Əsərdə Kiyevdə təhsil alan azərbaycanlı tələbələrin yaşam tərzi öz əksini tapmışdır. Roman boyu müxtəlif tələbə obrazları ilə qarşılaşırıq. Onların içində inqilabçısı, dindarı və hələ də həyatın mənasını axtaranları da var. Bu tələbələr müxtəlif düşüncəli, müxtəlif sosial təbəqələrə məxsusdurlar. Romanı oxuduqca onların hamısın Kiyevə təhsil almaq üçün gəlmədiyi də məlum olur. Bunu Qulu adlı bir tələbənin simasında görürük, onun əsas şüarı “oxumaq, qazanmaq, sərvət sahibi olmaq” idi. Əsəri oxuduqca qaynar, coşqun, daim axtarışda olan tələbə həyatı göz önündə canlanır.
Müəllif romanda dil, mətbuat, mədəniyyət, din kimi məsələlərə toxunmuşdur, lakin əsas məsələ milli məsələdir. Bu xüsusuən 1917-ci il hadisələri verilərkən daha aydın şəkildə görünür.
Əsərdə Salman, Şirin, Qulamrza, Qulu, Cabbar, Xəlil, Çingiz və s. tələbə obrazları və onlar haqqında məlumat olsa da, əsas qəhrəman Rüstəm bəydir. O, bəy oğludur, lakin onun gözündə bütün insanlar bərabərdir. Qəhrəmanı düşündürən başlıca məsələ millətin taleyidir. O, daim tələbələr arasında maarifləndirmə işləri aparır, milli mətbuat, milli dil məsələləri onu düşündürür. O, Qafqazda, xüsusən Bakıda baş verən hadisələr haqqında vaxtaşırı məlumat alır, Bakıda nəşr olunan qəzetlərlə tanış olur. Rüstəm bəy federasiya tərəfdarıdır. O, milli məsələ naminə hətta şəxsi həyatını da qurban verməyə hazırdır. Lakin Rüstəm bəy belə qarışıq bir dönəmdə Azərbaycandan çox uzaqdadır, o baş verən hadisələri yalnız eşitdikləri və oxuduqlarına əsasən qiymətləndirir. Bu da onda yalnış fikirlərin yaranmasına səbəb olurdu. “Müsavat”ın proqramını tənqid edərək, onun müqəddiməsində irəli sürülən “islamlıq, müasirlik, türklük” ideyasını “səfsətə” adlandırır, islamı isə müasirliyə zidd hesab edərək “siyasi bir firqə təşkilində dinə lüzum varmı?” deyir. Rüstəm bəyin Rusiya ərazisində yaşayan türkləri birləşdirmək cəhdləri nəticəsiz qalır. Milli mətbuat sayəsində onda yaranan Turan məfkurəsi yavaş-yavaş sarsılmağa başlayır. Bu xüsusən xalqlar qurultayına gəlmiş krım türkləri vəkillərinin “Turan məfkurəsi niyyəti ilə çağırdığınızı bilsəydik, heç də gəlməzdik” deyib, qurultayı tərk etmələrindən sonra baş verir. Bundan sonra Rüstəm bəy üçün əsas Azərbaycan, onun xalqı, siyasi, ictimai və iqtisadi ehtiyac və tələbləri ön plana keçir. Qəhrəmanın fəaliyyətində qüsurlu cəhətlərdən biri odur ki, siyasi iş yalnız ziyalı təbəqəni, xüsusən də tələbələri əhatə edirdi. Bu baxımdan sonda heç bir nəticənin əldə olunmamasında bunun da az olmadı, həm dövrün gərgin siyasi prosesləri fonunda nəsə gözləmək də əbəs yerə idi.
Rüstəm bəy dürüst bir insan idi, bu özünü onun Sonya xanım və Musya ilə münasibətlərində göstərir. O, Sonya xanımla olan münasibətlərdə özünü günahkar bilir və sonra peşman olaraq ona “bacı” deyə müraciət edir. Musyanı isə boş vədlərlə aldatmır, bir insanla həyatını birləşdirməyin məsuliyətini dərk edərək ona heç bir ümid vermir.
Qey etmək lazımdır ki, romanda sovet dövrü təsiri də özünü göstərir.
Rüstəm bəy obrazı timsalında yazar həm də öz tələbəlik illərinin də xatirələrini əks etdirdiyini vurğulamaq lazımdır. Y. V. Çəmənzəminli özü də Kiyevdə hüquq ixtisası üzrə təhsil almışdır.
Müəllif sonda Rüstəm bəyin taleyini oxucuların öhdəsinə buraxır, yəni oxucuya naməlum qalır ki, qəhrəmanın taleyi və sonrakı fəaliyyəti necə oldu.
Romanda Tağıyev-Behbudov məsələsinə toxunulmuşdur. H. Z. Tağıyevin mühəndis Lütfəlibəy Behbudovu gənc həyat yoldaşına qısqanaraq, evinə çağırıb döydürməsi öz əksini tapmışdır. Məsələ məhkəməyə qədər gedib çıxmış, Behbudov Qarabağa getməyə məcbur olmuşdur. Bu məsələ ilə bağlı tələbə Cəlalın aşağıdakı fikirləri maraqlıdır: “Savadsız bir milyoner bir türk ziyalısını rüsvay edir, özü də ziyalılar əli ilə. Məsələ də ziyalılar arasında olan ziddiyyətdən doğur. Bilirsiniz ki, 1905-ci ildən başlayaraq Ağabəyin ( Əhməd bəy Ağaoğlu ) şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi, bir çox cəmiyyətin başında durmuşdu, “Difai” kimi Azərbaycana muxtariyyət tələb edən komitə də bunun işi idi. Qoçuluğu qaldırmaq üçün “Hidayət” cəmiyyəti təşkil edən də Ağabəy idi.” Cəlalın sonrakı sözlərindən Ağabəyin klubda döyülməsi və sonra Tağıyevin tələbi ilə Qafqazı tərk etdiyi məlum olur. Romanda ziyalılar arasında olan ziddiyyətlər də romanda öz əksini tapmışdır. Ziyalılarımızın milli məsələ ətrafında birləşmək yerinə, bir-biri ilə şəxsi zəmində münaqişələr aparması sadəcə təəssüfləndirici bir haldır.
Aradan bir əsr keçməsinə baxmayaraq, “Studnetlər” romanında göstərilən bir çox problemlər hələ də qalmaqdadır, xüsusən də milli məsələ ilə bağlı problemlər.
Romanın sonlarına doğru Rüstəm bəy öz-özünə düşünərək aşağıdakı qənaətə gəlir: “İştə həyat, iştə tarix, iştə əbədiyyət – daima eyni çarpıntı, təkərrür edən eyni ritm. Tarix – təkərrür dairəsində fırlanan əzəli və əbədi bir çarx; bu gün baqe olan hadisələr təkrar-təkrar olmuş və təkrar-təkrar olacaq. İnsan, yeni deyə, bu hadisələrə qapılıb ölür, öldürür… Yox, bu hadisələr yeni deyil; insan aldanır…”
Tarix təkrar olunur, amma ondan dərs almayan xalqlar onu yenidən yaşamağa məhkumdurlar. Görəsən, yazar bu günkü tələbələrin həyatını necə təsvir edərdi…?!
Aida İsmayılova
Kultura.az