Y.V. Çəmənzəminlinin “Studentlər”romanında müxtəlif tələbə surətlərinə rast gəlirik. Tələbəlik illəri inqilabdan əvvəlki dövrə təsadüf edir. Yeni həyata qədəm atan tələbələr yeni hiss, həyacan içindədirlər.
Həyatı anlamağa çalışırlar. Həqiqət, doğru yol axtarışındadırlar. Onlardan bəziləri çar hakimiyyəti tərəfdarı, bəziləri əksinə inqilab tərəfdarıdır. Bəziləri yalnız öz mənafeyini güdərək studentlər arasındaintriqa yaratmaqla məşğuldur, bəzisi atasına, ailəsinə layiq olmağı düşünərək başını aşağı salıb təhsilinə davam edir. Studentlər arasında nə üçün yarandığını, nə məqsədlə yaşadığını heç cürə anlamadığı üçün intihar edənlər də var. Əsər boyunca bir çox obrazlar gözlərimizin önündə canlanır: Əhməd, Səlman, Fərəməz, Qulamrza, Qulu, Bəhram, Rüstəmbəy, Əli və s.
Əsas qəhrəman Rüstəmbəydir. O, doğurdan da,güclu obrazdır.Rüstəmbəy bəy oğludur, lakin insanlar arasında heç vaxt ayrıseçkilik etməz, həmişə: ”Bütün insanlar eyni hüquqa malik olmalıdır” - deyirdi.
Onun beyni, düşüncələri tələbəlik illərindən bəri Vətənin gələcəyi türk (azərbaycan) millətinin müqəddaratı ilə məşğul idi. Hər zaman milli dilin, milli mətbuatın olması, milli məktəblərin açılması, türk millətinin maariflənməsi haqqında fikirləşirdi. Əlinə keçən hər fürsətdə bu arzunu həyata keçirməyə çalışırdı. Tələbəlik illərində türkçə (azərbaycan dilində) bilməyən studentlərə türkçə dərsi deyirdi.
“Milli şura”, “Milli komitə” yaradır və burada türk millətinin azadlığı, maariflənməsi naminə fəal iştirak edirdi. “Nə üçün bizim millət başqalarından geri qalmalıdır?” - deyə düşünürdü. Yeri gələndə milli muxtariyyət uğrunda mübarizəyə şəxsi səadətini də qurban verməyə hazırdır. Rüstəmbəyin fikirləri: “Mən ictimai bir adamam. Üzərimdə bir çox məsul vəzifələr var. Bu vəzifələri ödəmək üçün yalnız olmaq icab edir. Tək baş gördüyü işi iki baş görə bilməz!”
Ancaq sonda görürük ki, Rüstəmbəy öz cəsarəti, fədakarlığı, milli azadlıq düşüncəsi ilə meydanda tək qalmışdır. Özünə yaxın saydığı dostları İmran, Həsənoğlu, Əhməd əfəndi kimilər Rüstəmbəyə yox, onun mövqeyinə, ondan gələcək faydaya hörmət edirlərmiş. Mən inanıram ki, Rüstəmbəy məyus olsa da, təslim olmur. Mübarizəsinə davam etmək fikrindən də əsla daşınmır.
Bir məqamı da qeyd etmək istəyirəm. Rüstəmbəy İslam dinini “geridə qalmışlıq” hesab edir, dinin elmə maneə, maariflənməyə əngəl olduğunu bildirir. Burda mən Rüstəmbəylə razı deyiləm. İslam dini ən humanist dindir. Dinimizdə maariflənmək, elmlə məşğul olmaq alqışlanır. Hədislərdə: “Elmlə məşğul olmaq, ibadətlə məşğul olmağa bərabərdir” - deyilir.
Sadəcə olaraq, o dövrün riyakar mollaları çirkin əməllərini, fikirlərini insanlara İslam dini kimi
təbliğ edirdilər. Bununla da İslam dinininə böyük zərbə vurmuşdular. Bu səbəbdən Rüstəmbəy və
onun kimi ziyalıların çoxu dindən uzaqlaşmışdır.
Zülfiyyə Ağayeva
Kultura.az