Roman yazmaq hər nə qədər əzablı bir iş kimi görünsə də nəsr janrları içində ən rahat başa gələnidir. Bildiyiniz kimi hekayə qısa bir mətndə böyük ustalıq tələb edir, maraqlı bir mövzunun kiçik bir mətndə çatdırılmağı, üstəlik mətnin bütün normalarının düzgünlüyü tələb olunur. Mətn həm qısa, həm əhatəli həm də məzmunlu və təsirli olmalıdır. Bütün bunları qısa bir mətndə toplamaq bizim yazarlara müşkül gəldiyindən gücü daha çox romana verirlər.
Amma bu yaxınlarda Kulis.az saytında keçirilən “ən kiçik hekayə” yarışması onu da göstərdi ki, sən demə bizim yazarların çoxu heç hekayənin mahiyyətini, ədəbiyyatdakı dəyərini, janrlar içindəki mövqeyini elə də güclü bilmirmiş. Olduqca anlaşılmaz qaldı ki, indiyə qədər artıq iki-üç romanı olan ancaq bir dənə də hekayə yazmamış yazarlarımız niyə kütləvi şəkildə qısa hekayə yazdılar. Axı yuxarıda da qeyd etdiyim kimi bu janr onsuz da ağırdır, qısadır,hələ bir də bunun ən qısası olsun.
Deməyim ondadır ki, bu janrın yeri indi müasir ədəbiyyatımızda ciddi boşluq yaşayır. Son zamanlar isə bir oxucu kimi xoşuma gələn bir hal baş verir ki, yazarlarımız hekayəyə maraq göstərirlər, qələmlərini bir də hekayə janrında sınayırlar. Bir neçə ay bundan əvvəl Əli Novruzovun “Yeddi hekayə” adlı kitabı buna nümunədir. Kitab adından da göründüyü kimi yeddi hekayədən ibarət idi və nəzərə alsaq ki, bu Əli bəyin ilk qələm təcrübəsidir o zaman onun cəsarəti də təqdirə layiqdir. Bəzi yoldaşlar buyurdular ki, Əli Novruzov kitab xatirinə kitab çıxarıb ancaq mən qətiyyən belə düşünmürəm. Hekayələrin yaxşılığından və pisliyindən asılı olmayaraq Əli bəy məhz hekayə yazmaq istəyib, bir çoxlarının cəsarət edib yaza bilmədikləri hekayə janrında. Əgər sadəcə kitabı olsun deyə kitab çıxarsa idi, məsələn, Aygün Kazımovanın həyatına aid bir roman da onun yazması elə də çətin olmazdı.
Bu yaxınlarda isə hamının çox yaxşı tanıdığı dəyərli şairimiz, peşəkar jurnalist Rasim Qaracanın yeni kitabı çıxdı. Kitabın adı “On bir gecə-Qarabağ dekameronu”dur. Kitabın janrını tam olaraq müəyyən etmək olmur, çünki tərkibi on bir hekayədən ibarətdir, hekayələrin bir-birilə əlaqəsi olmasa da, hekayə qəhrəmanları tanışdılar, qızğın müharibədə eyni cəbhədə, çiyin-çiyinə vuruşurlar. Dünya təcrübəsində bu tip əsərlər yox deyil. Romanın hekayələrə və ya başlıqlara bölündüyü əsərlər az oxumamışıq, ancaq ki həmin romanlarda hadisələr bir-birinin davamıdır. Elə isə deyə bilərəm ki, bu əsər janr etibarı ilə yenilikdir. Yanılır da ola bilərəm, bunu bilməyim də tək yolu sizin bu əsəri oxuyub roman bazanızdakı digər əsərlərlər müqayisə etməyinizdir.
“On bir gecə”də məni janr orjinalığından daha çox başqa məqamlar cəlb etdi. Bizim müəlliflərin müharibəyə xüsusilə də müharibə insanına qeyri adi bir yanaşması var, çox güman bu bizim insanımızın düşüncələri ilə üst-üstə düşmək istəyindən yaranır, çünki olduqca qəribə və dünya ciddi ədəbiyyatında çox az rast gəlinən məqamlarından biri də yazıçının cəmiyyətin qınağından çəkinməsi, daşqalaq qorxusu, kitablarının yandırılması, alınmamısı, cəmiyyətin senzurasından keçə bilməməsi ehtiyatı bizim yazarlarımız üçün aktualdır. Ona görə də qələmi qorxaq alışdırırlar, ürkək qələmlər yazılan yazı isə həmişə ciddi ədəbiyyatın yanında gözükölgəli olur.
Rasim Qaraca isə cəmiyyətin müharibəyə xüsusilə müharibə insanına yanaşmasındakı tabunu qıra bilib. Hekayələri ilə göstərib ki, cəmiyyətin az qala bütləşdirdiyi müharibə iştirakçısı, qazi, əlil, lap elə şəhid də bir insandır və onun da müharibədən əvvəl ya sonra səhvləri, yaşanmışları, ona əzab verən xatirələri, aldatdıqları, sevdikləri, tərk etdikləri, vicdan əzabları ola bilər.
Cəmiyyətin müharibə iştirakçısını necə bütləşdirdiyinə dair bir misal çəkmək istəyirəm, özünüz hər şeyi anlayacaqsınız. Deməli bir dəfə necə oldusa Zaur Baxşəliyevin “ümid var” (o verlişdə ümiddən başqa hər şey var) verlişinə bir neçə dəqiqə baxası oldum. Bir qadın gəlmişdi, ölən ərinin ailəsindən şikayətçi idi, deyirdi ki, bəs yoldaşım başqa qadınla məni aldatdı, uşaqlarıma baxmadı, ailəmizə sahib çıxmadı, sonra da rəhmətə getdi. İndi də nə pul istəyirəm nə də başqa şey, sadəcə istəyirəm ki, qızımın toyuna ata nənəsi, babası, əmisi də gəlsin, oğlan evinin yanında qızım başı aşağı olmasın. Birdən aparıcı soruşdu ki, bəs yoldaşın niyə rəhmətə getdi? “20 yanvar hadisələrində şəhid oldu” deyən qadına görə idiniz ki, başda aparıcı olmaqla ekspert və zaldakı tamaşaçılar nə divan tutdular. “Şəhidə şər atma, ruhunu incitmə, şəhid anasının adını televiziyaya çıxartma, şəhid olmuş kişi ailəsinə xəyanət edə bilməzdi, uydurma!” kimi ifadə və təhqirlərlə qadını gəldiyinə peşman etdilər.
Ən qəribəsi isə odur ki, bu insanlar dedikləri heç bir sözdə, heç bir ifadədə səmimi deyillər. Onlarınkı süni vətənpərvərlik və süni qədirbilənlik, hörmətdir. Əgər belə olmasa idi son günlər dövlət tərəfindən problemlərinə baxılmadığı, eşidilmədiyi üçün özünü yandırmaq həddinə çatmış qaziləri olan bu xalq gərək indi çoxdan ayağa qalxıb, qazilərin haqlarını tələb etmiş olaydı.
Rasim Qaracanın hekayələrinin qəhrəmanları da mühasirə gününün səhərisi şəhid oldular, ancaq onlardan geriyə on bir peşmanlıq, on bir xatirə qaldı.
Sonda isə onu qeyd edim, bu əsər gənc yazarlara, əlinə yeni qələm alıb nəsə yazmaq istəyənlərə, gələcəkdə yazıçı olmaq istəyən insanlara “yazı necə yazılmalıdır” dərsini də keçir. Dilin yüyrəkliyi, süni fəlsəfəçilikdən qaçış, oxucuya nəticə deyil hadisənin rahat bir dillə çatdırılıb nəticənin çıxarılmasının onun öz öhdəsinə buraxılmağı bu əsərin xüsusiyyətlərindəndir. Bir sözlə oxunulası və öyrəniləsi əsərdir. Məncə bu kitabı alın və oxuyun, sizə xoş oxumaqlar!
Aygül Qurbanova
Kultura.az