümlələri, dialoqları ard-arda düzüb. Oxucu bəzən çaşqınlıq içində qalır. Burada da zaman sıçramaları baş verir. Folkner bu üsulla Kventinin bacısından ötrü keçirdiyi vicdan əzabını, daxili  təbəddülatları, qəlbindəki təlatümləri, qarışıqlığı, tərəddüdü vizual  olaraq göstərir.
 
Folkner xırdaçılığa getməyən yazıçılardandır. Oxucunu çətinə salmağı xoşlayır. Məsələn, saatı bildirmək üçün tez-tez Kventinin kölgəsinin necə düşdüyünü yazır. Saatın neçə olmağını çalış özün tap.
 
Keddi yeniyetməlik yaşından yüngül həyat tərzi keçirir. Oğlanlarla görüşür. Hər dəfə görüşdən gələn bacısını xatırlayan Benji deyir: “O ağaclar kimi qoxuyurdu”.
 
Keddinin rüsvayçılığı ailəni uçuruma apardı
 
Yüngül həyat yaşayan Keddi Dalton Eymsdən hamilə qalır. Kventin Daltonla dalaşsa da öldürməyə əli qalxmır. Keddi üzüqaralığını gizlətmək üçün Herbert adlı bir bank sahibinə ərə gedir. Herbert isə toy gecəsindəcə gəlinin hamilə olduğu öyrənir və onu qovur. Anası bu rüsvayçılığa dözə bilmir.
 
Bütün günü Kembricin küçələrində veyllənən Kventin özünü bacısı qədər günahkar hesab edir. Kventinin bu ayıbını öz üzərinə götürmək üçün bacısının ondan hamilə qaldığını atasına söyləyir. Atası ona inanmır.
 
Qardaşının intihar etdiyini öyrənən Keddi doğulacaq körpəsinin cinsiyyətini nəzərə almadan uşağın adını mərhumun xatirəsinə Kventin qoyur. Keddinin qızı dünyaya gəlir. Keddi qızını ailəsinə verib Cefersonu tərk edir.
 
Şeytan qalib gəlir
 
Üçüncü fəsildəki hadisələr 6 iyun 1928-ci ildə baş verir və ikinci  qardaş Ceyson tərəfindən nəql olunur. Benjinin ağlı çatışmasa da, dünyada baş verənləri anlamasa da bacısından ətir qoxuları gələndə onun başına gələcək bədbəxtliklərdən hali olur. Keddinin kirlənmiş tumanını görəndə də bunu yalnız zahiri əlamətlərlə izah edir. Kventin isə daha dərin mənalara varır, kirlənmiş tumanı, kirlənmiş namusla eyniləşdirir.
 
Ceyson isə. O bacısının faciəsindən maksimum cəhətdən yararlanmağa çalışır. O öz nəfsini şeytana satanlardandır. Buna görə də Kompsonların həyatda qalan tək varisi olur. O, ailənin dərdindən içkiyə qurşanıb üç il sonra ölmüş ata Kompsonun dəfninə gizlicə gələn bacısına körpəsini bir dəfə göstərmək üçün 100 dollar tələb edir.
 
Keddinin qızına göndərdiyi pulları hər dəfə mənimsəyir. Saxta bank çekləri hazırlayaraq məktubun arasına qoyub anasına verir. Saxta bank çeklərini cırıb atan anası da sadəlövhcəsinə inanır ki, Keddinin qızını böyütmək üçün heç vaxt onun yardımlarına ehtiyacları olmayıb.
 
Ceyson bir suyu anasına çəkən bu üsyankar bacıqızından razı deyil. Onunla çox pis rəftar edir. Dayısının rəftarından bezən Kventin 7 iyun gecəsi gizlicə onun otağına girib dayısının ondan əsirgəyib yığdığı üç min dollar pullu oğurlayaraq şəhərə gəlmiş sirk işçilərindən biri ilə qaçır.
 
Bəzi tənqidçilərin fikrincə Kompsonların xidmətçisi olan zənci qadın Dilsinin dilindən nəql olunan, başqa bir tənqidçilərin fikrincə isə üçüncü şəxsin dilindən nəql olunan sonuncu, dördüncü fəsildə isə Ceyson qaçmış bacısı qızını qaytarmaqdan çox məhv olmuş qürurunu-əgər onda qürur varsa-və üç min dollarını qaytarmaq üçün onları axtarmağa başlayır.
 
Bir kitabla bitməz ki...
 
Ceysonun şərəfsizliyini bilən şərif də bu axtarışlara qoşulmaqdan imtina edir. Əsər gəzərgi sirkin dalınca Memfisə gedib orda döyüldükdən sonra şəhərə əliboş qayıdan Ceysonun Lusteri  şapalaqlaması ilə başa çatır. Pasxa günü Benjamini atasının qəbri  üstünə aparan Luster arabanı həmişəki yolla sürmür, bunu görən Benjamin ucadan bağırır. Meydanda Ceysonla rastlaşırlar. Ceyson Lusteri döyüb arabanı geri qaytaranda Benji artıq sakitləşmişdi.
 
Bədbəxt, xəbəri yoxdur ki, 1933-cü ildə anası vəfat edəndən sonra Ceyson onu başından etmək üçün ruhi xəstəxanaya yollayacaq. Bunu heç oxucu da bilməyəcək. Əgər təkcə “Səs-küy və hiddət”lə kifayətlənib Yoknapatofanın sonrakı taleyi ilə maraqlanmasa. Çünki Benjinin sonrakı taleyi Folknerin başqa romanında yazıldı.
 
Mirmehdi Ağaoğlu
Kulis.az
Yuxarı