Öncə alınma sözlərin qarşılıqlarının tapılması olaraq yanaşdığım dil fenomeni daha sonra məni düşüncə, azadlıq kimi anlayışların dillə necə sıx bağlı olduğu həqiqətinə gətirib çıxardı və mən dilimizdəki alınma sözlərin çoxluğunun səbəblərindən (eyni zamanda nəticələrindən) biri kimi də bu faktoru görməyə başladım. Ortastatistik azərbaycanlı qadını olan anamla, yenə ortastatistik rus qadını olan bir dostumun anasının gündəlik danışığındakı sözləri müqayisə edərkən çox maraqlı nəticələrə gəldim. Sosial statusları baxımından hər iki qadın bərabər idilər. Hər ikisi həm ev işləri görür, həm də evdən kənarda işləyərək pul qazanırdılar, hər ikisi seriallara baxır, hər ikisi rəfiqələri ilə qadınların danışdıqları standart mövzulardan söhbətlər edirlər, ancaq biri azərbaycanca digəri isə rusca. Rusca danışan qadının lüğətində progres, regres, perspektiv, potensial və.s bu kimi sözlərin olması mənim diqqətimi çəkmişdi. Azərbaycanca danışan anamın lüğətində isə tərəqqi, tənəzzül, ehtimal, inkişaf və.s bu kimi sözlər yox idi. Adi azərbaycanlının öz ünsiyyətində bu sözləri istifadə etmədiyinin fərqinə vardım. Ancaq rus dilində bu sözlər artıq adi danışığın tərkib hissələri olmuşdu. Hər bir sözü bir anlayış hesab etsək, onda bu sözlərdən istifadə etməyən azərbaycanlının, o anlayışlardan da xəbəri yoxdur. O zaman mən anladım ki, nə üçün azərbaycanlıya insan haqları deyərkən gözlədiyim reaksiyanı ala bilmirəm. Bunun səbəbini təkcə azərbaycanlıların mütaliəsinin az olmasında, savadsızlığında görməyi doğru hesab etmədim, çünki bayadqan Azərbaycanca gətirdiym söz örnəklərinin heç biri, azərbaycanca deyildi. Problemin həm də, azərbaycan dilində olduğu qənaətinə gəldim. Bizim dildə mücərrəd anlayışları ifadə edən sözlərin azlığı məni çox təəccübləndirdi. Belə ki, dildə konkret obyektləri bildirməklə yanaşı, mücərrəd anlayışları da ifadə edən sözlər var. Hansı ki, bu sözlər subyektivliyə, şəxsi düşüncənin yaranmasına yol açan faktorlardan biridir. Məsələn Ağac sözü ilə bağlı hər kəsdə eyni bir təsəvvür var, ancaq həyat sözünə gəldikdə, insanların təsəvvürləri dəyişə bilər. Elə ilkin fəlsəfi fikirlər də həmin, bu mücərrəd sözlər üzərində yaranmağa başlayıb və inkişaf edib. Hind Avropa dil ailəsində mücərrəd düşünmə imkanı daha çoxdur, nəinki Altay dil ailəsində. Məsələn, ingilis dilində yağış yağır hadisəsini ifadə etmək üçün "it is raining" demək kifayətdir. Hərfi tərcümə edəndə belə olur,"o yağır", ancaq daha dəqiq tərcümə üçün biz cümləni konkretləşdirməliyik. Nə yağır? Yağış yağır. Bu o demək ola bilər ki, bizim dil mücərrəd düşüncə üçün əlverişli deyil. Bəlkə də ona görə altay dil ailəsinə mənsub xalqlar qədim dövrlərdə bildiyimiz qədəri ilə fəlsəfə ilə məşğul olmayıblar. Məsələn: Frederich Nietzsche "Yaxşının və pisin ardında "adlı əsərində yazır ki, ""Özne" anlayışının ən az inkişaf etdiyi Ural-Altay dillərindən olan filosoflar, böyük ehtimalla "dünyaya" fərqli baxacaqlar və Hind-Avropa ailəsindən və Müsəlmanlardan fərqli yollar tapacaqlar." "Özne" anlayışının ən az inkişaf etdiyi hissəsinə xüsusi diqqətinizi çəkirəm. ( Türkcədəki "özne" sözünü dilimizə tərcümə edə bilmədim "Türk dil qurumu"nun saytında yazılan izahında sezmə qabiliyyəti, xəyal qurma bacarığı olan anlamına gəlir, digər bir türk saytında isə "Bilən, bilməyə yönələn, amma özü bilgi obyekti olmayan varlıq." olaraq tərif verilir. Yəni kifayət qədər mücərrəd sözdür.)
Nietzschenin Altay dil ailəsi barədə nə dərəcədə dərin bilgiyə sahib olduğunu bilmirəm, ancaq ana dili Azərbaycanca olan biri kimi deyə bilərəm ki, dilimizdə mücərrəd düşünmək üçün sözlərin azlığını mən hər addımda hiss edirəm, çox güman bu dilimizdə həddən ardıq alınma söz olmasının səbəblərindən biridir. Əgər fikir verirsinizsə, dilimizdəki alınma sözlər daha çox, mücərrəd mənalı sözlərdir. Bu da Azərbaycan dilində fəlsəfə etməyin çox çətin olduğunu göstərən amillərdən biridir. Hətta dilimizdə fəlsəfə ilə məşğul olmağı ifadə edə biləcək fel belə yoxdu, məsələn, ruscada tək bir fellə bu fəaliyyəti ifadə etmək olur: "философствовать" və ya ingiliscə "philosophize" sözü də eyni mənanı daşıyır. Ağalar Məmmədov da AFU-dakı mühazirələrinin birində bu problemə toxunmuşdu.
Dilimizdə fəlsəfə ilə məşğul olmağa "filosofluq etmək" deyirlər, halbuki bu söz heç də həmişə müsbət anlamda işlənmir. "Filosofluq etmək" çox vaxt dəlilik, sərsəmliklə bir tutulur. Filosofluq edən adam ciddiyə alınmır. Türkcədə bu "filosofca düşünmək" olaraq tərcümə edilib, bizim dilimizdə isə "əllaməlik etmək" deyə bir ifadə ilə qarşılaşdım internetdə tərcümələrə baxarkən. Bu ifadəni dilimizdə "fəlsəfələmək" olaraq tərcümə edə bilərik. Qulağa çox qəribə gələ bilər, ilk dəfə mənim üçün də belə olmuşdu, ancaq bu sözdən tez-tez istifadə etdiyim üçün artıq adiləşib. Ancaq daha yaxşı təkliflərin ola biləcəyinə şüphə etmirəm.
Dilin bu qədər, alınma sözlərlə dolu olması və o alınma sözlərin mücərrəd mənaları, azərbaycanlının düşüncəsinin kasadlığına səbəb ola bilər. Mücərrəd sözlər onsuz da insanlar tərəfindən fərqli anlaşılır, bu sözlərin alınma olması onların mənalarının anlaşılmasını daha da çətinləşdirir yəqin ki, azərbaycanlıların danışıqlarında bu sözləri az istifadə etməsi bu səbəbdəndir, çünki fikir vermisinizsə dilimizdə alınma sözlərin çox olmasına baxmayaraq, məişət üslubunda alınma sözlər sayca çox azdır. Biz daha təmiz azərbaycanca danışır, ancaq daha kasıb azərbaycanca düşünürük.
Nəticə olaraq onu deyə bilərəm ki, Azərbaycan dilinin arındırılması və yeni sözlərin, mücərrəd mənalı sözlərin yaradılması və mənalarının dəqiq göstərilməsi və bu sözlərin hər vasitə ilə tirajlanması xalqın təfəkküründə böyük dəyişikliklərə səbəb ola bilər. Corc Oruelin 1984 romanını oxuyan hər kəs bilir ki, romanda təsvir olunmuş diktator rejimi də insanların düşüncələrini məhdudlaşdırmaq, azadlıq, insan haqları, ədalət və.s kimi anlayışların tamamilə unudulmasını təmin etmək üçün bilərəkdən dili kasıblaşdırır, yeni sözlər yaradaraq bu dildə düşünməyi mümkünsüz hala gətirməyə çalışır və bununla da ümumiyyətlə düşünmək deyə bir fəaliyyətə son qoymaq istəyirlər, çünki bilirlər ki, düşünmək üçün bizə dil lazımdır daha konkret desək sözlər. Biz azərbaycanlılarda isə o sözlər çox azdır.
Saleh Mehdizadə
Kultura.az