İlk ili kirayədə qaldım, həm də çox kasib ailədə. Qaldığım evin sahibəsinin yoldaşı Rusiyada həbsxanada idi deyə evi özü idarə edirdi. Dörd uşağı vardı; üç qız, bir oğlan. Qızlarının ikisini köçürmüşdü. Qalan iki uşaq, mən və ev sahibəmdən başqa sahibəmin qaynı qızı da bizlə qalırdı. Atamgilə ailənin vəziyyəti məlum idi və demək olar hər həftə gəlir, olandan-qopandan gətirir həm eyni şəhərdə liseydə oxuyan qardaşıma baş çəkirdilər. Atamgil gələndə sahibə çox sevinirdi. O xadimə işləyirdi ve təbii ki, qazandığı pul ailənin ehtiyacının heç yarısını da ödəmirdi.
Məsələn, təkcə mən gələn ayda maaşını iki balasına məktəbli forması almağa zorla yetirdi. Sahibənin qaynıgil də o qədər imkanlı deyildilər deyə kömək edə bilmirdilər və bunun əvəzini qızları çəkirdi: sahibə ev işlərini ona gördürər, əsəbləşəndə hirsin ondan çıxardı. Bir səhnə xatirimdən silinməz. Qız bir dəfə telefonla atasıgillə danışdı. Gecə yatmağa hazırlaşanda sahibəyə dedi:
- Bibi, mamamgil salam yollayırdı.
Ev sahibəsi cavab verdi:
- Salamı neyləyirəm, pul yollasınlar.
Həmin gecə göz yaşlarını boğa bilməyən qız zorla yatdı. Mənim də kefim pozuldu yatammadım və bir tərəfdən də özümü günahkar hiss etdim həmin gecə nədənsə... Sahibə paltarı, dərmanı, ərzağı həmişə nisyə götürərdi. Buna görə hər səhər balkondan baxib nisyə mal götürdüyü qonşularının işə getməyini gözlərdi ki, onlarla üz-üzə gəlməsin.
Bir dəfə atamgil yenə həftəsonu gələndə birlikdə çay içən zaman zarafata mənə dedilər ki, "imtahanda yenə 1-ci yerə çıx ki, səni hazırlıq kursunda saxlayaq". Mənim hazırlaşdığım kursda 1-ci yer tutmuş abituriyent təhsil ödənişinin 25%-ini verirdi. Bu zarafatla deyilmiş söz mənim həyatda çox uğursuz ve bədbəxt qadın olan ev sahibəmin ağlına batdı. Ondan sonra anamgil nə qədər ərzaq- ət, ağarti, göyərti gətirirdi hamsin yigib saxlayrdi: o mənim çıxacağımdan qorxur mən gedəndən sonrakı vəziyyətlərinə gün ağlayırdı öz aləmində. Mən onlarla yaşayan bir insan kimi onu başa düşürdüm və keçəcəyini fikirləşirdim.
Valideynlərimə də bu barədə demirdim, təzə maşın qəzasından çıxmışdıq deyə üzüm gəlmirdi. Nəysə, anam bir dəfə gələndə ərzaqları soyuducuya yığmaqda sahibəyə kömək etmək istədi, qadın etiraz etdi, amma anamın nadkarlığı qalib gəldi. Anam soyuducunu görəndə dəhşətə gəldi: son ayda nə gətirmişdisə, hamısı soyuducuda. Anamın eləbil dünya başına fırlandı, dedi bəs bu qədər vaxtda nə yeyirdiz. Məni də nəyi var danladi ki, niyə mənə deməmisən. Axırda da dedi yavaş-yavaş yığış, səni aparacayıq, burda qalammazsan.
Bir həftəyə mən o evi tərk etdim... Bundan çox sonra Cek Londonun "Həyat eşqi" əsərini oxuyurdum. Əsərdə dostu Bill tərəfindən atılmış uzun müddət şimalda aclıqda qalan və şikəst olmuş səyahətçi bir gəmi onu xilas etdikden sonra yenə ac qalacağı qorxusundan yatağının altina hər gun suxari yığır. Əsəri bitirdikdən sora anama dedim: ana, Maral xala da Billin qoyub getdiyi səyahətçi idi.
Şahanə Manafova
Kultura.az