post-title

Qadınlar kütləvi qatil kimi

Bəllidir ki, kütləvi qətl törətmək üçün ən uyğun ortam savaşlardır. Eramızdan öncə olduğu kimi, bizim eramızda da saysız-hesabsız savaşlar zamanı milyonlarla insan həyatını itirmişdir və bu hal iyirmi birinci yüzillikdə də davam edir. Savaşlar zamanı insan öldürmək – bu aydındır, açıq döyüşdür, sən öldürməsən səni öldürəcəklər. Ancaq insanların kütləvi sürətdə öldürülməsi təkcə savaşlar zamanı baş verməmişdir. Ayrıca fərdlər də bu və ya digər səbəbdən, bu və ya digər üsulla çoxlu insanın həyatına son qoymuşlar.

 

Qısaca kişi qatillər haqqında

Erkək cinsindən olan kütləvi qatillər haqqında yəgin ki, bilirsiniz: oxumusunuz, filmlərə baxmısınız. Onların arasında təkbaşına minlərlə insan öldürəni də olmuşdur. Məsələn, Kolumbiyadan olan kriminal banda başçısı Roxas Teofilyo 3500-ə yaxın insanı canından etmişdir. Onun həmyerliləri, Luis Qaravito 400-ə yaxın adamın canını alıb; Pedro Alonso Lopes isə 300-dən yuxarı gənc qızı öldürmüşdür. On doqquzuncu yüzildə İngiltərədə fəaliyyət göstərən Cek Potroşitel haqqında da eşitmisiniz: bu adam başlıca olaraq fahişələri zorlayıb öldürürdü. Ukraynalı Andrey Romanoviç Çikatilo isə on il sürəsində 53 azyaşlı uşağı zorlayıb öldürmüşdü. Yalnız nisbətən yaşlı qadınlara keçəndən sonra onu tutmaq mümkün olmuşdu. Belə ki, ikinci qurbanı onun əlindən qaçıb milis orqanlarına xəbər çatdıra bilmişdi.

Qadın kütləvi qatillər

Elə bilməyin ki, zərif cinsin nümayəndələri kütləvi qətllər törətməkdə güclü cinsin nümayəndələrindən geri qalırlar. Çoxumuza absurd kimi görünsə belə, bizim cəmiyyətimizdə də elə kişilərin özü kimi, bəlkə onlardan daha çox amansız qadın cinsindən kütləvi qatillərin ortaya çıxmasını istisna edə bilmərik. Yəni sevişmək üçün hər-hansısa bir qadının evinə yollanarkən getdiyimiz evdə potensial bir kütləvi qatilin, yubka geyinmiş Çikatilonun yaşayıb – “yaratmasından” heç birimiz sığortalanmamışıq. Odur ki, ağlınızda şərab, şokolad və gül-çiçək almaqdan başqa daha abstrakt düşüncələrin də olması faydalı ola bilər.

Amansız qadın kütləvi qatillər həm keçmiş tariximizdə olub, həm də indiki günümüzdə var. Bu xüsusda Macarıstandan və İtaliyadan olan iki qadın özəlliklə seçilir: on altıncı yüzillikdə Macarıstanda “fəaliyyət göstərən” Qanlı Qrafinya ləqəbli Elizaveta Batori və on yeddinci yüzilliyin məşhur kütləvi qatili – İtaliyanın Palermo şəhərindən olan Tofaniya di Adamo-nu qeyd edə bilərəm. Bu qadınların yaşadıqları məkan kimi öldürmək üsulu da tamam fərqli idi - belə ki, qan vannası qəbul etməyi xoşlayan Elizaveta Batori öz qurbanlarını kəsib qanını toplayırdı, Tofaniya di Adamo isə daha “mərhəmətli” idi – o, qurbanlarını zəhərləyirdi.

Elizaveta Batori

Elizaveta Batori qurbanlarının sayına görə Ginnesin rekordlar kitabına düşüb: onun 1585-1610- cu illər sürəsində 650-dən çox adamı öldürdüyü tarixçilər tərəfindən qəbul edilmiş fakt sayılır. Onun əri və qulluqçuları xanımın vəhşiliklərindən xəbərdar idilər, ancaq bu faktın açıqlanmasını istəmirdilər. Fakt ortaya çıxandan sonra isə, onu elə öz qəsrində bir otağa salıb məhkəməyə kimi orada qalmasını təmin edirlər. Elizaveta üç il ev dustaqlığında qalır və elə öz qəsrində də ölür, ancaq onun qulluqçuları və köməkçiləri ədalətin pəncəsindən özlərini qurtara bilmirlər: üç xidmətçinin öncə barmaqlarını kəsib sonra yandırırlar, bir nökərin isə öncə başını kəsib sonra tonqala atırlar.

Bəs bu Qanlı Qrafinyanın məsum, günahsız insanları belə qəddarlıqla öldürməsinin səbəbi nə idi? Bir neçə əfsanə var:

1.  Bir gün Elizaveta hansısa səbədən xidmətçi qızlardan birinin üzünə zərbə vurur. Qızın burnundan sıçrayan qan onun qolunda düşür. Qrafinya qanı siləndən sonra ona elə gəlir ki, dərisi daha zərif oldu. Bundan sonra o, gənc qalmaq üçün qan vannası qəbul etmək fikrinə düşür.

2.  Gənc xidmətçi qız Qrafinyanın saçını darayarkən təsadüfən onun saçını dartıb qoparır. Elizaveta bundan qeyzə gələrək qızı möhkəm kötəkləyir və bu zaman qan onun əlinə düşür. Əlindən qanı siləndən sonra o, yenə də dərisinin daha zərif olduğu qənaətinə gəlir.

3.  Əri öləndən sonra Elizaveta yatağını gənc oğlanlara bölüşməyə başlayır. Bir gün həmin oğlanlardan biri yanında ikən yoldan bir qoca qarı keçirmiş. Qrafinya oğlandan soruşur: “O qoca qarğanı öpməli olsan nə edərdin?” Oğlan ikrahla üzünü çevirir və bu zaman söhbəti eşidən qarı onlara yaxınlaşıb qrafinyanın özünün də əbədi cavan qalmayacağını, bir gün qocalıb heç kimə lazım olmayacağını söyləyir. Bu sözlərdən qorxan qrafinya cavanlığını saxlamaq üçün müxtəlif üsullar axtarmağa başlayır və gənc qızların qanından hazırlanmış vanna qəbulu versiyası üzərində dayanır.

 

Tofaniya di Adamo

On yeddinci yüzillikdə İtaliyanın Palermo şəhərində yaşayıb “fəaliyyət” göstərmiş Tofaniya di Adamo istedadlı bir qadın imiş: o, qoxusu və rəngi olmayan “Akva Tofani” adlı xüsusi bir zəhər hazırlamışdı və onu yeməyə, yaxud içkiyə qatıb heç bir şeydən şübhələnməyən qurbanlarına verirdi. Zəhərin özəlliyi ondan ibarət idi ki, onu qəbul edən adam dərhal ölmürdü – zəhər orqanizmə yavaş-yavaş işləyirdi: öncə susuzluq başlayırdı, sonra mədədə sancılar baş verirdi, daha sonra isə adam iflic olub ölürdü. Bir çox elm adamlarının və kriminal elementlərin cəhdinə baxmayaraq bu zəhərin tərkibi hələ indiyə qədər açılmamışdır. O zaman tibbin mübarizə apara bilmədiyi müxtəlif xəstəliklər olduğundan Tofaniya uzun müddət ədalətin və inkvizisiyanın uzun caynaqlarından qoruna bilmişdi.

Papa yeddinci Aleksandrın əmri ilə təhqiqat başlayır və on səkkizinci yüzilin xəfiyyələri sirrli ölümlərin Tofaniyaya apardığı izləri axır ki, 1719-cu ildə tapırlar. Tofaniya əməllərinin aşkara çıxdığını öyrənən kimi qaçıb Palermoda bir monastıra sığınır. O dönəmdə monastıra pənah aparmış adamları həbs etmək imkanı olmasa da, bu xanımın törətdiyi əməllərin həddindən artıq qalmaqal tərətdiyini nəzərə alaraq inkvizisiya cəngavərləri monastırı mühasirəyə alırlar. Abbat və yepiskopun onu təslim etməkdən başqa çarəsi qalmır.

Tofaniya işgəncələrə məruz qalır və sonunda altı yüzdən çox adamı öldürdüyünü boynuna alır. Onun öldürdüyü adamların içərisində Hersoq Anjuyski və Papa Klimentonun da adı keçirdi. Edam qərarı qəbul edilir və Tofaniya ilə birlikdə onun qızı Ceronima Spera və onlara bu məkrli fəaliyyətdə yardımçı olmuş daha üç qadın eşafota qaldırılır və başları qilyotində kəsilir. Onların cəmdəklərini Tofaniyanın gizləndiyi monastırın həyətinə atırlar.

Maraqlı faktlardan biri də budur ki, Motsart özü də xəstəliyinin səbəbini “Akva Tofani”də görürdü, ancaq zəmanəmizin başbilənləri bu fikirdədirlər ki, Motsart revmatizmdən ölmüşdü. Bulqakovun “Usta və Marqarita” əsərində Tofaniya di Adamonun da adı keçir. Bal zamanı Volandın qonaqları siyahısında Tofaniyanın da adı vardı.

 

Çağdaş tarixin qadın qatilləri

On altıncı və on yeddinci yüzilin iki ən məşhur qadın qatili haqqında danışdım. İndi keçək çağdaş zəmanənin zərif cins nümayəndələrinin ağır əməllərinə:

Bella Sorenson Giness – Norveçdə doğulan bu xanım sonradan ABŞ-a köçmüş, Çikaqoda bir iş adamına ərə getmişdi. Bu xanımın 42 adamı öldürdüyü bildirilir. O, öncə pul qazanmaq üçün özünün iki qızını, sonra isə ərini öldürərək sığorta ilə yarım milyon dollara yaxın pul almışdı. Sonradan Bella sevgi məktubları ilə müxtəlif kişiləri cənginə salır, onlara ərə gedirdi və bir müddətdən sonra onun ərləri sirrli surətdə həyatlarını itirirdilər. “Qara dul qadın”ın aqibəti fəaliyyətinə layiq olur: meşədən onun başsız cəsədini tapırlar.

Ceyn Toppan – bu xanım təhsil alan zaman meyitlərin yarılması çəkilmiş fotolara baxmağı çox xoşlayırdı. Onun ağır uşaqlığı olmuşdu – atası başdanxarab idi, o, öz qızına baxmaq istəməyərək onu tərk etmişdi. Bostondakı yetimlər evində bir sürə qalandan sonra Ceyn bir neçə dəfə fərqli ailələr tərəfindən uşaqlığa götürülmüşdü. Çətinliklə də olsa tibb kollecinə daxil olmuş və oranı tidd bacısı kimi bitirərək işləməyə başlamışdı. Bu tibb bacısı xəstələrin bədəninə yüksək dozada narkotik maddələr yeridərək onların ölümqabağı əzab içərisində çırpınmağından seksual zövq alırdı. Toppan öz eksperimentlərinə 1885-ci ildə başlamışdı. Sonucda onu tutub 11 adamın öldürülməsinə görə iş kəsirlər, ancaq Ceyn 31 adam öldürdüyünü söyləyirdi. Ruhi xəstə olduğu aydın olandan sonra onu edam etməyərək ömürlük dəlixanaya salırlar.

Rozmarin Uest – bu xanım öz əri Fred ilə birlikdə 30-a yaxın gənc qız və qadın öldürmüşdü. Səkkiz uşaq anası olan Rozmarin fahişə idi. O, əri ilə birlikdə ehtiyac içində yaşayan qızları öz evlərinə dəvət edir, onlara yemək, geyim və yaşamağa otaq vəd edirdi. Qurban evə girdikdən sonra onun əlini-ayağını bağlayıb işkəncə verir, sonda öldürürdülər. Rozmarin təkcə yad insanları öldürmürdü – o, öz doğma qızı Hizeri və ögey qızı Mişeli də amansızcasına öldürmüşdü.

Eylin Vuornos – Eylin çox gənc yaşlarında, 13 yaşında hamilə qalmışdı. On beş yaşı tamam olan zaman valideyinləri onu evdən qovmuşdular. Eylin küçələri dolaşır, fahişəlik edərək pul qazanırdı. Bir dəfə silahlı soyğunçuluq etdiyinə görə tutulmuşdu. Sonradan o, 70 yaşlı bir kişiyə ərə gedir, ancaq yazıq kişini hər gecə zorlayırmış. Sonunda kişi bu işkəncələrə dözməyərək onu boşayır və Eylin yenidən fahişəlik etmək üçün yollara çıxır. Tezliklə bir müştərisini öldürür və birlikdə yaşadığı qıza bunu özünümüdafiə məqsədi ilə etdiyini söyləyir. Ancaq az sonra Eylin həvəslənərək Florida ştatında daha yeddi adamı öldürür.

Andrea Yeyts – nazir arvadı olan bu xanım bir gecənin içərisində özünün beş doğma uşağını bir-birinin ardınca vannadakı suda boğaraq öldürmüşdü. Onun psixi cəhətdən xəstə olması hər kəsə aydın olduğu halda bunun belə faciə ilə qurtaracağını heç kim gözləmirdi. Andrea uşaqlarını öldürəndən sonra özü 911-ə zəng edərək cinayət etdiyini söyləmişdi. Uşaqları öldürməyinə səbəbin nə olduğunu soruşduqda isə demişdi ki, bu uşaqlar əsl katolik kimi böyümürdülər və onların təmiz xristian kimi yetişəcəyinə ümidi olmadığından onları öldürməkdən başqa çarəsi qalmamışdı.

Fərhad Yalquzaq
Kultura.az

 

Yuxarı