post-title

Rasim Qaracanın doğum gününə

AYO-nu tanıyanda hələ balaca uşaq idim, haqqında nə tapsam oxuyurdum. Yeni şeir forması, yeni yanaşma tərzi, indiyəcən öyrəndiyim şeyləri inkar edən bir qrup yazar.

 
 Bütün bunlar mənimçün sehrli nəsnələr idi. biz AYO oxuya-oxuya böyüdük, hər üzvündən ayrılıqda nəsə öyrəndik. Bu gün ölkənin əksər aktiv gəncləri ya birbaşa, ya da dolayı yolla AYO-nun şinelindən çıxıblar. "Bu millət dəyişməz" deyənlərə ən böyük sübut AYO-nun son 10 ildə yetişməsində böyük rolu olan yeni nəsildir. Bunları yazıram ki, fikrimi, hisslərimi daha yaxşı ifadə edə bilim. 
 
Rasim Qaraca ilə şəxsi tanışlığımız müqəddəs AFU ocağında baş tutub. İlk dəfə Rasim müəlim özü mənlə ünsiyyət yaratdı, nəsə yazıb-yazmamağımla maraqlandı, yazdıqlarımı ona göndərməmi xahiş elədi və elə həmin gün haqqımda öz rəyini verdi: "sən istedadlısan və sən yazmalısan!" İlk dəfə yazdıqlarını, pərəstişlə baxdığı, əlçatmaz hesab elədiyi AYO-nun sədrinə göndərən gənc üçün bunun nə demək olduğunu kim bilə bilər ki. Uçmağa qanadım çatmırdı. Bax bu adamdır mənim müəllimim: sadəcə sosial şəbəkədən tanıdığı gəncin potensialının fərqinə varıb, ilk dəfə görəndən ona tərəf addım atan, əlini uzadan və onu yaradıcı yöndə həmişə himayə edən Rasim Qaraca. Düşünün ki, artıq 13 ildi AYO var və AYO-ya onlarla mənim kimi gənc gəlib, güvəndiyi balaca, hələ cilalanmamış istedadı ilə. Gənc yazarı sındırmaq da çox asandı, ruhlandırıb, davamlı olaraq yazmağa təşviq etmək də. Bu gün Azərbaycan ədəbiyyatının, demək olar, bütün azad imzalarının yolu AYO-dan keçib. Yeni, heç kimin tanımadığı, istedadına güvənmədiyi, lağa qoyduğu, təhqir etdiyi gəncləri Rasim Qaraca himayə edib. Onların heç özlərinin-özlərinə inanmadığı vaxtlarda ilk kitablarını nəşr edib. Qoy lap ilk kitab əla olmasın, amma prosesi saxlamaq olmaz! Yeni ədəbiyyat, yeni fikir və yeni Azərbaycan üçün. Bu gün onların bəziləri başqa şəhərdə, ölkədə, lap elə başqa cəbhədə ola bilərlər, amma arxada AYO boyda tarix var və heçnəyi silmək, gizlətmək, unutmaq mümkün deyil, hər şey hər kəsin yadındadı. AYO yarananda cəmi 10 yaşı olmuş mənim belə yadımdadı :)
 
Qısası, AYO olmasaydı, hər şey, yəqin ki, başqa cür olardı, hər halda , indikindən daha yaxşı olmazdı. 
 
Elə mənim özümə də ilk yazını yazmağa verəndə qonorarını elə həmin gün - hələ yazı yazılmamış vermişdi  Rasim müəllim. Yaz günüydü, sərin havaydı, axşamtərəfi, sevirdim, xoşbəxtdim və mənim ilk qonorarıma yanımdakı adamla qaçıb pivə içmişdik…  Bax belə xırda, bəlkə çoxlarının diqqətini çəkməyəcək o qədər məqam var ki, mən bunları heç vaxt unutmayacam. “Bakitab”da işlədiyim müddətdə də Rasim müəllimi müşahidə etməyə xeyli fürsətim olub, burda yazmaq istəmədiyim, beynimə həkk olunmuş hələ xeyli ictimai aktual və şəxsi məqamlar var və mən əminəm ki, bir gün Rasim müəllim haqda nəsə yazacam .
 
“Facebook”da balaca bir status yazmağı düşündüyüm halda, bir an hər şey gözümün qabağından keçdi və bu yazı yarandı.  Sonda bir şeyi deməyi özümə borc bilirəm: bir gün biz həqiqətən bacarsaq, Azərbaycanı öz arzularımızdakı ölkəyə çevirə bilsək, bax onda Rasim Qaracaya bu ölkədə heykəl qoyulmalıdır. 
 
Doğum gününüz mübarək, Rasim müəlim. Yaxşı ki varsınız və yaxşı ki biz qarşılaşdıq.
 
Zeynəb Rza
Kultura.az
Yuxarı