post-title

Yoxdan bir bayraq

Respublikanın 100 illiyi arxada qaldıqca, bir vətəndaş olaraq bu tarixi hadisənin mahiyyəti barədə bir daha düşünmək və yenidən dərk etmək ehtiyacı yaranır.

Biz indi 28 may gününü Respublika günü kimi qeyd edirik. Sanki o zamana qədər başqa quruluşumuz varmış, amma həmin gün onu dəyişib, yenisinə keçmişik.

Halbuki bu il təkcə Respublika üsul-idarəsinin deyil, faktiki olaraq bizim bir xalq olaraq yubileyimiz baş verdi..

Ondan əvvəl indi bizi “biz” edən məfhumlardan heç biri yox idi. Nə biz “azərbaycanlı” idik, nə paytaxtımız Bakı idi, nə Nizamini özümüzdən bilirdik, nə özümüzü Babəkdən.. Qısacası, cəmi bir il əvvəl, 1917-ci ildə də bu torpaqlarda kiməsə “Azərbaycan deyiləndə ayağa dur” desəydin, təəccüblənərdi. Biz onda Rusiya İmperiyasının cənub quberniyalarında yaşayan, o zamanadək özünə bir siyasi kimlik adı verməyə macal tapmadığından paytaxt Peterburqun "tatarlar" adlandırdığı kütlə idik. Amma bu “tatarlar” göydənmi düşmüşdü?

Onlar əslində Qafqaz dağlarından Anadolunun, İraqın və İranın içərilərinə doğru uzanan böyük bir ərazidə yaşayan, cəmi bir neçə əsr əvvələ qədər türkmən adlanan toplumun bir hissəsi, özü də ucqar bir hissəsi idi. Orta Asiya və Qərbi Anadoludakı türkmən soydaşlarından fərqləri, əsasən İslamın qeyri-sünni təriqətlərinə (ələvilik, şiəlik və bənzər sufi cərəyanları) meylli olmalarında özünü göstərirdi. Bu türkmənlər yuxarıda adı çəkilən coğrafiyanın son 5-6 əsrlik siyasi tarixində əsas güc olmuş, bir-birini əvəzləyən, köçəri tayfaların hərbi ənənələrinə dayanıq dövlətlər (Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və s.) qurmuşdular. Əslində XVIII əsrin sonundakı son cəhdləri də uğurla nəticələnmiş - Nadir şahın parçalanmış imperiyasının böyük bir qisminə növbəti köçəri tayfa - Qacarlar sahiblənmişdi. Gələcəkdə isə onları Pəhləvi sülaləsi, sonuncuları isə İran İslam Respublikası əvəz edəcəkdi. 

Nadirin ölümündən sonrakı qarışıqlıqda Qacarların əlindən çıxan ərazilərdən biri də Qafqaz oldu. Oradakı xristian xalqların daxilindəki müəyyən fraksiyalar zatən bir əsrə yaxın idi ki, Rusiya ilə separat danışıqlar aparırdı. Gülüstan və Türkmənçay müqavilələri ilə Qafqazın Rusiyaya ilhaqı tam rəsmiləşdirildi. Eyni zamanda Rusiyanın bətninə gələcəkdə doğulacaq bir xalqın nütfəsi də düşdü. Növbəti təxminən bir əsrlik hamiləlik dövründən sonra, I Dünya Müharibəsinin ağrı-acılarıya doğulacaq uşaqlardan biri də Azərbaycan adlanacaqdı.

Amma o, hansısa mənada gözlənilməyən uşaq idi: necə ki, birini gözləyirsən əkiz doğulur, əkiz gözləyirsən, üçəm doğulur. Ona görə gözlənilmirdi ki, demək olar  I Dünya Müharibəsinin son illərinə qədər hətta Qafqaz müsəlmanlarının öz ziyalıları belə özlərini hələ tatar, ya müsəlman adlandırırdı. Azərbaycan adlı dövlətin elan olunacağını isə elandan bir neçə gün əvvələ qədər nəinki beynəlxalq ictimaiyyət, heç elan edəcək şəxslərin özü gözləmirdi.

Belə ki, 1917-ci ilin noyabrında Peterburqda bolşeviklər (əslində siyasi azlıq) hakimiyyəti çevrilişlə ələ alanda, Rusiyanın təbii ki əksər siyasi qüvvələri bununla razılaşmadı və ölkədə vətəndaş müharibəsi başladı. Bolşeviklər Rusiya Dumasını da dağıtdıqdan sonra, Cənubi Qafqazdan seçilən millət vəkilləri çar-naçar Tiflisdə yığışaraq, bölgənin idarəçiliyini Zaqafqaziya Seymi adı altında öz üzərlərinə götürdü. Seymin müsəlman millət vəkilləri və Osmanlının təsiri ilə, uzun sürən mübahisələrdən sonra 1918-ci ilin aprelində bu qurum Zaqafqaziya Demokratik Federativ Respublikası olaraq özünün müstəqilliyini elan etdi. Amma bir ay sonra gürcü millət vəkilləri federasiyadan çıxıb müstəqil dövlət yaratmaq niyyətlərini bildirəndə, nə müsəlman, nə erməni fraksiyası bununla (vahid Qafqaz dövlətinin parçalanması ilə) razılaşmaq istəmirdi. Etirazlara baxmayaraq gürcülər mayın 26-sı paytaxtı Tiflis olmaqla Gürcüstan adlı dövlət yarandığını elan etdi. Eyni zamanda müsəlman və erməni deputatlara da hal-hazırda xarici dövlətin paytaxtında yerləşdiklərini, başqa bir şəhəri özlərinə paytaxt seçməli olduqlarını xatırlatdılar. Yalnız iki gün sonra, demək olar ki, əlacsızlıqdan müsəlman fraksiyası Azərbaycan adlı dövlət yaratdıqlarını elan edir. 

Yəni faktiki olaraq yaranmaması üçün son ana qədər çalışdıqları qurumu - Azərbaycan Respublikası adlı dövləti yaratmalı olurlar.

Gələcəkdə “azərbaycanlı” adlanacaq xalqın nümayəndələrinin əksəriyyəti isə şübhəsiz ki, bu baş verənlərdən xəbərsiz idi. Əhalinin çoxu savadsız, bir az savadı olanların da böyük hissəsi siyasətdən baş çıxarmayan, ya da “siyasətə qarışmayan”lar idi. Faktiki olaraq 10-15 nəfər ziyalımız Parisdə, İstanbulda, Batumda, Gəncədə və Bakıda bu işlərlə məşğul olaraq yerdə qalanlar üçün tarix yazır..

Bütün bu tarixi proseslərin dərkindən sonra M.Ə.Rəsulzadənin "Gəncliyə xitab"da "Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı" deyəndə nəyi nəzərdə tutduğu aydın olur.

Aydın olur ki, bu bayrağın yaranmasından əvvəl bunu müjdələyəcək demək olar heç bir hadisə baş verməyib. Amma iş başında olan Rəsulzadə, Topçubaşov, Xoyski kimi fəhmli, ağıllı və bacarıqlı adamlar bundan anında istifadə edib Qafqazda yaşayan, adı belə dəqiq bilinməyən xalqa beynəlxalq siyasi kimlik qazandırmış və ən modern standartlara cavab verəcək bir quruluş yaratmağa cəhd etmişlər. Vacib məsələlərdən bəlkə də ən birincisi - Azərbaycan Respublikası adlı qurumun beynəlxalq ictimaiyyət tərəfindən tanınması da uğurla həyata keçirilmiş, 1920-ci ilin yanvarında Paris Sülh Konfransı bu barədə qətnamə qəbul etmişdi. Məhz beynəlxalq tanınma bizə kömək oldu ki, işğalçı bolşeviklər də Azərbaycan Respublikası faktı ilə razılaşdılar və bu ölkə Azərbaycan SSR adı ilə Sovet İttifaqının müttəfiq respublikalarından birinə çevrildi. Yoxsa bəlkə də Dağıstan üzü cənuba doğru bir az daha geniş, biz də sadəcə Dağıstanın “titullu xalqları”ndan biri ola bilərdik.

Bu baxımdan Respublikamızın memarlarını 1920-də məğlub olmuş saymaq da düzgün deyil. Çünki süqut edən onların yaratdığı “Azərbaycan” ideyası deyil, sadəcə siyasi hakimiyyətləri oldu. “Azərbaycan” ideyası isə yaşadı - sadəcə əvvəl sovetləşdi, sonra yenidən müstəqil oldu. 

“Yoxdan bir bayraq” macərasını başlayanların xatirəsi ən yüksək hörmətə layiqdir. Biz doğrudan da onların əsəriyik. Onlar müəlliflər - biz personajlarıq.

Firudin Allahverdi

azlogos.eu
Yuxarı