Bir zaman sarı olmuş, indi isə bənizi solmuş qumsallıqda sərgərdan dolaşan sarı kostyumlu bir tüfeyli üfüqdə canı ilə əlləşən mavi yelkənli qayığa baxaraq sevinc dolu göz yaşlarını ormanın ətirşah iyi verən torpağına axıdırdı. O, böyük bir yalanın qulağına öz gerçək yuxusunu pıçıldayırdı.
Sarı olmayan qumsallıqla mavi ozon qatı arasından yaşıl zolaq qırmızı xətt kimi keçirdi.
Yaşıl zolaq - yaşıl orman...
... uzun bir yolun sinəsinə iyirmi dörd fayton düzülmüşdü. İyirmi dörd faytonlu bir karvan üfüqdə ilğım kimi səyriyən bir boşluğa doğru ləngər vururdu. Qırx səkkiz atın nalının altından çıxan palçıq iyirmi üç faytonda oturmuş kabusun üzünə sıçrayırdı. İyirmi dördüncüdə isə kabus maskası taxmış sarı kostyumlu bir adam vardı. Onun üzünə yapışmış palçıq yalan olsa da cibindəki balaca şüşədə həqiqət çalxalanırdı.
Qara paltarlı adamlar sahildə oturub dənizə baxırdılar. Qara paltarlı adamlar dumandan çıxmış qarğalar kimi sahilə səpələnmişdilər. Onların arasında ağ paltarlı bir qadın vardı. Qadın darıxırdı...
Sonra sarı kostyumlu adam qarğa sürüsünü andıran bu adamların yanına yan alır. Həyəcanla onlara üfüqdə gördüyü mavi yelkənli qayıq haqqında danışır. Onun sayıqlamasına hamı gülür - ağ paltarlı qadından başqa. O, gözlərini uzaqlara zilləyib mavi yelkənin sakit dənizin sinəsi üstünə salladığı Xeops piramidasına baxırdı. Sarı kostyumlu adamın mavi yelkənli qayığı onun gözlərində gözəl idi.
Bu zaman, yaşıl ormanın tənha cığırlarından birində, damarları kəsilmiş iki bilək artıq quruyub qaralmış qanın içərisində dinclik tapmışdı. Mavi ozon qatı ilə yaşıl zolağın arasından qara qan qırmızı xətt kimi keçirdi.
Sonra sarı kostyumlu adamın intihar qoxulu monoloqları başlayır. Bu monoloqlar sahildə qayğısız oturub siqar şəkən qara paltarlı adamlar üçün xəstə sayıqlamasından başqa bir şey deyildi. Bu monoloqlardakı həqiqət sarı kostyumlu adamın cibindəki şüşədə gizlənmiş həqiqətdən də acı idi. Bu həqiqət badam iyi verirdi.
Sonra mavi ozon qatı altında, sətəlcəm tutmuş şəhərin başı üzərində qara buludlar sıxlaşmağa başladı. Zaman tərsinə çevrildi - saatlar dəqiqələrə, dəqiqələr isə dəqiqəciklərə parçalandı. Ağ saçlı bakirənin evindən yaşıl ormandakı ruhani evinə qədər bir cığır uzandı. Bu cığırda, uzaqda ağ paltarlı bir qadının silueti görünürdü. Onun arxasınca kabus kimi sarı kostyumlu adamın silueti sürünürdü. Yağış bu şəhərin laqeyd insanlarının pəncərələrini döyəcləyərkən palçıq basmış yola ağappaq bir dəsmal düşdü. Sarı kostyumlu adam dəsmalı tapdalayıb keçdi.
Tanrının xidmətçisi, ruhani adamın evi ormanın dərinliklərində gizlənmişdi. Bu evdə daldalanan ağ paltarlı qadın yaşıl ormanın içində, palçığa bulaşmış qara qan haqqında düşünürdü. Ağ paltarlı qadın uzaq dənizlərdə üzən leytenant haqqında düşünürdü. Ağ paltarlı qadın ormanda onun adını bıçaqla ağacın gövdəsinə cızan sarı kostyumlu adam haqqında düşünürdü.
Bu an karnavalda təlxək kimi atlanıb-düşən dəqiqəciklər insan sevincinin ortasında əzab çəkirdi. Sarı kostyumlu adam isə ağ saçlı bakirə ilə ruhani evi arasında var-gəl edirdi. O, düşünürdü...
... bir gənc oğlan sevdiyi qızdan rədd cavabı alınca qəzəblənərək özünəməxsus tərzdə intiqam almaq fikrinə düşür. O, sevdiyi gözəl qızın eybəcər bacısına evlənmək təklifində bulunur. Ancaq eybəcər bacının bəxtinin açılması gözəl bacının planlarına daxil deyildi. Gənc oğlan bacıların heç birinə nail ola bilməyincə iyirmi dörd fayton kirayələyir. Özü birinci faytona oturub arxasınca gələn karvana şəhərin küçələrində sarbanlıq edir. Onun əynində sarı kostyum vardı, cibindəki şüşədə isə həqiqət çalxalanırdı.
Sarı kostyumlu adam sarı evlərdə yaşayan adamlardan daha ağıllı ola bilərdi. Ancaq sarı evlərdə yaşayan adamlar artıq öz həqiqətlərinə çatmışdılar. Sarı kostyumlu adam isə hələ də öz həqiqətini cibindəki şüşədə gəzdirirdi...
Sonra dalğasız, boz dənizin sinəsindəki qayığın yelkəni mavi ozonun zəhərinə qarışaraq Xeops piramidasının ortasında qeybə çəkilir. Sarı paltarlı adam çevrəsini sarmış yalanlarla əlləşməkdən usanır. İnsan maskası taxmış kabusların arasında yaşamaqdan usanır. Ağ saçlı bakirə ilə təkəbbürlü ruhani qızının evi arasında səndələməkdən usanır. Saatları barmağına dolayan dəqiqəciklərdən usanır...
Sarı kostyumlu adam cibindəki şüşəni çıxarıb başına çəkir və nəhayət ki, öz həqiqətinə qovuşur...
Fərhad Yalquzaq
Kultura.az