post-title

Bir dəstə uşaq

Bu yaxınlarda Kultura.az üçün bir yazı yazmışdım. Yazının sayta qoyulması üçün zəng etdim - Seymur Baycan demiş, gənc, istedadlı və ümidverici yazar Cavid Ramazanova ki, bunu yerləşdir. Adətən kultura.az üçün yazı yazanda Cavidə zəng edirəm. Cavid telefonda bir az məni danladı. Bəy deyir ki; nədi nə olub sənə? Milləti uşaq kimi qoyub qabağına danlayırsan. Başqa şeylərdən yaz, nə qədər belə şeylərdən yazmaq olar?

 
Belə baxanda düz deyir, özüm də son zamanlar yazılarımda deyindiyimi hiss edirəm. Amma başqa yol da yoxdur. Hərdən fikirləşirəm nədən yazım? Seçim çox azdır. Ya analoqu olmayan şeylərdən, zadlardan yazmalıyam, ya da ki, gördüklərimi.
 
Fikir vermirsiniz ya yox, amma ortada bir dəstə uşaq var. Sayları bir az barmaqla sayılacaq qədərdi. Amma harda nə olursa, bu uşaqlar orda olur. Kiminsə kitab təqdimatıdır bu uşaqlarla rastlaşırıq, təzə kitab çıxır bu uşaqlar alıb oxuyur. Bir az fərqli baxışlı yazıları bu uşaqlar yazır, seçki günü imza toplamaq lazım gəlir bu uşaqlar düşür qapılara. Mitinq, aksiya olur yenə ortada onlar görünür. Həbsdə olan gənclərə məktub yazan, xeyiriyyə aksiyası təşkil edən, sosial şəbəkələrdə dəvət paylaşan, öz kitablarını, əşyalarını satışa çıxardan bu uşaqlar olur. 
 
Hərdən polisin şilə-təpiyinin altında da qalırlar. Qıraqdan bir adam baxsa sanki ölkədə şəxsiyyət vəsiqəsi alan, özünü vətəndaş hesab edənin bu adamlar olduğunu başa düşəcək. 
 
Elə bil bu boyda ölkədə adam yoxdur. Hamı öz işindədir. Sanki ölkənin taleyi bu cansız-çəlimsiz uşaqlara qalıb. Qalan insanlar isə öz işlərində, gündəlik həyatlarını yaşayıb, öz dünyalarına qapılmaqda davam edirlər. Qıraqda baş verənlərə heç nəzər belə yetirmirlər. “Torqovı”da şortik geyinib, pivə içə-içə şəkil çəkdirən turistlər bunlardan daha məsuliyyətli görünür. 
 
Niyə belə edirsiniz? Məqsədiniz nədir? Nə qədər öz ölkənizdə turist kimi hərəkət edəcəksiniz? Yenə bu yaşlı insanları başa düşmək olar, onlar sovetdən qalma adamlardır. Bəs biz yaşda olan gənclər, niyə bivec hərəkətlər edirlər? Heç utanmırsınız siz yaşda olan adamlardan belə fədəkarlıqlar görəndə?  
 
Deyək siyasi proseslərə qoşulmaq çətindir, təhlükəlidir.  Bəs yaxşı, kitab tədbirlərinə gəlmək, xeyriyyə aksiyalarında iştirak etmək, insanlara dəstək olmağa sözünüz nədir? Axı gənclik çılğınlıq, fədakarlıq, gələcək üçün xoş bir hekayə buraxmaq üçündür. Siz yaşlanada öz doğmalarınıza hansı hekayələrinizdən danışacaqsınız? 
 
Bir az gələcəyinizi düşünün. Yaşadığınız ölkə tək o, bir dəstə uşağın deyil, bu ölkə həm də sizindir. Bu ölkənin gələcəyindən siz də cavabdehsiniz. İnsanlara dəstək olun, yaxanızı qırağa çəkməyin. 
 
Yaşlı nəslə isə demək istəyirəm ki, gedin işinizlə məşğul olun, bezdirməyin adamları. Onsuz da sizdən xeyir görməmişik, heç görməyəcəyik. İllərdir sizin zibilinizə keçmişik. Heç olmasa gəncliyə imkan verin onlar nəsə bir şey etsinlər.
 
Elkin Xəlilov
 
Kultura.az
Yuxarı