post-title

Sovet hakimiyyəti sovet küçəsində qurtarır?

Hakimiyyətin 10 min adamın evini sökmək qətiyyəti KİV-in diqqət mərkəzindədir. Məsələni müzakirə edən adamlar iki hissəyə bölünüb.

 
Sayca az olan hissə deyir ki, hakimiyyət “Qış bulvarı” qəziyyəsində bədnam olmasından düzgün nəticə çıxaracaq və bu dəfə camaatla insan kimi rəftar edəcək. Yəni pulu xirtdəyəcən olan hakimiyyət həmişəki simicliyindən çəkinib evləri sökülən vətəndaşları razı salacaq, millətin sərvəti olan neft pulundan heç olmasa bu 10 min adama nə isə verəcək. 
 
Sayca çox olan hissə deyir ki, belə qabiliyyəti bu hakimiyyətdən gözləmək əbəsdir, bu hakimiyyət xalqa və vətənə qənim gəlib, qənim gedəcək. 
 
Oxucum qoy özü qərara alsın, hansı hissənin rəyinə şərikdir.
 
Şəxsən mən əksəriyyətin tərəfindəyəm və hakimiyyətdən heç bir əfəndilik, ağayanalıq, mərhəmət, kəramət, səxavət və ləyaqət gözləmirəm. Bilirəm ki, həmişəki kimi, yəni heyvərəliklə hərəkət edəcəklər, zira ortada pul söhbəti var. Böyük pul! Bədbəxt və zavallı Azərbaycan vətəndaşlarına prezidentin dediyi müqəddəs və sehirli 1500 manatı ödəyib evlərini ağına-bozuna baxmadan buldozerin ağzına verəcəklər. Deyəcəklər ki, “kimə istəyirsən, get şikayət et!” 
 
Bu xaraba dövlətdə şikayət etməli yermi var? Hər yerdə yerlilər, qohumlar, satılmışlar əyləşib “əl əli yuyar, əl də üzü” məsəlinə uyğun bir-birinin cinayətini ört-basdır etməklə məşğuldur. Tək bir Şəki məhkəmə prosesində tüğyan edən zülmə, biabırlığa və əbləhliyə baxmaq kifayətdir.
 
Həyətimizdə kiçik bir baqqal dükanı var. Bu balaca dükanda pota bir kişi satıcı işləyir. Dükana girirəm, onun zırıltısını eşidirəm: “Ay camaat, siz deyin mən nə edim? Nənəmdən qalma 12 metrəlik otaqda arvadım və qızımla yaşayırıq. Ümumi ayaqyolu həyətdədir. Çimməyə hamama gedirik. İndi deyirlər ki, metrəsinə 1500 manat verəcəyik, çıx evdən. Mən 18 min manata nə ala bilərəm?”
 
Qarışıq fikirlər keçir ağlımdan. Bir tərəfdən demək istəyirəm ki, öz cəzandır, çək, heç vaxt vətəndaş olmamısan, hüququnu öyrənməmisən, bilməmisən, seçkiyə getməmisən, siyasətlə məşğul olanlara rişxənd etmisən, di bax, siyasət öz ayağı ilə gəlib girir sənin komana. Evini uçurdur, səni və ailəni atır küçəyə. Nə var, nə var, bu layihədən kimsə cibinə yüzlərlə milyon manat qoyacaq.
 
O biri tərəfdən düşünürəm ki, bu bədbəxtin nə günahı var? Məgər xalqımın 90%-i belə siyasi avam deyilmi? Hətta özünü siyasi cəhətdən fəal və ayıq sayanlar son 25 ildə neçə dəfə aldanıblar? Neçə dəfə döyülüblər? Neçə dəfə itiriblər, tutulublar, məğlub olublar? Burası Azərbaycandır, qardaş, satqın mafiyalar diyarı, avam ceyran-cüyür ovlağı...
 
Budur, jurnalist həmkarımız gəlib təşvişini bildirir: söküntü onlararın evinə yaxınlaşır. Nigaran soruşur: “Görəsən, bizi də tapdalayıb qovacaqlar?” Təcrübəli birisi deyir: “Milli zülm ənənəsinə görə mütləq tapdalanmalısınız.” Həmkarımız anlamayıb deyir: “Hansı ənənə? Zülmün nəyi millidir?” Həyata fəlsəfi yanaşan dostumuz ona izah edir: “Yadındadırmı bizim şəhərdə millətçi camaat erməniləri necə evlərindən qanunsuz çıxarıb döyüb- qovurdu? Onda əksəriyyət bunu milli qeyrət əlaməti sayırdı. Bax, onda milli ənənənin təməl daşı qoyuldu. Bəzi dələduzlara ermənilərin mənzilləri, oğurlamaq üçün vəzifə və büdcə pulları lazım idi, ona görə “millət, millət” bağıra-bağıra acizlərə zülm edirdi, ənənənin əsasını qoyurdu. Ənənənin əsası qoyulub, özü də möhkəm qoyulub. Ənənə davam etməlidir, deyilmi? Erməni daha qalmayıb, zülm etmək və oğurlamaq isə mütləq lazımdır. Kim qalıb, kimə zülm etmək olar, özü də cəzasıs-qorxusuz? Bəli, Azərbaycan vətəndaşlarına. Odur ki, zülm də edirlər, talayıb oğurlayırlar da. Əvvəl ermənilərə zülm, indi isə azərbaycanlılara zülm. Heç bir zülm cəzasız qalmır. Atalarımız düz deyib: “buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.”” 
 
Bu zaman həmkarımız çəkinə-çəkinə deyir: “Axı ermənilər birinci başlamışdı, onlar birinci qovmağa başlamışdılar.” Həyata fəlsəfi yanaşan bəradərin buna da cavabı hazırdır: “Məgər mən dedim ki, biz başlamışdıq? Xeyr, onlar başlamışdı. Narahat olma, ermənilər də cəzalarını alırlar. Ermənistanda da hakimiyyətdə millətçilərdir, onlar orada azərbaycanlılara zülm etmişdi, onların da milli zülm və haqsızlıq ənənəsinin əsası qoyulmuşdu. İndi isə zülmü erməni xalqına edirlər, orada da sıravi vətəndaşların evləri sökülür, onları da iti qovan kimi hər yerdən qovurlar, onlar da əlacsızlıqdan cəlayi-vətən olub ölkədən qaçır. Oxşarlıq ondadır ki, onlar da bizlər kimi düşdükləri bəlanın səbəbini 1988-ci idə başlamış şanlı milli-azadlıq mübarizəsinin milliliyində axtarmaq fikrinə hələ gəlib çatmayıblar.”
 
Sovet dövründə belə bir deyim var idi: “sovet hakimiyyəti Sovet küçəsində qurtarır”. Məğzi məlum idi: Sovet küçəsində əsasən özlərini siyasi, ictimai və rəsmi iqtisadi həyatdan şüurlu surətdə təcrid etmiş adamlar yaşayırdı. Əksəriyyəti elmə və təhsilə yad, oxumuş adamlara rişxəndlə baxan, çörəyi nəşə satmaqdan, möhtəkirlikdən və oğurluqdan çıxan məxluqlar 70 il ömür sürmüş sovet quruluşunu nə anladı, nə də qəbul etdi. İndi bu adamlar gəlib düşüblər milli hökumətin tamah dişinin altına. Adətkərdə hökumət onları çeynəyib tüpürməsin, nə etsin? Belə də olacaq.
 
“Azdrama”dan Sovet küçəsinə qədər uzanan köhnə məhəllələrin sökülmə qərarının çıxarılma tərzi özü dövlətimiz adlanan qurumun absurd və antimilli mahiyyətindən xəbər vermirmi? Kim və harada qərar çıxardı ki, xalğımızın bir nömrəli vacib vəzifəsi “Qış bulvarı” salmaqdır? Kim qərara alıb ki, Azərbaycan milyardlar xərcləyib analoqu olmyan “Avropa Olimpiya oyunları” keçirməlidir? Axı bir qitə üçün “Olimpiya oyunları” keçirmək fikri idman ilə bütün bəşəriyyəti birləşdirməyə can atan baron Kubertenin təməl amalına ziddir. Bakıdakı “Olimpiya oyunları”nda məgər beş qitənin rəmzi sayılan bir-birinə sarılıb hörülmüş rəngarəng halqalar olmayacaq? Olsa da, bəlkə dövlətimizdə olmayan qanun kimi, olmayan qitələrə işarə vuracaq?Kim qərara alıb ki, Bakı körfəzində ümumi xərci 100 milyard dollara çatan 78 iri süni ada, 50 km uzunluğunda bulvar, 150 körpü, 1200 mənzil tikilməlidir? Müəllimi və həkimi 200 manatdan az dilənçi maaşı alan ölkəyə bəlkə başqa məqsədləri seçmək lazımdır? Bütün bu sualların verilməsi mənasızdır, zira hamı hər şeyi bilir. Bilir ki, hakim zümrə və tayfa əlinə keçmiş qiymətli şikarı – Azərbaycanı – söküb dağıtmamış əl çəkməyəcək. Xalq kimdir və nədir? Heç kəs və heç kim! Hakimiyyətimizin siyasi əqidəsi budur. Təəssüf ki, ənənəvi müxalifət də eynilə düşünür, çünki eyni siyasi əxlaqın sahibidir. Məgər indiki hakimiyyət özünü “xalq hakimiyyəti” adlandıranların məntiqi davamı və siyasi varisi-qəyyumu deyilmi?
 
Bir müddət əvvəl “kultura.az” saytında bir gəncin məqaləsini oxudum. Valeh oldum gəncin savadına və qeyrətinə. Müəllifin adına baxdım: İlkin Rüstəmzadə... Ürəyim sancdı. Bu gənci ki, hakimiyyət şərləyib məhbəsə salıb! Belə dəyərli gəncləri sındıran və məhv edən dövlətin axırı necə ola bilər?
 
Vaxtaşırı məni küçədə tanımadığım adamlar saxlayıb nigaran soruşurlar: “Axırımız necə olacaq?” Əvvəllər geniş və müfəssəl izahat verərdim. İndi hövsələm daralıb. Mümkün qədər mülayim səslə soruşuram: “Azəbaycan Respublikasının prezidentini tanıyırsınız?” Deyir: “Tanıyıram.” Soruşuram: “ Naizrlərimizin hamısını tanıyırsınız?” Deyir: “Tanıyıram.” Soruşuram: “ Milli Məclisin deputatlarını tanıyırsınız?” Deyir: “Tanıyıram.” Soruşuram: “ Ziyalılarımızı tanıyırsınız?” Deyir: “Tanıyıram.” Soruşuram: “Sadə xalqımızı tanıyırsınız?” Çaşmış halda deyir: “Tanıyıram.” Yenə soruşuram: “Hamısını yaxşı tanıyırsınız?” Deyir ki: “Bəli, yaxşı tanıyıram.” Mümkün qədər mehriban tərzdə deyirəm: “Bəs onda məndən nə üçün soruşursunuz ki, axırımız necə olacaq? Belə prezidenti, nazirləri, deputatları, ziyalıları və sadə xalqı olan ölkənin axırı necə ola bilər?” 
 
Quruyub qalırlar və məzlum-məzlum üzümə baxırlar. 
 
Mən isə öz amansızlığımdan xəcalət çəkə-çəkə dönüb gedirəm.
 
Zərdüşt Əlizadə
Cumhuriyyet.info
Yuxarı